Məhkəmə qərarları › İş №1(009)-69/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-69/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-69/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan, Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(006)- 128/2022 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 06.09.2021-ci il tarixdə saat 04:15 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən "Coffee Land” iaşə obyektinin plastmas qapısını əlində olan dəmir parçası ilə sındırıb saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla, oradan sonuncuya məxsus 900 manat dəyərində bir ədəd "İpad” markalı planşeti və 372 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1272 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06.09.2021-ci il tarixdə gecə saatlarında Torqovaya deyilən ərazidə gəzərkən kofe satılan yeri görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Üzərində gəzdirdiyi dəmir parçası ilə həmin yerin qapısını açaraq içəri daxil olmuşdur. İçəridən bir ədəd “Apple” markalı planşeti və 250 manat pul götürüb oradan uzaqlaşmışdır. Planşeti xatırlamadığı yerə atmışdır. 250 manat pulu isə öz şəxsi xərcləri üçün istifadə etmişdir. Başqa məbləğdə pul onun tərəfindən götürülməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Coffee Land” iaşə obyektini 07 sentyabr 2020-ci il tarixdən icarə əsasında işlədir. Obyektin giriş qapısının açarı özündə və obyektdə ofisiant kimi işləyən Ayxan adlı şəxsdə olur. 06 sentyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Ayxan obyektin qapısını bağlayıb yaşadığı evə getmişdir. 06 sentyabr 2021-ci il tarixdə saat 08:00 radələrində o, yaşadığı evdən çıxıb işlədiyi həmin obyektə gəldikdə giriş qapısının açıq vəziyyətdə və içəridəki əşyaların dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxtı obyektdən oğurluq hadisəsi baş verməsindən şübhələnmiş və obyektə quraşdırılmış kameraya baxıb bir şəxsin obyektdən pul və 1 ədəd ona məxsus “Apple" markalı planşeti oğurladığını görmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 1272 manat maddi ziyan dəymişdir. İşlətdiyi obyektdən 372 manat pul və 1 ədəd 900 manat dəyərində “Apple” markalı planşet oğurlanmışdır. Təqsirləndirilən şəxs qarşı şikayəti və əmlak tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “Coffee Land” iaşə obyektində satıcı vəzifəsində işləyir. Hadisə günü işə səhər saat 08:00 radələrində iş yerinə gəlmiş və oranın müdiri Rəşad tərəfindən oğurluq hadisəsinin aşkar edildiyini görmüşdür. Hadisə nəticəsində obyektdən qiymətini dəqiq bilmədiyi “Apple” markalı planşet və nağd pul oğurlanmışdır. Pullar əsasən obyektdə olan şkafda saxlanılmış və pulların miqdarı barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Bayram oğlu ifadəsində bildirmişdir ki, həmin cinayət işinin istintaqı Səbail RPİ İŞ-də müstəntiq vəzifəsində çalışarkən onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs barəsində aparılan istintaqın gedişatında ona qarşı heç bir təzyiq və ya təsir göstərməmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini imzalamaqdan imtina etmişdir. Dindirmə zamanı vəkilin iştirakı təmin edilmişdir, onun müdafiə hüquqları pozulmamışdır. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılmışdır. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qeyd edilmiş tarixdə ünvan 1 ünvanında yerləşən iaşə obyektinə baxış keçirilmişdir. Obyektin qabaq şüşəsinin yuxarı sol hissəsində kamera vardır. Baxış zamanı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən ekspert-kriminalist tərəfindən obyektə giriş qapının kilidi götürülərək qablaşdırılmış, həmçinin əl-barmaq izləri götürülmüşdür. Oğurluq hadisəsinin baş verdiyi saatda olan görüntülər bir ədəd disk üzərinə köçürülməklə götürülmüşdür. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 16 sentyabr 2021-ci il tarixli 011-8707-1221 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən “Coffeland” mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 14.09.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədli (ADİS-nin məlumat bankına Xətai RPİ-dən, Səbail RPİ-dən, Nəsimi RPİdən, Yasamal RPİ-dən daxil olmuş), xx.xx.1996-cı ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət və sağ əlinin çeçələ barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, “Coffee Land” iaşə obyektində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin hadisənin video görüntülərinin əks olunduğu bir ədəd CD diskə, cinayət işi üzrə şahid Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. CD diskdə olan fayl açılaraq baxılan zaman müəyyən edildi ki, həmin videodan görünür ki, Təqsirləndirilən şəxs artıq obyektdədir və o, oğurluq məqsədi ilə obyektdə axtarış aparır, içəridə təhlükəsiz siqnalının işə düşdüyünü gördüyü üçün kameranı söndürməyə cəhd edir. Daha sonra o əlində olan planşetlə obyektdən çölə çıxır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə olan şəxs özüdür. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında 24 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ İŞ-nin müstəntiqi Şahid2 Bakı X2 Səməd Qabil oğlunu 17:00dan 17:30-dək dindirmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 yanvar 2022-ci il tarixli Arayışından görünür ki, xx xxxx 1996-cı ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs:

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 16 fevral 2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur.

2. Bakı şəhəri Yasamal RPİ İŞ tərəfindən 23.09.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə istintaqa cəlb edilmiş, 29.12.2021-ci il tarixdə iş məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 4(006)-564/2021 saylı qərarından görünür ki, Nəsimi rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay 19 gün, yəni 11 fevral 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, oğurluq etdiyi yerləri əyani şəkildə göstərməklə ifadəsini təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 19 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd disk və 02 ədəd əl-barmaq izi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 02.03.2022-ci il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxs X3 qarşı şikayəti və əmlak tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 25.09.2021-ci il tarixli, 4(009)-564/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23.09.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(064)-128/2021 saylı 13 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin 23 sentyabr 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İş materiallarıda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 06 aprel 2022-ci il tarixli 17/38-2208 saylı məktubundan görünür ki, 3 saylı vəkil bürosunun vəkili Şahid1 Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ilə Bakı İstintaq Təcridxanasının istintaq otağında görüşməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 19 aprel 2022-ci il tarixli 17/38-2523 saylı məktubundan görünür ki, müstəntiqi Şahid2 Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs ilə 24.12.2021-ci il tarixdə saat 16:10-dan 18:00-dək Bakı istintaq təcridxanasının istintaq otağında görüşmüşdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin məktubundan görünür ki, 1(064)-128/2021 saylı 13 aprel 2022-ci il tarixli hökm 04 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, iş materiallarında olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında 24 dekabr 2021-ci il tarixli protokol sübut kimi qəbul qəbul edilməyərək ittihamın əsasını təşkil edən sübutların siyahısından xaric edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 24.12.2021-ci il tarixdə saat 17:00-da Bakı İstintaq Təcridxanasının istintaq otağında təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə aparıldıqda və 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dindirilməsi cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Odur ki, məhkəmə onun ibtidai istintaq dövrü təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini ittihamın əsasına qoyulan sübut növü kimi qəbul etmir və həmin ifadənin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul qəbul edilməyərək ittihamın əsasını təşkil sübutlar siyahısından xaric edilməsini əsaslı sayır. Məhkəmə, hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ifadəsi və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 16 fevral 2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, lakin 2 (iki) il keçmədən 06 sentyabr 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(006)-128/2022 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 06 sentyabr 2021-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(006)- 128/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CMnın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(006)-128/2022 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-128/2022 saylı 13 aprel 2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və 02 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(006)-128/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-128/2022 saylı 13 aprel 2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd disk və 02 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar