Məhkəmə qərarları › İş №1(009)-73/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-73/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-73/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Masallı rayonunun Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmuş, işləməyən, Masallı rayon Həsənli Ərazi Dairəsi, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdirlər. Belə ki, o, 16 iyul 2024-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvanında yerləşən “İDEA”çimərliyində Zərərçəkmiş şəxs dənizdə istirahət etməsindən istifadə edərək sahildə qum üzərində ona məxsus qara rəngli əl çantasına yaxınlaşaraq içərisindən 1 (bir) ədəd 1.250 mat dəyərində göy rəngli “128 GB” yaddaş kartına malik “İphone 13 Pro Max” markalı, 356-133-310-473-235, 356-133- 310-848-659 İmei kod qeydiyyatlı mobil telefonu, 1 (bir) ədəd 50 manat dəyərində qara rəngli idman şalvarını, 1 (bir) ədəd 70 manat dəyərində qara xətli köynəki, kirayə qaldığı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 33 saylı evin, 4 saylı mənzilə məxsus 20 manat dəyərində kilid açarını və 10 manat dəyərində ***-***-**-** mobil nömrə kartını gizli yolla talayaraq zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs ümumilikdə 1400 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisəni dəqiq xatırlamır, çünki içkili olub. Sonradan bilib ki, camaatın telefonunu götürüb. Telefonu o satmayıb, bir nəfərə verib, o satıb. Həmin şəxsə borcum olmayıb. Onun pula ehtiyacı var idi. Dostu ilə biryerdə olublar. Telefonu Mübarizə verib. Mübariz 800 manata satıb telefonu. 41-ci PB-nin rəis müavini zəng vurub ki, 4 aydır axtarışdasan. Sənin yerinə qardaşını götürmüşük, gəl təslim ol, qardaşını buraxaq. Bölməyə gəlib, qardaşını buraxıblar. Ona orada bildiriblər ki, 2-3 sutka burada qalacaqsan, sonra səni idarəyə aparacağıq. Orada telefonu o satmadığını bildirib. Telefonu alan şəxsdən 2 min manat pul alıblar, həmin şəxs onu tanımır, o da onu tanımır. Ona deyiblər ki, məhkəmədə deyərsən ki, telefonu 28 Mayda ikinci dükana vəsiqəylə satıb. Orada telefonu satmadığını bir daha bildirib. Axırda onun boynunda qalıb. Telefon da şikayətçiyə qaytarılmayıb. Telefonu Mübariz satıb. Mübarizin 28 Mayda tanışının mağazası var. Telefon alan adamı tanımır. Həmin şəxs telefonun oğurluq olduğunu biləbilə alıbmış. Bölmədə həmin adam telefonu Mübarizdən aldığını etiraf edib. İphone 13 Pro max idi. 950 manat ümumi pul idi, 150 manatı kodu sındırmaq üçün verdi, 800 manatı da Mübarizə verib. Təzyiq olmayıb. O, oxumağı bilmir. Çoxlu sənədlərə imza atıb. Məktəbə getməyib. Ziyanı ödəmək istəyir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, telefonunu Fərhad oğurlayıb. Mənə dəymiş zərərin ödənilməsini istəyir. Hadisə Şıxov çimərliyində olub. Ona 1400 azn məbləğində zərər dəyib. Əşyaları və telefon daxildir o məbləğə. İbtidai istintaq vaxtı ödəmək istəyib. Məhkəmə istintaqı zamanı Şahid bildirmişdir ki, Mübariz əmisi məni yığaraq iphone 13 model telefonu olduğunu bildirib, görüşüb, götürüb telefonu. Telefonu da Fərhad satıb. Telefonu alıb, pulunu verib, sənədi də götürüb. Telefonu da yan dükana satıb. Daha sonra polis bölməsinə çağırıblar, izahat yazıb, daha sonra Səbail rayon polis böməsinə müstəntiq Elşən müəllimin yanına gedib. Telefonu bölməyə təhvil veriblər. Telefonu 1000 azna satıblar. Telefon satan zaman sadəcə zəmanət talonu verirlər, vəsiqəsini almırlar. Zəmanət talonu o şəxsdə qalır. Telefon alqı-satqısı işi ilə məşğuldur. Telefonu 800 AZN yaxın qiymətə alıb. Telefon alarkən şəxsiyyət vəsiqəsinin surətini alıblar. Qonşu mağazaya onlarda iphone 13 çox olduğu üçün satıblar. Mübariz əmi ilə Fərhad birlikdə gəlib. Telefonu alan şəxs mənə məlum deyil. Yan mağaza satıb o telefonu. 41-ci Polis bölməsinə müştərinin özü təhvil verib. Hətta Əli müəllimlə danışıb deyib ki, telefon qayıdıb. Əli müəllim 41-ci PB-nin rəis müavinidir. Əli müəllimə telefon verilərkən hər hansı sənəd verildiyi barədə məlumatım yoxdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid Səbail rayon 41-ci Polis Bölməsinin rəis müavini X4 bildirmişdir ki, telefonun şəxsə qaytarılmama səbəbi başqa şəxsə satılmağıdır. İki-üç nəfərə satılmışdı. Hazırda zərərçəkmişə verilib. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X1 bildirmişdir ki, telefonu alan şəxs Eldar olur. 850 manata razılaşırlar. Eldar da həmin telefonu əcnəbiyə satır. Eldar ifadə verməyib ki, telefonu hansısa bölmə götürüb. Əgər elə fakt olsaydı bölmə həmin telefonu istintaq orqanına təqdim edərdi. Təqsirləndirilən şəxslə zərərçəkən şəxs üzləşib. Orqada elə bir ifadə işlətməyib ki, bölmə telefonu götürüb. Elə bir fakt olsaydı telefonu göterüb işin materiallarına əlavə edərdi. Fərhadın Eldara telfonu satmağı ilə bağlı orada öz xətti ilə yazdığı qəbz olmalıdı. Həmin telefonu özününkü kimi təqdim etməklə satıb. Telefonun qaytarılmağı ilə bağlı məlumatı yoxdur. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (c.i.v.1). İş materiallarında olan 17 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, ünvanında yerləşən “İDEA” çimərliyində baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (c.i.v.5-7). İş materiallarında olan zəmanət talonundan görünür ki, Zərərçəkmiş şəxs BOSS MOBİLE xx.xx.2022-ci il tarixdə İPHONE 13Pro markalı, İMEİ kodu: **********73235 seriyalı telefonu almışdır (c.i.v.12). İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v. 27-28). İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması” barədə 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır (c.i.v.38). İş materiallarında olan Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmışdır (c.i.v.43). İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi” barədə 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (c.i.v.44). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (c.i.v.74-75). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (c.i.v.87- 90). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 08 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmuşdur. Masallı Rayon Məhkəməsinin 1(050)-170/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilib (c.i.v.21-23). İş materiallarına əlavə edilmiş İ-1904 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11342308 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2015-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2019-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.2017-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən və xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, ona dəymiş ziyan tam ödənilib, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayətçi deyil və gələcəkdə də ona qarşı heç bir tələbi olmayacaq. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, maddi sübutlar və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, azyaşlı uşaqlarının olmasını, vurulmuş ziyanı tam qaytarması və zərərçəkmiş şəxs ilə barışmasını, özünün Vətən müharibəsi iştirakçısı olması cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətlərini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2024cü il tarixdə saxlanılmış və 30 sentyabr 2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs saxlanıldığı 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Masallı rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 549 (beş yüz qırx doqquz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə saxlanıldığı 01 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini Masallı rayonu, Həsənli Ərazi Dairəsi Həsənli kəndini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini-Masallı rayonu, Həsənli Ərazi Dairəsi Həsənli kəndini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Masallı rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 549 (beş yüz qırx doqquz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar