Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-71/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə «İnstağram» sosial şəbəkəsində «ipeyim.az» səhifəsində Zərərçəkmiş şəxs online qaydada kəlağayı baş örtüyünün tək-tək satışı barədə elanı oxuyub həmin kəlağayıları qanunsuz və əsassız olaraq, tamah niyyəti ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə xx.xx.2024-cü il tarixdə həmin səhifəyə qısa mesaj yazaraq özünü təqdim edib kəlağayı almaq istədiyini bildirmiş, “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq özünün Bakı şəhəri, Səbail rayonu, “İçərişəhər” ərazisində kəlağayı satışı dükanı olmasını bildirib xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “SİLK KELAGAİ MUSEUM” kəlağayı baş örtüklərinin satışı dükanını göstərib inandırmaqla xarici vətəndaşlara tanıtdıqdan sonra 3-4 gün ərzində pulunu verəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və əldə edəcəyi kəlağayıları satıb pulunu ödəmək niyyəti olmadan, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs məxsus hər biri 40 manat olmaqla cəmi 1000 manat dəyərində 25 ədəd 65x190 sm ölçüdə; hər biri 60 manat olmaqla cəmi 1320 manat dəyərində 150x150 sm ölçüdə 22 ədəd; hər biri 50 manat olmaqla cəmi 2650 manat dəyərində 150x150 sm ölçüdə 53 ədəd; hər biri 15 manat olmaqla cəmi 30 manat dəyərində 02 ədəd 80x80 sm ölçüdə kəlağayı baş örtüklərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 25 aprel tarixində Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə olduğuna görə ödəniş edə bilməyib və bu həbsdə olmağı ani olub. Əgər həbsdən çıxarsa ödəniş edəcək. Zərərçəkmiş şəxsi instagram sosial şəbəkəsində kəlağayı satışı ilə əlaqədar olaraq tanıyıb. O, onunla 22 martda görüşüb və kəlağayı satışı ilə əlaqədar razılaşıblar. Kəlağayıları alıb və ödənişi etmək fikrim olub. Ziyanı ödəməyib. İcarəyə götürdüyü obyektdə onları satıb. Fevral ayında götürdüyü obyekt işləyirmiş. Həbsdə olduğu üçün ziyanı qarşılamaq üçün pulu və buna köməklik edəcək yaxın şəxs yoxdur. Dələduzluq məqsədi olmayıb. Hərəkətlərində cinayət tərkibi olduğunu anlayıb. Özünü qismən təqsirli bilir. İşləyib ödəmə etmək üçün zaman lazım olduğunu bildirib. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, keçən ilin mart ayında Kamran bəy kəlağayının satışı ilə əlaqədar instagram sosial şəbəkəsindən ona yazıb və sonra onunla əlaqə saxlayıb. Ona içərişəhərdə mağaza götürmək istədiyini və açdığı barədə məlumat verib. Onlar onunla görüşüblər, fikirləri də xoşuna gəlib. Ona “reabilizasiya” ilə işləməyi təklif edib, amma o razılaşmayıb. Məhsullarını müəyyən qiymətə satıb və pulu alacağını deyib. 5000 AZN miqdarında məhsulunu Kamran bəyə verib və ona 1 həftə ərzində ödəniş edəcəyini söyləyib. Yoldaşı ilə 1 gün sonra həmin mağazaya gediblər və orada kəlağayı yox idi. Ondan bunun səbəbini soruşanda isə hamısını satdığını bildirib. Daha sonra onunla əlaqə saxlaya bilməyiblər və bir tanış şəxs deyib ki, o kəlağayıları çox ucuz qiymətə satıb və tapılmır. O, Kamran bəyi əvvəlcədən tanımayıb, onunla whatsapp vasitəsi ilə yazışıb və bu sübutları təqdim etməyib. O, kəlağayıları satdıqdan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Ortaq tanışı məlumat verib ki, o dəyər-dəyməzinə məhsulları satıb. Ona vurulan zərər ödənilməyib və şikayətçidir. Ortaq tanışları sadəcə onun mağazasının yanında işləyib və yoldaşm onun nömrəsini götürüb. Kəlağayı verməzdən əvvəl yoldaşı ilə gedib mağaza ilə tanış olub və Kamran bəyin fikirləri xoşuna gəlib. Hətta o mağaza sahibi ilə olan müqaviləni belə göstərib. 4800 azn məbləğində kəlağayı verib və əlavə olaraq da bir çox kəlağayı verib hansı ki, bəzi kəlağayılarda qüsur olur deyə verib. Bu cür kəlağayıların da öz alıcısı olur hansı ki, 80 azn əvəzinə 60 azna satmaq mümkün olur və bu məhsulları da ona verib. Dəqiq say müəyyən etməyiblər və o dəftər üzərində qeyd edibmiş, onun imzası və.s yox idi. Təhvil verəndə vərəqdə say müəyyən edib. Heç bir ödəniş olunmayıb. Məhkəmə istintaqı zamanı Şahid bildirmişdir ki, keçən il Kəlağayı götürmək üçün Kamran onlara müraciət edib, Onlar onunla görüşüblər, o dil bilən, savadlı normal şəxsə bənzəyirdi. Kamran icarəyə mağaza götürüb və icarə müqaviləsini onlara təqdim edib. Yoldaşı Ləmana deyib ki, pulunuzu verəcəm. Onların kəlağayıları Kamranın mağazasında idi asılıb. Bir gün gəlib, görüb ki, kəlağayıların hamısını satıb və satdığı bütün müəllimlərin adlarını, soyadlarını qeyd edib. Bir müddət keçib Kamrandan xəbər çıxmayıb, daha sonra öyrənib ki, Kamran bu kəlağayıları 3 dəfə ucuzuna satıbmış.Telefonlarını da açmırdı. Kamranı əvvəlcədən tanımayıb. Kəlağayıları yoldaşı təhvil verib. Siyahı yoldaşında var. İstintaq dövründə siyahını verməsi ilə bağlı məlumatı yoxdur. Borc müqaviləsi bağlamaq üçün notariusun balansına pulu köçürməliyik, daha sonra borc müqaviləsi bağlanılmalıdır, bu da qeyri-mümkündür Hər hansısa rəsmi sənədlə təhvil verməyiblər. Məhsulları mağazaya yerləşdirirərkən şəkillərini çəkiblər. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, “İçəri şəhər”, ünvanında yerləşən “SİLK KELAGAİ MUSEUM”-də baxış keçirilmiş, hadisə yerinin fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (c.i.v.8-10). İş materiallarında olan “audio səs yazılarının dinlənilməsi haqqında” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, ilk audio səs yazısının işə salınması kişi səsi ilə bir nəfərin «çeşid olaraq deyə bilərsinizmi neçə çeşidiniz var, neçə fərqli var, naxışlarınız var, say olaraq bilirsinizmi bunları?» mövzusunda 10 saniyəlik; ikinci audio səs yazısında «siz istəyirsiniz 50 ədəd gətirin, ilk öncə baxaq görək biz onları hansı formada düzürük, ondan sonra qərar verək, ilk öncə 50 ədəd gətirin, çox gətirə də bilərsinizsə gətirin, düzdür, reklamımız da gəlir axşama, Siz 50 ədəd gətirin, mən artıq fəaliyyətə başlamaq istəyirəm, ona görə» mövzusunda 34 saniyəlik; üçüncü adio səs yazısında «salam, hər vaxtınız xeyir, mən Sizə qısa məlumat verim, İçəri Şəhərdə, Şirvanşahlar sarayının arxasında, Bəylər məscidinin yanında bir mağaza açdıq, bizim işimiz şərflər-ipəkdən, dəvə yunundan və masa örtükləri, süfrələr» mövzusunda 23 saniyəlik danışıqlar vardır. Sonrakı səhifələrdə WhatsApp ani mesajlaşma proqramı vasitəsilə zərərçəkmiş Zərərçəkmiş şəxs ilə kəlağayıları ondan alan Kamran arasında danışıqların, yerləşdiyi yerin, mağazada satılacaq kəlağayı, xalça və sair antik əşyaların fotoşəkilləri ilədir. Baxışda iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, audio səs yazısında danışığı qeyd edilmiş kişi səsli şəxs özünü ona Təqsirləndirilən şəxs adı ilə təqdim edən şəxsdir, həmin səs yazısında əvvəlcə 50 ədəd kəlağayıdan söhbət getsədə daha sonra razılaşmalarına əsasən ona 50 deyil 102 ədəd kəlağayaı təqdim etmiş, Təqsirləndirilən şəxs da söz vermişdir ki, 3-4 gün ərzində aldığı kəlağayıların pulunu verəcək, lakin uzun müddət keçməsinə baxmayaraq aldığı kəlağayıların pulunu verməmişdir (c.i.v.26-27). İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, X1 zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.20). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmişdir (c.i.v.88-89). İş materiallarında olan “qətimkan tədbirinin nəzərə alınması haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş 01 il 08 gün azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və təyin edilmiş cəzasını Azərbaycan Respublikası Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 26 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 1(066)-79/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 18 gün müddətinə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 7(103)-191/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 7(009)-13/2024 saylı qərarı ləğv edilərək məhkum Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)-79/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 06 ay 18 gün müddətinə azadlığın mədudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 02 il 17 günü 01 il 08 gün müddətə azadlıqdam məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmışdır (c.i.v.32-56). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəsin, şahidin ifadəsi, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün 03 saylı Vəkil Bürosunun, "xxxx"-ın Səbail rayon filialındakı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Zərərçəkmiş şəxsə mülki iddia icraatı qaydasında şikayət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-71/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-71/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver