Məhkəmə qərarları › İş №1(009)-77/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-77/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-77/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilə şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddətdə saat 22 radələrində ünvan 3 A ünvanında yerləşən həyət evinin taxta qapısının qıfılını sındırmaqla içəri daxil olaraq Zərərçəkmiş şəxs1 mənzilinin ikinci mərtəbəsində yerdə qoyduğu 1 ədədinin dəyəri 98 manat olmaqla 2 ədəd ümumi dəyəri 196 manat olan 1x4 ölçüdə və 1 ədədinin dəyəri 55 manat olmaqla 2 ədəd ümumi dəyəri 110 manat olan 1x2,5 ölçüdə elektrik kabellərini, 95 manat dəyərində 1 ədəd “Candan” markalı boru yapışdıran ütünü, 80 manat dəyərində 1 ədəd “Bosch” markalı burğunu, 1 ədədinin dəyəri 80 manat olmaqla 2 ədəd ümumi dəyəri 160 manat olan bərk materialda deşik açmaq üçün istifadə olunan zubulu, 1 ədədinin dəyəri 10 manat olmaqla 16 ədəd ümumi dəyəri 160 manat olan istilik sisteminin kranlarını, 1 ədədinin dəyəri 4,50 manat olmaqla 6 ədəd ümumi dəyəri 27 manat olan “Schneider” markalı C20A modelli işıq avtomatını, 1 ədədinin dəyəri 7,50 manat olmaqla 2 ədəd ümumi dəyəri 15 manat olan “Schneider” markalı C40A modell işıq avtomatını, 1 ədədinin dəyəri 9,80 manat olmaqla 8 ədəd ümumi dəyəri 78,4 manat olan“Schneider” markalı C60A modelli işıq avtomatını, 1 ədədinin dəyəri 6 manat olmaqla 1 ədəd 6 manat dəyərində “Schneider” markalı C32A model işıq avtomatını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 927,4 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu dalan 2 saylı ünvanda təkər təmiri sexinin qarşısında “Mercedes” markalı **-KV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsində yerdə qoyulmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus 700 manat dəyərində içərisində 25 blok “LD”, “Pall Mall”, “Sobranie” markalı siqaret olan torbanı gizli yolla talayaraq zərərçəmiş şəxsə 700 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin iyul ayının axırlarında hal-hazırda konkret olaraq xatırlamadığı gündə axşam saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində kafelərin birində oturub pivə içirmiş. Bir qədər pivə içdikdən sonra kafedən çıxmış və həmin kafenin yaxınlığında tikilməkdə olan və yaşayış olmayan ikimərtəbəli ev görmüşdür. Həmin vaxt onda evə daxil olaraq oradan hər hansısa bir əmlak ələ keçirmək niyyəti yaranmışdır. Çünki həmin vaxt o, işsiz olmuş və pula ehtiyacı olmuşdur. Bundan sonra o, evin birinci mərtəbəsinə daxil olmuşdur. Sonra orada olan taxta pilləkənlə ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbədə torba olmuşdur. Həmin torbanın içərisinə baxdıqda içərisində təxminən 20 ədəd işıq avtomatı, bir qutu knopka, təxminən 2-3 ədəd divar kağızı kəsmək üçün bıçaq olduğunu görmüşdür. O, həmin torbanı götürdükdən sonra kənarda yerdə olan hər birinin uzunluğu təxminən 10 metr olan iki ədəd göy və qırmızı rəngli kabelləri də götürmüşdür.Bundan sonra o, həmin yerdən çıxmışdır. O, götürdüyü əmlakla birlikdə yaşadığı evə getmişdir. Növbəti gün saat 10 radələrində o, gecə mənzildən götürdüyü alətləri də götürüb Bayıl qəsəbəsində Gülbala Əliyev küçəsində yerləşən “1001 xırdavat” dükanına apararaq əşyaları ümumilikdə 25 manata satmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, taladığı əmlakı satarkən satıcıya demişdir ki, özünə məxsus evdə təmir işləri görərkən həmin əmlaklardan istifadə etmiş və təmir işləri qurtardığı üçün artıq qalan əmlakları satmaq istəyir. Mənzildən iki ədəd kabel, təxminən 20-yə yaxın işıq avtomatı, bir qutu knopka, təxminən 2-3 ədəd divar kağızı kəsmək üçün bıçaq oğurlamışdır. Lakin digər əmlaklar olmamışdır.Bundan başqa o, təxminən 2020-ci ilin avqust ayının əvvəllərində hal-hazırda konkret olaraq xatırlamadığı gündə günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda olarkən “Mercedes” markalı avtomobilin təkər təmiri sexinin qarşısında dayandığını, bu zaman avtomobilin arxa yük yerinin açıq vəziyyətdə olduğunu, həmçinin avtomobilin arxasında yerdə 3 ədəd sellofan torba olduğunu görmüşdür. Həmin vaxt o, ətrafa baxdıqda avtomobilin sahibini və digər hər hansı kənar şəxsin olmadığını və həmin yüklərin nəzarətsiz vəziyyətdə olduğunu bilmişdir.Bundan sonra avtomobilin arxa hissəsinə yaxınlaşmışdır.Bu zaman o, ortada olan qara rəngli selofan torbanın içərisində siqaret bloklarının olduğunu görmüşdür. Daha sonra bir qədər orada dayanmış və həmin siqaret blokları olan qara rəngli selofan torbanı götürüb oradan uzaqlaşmışdır. O, yaşadığı ünvana getmiş və həmin siqaretləri özü istifadə etmişdir . Ona elan olunmuş ittihamla ona görə özünü qismən təqsirli bilmişdir ki, iyul ayında daxil olduğu mənzildə ona elan olunmuş ittihamda göstərilən digər əmlaklar olmamışdır. Əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Neftçilər metrostansiyasının yaxınlığında köşkdə işləyir. İşi müxtəlif növ siqaretlərin satışından ibarətdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Mercedes” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yaşadığı evdən çıxıb Sangaçal qəsəbəsinə bacısının yaşadığı ünvana getdiyi zaman avtomaşının təkəri boşaldığı üçün o, ehtiyat təkəri deşilmiş təkərlə özü dəyişib, yenidən hərəkətə başlamışdır. Səbail rayonu, Salyan yolu dalan 2 saylı ünvanının qarşısında təkər təmiri sexi gördükdə avtomaşınını yolun sağ yan hissəsində saxlayaraq təkəri təmir etdirmək istəmişdir. Həmin zaman avtomaşının yük hissəsini açaraq orada olan içərisində meyvə və siqaretlər olan 3 ədəd selofan torbaları avtomaşının arxa hissəsindən götürərk yerə qoymuş və təkəri götürüb təkər təmiri sexinə daxil olmuşdur. Sexdən çıxıb avtomobilinə yaxınlaşan zaman içərisində 25 blok “LD”, “ Pall Mail”, “Sobranie” olan torbanın qoyduğu yerdə olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, onun 700 manat dəyərində siqaretləri oğurlanmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Digər Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs1 ilkin və əlavə ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, V.Muradov küçəsi, dalan 1, ev 10A ünvanında 2019cu ilin əvvəllərindən başlayaraq özünə həyət evi tikməyə başlamış və hal-hazırda iki mərtəbəli evi tikib başa çatdırmışdır. Hal-hazırda həmin ev tikilmiş olsa da evin içərisində təmir işləri davam edir. Buna görə də evin içərisində müxtəlif təmir tikinti alətləri olur. Evin iki girişi vardır. Bir girişdə dəmir qapı, digər girişdə isə taxta qapı qoyulmuşdur. Təxminən 2020-ci ilin yanvar ayında evdə təmir işləri dayanmışdır. 2020-ci ilin may-iyul aylarında isə onun qohumu Eynur evdə sanitar texniki işləri görmüşdür. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə o, həm qohumu olan həm də ustası olan Eynuru və Eynurun fəhləsi Mustafanı götürərək axşam saatlarında ünvan 5 ünvanına getmişdir. Orada müəyyən qədər təmir işləri gördükdən sonra qayıdıb gəlmişdir. Bundan sonra həftəsonu sərt karantin rejimi olduğu üçün o, həmin ünvana getməmişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında yenidən həmin ünvana gəlmişdir. O, evə gəldikdə taxta qapının qıfılının sındırıldığını görmüşdür. İçəri daxil olduqda müxətif tikinti alətlərinin oğurlandığını aşkar etmiş və DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Oğurlanan alətlər iki ədəd 1x4 ölçüdə və iki ədəd 1x2,5 ölçüdə elektrik kabelləri, 17 ədəd işıq avtomatı, 16 ədəd istilik sisteminin kranları, bir ədəd boru yapışdıran ütü, bir ədəd burğu və iki ədəd bərk materialda deşik açmaq üçün istifadə olunan zubul olmuşdur. İşıq avtomatlarının hamısının markası “Schneider” olmuşdur. Boru yapışdıran ütünün markası “Candan”, burğunun markası isə “Bosch” olmuşdur. İstilik sisteminin kranlarının və zubulun markasını xatırlamır. İşıq avtomatlarının qiymətinin ekspertin rəyində olduğu kimi qalmasını nəzərə alaraq qeyd olunan marka və modeldə 17 ədəd işıq avtomatına görə ona 126,4 manat maddi ziyan dəymişdir. Digər qiymətlər yəni 1 ədədinin qiyməti 98 manat olan 2 ədəd ümumi dəyəri 196 manat olan 1x4 ölçüdə və 1 ədədinin dəyəri 55 manat olmaqla 2 ədəd 110 manat dəyərində 1x2,5 ölçüdə elektrik kabelləri, 95 manat dəyərində 1 ədəd boru yapışdıran ütü, 80 manat dəyərində 1 ədəd burğu, 1 ədədin qiyməti 80 manat olmaqla 2 ədəd ümumi dəyəri 160 manat olan bərk materialda deşik açmaq üçün istifadə olunan zubul və 1 ədədinin dəyəri 10 manat olmaqla 16 ədəd ümumi dəyəri 160 manat olan istilik sisteminin kranlarıdır. Beləliklə də baş vermiş hadisə nəticəsində ona ümumi 927,4 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, qohumu Zərərçəkmiş şəxs1 ünvan 6 A ünvanında ev tikməsi barədə məlumatı vardır. O, həmin evdə sanitar texniki işləri görür. xx xxxx 2020-ci il tarixdə o, qohumu Rəşad və fəhləsi Mustafanı götürərək axşam saatlarında ünvan 7 A ünvanına getmişdir. Orada müəyyən qədər təmir işləri gördükdən sonra qayıdıb gəlmişlər. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Rəşad ona zəng edərək evdən oğurluq olduğunu bildirmiş və onu çağırmışdır. O, həmin ünvanda 2020-ci ilin may ayından işləyir. Lakin həmin vaxt ölkədə karantin rejimi tətbiq olunduğundan o, gündəlik olaraq işləməmişdir. Lazım olduqda gəlib işlərini görüb gedirmiş. O, həmin ünvanda may ayında Vüqar adlı fəhlə ilə işləmişdir. Sonra isə Mustafa adlı fəhlə ilə birlikdə işləmişdir. Onda həmin ünvanın açarı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 oğlu ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 8 C ünvanında icarə əsasında “1001 Xırdavat” dükanını işlədir. Həmin dükanda o, müxtəlif tikinti alətləri satır. Satıcı qismində o, özü, bəzi hallarda isə oğlu olur. Günü dəqiq xatırlamasa da 2020-ci ilin iyul ayının 20-dən sonrakı günlərin birində bir nəfər üzdən tanıdığı, əvvəllər ondan bir neçə dəfə tikinti alətləri almış və usta kimi tanıdığı şəxs dükana daxil olmuşdur. Həmin şəxs dükana daxil olduqda əlində 11 ədəd işıq avtomatı olmuşdur. Həmin şəxs avtomatları öz evi üçün aldığını bildirmiş və həmin vaxt işsiz olduğundan pula ehtiyacı olduğunu, avtomatları satmaq istədiyini demişdir. O, həmin 11 ədəd işıq avtomatını 35 manata həmin şəxsdən almışdır. Həmin avtomatlar “16” və “20” amperlik olmuşdur. Belə avtomatlar o qədər da satılmır. Əsasən “25” və “32” amperlik avtomatlar satılır. Buna görə də həmin müddətdən indiyə kimi avtomatlar satılmamış və dükanda qalmışdır. Polis əməkdaşları həmin şəxslə birlikdə dükana gəldikdə ona aydın olmuşdur ki, həmin avtomatlar oğurluq yolu ilə əldə olunmuşdur. Həmin şəxs birinci dəfə olmuşdur ki, ona əmlak satmışdır. Əvvəllər həmin şəxs ondan elektrik malları almışdır. Həmin şəxs avtomatları ona satarkən oğurluq yolu ilə əldə olunduğunu deməmiş, avtomatların özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona yalnız 11 ədəd işıq avtomatı satmış və o, həmin şəxsə 35 manat pul vermişdir. O, həmin avtomatları istintaqa təqdim etmişdir. xx xxxxxx 2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən görüntülərə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, videogörüntüdə 2 dəqiqə 12 saniyəlik video fayl vardır və həmin videofaylda olan görüntülər xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu dalan 2 saylı ünvanda təkər təmiri sexinin qarşısını əks elətdirir. Baxış zamanı görünür ki, təkər təmiri sexinin qarşısında qara rəngli “Mercedes” markalı avtomobil dayanmışdır və həmin avtomobilin arxa yük yerinin və qabaq sağ qapısının açıq vəziyyətdə olması müşahidə olunur. Avtomobilin arxa hissəsində asfaltın üzərində 3 ədəd torba vardır. Həmin torbalardan ortada olan qara rəngli, hər iki yan tərəfdəkilər isə ağ rəngdədirlər. Videogörüntünün 00:47 saniyəsində bir nəfər əynində qara rəngli qısaqol köynək olan şəxsin gələrək həmin qara rəngli “Mercedes” markalı avtomobilin yanında dayanması müşahidə olunur. Videogörüntünün 01:43 saniyəsində həmin şəxsin avtomobilin arxa hissəsində olan qara rəngli torbanı götürməsi və qaçaraq yolun əks tərəfinə keçib uzaqlaşması müşahidə olunur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020ci il tarixli 9/5085 saylı rəyindən görünür ki, “Schneider” markalı C20A model işıq avtomatının 1 ədədinin qiyməti 4,50 manat olmaqla 6 ədədi 27 manat, “Schneider” markalı C40A model işıq avtomatının 1 ədədinin qiyməti 7,50 manat olmaqla 2 ədədi 15 manat, “Schneider” markalı C60A model işıq avtomatının 1 ədədinin qiyməti 9,80 manat olmaqla 2 ədədi 19,60 manat, “Schneider” markalı C32A model işıq avtomatının 1 ədədinin qiyməti 6 manat olmaqla 1 ədədi 6 manat göstərilmişdir. Ümumilikdə 11 ədəd işıq avtomatının dəyərinin 67,6 manat olması göstərilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmış qəbzdən görünür ki, o, istintaq orqanından “Schneider” markalı C20A model 6 ədəd işıq avtomatını, “Schneider” markalı C40A model 2 ədəd işıq avtomatını, “Schneider” markalı C60A model 2 ədəd işıq avtomatını və “Schneider” markalı C32A model 1 ədəd işıq avtomatını təhvil almışdır. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 məxsus 11 ədəd işıq avtomatı maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxxx 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək, ********* nömrə altında istintaqının aparılması qərara alınmışdır. xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3cü maddələrinə tövsif edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(009)-528/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(009)-92/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1 (66.3 və 93.1.4) maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (67.1 və 93.1.2) maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsi tətbiq edilərək 02 (iki) il 02 (iki) ay müddətinə cəza təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2019-cu il tarxdə cəzasının sonu ilə azad edilmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs üç yetkinlik yaşına çatmayan uşaqları vardır – xx xxxxx 2007-ci tarixdə anadan olmuş X2, xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş X3 və xx xxxxxxx 2009-cu tarixdə anadan olmuş X1. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, yəni ünvan 3 A ünvanından yalnız ittihamda göstərilən əşyaların bir hissəsini oğurladığını, digər əşyaları oğurlamadığını şahid ifadələri və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinə Səbail Rayon Məhkəməsinin məhkəmə iclasında baxılarkən ona sürülmüş ittihamla özünü təqsirli bilməsi, işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, dəymiş ziyanı qismən aradan qaldırdığını, himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (67.1 və 93.1.2) maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilərək 02 (iki) il 02 (iki) ay müddətinə cəza təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, lakin iki il keçmədən, yəni xx xxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxxx 2020ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə “Schneider” markalı C20A model 6 ədəd işıq avtomatın, “Schneider” markalı C40A model 2 ədəd işıq avtomatın, “Schneider” markalı C60A model 2 ədəd işıq avtomatın və “Schneider” markalı C32A model 1 ədəd işıq avtomatın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə “Schneider” markalı C20A modelli 6 ədəd işıq avtomatını, “Schneider” markalı C40A modelli 2 ədəd işıq avtomatını, “Schneider” markalı C60A modelli 2 ədəd işıq avtomatını və “Schneider” markalı C32A modelli 1 ədəd işıq avtomatının zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB**********3500216105, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar