Məhkəmə qərarları › İş №1(009)-75/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-75/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-75/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Heydərova Elnarə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-nin Uçuşların İstehsalı İdarəsində Təyyarə Bələdçiləri Xidmətində təyyarə bələdçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötürü ki, o, 18 aprel 2024-cü il tarixdə saat 15 radələrində ailə üzvüləri ilə birlikdə yaşadıqları ünvan 2 ünvanında mənzilin ona aid olan otağından televizoru və anası Şahid1 aid geyim paltarlarını götürüb mənzilin eyvanına yığdığına görə ona irad bildirən qardaşı Zərərçəkmiş şəxs ilə həmin ünvanında şəxsi münasibətlərinin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı hadisə yerindən götürdüyü uc hissəsində mıx olan taxta parcası ilə Zərərçəkmiş şəxs zərbələr vurub sonuncuya sol əlinin V daraq sümüyünün qapalı sınığı və sağ əlin ovuc səthinin əzilmiş yarası kimi həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək göstərdi ki, ailələrində olan bəzi xoşagəlməz işlərə görə köcüb Türkiyəyə getmiş, orada təhsil almış və ailə həyatı qurmuşdur. Bir müddət orada yaşadıqdan sonra həyat yoldaşından ayrıldığından uşağı ilə birlikdə Bakı şəhərinə ata evlərinə qayıtmışdır. Bütün bu mübahisələrdə ondan sonra başlamışdır. Qardaşı Hüseyn və anası Rəbiyyə hər vasitə ilə onu evdən qovmaq istəmiş lakin o, imkanı olmadığından məcburiyyət qarşısında bir müddət orada yaşamışdır. Qardaşı evi satmaq istəyərkən o, razılıq ərizəsi vermədiyindən münasibətləri daha da korlanmışdır. Dəfələrlə qardaşı və anası ona zor tətbiq etmiş, bu barədə dəfələrdə polis orqanlarına müraciət etmişdir. 18 aprel 2024-cü il tarixində qızının qarşıdan gələn doğum gününü qeyd etmək üçün onlar üçün ayrılmış otağa qardaşının və anasının çoxlu sayda yığdığı əşyalar görüb, həmin əşları otaqdan çıxarmaq istəyərkən qardaşı və anası ilə yenə də aralarında mübahisə düşmüş, bu zaman qardaşı yenədə ona zor göstərməyə başlamış, çıxarılan əşyaları yenidən otağa yığmış və bu mübahisə zamanı qonşuları Lətif kişi, onun həyat yoldaşı Sinavər və qızı Aygündə onlara gəlmişlər. Hüseynin ona qarşı aqressiv hərəkətlərini mobil telefonuna çəkmək istəyərkən Hüseyn onun telefonunu alıb yerə cırpmış, çəkiliş aparmağa imkan verməyib telefonunu sındırmışdır. Hüseyini vurmamış, onun əlində ucu mismarlı taxta parcası olmamış, taxta parcası ilə Hüseynin əllərinə vurub barmağını sındırmamışdır. Bu barədə Hüseynin, anasının və qonuşuluqda yaşayan Lətif kişinin onun qızı Aygünün və arvadı Sinavərin dedikləri yalandır. Lətif kişi onun qızı Aygün və arvadı Sinavərin anası və qardaşı Hüseynlə çox yaxın münasibətləri vardır. Hüseynlə Aygün biri biriləri ilə yaxınlıq edirlər və bu səbəbdən ona qarşı düzgün olmayan qeyri obyektiv ifadələr vermişlər. Şahid2 evləri bir məhəllə onların evlərindən aralıdadır. Şahid2 evindən onlara daha yaxın qonşuların evləri vardır nədənsə təxminən 50-100 metr aralıdan Şahid2 və onun ailə üzvləri səs küy eşidib onların evinə gəlmiş 5-10 metr aralıda ki qonşular bu səs küyü eşidib oraya gəlməmişlər. Qardaşı Hüseyn və anası ilə mübahisə evin icərisində olmuş və mübahisənin Lətif kişigilin evində eşidilməsi qeyri mümkündür, bu Hüseyn tərəfindən hazırlanmış bir işdir. Aralarında baş vermiş bu mübahisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsində araşdırılma aparılaraq hərəkətlərində cinayət əməli olmadığından ilkin olaraq cinayət işinin başlanması rədd edilmiş, sonradan müstəntiq Anar Bağırov bu işi əsassız olaraq məhkəməyə göndərmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsin qardaşıdır. Nərgiz Türkiyədən qayıdıb evlərinə gəldikdən sonra dəfələrlə onların arasında mübahisə dava dalaş olmuşdur. Sonuncu hadisə 18 aprel 2024-cü il tarixdə səhər saat 11:00 radələrində olmuşdur. Mübahisə Nərgizin otaqda olan əşyaları çıxarıb cölə atmağa başlamasından baş vermişdir. O, nə qədər Nərgizə bunu etməməsini desə də Nərgiz ona əhəmiyyət verməyib əşyaları otaqdan çıxartmağa davam etmişdir. O, əşyaları geri otağa yığarkən Nərgiz onunla əlbəyaxa olmuş, sillə ilə üzündən vurmuş, dodağı qanamış, otaqda olan ucu mismarlı kiçik taxta parcasını götürüb onun əlindən bir neçə dəfə vurmuş, bu zaman əlində bərk ağrı hiss edərək barmağının sındığını görmüş, hay küyə gələn qonşular onları aralamışlar. Bundan sonra o, polis orqanlarına şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Ona azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdi. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdiki, 18 aprel 2024-cü il tarixində qonşuları Zərdabi Rəbiyyənin evində səs küy eşidib oraya gəlmiş, zərərçəkmiş Hüseyinlə onun bacısı Nərgizin mübahisə etdiklərini görmüş, Nərgiz otaqdan əşyaları cölə çıxararkən Hüseyn ona manecçilik etmiş, onlar içəriki otaqda mübahisə edərkən Hüseynin birdən səs küy salaraq Nərgizin onu vurmasını bərk səslə bildirdikdə otağa daxil olmuş, Hüseynin üzündə qan ləkəsi görmüş, Hüseyn qışqıraraq Nərgiz məni vurdu «Nərgiz məni vurdu» bildirmiş, Nərgizin əlində kiçik taxta parcası görmüş, lakin Nərgizin taxta parcası ilə Hüseyni vurduğunu görməmişdir. İbtidai araşdırma dövründə taxta parcası ilə Nərgizin Hüsyenin hər iki əlindən vurub ona xəsarətlər yetirməsini görməsi barədə ifadələrini təstiq etmir. Şahid kimi dindirilərkən ifadələrinin belə yazılmasının səbəbini izah edə bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, X5 ilə qonşuluqda yaşayırlar, onlarla yaxın münasibətdədirlər, 18 aprel 2024-cü il tarixində Rəbiyənin evində hay küy eşidib qızı Aygün və arvadı Sinavərlə oraya gəlmiş, orada Nərgizin əşyaları otaqdan çıxartması ilə əlaqədar Hüseynlə aralarında mübahisə etdiklərini görmüş, onlar biri birinə qarşı nalayiq ifadələr işlətdiyindən o, həyətə çıxmış, bir qədər sonra səs küy səsi eşidib yenidən evə qayıtmış, Hüseynin həyətdə qışqıraraq Nərgizin onu taxta parcası ilə vurmasını bildirmiş, lakin o Nərgizin Hüseyni taxta parcası ilə necə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qızıdır. 18 apreldə günorta saatlarında oğlu ilə evdə olarkən Nərgiz evə gəlmiş və otaqdan əşyaları çıxarmağa başlamışdır. Oğlu Hüseynlə ona mane olmaq istəsələrdə Nərgiz hərəkətlərinə davam etmiş, bu səbəbdən o, 102 xidmətinə zəng vurmuş, polis əməkdaşlarını çağırmış, polis əməkdaşları gəldikdən sonra o, izahat vermək üçün onlarla birlikdə polis idarəsinə getmişdir. Evə qayıtdıqdan sonra Hüseynin halının pis olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qonşuları Rəbiyyə xanım və oğlu Hüseynlə yaxın münasibətləri vardır, təqsirləndirilən şəxs Nərgizi də tanıyır. Evlərinin arasında təxminən 100 metr məsafə vardır. Hadisə vaxtı anası, atası və o, səs eşidib onlara gəlmişlər və zala keçib, bacı qardaşın otaq üstündə dava edirdiklərini görmüşlər. Nərgiz otaqda olan əşyaları çıxartsada Hüseyn onları geri otağa qaytarırdı, onların mübahisə etdiklərini görmüş və onları sakitləşdirməyə çalışmışdır. Nərgiz nalayiq sözlər işlətmiş və atası çölə çıxmışdır. Nərgiz Hüseynə sillə vurduqda anası da otağa gəlmiş və ayırmağa çalışmışdır. Mübahisə zamanı Nərgizin əlində ki mismarlı taxta parcası ilə Hüseynin əlinə vurmuş və Hüseynin barmağı sınmışdır. 18 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək anası X6 ilə aralarında mübahisə yarandığını və araşdırılmasını xahiş etmişdir. 18 aprel 2024-cü il tarixdə X1 RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək qızı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını və bu barədə tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli 176 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər –sol əlin V daraq sümüyünün qapalı sınığı və sağ əlin ovuc səthinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə taxta parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın üzün müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. 14 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi həqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qardaşı tərəfindən döyülməsi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tədbirinin görülməsi aidiyyatı əməkdaşa həvalə edilmişdir. 05 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 Təqsirləndirilən şəxs ona məxsus evinin sənədlərini oğurlanması və qapını sındırması müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 27 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs yaşadıqları evdə üstünə cumaraq onun kiçik yaşlı övladının yanıda əlindəki telefonla başına vurması barədə möraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. 20 iyul 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Səbail Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 6(009)-103/2024 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs şikayəti təmin edilərək Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Z.K.Mustafayevin cinayəti işinin başlanmasının rədd edilməsi barədə 20 iyul 2024-cü il tarixli qərarı ləğv edilmişdir. 30 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 30 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi A.Bağırov tərəfindən başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanılmış sübutları araşdırıb, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxin, zərərçəkmiş şəxsin, habelə şahidlərin ifadələrini dinləyərək, hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi sübuta yetirilmədiyi üçün ona bəraət verilməlidir. Məhkəmə Zərərçəkmiş şəxs ifadəsinə tənqidi yanaşır, işin faktiki hallarını, bacısı Nərgizlə dəfələrlə aralarında baş vermiş münaqişələri, münasibətlərinin faktiki olaraq düşməncilik səviyədə olmasını nəzərə alaraq onun ifadələrini doğru olmayan ifadələr kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə iş üzrə Şahid3 Nərgizin ucu mismarlı taxta parcası ilə Hüseynin əlindən vurmasını görməsinə dair ifadəsinə tənqidi yanaşır, Hüseynlə və onun anası ilə yaxın dostluq munasibətlərində olmasını nəzərə alır və onun verdiyi ifadələri Hüseynin xeyrinə verilmiş doğru olmayan ifadələr kimi qiymətləndirərək qəbul etmir. Məhkəmə eyni zamanda şahidlər Şahid2 və Sinavər Allahverdiyevanın ziddiyyətli ifadələrinə tənqidi yanaşır. Sinavər Allahverdiyevanın ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs taxta parcası ilə Zərərçəkmiş şəxs əlindən vuraraq barmağını sındırmasını göstərməsini, lakin məhkəmə istintaqı zamanı ucu mismarlı taxta parcası ilə Nərgizin Hüseyni vurmasını birbaşa görmədiyini bildirməsini, eyni zamanda Şahid2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ziddiyyətli ifadələri nəzərə alır, istintaq orqanı tərəfindən ifadələrin biri-birinə uyğunlaşdırıldığını qeyd edir, Sinavər Allahverdiyevanın və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri zərərçəkmiş Zərərçəkmiş şəxs xeyrinə verilmiş doğru olmayan ifadələr kimi qiymətləndirir, məhkəmə baxışı zamanı verdiyi ifadəsinin daha həqiqətə uyğun olduğunu bildirir. Məhkəmə eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs və anası Rəbiyyə Zərdabinin daha yaxında qonşu evlərinin olmasına baxmayaraq onlardan evləri daha aralıda yerləşən zərərçəkmiş və onun anası ilə dostluq və yaxın münasibətlərində olduqları Şahid2 və onun ailə üzvlərinin şahid qismində tanınıb dindirilməsini şübhəli hal kimi qeyd edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs əlindən vuraraq barmağını sındırdığı ucu mismarlı taxta parcasının cinayətin aləti kimi maddi sübut qismində götürülüb iş materiallarına əlavə edilməməsini şübhə doğuran məqam kimi qeyd edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdiyi kimi Təqsirləndirilən şəxs onu vurduğu ucu mismarlı taxta parçasını məhkəməyə təqdim etmiş, həmin taxta parçasına baxış keçirilmiş, baxış zamanı taxta parçasında və onun ucunda olan mismarda qan izləri (ləkələri) aşkar edilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs taxta parçasında və mismarda qan izlərinin olmamasını onunla əlaqələndirmişdir ki, Təqsirləndirilən şəxs onu vuran zaman zərbəni surətlə endirib dərhal geri çəkmiş, taxtanın ucundakı mismar onun ovcunun içinə batsa da mismarda qan izi qalmamışdır. Lakin zərərçəkmiş şəxs bu halın əksinə olaraq mismarın ovcunun içinə batması nəticəsində yaranın əmələ gəldiyini və xeyli qan çıxdığını göstərmişdir. Bu hal bir daha onu təstiq edir ki, zərərçəkmiş şəxs bir-biri ilə uzlaşmayan qeyri məntiqi ifadələr verir və hadisənin hansı şəraitdə baş verməsini ağlabatan şəkildə məhkəməyə izah edə bilmir. Məhkəmə həmçinin qeyd edir ki, istintaq orqanı özü də baş vermiş hadisə ilə əlaqədar özünün cinayət işinin başlanınlmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarında da xəsarətin qeyri müəyyən şəkildə hansı şəraitdə baş verməsinin müəyyən edilmədiyi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ucu mismarlı taxta parcası ilə necə, hansı şəraitdə Zərərçəkmiş şəxs əlindən vuraraq barmağını sındırması və az ağır xəsarət yetirməsi subuta yetirilməmiş və yuxarıda qeyd edilən bütün şübhə və anlaşılmazlıqlar təqsirsizlik prezumpsiyası baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqaisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). AR CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialların qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Konstitusiyanın 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır, 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məcəllənin 349.4-cü maddəsinə görə məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, 349.5.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Qanunun 350.2-ci maddəsinə görə isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə, məhkəmədə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması sübuta yetirilməmiş, ittiham tərəfi məhkəməyə kifayət qədər əsaslı və təkzibedilməz mötəbər sübütlar təqdim etməmiş, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillər təqzib edilməmiş, ona görə də iş üzrə olan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə qəbul edilməli və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, «Access Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-350, 352-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, «Access Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ağamalı Qafarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar