Məhkəmə qərarları › İş №1(009)-68/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-68/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-68/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: X3 iştirakları ilə, Bakı şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:30-da xx xxxxxx 1988-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron YK bina 2, mənzil 81-də yaşayan, barəsində qətimkan ‘başqa yerə getməmək haqqında iltizam” tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1‑ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 03:00 radələrində ünvan 3 ünvanda yerləşən “İnferno” klubun yaxınlığında, “Yazıçılar Birliyi”nin inzibati binasının qarşısında tanışı, X9 bir neçə gün əvvəl ona gödəkcə aldığını bildirərək, əvəzində isə onun “İnferno” kluba olan borcunun silinməsində nə üçün köməklik göstərməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib Müşfiq Rəsulovun ünvanına ucadan nalayiq söyüşlər söyərək, üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib başı ilə bir dəfə sonuncunun sifət nahiyəsindən vurub yerə yıxaraq ona, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, üst dodağın selikli qişasına qansızma, eləcə də hər iki diz oynağı nahiyələrinin ön və sağ budunun aşağı 1/3-nin iç səthlərinin sıyrıqları xəsarətlərini yetirmiş, bundan sonra daha da azğın formada xuliqanlıq hərəkətlərini davam etdirərək, yerdə yıxılı vəziyyətdə olan Müşfiq Rəsulovun sifət nahiyəsindən təpiklə vuraraq ona, alın nahiyəsinin sol yarısının qançırı ilə nəticələnən ümumilikdə sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilməmiş və həmin ittihamın mahiyyəti üzrə bildirmişdir ki, 2012-ci il tarixdə X4 Məcəlləsinin 229.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edildiyini və 2015-ci il tarixdə azadlığa çıxdığını, X11 tanıdığını, Müşfiqin İnferno klubda mühafizəçi işlədiyini və bir neçə dəfə orada müştəri kimi olduğunu, 2019cu ilin oktyabr ayında həmin klubda olan zaman Müşfiqin onun əynində gödəkcə görüb bəyənərək hardan aldığını soruşduqda ona Masazır qəsəbəsindən 40 manata aldığını və ona da eynisini təşkil edə biləcəyini dediyini, sonrakı günlərdə eyni gödəkcədən Müşfiqə hədiyyə kimi gətirdiyini, lakin onun əyninə balaca olduğundan birlikdə həmin mağazaya getdiklərini və sonuncu 54 manata həmin gödəkcədən, eyni zamanda ümumi dəyərləri 120 manat təşkil edən digər geyim əşyaları aldığını, həmin məbləği nəğd olaraq ödədiyini və Müşfiqin işlədiyi kluba olan borcunu Müşfiq xahiş edib sildirəcəyini fikirləşdiyini, bir neçə gün sonra tanışları ilə birlikdə kluba getdiyini və orada Müşfiqin onlara qəlyan qonaqlığı verdiyini, daha bir neçə gün sonra isə Müşfiqə zəng vurub kluba olan 260 manat borcunun bir qisminin silinməsində ona köməklik etməsini bildirdiyini, belə ki, əvvəlcədən ona hədiyyə kimi aldığı geyim əşyalarının müqabilində Müşfiqin də onun borcunun bir qismini sildirəcəyini fikirləşdiyini, həmin vaxt Müşfiqin ona bu barədə müdirdən xahiş edəcəyini dediyini, bundan sonra müdir borcunu silməsə də, Müşfiq ona hədiyyə kimi aldığı geyim əşyalarının müqabilində öz cibindən pul verib borcundan bir qismini sildirəcəyini güman etdiyini, lakin sonradan maraqlananda hələ də kluba borcu olduğunu bilib xx xxxxxx 2019-cu il tarixdə saat 02:00 radələrində taksi ilə İnferno klubun qarşısından keçən zaman Müşfiqlə bu barədə söhbət etmək üçün taksini saxladaraq düşüb kluba daxil olduğunu, klubda Müşfiqi görüb onunla söhbət etmək üçün bayıra çıxdıqlarını, bayırda Müşfiqlə söhbət edə-edə Yazıçılar Birliyinin inzibati binasının qarşısına tərəf getdiklərini, orada Müşfiqə nə üçün kluba olan borcunun bir qismini sildirmədiyini bildirdiyini, Müşfiqin isə ona bu barədə müdirdən xahiş etdiyini, lakin sonuncunun borcu silməkdən imtina etdiyini dediyini, bundan sonra əsəbləşib Müşfiqə ona aldığı geyim əşyalarının pulunu qaytarmasını dediyini, Müşfiq də ona borcu olmadığını bildirdiyini, həmin zaman danışıq tonları yüksək səslə olduğundan bir qədər aralıda dayanıb söhbət edənlərdən tanıdıqları taksi sürücüsü Ariz və diycey kimi işləyən Ələkbərin onlara yaxınlaşdıqlarını, Ələkbər nə baş verdiyini soruşduqda ona Müşfiqdən borcunu istədiyini bildirdiyini, həmin vaxt Ələkbər Müşfiqə borcunu qaytarmasını məsləhət etdikdə sonuncu ona kobud cavab verdiyini, bundan sonra onların aralarında söz söhbət olmasın deyə Ələkbərdən söhbətə qarışmamağımı və aralanmağını xahiş etdiyini, bundan sonra Müşfiq onun ünvanına söyüş etdikdə özünün də ona nalayiq söyüşlər söyüb başı ilə onun burun nahiyəsindən bir dəfə zərbə endirdiyini, həmin vaxt Müşfiq arxaya gedərək ağacın dibində olan taxta parçasını götürüb onun baş nahiyəsindən bir dəfə zərbə endirdiyini, zərbə təsirindən taxta parçası iki yerə bölündüyünü, bundan sonra Müşfiqə yaxınlaşıb onu ayağından tutub yerə yıxdığını və təpiklə ağız nahiyəsindən zərbə endirdiyini, bu vaxt Ələkbər ona yaxınlaşıb əlindən taxta parçalarını alıb kənara atdığını, həmçinin də həmin vaxt taksi sürücüsü olan Arizin də səs küyə onlara yaxınlaşıb aralamağa çalışdığını, bundan sonra ərazidən uzaqlaşaraq evə getdiyini, hadisə vaxtı orada Müşviq, Ariz, Ələkbər olmuşlar. Təqsirləndirilən şəxs X2 sözündə özünü təqsirli bilmədiyini, bununla belə hadisənin baş verməsindən peşman olmasının, zərərçəkmiş şəxslə barışıqəldəedilməsinin, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 bildirmişdir ki, hazırda heç bir yerdə işləməsə də 2019-cu ilin oktyabr ayından dekabr ayının 4‑nə qədər ünvan 4 ünvanda yerləşən “İnferno” klubda mühafizəçi işlədiyini, Ramiqi 2017-ci il tarixdən tanıdığını, onunla sonuncunun atası vasitəsi ilə tanış olduğunu və aralarında münasibətlərinin normal olduğunu, 2019-cu ilin noyabr ayının sonlarında Ramiqin onun işlədiyi İnferno kluba gəldiyini və sonuncunun onu gödəkçəsiz görüb nə üçün gödəkçəsiz olduğunu soruşduqda ona imkanı olmadığından ala bilmədiyini dediyini, bundan sonra Ramiqin ona tanışının mağazasından qiymətini bilmədiyi gödəkçə alıb hədiyyə etdiyini, bundan bir neçə gün sonra Ramiq tanışları ilə birlikdə kluba gəldikdə ona əvəzində qəlyan qonaqlığı verdiyini, bundan bir neçə gün sonra Ramiqin ona zəng edərək kluba 260 manat borclu olduğunu və müdürdən borcdan müəyyən hissəsini silinməsinə köməklik etməyini xahiş etdiyini, bu barədə klubun müdiri Nazimdən xahiş etdikdə sonuncu Ramiqin borcundan müəyyən hissəsini silməyə imtina etdiyini, xx xxxxxx 2019-cu il tarixdə saat 03:00 radələrində iş başında olan zaman Ramiqin yanında iki nəfər tanımadığı tanışları ilə birlikdə kluba daxil olub bir qədər gəzdikdən sonra onu söhbət etmək üçün bayıra çıxardaraq gödəkçə aldığını xatırladıb əvəzində nə üçün borcunu silməkdə ona köməklik etməməyini soruşduğunu, bundan sonra klubun müdiri Nazimə dediyini, lakin onun borcu silməkdən imtina etdiyini bildirdiyini, həmin vaxt Ramiq onun bu sözünə əsəbləşərək onunla mübahisə etməyə başladığını və həmin zaman o, Yazıçılar Birliyinin girişində pilləkənljərin üstündə olduğundan və onunla eyni boyda olduğundan istifadə edərək Ramiq başı ilə onun burnundan zərbə endirdiyini, bundan sonra özünü qorumaq məqsədi ilə ağacın dibində olan taxta parçasını götürüb Ramiqə tərəf atdığını, lakin taxtanın ona dəyib dəymədiyini görmədiyini, sonradan Ramiq onun ayağından yapışaraq yerə yıxdığını və təpiklə sifət nahiyəsindən zərbə endirdiyini, bundan sonra həmin şəxslərin ərazidən qaçafaq uzaqlaşdıqlarını, daha sonra yerdən qalxıb kluba daxil olaraq əl üzünü yuduğunu və baş vermiş hadisə barəsində Nazimə bildirdiyini, daha sonra isə DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat verdiyini, əvvəlki izahatında əsəbi olduğu üçün onu digər şəxslərin də vurduğunu qeyd etdiyini, əslində isə hadisə zamanı onu yalnız Ramiqin vurduğunu, başqa heç kəsin vurmadığını göstərmişdir. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxs X12 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs X10 ilə barışıqəldəetdiyini, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2019-cu il tarixdən Səbail rayonu Xəqani küçəsi 53 ünvanda yerləşən “İnferno” gecə klubunu icarəyə götürüb işlətdiyini, Rəsulov Müşfiqin ərizəsi ilə tanış olduğunu, sonuncunun təxminən 4 aya yaxın onun obyektində mühafizəçi işlədiyini, xx xxxxxx 2019-cu il tarixdə saat 03:00 radələrində binanın ikinci mərtəbəsində yerləşən iş otağında oturarkən, həmin zaman aşağıda səs-küy olduğunu eşidib aşağı düşəndə Müşfiqin burnundan qan gəldiyini gördüyünü, ondan onu kimin vurduğunu və nə baş verdiyini soruşduqda sonuncunun ona klubun daimi müştərisi olan Ramiq adlı şəxsin başı ilə onu vuraraq xəsarət yetirdiyini dediyini, həmin vaxt Müşfiqin polisə zəng etmək istədiyini görüb ondan tələsməməsini, məsələni öz aralarında həll etməyi təklif etdikdə Müşfiq onun sözünə məhəl qoymayıb polisə zəng edib məlumat verdiyini, bundan sonra polis əməkdaşları gələrək Müşfiqi polis bölməsinə apardıqlarını, hadisəni görmədiyini və onu Ramiqdən başqa kimlərin döyməsini bilmədiyini, lakin Müşfiqdən ilk dəfə onu kim vurmasını soruşanda Müşfiqin onu Ramiq vurduğunu dediyini, başqa heç kəsin adını demədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ünvan 5 ünvanda yerləşən “İnferno” gecə klubunda qısa müddətdir ki, mühafizəçi işlədiyini, Müşfiq Rəsulovun şikayət ərizəsi ilə tanış olduğunu və bununla bağlı əvvəllər izahat verdiyini, Müşfiqi uzun müddətir ki tanıdığını, onunla əvəllər də digər gecə klublarında birlikdə mühafizəçi işlədiklərini, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01:30 radələrində Müşfiqlə birlikdə klubun qapısının önündə dayanıb iş başında olarkən klubun qarşısında nömrəsini və markasını xatırlamadığı taksi dayandığını, həmin avtomobildən sonradan adının Ramiq olduğunu bildiyi şəxs düşərək Müşfiqi yanına çağırdığını, onlar bir qədər klubdan aralaşaraq Yazıçılar Birliyinin qarşısına tərəf getdiklərini, Müşfiqin Ramiqlə aqresiv tonla danışdığını görüb nə baş verdiyini öyrənmək məqsədi ilə onlara yaxınlaşdığını, həmin vaxt Müşfiqin Ramiqin ünvanına söyüşlər etdiyini, əli ilə sinəsindən itələdiyini, Ramiqin isə Müşfiqə “aldığın paltarların pulunu qaytar, vəziyyətim pisdir, əlini aşağı sal” kimi sözlər dediyinin şahidi olduğunu, Müşfiqdən nə baş verdiyini soruşduqda sonuncunun ona işinin başına qayıtmağını dediyini, bundan sonra onlardan aralanıb klubun qapısının önünə gəldiyini, həmin vaxt kluba daxil olan müştərilərə başı qarışdığından Müşfiqin kimin tərəfindən döyülməsini görmədiyini, lakin bir müddət sonra sonuncunun qaça-qaça kluba daxil olduğunu və həmin vaxt onun burnundan qan axdığını gördüyünü, Müşfiq əl üzünü yuduqdan sonra polisə zəng edib məlumat verdiyini və bir müddət sonra polis əməkdaşlarının gəlib onu polis bölməsinə apardıqlarını, hadisə barədə gördüklərinin və bildiklərinin yuxarıda qeyd etdiklərindən ibarət olduğunu göstərmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 733 saylı rəyində göstərilmişdir ki, X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burunun yumşaq toxumalarının şişkinliyi və qançırı ilə müşayiət olunan burun sümüyünün yerini dəyişməyən qapalı sınığı, üst dodağın selikli qişasına qansızma, alın nahiyəsinin sol yarısının qançırı, eləcə də hər iki diz oynağı nahiyələrinin ön və sağ budun aşağı 1/3-nin iç səthlərinin sıyrıqları, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyələrə kəllə, əl, yumruq, təpik, taxta parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən burunun yumsaq toxumalarının şişkinliyi və qançırı ilə müşayitə olunan burun sümüyünün yerini dəyişməyən qapalı sınığı dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəli təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2‑ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdən təqsirləndirilən şəxs X10 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X15 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X17 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsiilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X3 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx xxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, X1 Respublikasının Kizilyurtov Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş və xx xxxxxx 2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs X6 istinad olunan hazırki əməl böyük ictimai təhlükə törətməyən cinayətdir, Dağıstan Respublikasının Kizilyurtov Şəhər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad olunduğu vaxtdan,yəni xx xxxxxx 2015-ci il tarixdən dörd ilə yaxın vaxt keçmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, mövcud qanunvericiliyə görə cinayətlərin residivi anlayışına daxil edilmiş əvvəllər məhkum olunmuş şəxs anlayışı, barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan və cinayət qanunu ilə nəzərdə tutulan cəza təyin edilmiş şəxsi ehtiva edir. Bu baxımdan cəza təyin edilərkən xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluqların nəzərə alınmasının mümkünlüyü baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynalxalq müqavilələr üzrə xarici dövlətlərin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.5-ci maddəsinə görə, cinayət prosesi gedişində təqsirləndirilən şəxsin məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi yalnız məhkəmə hökmünün surətinin əvvəlcədən əldə edilməsi və tədqiqi ilə müəyyən edilə bilər. Lakin iş materialları ilə müəyyən olunur ki, X3 Rusiya Federasiyasında barəsində çıxarılmış hökm Azərbaycan Respublikasında tanınmamış və icra edilməmişdir. X10 təyin olunmuş cəzasını Rusiya Federasiyasında çəkmişdir. Qeyd edilənlərə və məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin digər hallarına əsasən məhkəmə hesab edir ki, X3 əməlində cinayətlərin residivi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran digər hallar müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2‑ci maddələrinə əsasən təqsirləndirilən şəxs X3 hadisənin baş verməsindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıqəldəedilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablandığı nəzərə alınaraq, cəzaçəkmə müddətinin əvvəli X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X6 xüsusi müsadirə cinayət‑hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X3 hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən ağlabatan məbləğdə pul tutulmasını əsaslı hesab edir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351‑356‑cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal Abşeron YK bina 2, mənzil 81 ünvanındakı yaşayış yerini hər gün saat 23‑00‑dan 07‑00‑dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məhkumun yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180 (yüz səksən) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Bakı şəhəri Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat pul tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxxxxxxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar