Məhkəmə qərarları › İş №1(009)-75/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-75/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-75/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-71/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən «Old East» oteldə işləyən tanışı Zərərçəkmiş şəxs icazəsi ilə sanitar qovşağından istifadə etmək üçün otelə daxil olduqdan sonra, otelin birinci mərtəbəsində yerləşən müştərilərin qeydiyyata alınması üçün nəzərdə tutulmuş masanın üzərində olan 1250 manat dəyərində «Apple» markalı notbuku orada hər hansı bir şəxsin olmadığından və nəzarətsiz qaldığından istifadə edərək, gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1250 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir tanıyır. Tural İçərişəhərdə yerləşən «Old East» otelində işləyir, tez-tez rastlaşdığı üçün sonuncu ilə tanışlığı yaranmış, tanışlıq müddətində aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində İçərişəhər ərazisində «Old East» otelin qarşısından keçmiş, Turalın otelin qarşısında dayandığını görmüşdür. Həmin vaxt onun sanitar qovşağına getmək ücün ehtiyacı olduğundan Turaldan xahiş etmişdir ki, otelin sanitar qovşağından istifadə etsin. Tural ona etiraz etməmiş və otelə daxil olmağına icazə vermişdir. O, otelin giriş qapısından daxil olaraq orada yerləşən sanitar qovşağına keçmiş və istifadə etdikdən sonra sanitar qovşağından çıxmışdır. Qovşaqdan çıxdıqda otelin müştərilərin qeydiyyat aparılması üçün nəzərdə tutulan masanın üzərində notbuku olduğunu görmüş, və oğurlamaq qərarına gəlmişdir. O, həmin masaya yaxınlaşaraq notbuku ilk öncə əynində olan şalvarın cibinə yerləşdirmiş, lakin çölə çıxdıqda Turalın görə biləcəyini düşünüb, həmin notbuku otelin arxa qapısından çölə çıxarıb qapının önünə qoymuşdu. Daha sonra yenə də otelə daxil olaraq Turalda şübhə yaratmamaq üçün otelə daxil olduğu əsas qapıdan çölə çıxmış və Turalla sağollaşıb oradan uzaqlaşmışdır. Daha sonra o, otelin arxa hissəsinə keçərək oğurladığı notbuku götürüb gütmişdir. Daha sonra həmin notbuku satmışdır. xx xxxxxx 2020-ci il tarixdə Tural ilə görüşdükdə sonuncu ona bildirmişdir ki, otelin içərisində olan kamera vasitəsilə onun oğurluq etməsi qeydə alınmışdır. Buna görə də Tural notbuku ona geri qaytarılmasını tələb etmişdir. O, artıq notbuku satdığından Turala bildirmişdir ki, qısa zamanda qaytaracaq. Lakin satdığı şəxsi tapa bilmədiyi üçün notbuku qaytara bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və ona məlum olmuşdur ki, əvvəllər törətdiyi digər oğurluq cinayətinə görə Səbail rayon məhkəməsində barəsində axtarış elan olunmuşdur. Həmçinin polis əməkdaşları ondan Turala məxsus notbukun oğurlanması ilə bağlı sorğu-sual etdikdə o, artıq ifşa olunduğunu bilib, oğurluq etdiyini səmimi etiraf etmişdir.O, notbuku oğurladıqdan təxminən 4 gün sonra Axundov parkı adlanan ərazidə tanımadığı və təsadüfən rastalşdığı şəxsə 300 manata satmış, notbuku satdığı şəxsə cinayət yolu ilə əldə etdiyini deməmiş, satarkən həmin şəxsə notbuku özünə məxsus olduğunu söyləmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, eləcə də dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq «xxxx» MMC-yə məxsus olan «Old East» oteldə direktor vəzifəsində işləyir. Həmin otel Səbail rayonu, İçərişəhər ərazisində 4-cü Kiçik Qala 13 ünvanında yerləşir. Orada işlədiyi müddətdə təxminən 2 ildir otelin yaxınlığında yaşayan Təqsirləndirilən şəxsla qonşu kimi tanışlığı yaranmışdır. Tanışlıq müddətində aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində o, işlədiyi otelin qarşısında dayanmış, həmin vaxt oradan keçən Ziyad otelin sanitar qovşağından istifadə etməsini xahiş etmişdir. O, sonuncuya etiraz etməyib otelə daxil olmasına və sanitar qovşağından istifadə etməsinə icazə vermişdir. Ziyad otelə daxil olduqdan bir neçə dəqiqə sonra çıxaraq onunla sağollaşıb çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə ona “Apple” markalı notbuk lazım olmuş, lakin həmin notbuku tapa bilməmişdir. O, adətən notbuku otelin birinci mərtəbəsində müştərilərin qeydiyyatı aparılması üçün nəzərdə tutulmuş masanın üzərində saxlayırdı. Lakin pandemiya ilə bağlı otel fəaliyyət göstərmədiyindən həmin masadan istifadə edilmir və buna görə də notbuk ona nadir hallarda lazım olurdu. Daha sonra o, otelin təhlükəsizlik kamerasına baxdıqda aşkar etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Ziyad onun icazəsi ilə otelə daxil olaraq sanitar qovşağından istifadə etdikdən sonra masanın üzərindən notbuku oğurlamışdır. Sonradan o, bu barədə Ziyada bildirmiş, Ziyad etdiyi əməli etiraf etmiş və notbuku qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Sonradan o, Ziyadı tapa bilməmiş və görməmişdir. Bunun üçün polisə gedərək şikayət etmişdir. «Apple» markalı notbuku 2017-ci ildə 2500 manata almışdır, bir neçə il istifadə edilməsini nəzərə alaraq və hazırki bazar qiymətinin 1250 manat olmasını nəzərə alaraq hadisə nəticəsində ona 1250 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığnı, ona dəymiş ziyanın tamamilə ödənildiyini və aralarında barışıq əldə edildiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd CD-diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən «Old East» oteldə sanitar qovşağından istifadə etmək üçün otelə daxil olduqdan sonra, otelin birinci mərtəbəsində yerləşən müştərilərin qeydiyyata alınması üçün nəzərdə tutulmuş masanın üzərində olan 1250 manat dəyərində «Apple» markalı notbuku köynəyinin altında qizlədərək həmin yerdən uzaqlaşmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-71/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı nəzərə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Səbail RPİ-nin İstintaq şöbəsi tərəfindən AR CM-nin 177.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-71/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli saxlanıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli, 1(103)- 433/2021 saylı qərarı ilə zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməmiş, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, dəymiş ziyanı aradan qaldırdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)- 71/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-71/2020 saylı hökmü çıxarılmazdan əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixdə törədilmişdir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-71/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-71/2020 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 1(009)-71/2020 saylı hökmünə əsasən xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qətimkan tədbiri məsələsini müzakirə edərək, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-71/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(009)-71/2020 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz ) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 1(009)-71/2020 saylı hökmünə əsasən xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ( “xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB**********3500216105, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar