Məhkəmə qərarları › İş №1(009)-74/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-74/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-74/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavanşir Feyziyev onun da daxil olduğu bir qrup siyasətçi, jurnalist, ictimai fəalları təhqir edən və onlar barəsində böhtan ehtiva edən yazısını Facebook sosial şəbəkəsində yaymış, daha sonra bu yazıya istinadla müxtəlif KİV-lər tərəfindən tirajlanmışdır. Facebook sosial şəbəkəsinin X5 fəaliyyət göstərməsini, Cavanşir Feyziyevin sıx-sıx Birləşmiş Krallığa səfərlər etməsi, Londonda mülklərə sahib olması ilə ehtimal etmək olar ki, bu yazını da ya Bakı şəhərinin Səbail rayonunda yerləşən Milli Məclisdəki iş kabinetindən, yaxud xarici ölkələrdəki mülklərindən birindən yazmışdır. Bütün bunları nəzərə alaraq cinayətin araşdırılması üçün Cavanşir Feyziyevin məlum olan ünvanı, Bakı şəhəri Səbail rayonu, Parlament prospekti 1 ünvanı qəbul edilməli, xüsusi ittiham qaydasında şikayətə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Cavanşir Feyziyev Azərbaycanda tanınmış ictimai-siyasi şəxsdir, Milli Məclis üzvüdür və onun təhqir və böhtan ehtiva edən postları KİV-də yayılsa da, bunu təkzib etməmiş, əksinə, əsaslandırmağa çalışmış, bununla bağlı da İdarə Heyəti üzvü olduğu Mətbuat Şurasından istefa verdiyini bildirmişdir. Cavanşir Feyziyev 05 fevral 2022-ci il tarixində özünə məxsus "Cavanşir Feyziyev" adlı Facebook sosial şəbəkə hesabında (səhifə https://www.facebook.com/JFevzivev) geniş post yazaraq müxtəlif şəxsləri müxtəlif məsələlərdə ittiham etmişdir. Onunla bağlı hissədə Cavanşir Feyziyev yazır: Bunların bir qismi - Bəxtiyar Hacıyev kimiləri və onların altında sıralanan, ömründə bir kitabı belə oxuyub başa çatdırmamış, amma başlarından böyük siyasi iddiaları olan özündən müştəbeh siyasi şarlatanlardır. Onlar özlərini “siyasətçi ” və ya “bloqer” adlandırsalar da, əslində cəmiyyətdə hər hansı siyasi mənsəbə çatmaq naminə ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparan milli satqınlardır. Lümpen proletar düşüncəsinə malik olan bu adamlar sadə insanları halal əməklə pul qazanıb zənginləşməyə yox, proletar inqilabı etməyə və 100 il əvvəl olduğu kimi xalqın imkanlı və ziyalı adamlarını öldürüb qarət etməyə çağıranlardır. Onlar anlamırlar ki, bunu bir daha yuxularında da görə bilməyəcəklər. Buradan görünür ki, Cavanşir Feyziyevin yazdığı "siyasi şarlatanlar", "milli satqınlar" ifadələri onun şərəf və ləyaqətini qəsdən alçaltmağa yönəlmiş təhqir ehtiva edən ifadələrdir. Buna görə də Cavanşir Feyziyev Cinayət Məcəlləsinin 148-ci maddəsilə təqsirli bilinməlidir. Eyni zamanda Cavanşir Feyziyev onu "ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası" aparmaqda ittiham edib. Bu isə Cinayət Məcəlləsinin 274-cü maddəsində göstərilən "Dövlətə xəyanət" xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqdır. Feyziyev bu ifadəsinə görə də Cinayət Məcəlləsinin 147-ci maddəsilə təqsirli bilinməlidir. Facebook sosial şəbəkəsi ictimaiyyətə açıq, minlərlə insanın görə biləcəyi məkandır və orada Cavanşir Feyziyevin yazdığı, müxtəlif KİV-lərin tirajladığı, ünvanına təhqir və böhtan ehtiva edən yazı ən azı iki nəfər kənar şəxsin görə biləcəyi formada yayılmış, Feyziyev yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Odur ki, yuxarıdakı göstərilənlərə əsasən X7 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış Cavanşir Feyziyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini, onun xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış Cavanşir Feyziyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili Müdafiəçi bildirmişdir ki, “facebook” sosial şəbəkəsində iddia olunan postun hansı istifadəçi tərəfindən yazıldığının, həmin sosial şəbəkə hesabının Cavanşir Feyziyevə aidiyyətinin və onun tərəfindən idarə olunması bəlli olmadığı heç bir vasitə ilə sübuta yetirilmir. Həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası Milli Məclisin deputatı olmasını və onun toxunulmazlığı hüququnun olduğunu bildirmişdir. Şikayətin əsassız olması səbəbindən və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən icraata qəbul olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və onun icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. İlk növbədə məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 hazırda Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır və onun toxunulmazlığı hüququ vardır və xüsusi ittiham qaydasında verilmiş şikayət onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə prosedurun başlanılmasının (cinayət təqibinə məruz qalmasının) əsası ola bilməz. Belə ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 11.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun arvadı (əri), Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Məhkəmə-Hüquq Şurasının üzvləri və Azərbaycan Respublikasının hakimləri barəsində cinayət təqibinin xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 17 may 1996-cı il tarixli Azərbaycan Respublikasinin Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli X1 müəyyən edilmiş qaydada xitam verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 90-cı maddəsinə əsasən - səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Milli X6 22-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin İİ hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilibverilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə, bir qayda olaraq, deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraat da cinayət təqibi üzrə icraatın bir növüdür və bu səbədən toxunulmazlığına xitam verilməmiş Azərbaycan Respublikası Milli Məclisinin deputatı barəsində belə icraat aparıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmiş, xüsusi ittihamçı şikayətində X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, ərizəsində onun məhz hansı hərəkəti ilə Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Həmçinin “facebook” sosial şəbəkəsində sözügedən postun kim tərəfindən yazıldığı, həmin sosial şəbəkə hesabının Cavanşir Feyziyevə aid olub-olmadığı, həmçinin onun tərəfindən idarə olunması heç bir vasitə ilə sübuta yetirilmir və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014-cü il tarixli Plenum Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası məhkəmədə yoxlanılmalı, habelə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalı, xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 299.3.3cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məhkəmənin hazırlıq iclasında baxılır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki şikayətdən görsənir ki, törədilməsi ehtimal olunan əməl “facebook” sosial şəbəkəsində yazılmışdır və bu şəbəkənin də qeydiyyat ünvanı X2. İş materiallarına əlavə edilmiş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən şəxsi məlumatlardan çıxarışdan görünür ki, X3 qeydiyyat ünvanı ünvan 3hkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində işə baxılması mümkün olmadığından, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən və həmin şikayət bu məhkəməyə aid olmadığından da xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.01.2014-cü il tarixli Qərarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Həmin Qərarda qeyd edilir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır (12-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Beləliklə, xüsusi ittihamçı X4 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş yuxarı həddə cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 10-12, 37-39, 299-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X4 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş yuxarı həddə cəzalandırılması barədə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar