Məhkəmə qərarları › İş №1(009)-77/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-77/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-77/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yədə yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə dayə işlədiyi, ünvan 3 ünvanında yerləşən evin qarderob otağında olan seyfin açarını aşkar etdikdən sonra 2022-ci il aprel ayından 13 sentyabr 2022-ci ilin tarixədək olan müddətdə vahid niyyətlə əhatə olunan qəsdlə saxlanc yeri hesab olunan seyfin qapısını həmin açarla açmaqla qanunsuz daxil olma yolu ilə seyfdən Azərbaycan manatına məzənnəsi ilə 7820 (yeddi min səkkiz yüz iyirmi) manat təşkil edən 4600 ABŞ dollarını, 8700 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış brilliant qaşlı bir cüt sırğanı, 1000 manat dəyərində 750 əyarlı sarı qızıldan hazırlanmış aqat qaşlı 10 qram çəkidə üzüyü və 1300 manat dəyərində 750 əyarlı sarı qızıldan hazırlanmış, 30 qram çəkidə boyunbağını hissə-hissə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə, 18820 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş dcinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından həftənin 6 günü Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Səbail rayonu H.Seyidbəyli küçəsi 122 saylı evin 7-ci mərtəbəsində yerləşən 67 saylı mənzildə qalıb dayə işləmiş, bir gün isə istirahət günü olmuşdur. Zərərçəkmiş şəxs və əri hər gün səhər saat 09 radələrində evdən çıxıb işə getmişdir. Onlar işə gedəndən sonra mənzildə təmizlik işləri görərkən qarderob otağında seyf olduğunu görmüşdür. 2022-ci ilin aprel ayında yataq otağını təmizləyən zaman dolabın altından bir ədəd seyf açarı tapmış və həmin gün mənzildə heç kim olmadığından tapdığı açar ilə seyfi açmış və orada selofan bağlamanı və qızıl zinət əşyaları görmüşdür. Selofan bağlamanı açanda içində sayını bilmədiyi qədər ABŞ dolları aşkar etmişdir. Borcları çox olduğundan həmin gün seyfdən 01 ədəd qızıl boyunbaq götürmüş və bir neçə gün sonra istirahətdə olduğu gün “Moskva” univermağına gedərək həmin boyunbağını 1200 manata sataraq “Kapital Bank” və “Bank of Baku” banklardan götürdüyü kreditləri ödəmişdir. Seyfin açarını özündə saxlamış və 2-3 həftə sonra eyni qaydada seyfdən 700 ABŞ dolları pul götürmüşdür. Sonra seyfdən 600 ABŞ dolları, bir neçə gün sonra 400 ABŞ dolları, daha sonra isə xatırlamadığı məbləğdə pul, həmçinin 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük götürmüş, üzüyü 400 manata, cüt sırğanı isə 650 manata “Moskva” univermağında müxtəlif dükanlara satmışdır. Sonuncu dəfə o, seyfdən 700 ABŞ dolları pul götürüb, həmin pulu 1100 manata dəyişmiş və 200 manatını xərcləmiş, 900 manat isə üzərində qalmışdır. 14 sentyabr 2022-ci il tarixdə istirahət günü olmasına baxmayaraq Zərərçəkmiş şəxs onu çağırıb bir neçə saatlıq uşaqlarına baxmağını xahiş etmişdir. O, heç nədən şübhələnməmiş və onların evinə gəldikdə Zərərçəkmiş şəxs ondan nə üçün seyfdən oğurluq etdiyini soruşduqda o, əməlini etiraf etməmiş, buna görə də Zərərçəkmiş şəxs polisə şikəyat etmişdir. Əməlindən peşmandır. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında həyat yoldaşı Şahid1 və 3 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Yaşadıqları mənzil 7-ci mərtəbədə yerləşir. O və həyat yoldaşı işlədiklərinə görə iş vaxtları kiçik övladına baxmaq üçün tanışlarına müraciət edərək dayə tapmalarını xahiş etmiş və xatırlamadığı tanışlarından kimsə 2021-ci ilin avqust ayında onlara Təqsirləndirilən şəxs tövsiyyə etmişlər. O, Təqsirləndirilən şəxs zəng vurmuş və sonuncu hələ də işləmədiyini bildirəndən sonra o, uşağa dayə axtardığını söyləmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs əvvəlki iş yerləri barədə məlumat alıb onu evinə dəvət etmişdir ki, sonuncu ilə iş şərtləri barədə danışıq aparsınlar. Səhərsi günü Firəngiz evə gəlmiş və onlar ətraflı söhbət etmişdilər. O, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə evdə dayə işlədiyini, subay olduğunu bilmişdir. Firəngizin namizədliyi ona qane etdiyi üçün o, sonuncuya hər ay 1000 manat məvacib ödəməklə həftədə 6 iş günü ilə dayə işi təklif etmişdir. Təqsirləndirilən şəxs iş vəzifələrinə həmçinin evin təmizlik işləri görüməyi də daxil olacağını demişdir. Firəngiz iş şərtləri ilə razılaşmış və işə çıxmışdır. Təqsirləndirilən şəxs həftənin 6 günü evlərində qalıb uşaqları yatdıqdan sonra otaqda gecələmiş, həftənin bir günü isə istirahət günü olmuşdur. Yaşadığı 4 otaqlı mənzilin otaqlardan biri qarderob kimi istifadə olunmuş və həmin otaqda ona məxsus seyf də olmuşdur. Təxminən 1 il əvvəl həmin seyfə özünə aid 100 ABŞ dolları nominala malik əskinazlarla 10.000 ABŞ dolları pul və özünə məxsus qızıl-zinət əşyaları qoyub orada saxlamışdır. 2022-ci ilin iyul ayında seyfdəki pulu sayan zaman orada 1500 ABŞ dolları çatışmadığını aşkar etmiş, lakin mənzildə yalnız ailə üzvləri yaşadığı üçün heç kimdən şübhələnə bilməmişdir. Bu barədə ailə üzvlərinə danışdıqdan sonra onlar Firəngizdən şübhələnməyə başlamış, çünki mənzildə yaşayan yeganə yad insan Firəngiz olmuşdur. Lakin, həmin pulun Firəngiz tərəfindən götürülməsi ilə bağlı əllərində hər hansı bir sübut olmadığından o, pulların və qızıl əşyalarının yerini dəyişmədən ardınca nə kimi hadisə baş verəcəyini gözləməyə başlamışdır. Sonradan həmin seyfdən hissə-hissə 300-500 ABŞ dolları məbləğində pul və qızıl-zinət əşyalarının yoxa çıxdığını aşkar etmiş və sentyabr ayının əvvəllərində seyfin olduğu otağa gizli formada müşahidə kamerası yerləşdirmişlər. Bundan sonra mütəmadi olaraq hər gün kamera vasitəsilə qeydə alınmış görüntülərə baxsalar da seyfdən oğurluq baş verməmişdir. Nəhayət 14 sentyabr 2022-ci il tarixdə görüntülərə baxan zaman oğurluğun Firəngiz tərəfindən törədildiyini müəyyən etmişlər. Bir gün əvvəl, yəni 13 sentyabr 2022-ci il tarixdə Firəngizin açarla həmin seyfi açıb oradan içərisində pul saxladıqları selofan paketi götürüb çıxartdığını, həmin otaqdan çıxdığını, bir neçə dəqiqə sonra isə otağa qayıdıb seyfi açaraq həmin bağlamanı seyfə qoyduğunu əks etdirən görüntüləri aşkar etmişlər. Firəngiz sonuncu dəfə seyfdən pul götürməmişdən əvvəl orada 6100 ABŞ dolları olmuşdur. Firəngizin pul götürməsini aşkar eldiyi gün isə seyfdə olan pulları sayan zaman orada 5400 ABŞ dolları qaldığını gördükdə, sonuncu dəfə Firəngizin onlardan 700 ABŞ dolları oğurladığını başa düşmüşdülər. 14 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Firəngiz evlərində olan zaman o, sonuncunu söhbətə çəkərək nə üçün oğurluq etdiyini soruşmuş, lakin Firəngiz bunu etiraf etmədiyindən o, məcbur qalıb polisə müraciət etmişdir. Bundan sonra o, polis bölməsinə dəvət edilmiş və Firəngizin orada olduğunu gördükdə sonuncu oğurluq etdiyini etiraf edərək, son oğurladığı 700 ABŞ dollarından qalan 900 manatı ona polis vasitəsi ilə qaytarmışdır. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Zərərçəkmiş şəxs seyfdən oğurlanmış əşyaların 8700 manat dəyərində 750 əyarlı ağ qızıldan hazırlanmış brilliant qaşlı bir cüt sırğanın, 1000 manat dəyərində 750 əyarlı sarı qızıldan hazırlanmış aqat qaşlı 10 qram çəkidə üzüyün və 1300 manat dəyərində 750 əyarlı sarı qızıldan hazırlanmış, 30 qram çəkidə boyunbağının olduğunu, oğurlanmış cüt sırğanın şəkilinin onda olduğunu, seyfin yalnız kilidlə qorunduğunu, seyfin üzərində olan şifrə panelindən istifadə etmədiyini, seyfin əvvəl 3 ədəd açarının olduğunu, sonradan ikisini itirdiyini, birinin isə onda qaldığını, açarlardan birinin qarderob otağında dolabın altına düşdüyünü və Firəngizin bu açarı aşkar edib seyfi açdığını hadisədən sonra sonradan bildiyini, konkret olaraq hansı qızıl-zinət əşyalarının və pulun hansı hissəsinin nə vaxt talandığını bilmədiyini, iyul ayında 1500 ABŞ dolları pulun və qızıl-zinət əşyalarının talandığını aşkar eldiyini, sonuncu dəfə Firəngizin 700 ABŞ dolları 13 sentyabr 2022-ci il tarixdə günorta saatlarında, yəni onlar işdə olan zaman oğurladığını, həmin görüntülərin müşahidə kamerası tərəfindən qeydə alındığını və görüntüləri kompakt diskə köçürdüb istintaqa təqdim edəcəyini bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yaşadığı mənzilində oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar Zərərçəkmiş şəxs 9cu polis bölməsinə etdiyi müraciətlə bağlı onun yaşayış sahəsinə baxış keçirilmiş, hadisə yerinin ünvan 4 ünvanında qarderob otağının olması müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmişdir. İş materiallarında olan 14 sentyabr 2022-ci il tarixli “təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9-cu PB-yə dəvət edildikdən sonra könüllü olaraq 900 manat pulu təqdim edərək həmin pulun dayə işlədiyi Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi, ev 122də yerləşən 67 saylı mənzildən oğurladığı ABŞ dollarının satışından əldə etdiyi pul olduğunu bildirmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs mənzilindən oğurlanmış 900 manat pulu təhqiqatçı Sənan Qüdrətlidən təhvil almışdır. İş materiallarında olan “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə, saat 10:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 16 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlandığı MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 sentyabr 2022-ci il tarixli “könüllü təqdim etmə və götürmə aparılması barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına 10x15 sm ölçüdə parlaq fotokağızda üzərində qıraqları şəffaf qaşlarla bəzədilmiş, gümüşü rəngli metaldan olan, damcı formasında cüt sırğanın təsvirini təqdim edərək həmin sırğa cütünün seyfindən oğurlanmış əşyalardan olduğunu bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs bir ədəd kompakt disk təqdim edərək həmin diskə 13 sentyabr 2022-ci il tarixə olan, Təqsirləndirilən şəxs seyfi açıb içərisindən pul saxladıqları qara selofan bağlamanı götürməsini əks etdirən görüntülərin yazıldığını bildirmişdir. Həmin fotoşəkil və kompakt disk götürülərək cinayət işinin materiallarına əlavə edilmşidir. İş materiallarında olan 22 sentyabr 2022-ci il tarixli “fotoşəkillər üzrə tanınmanın aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 4 ədəd fotoşəkili nəzərdən keçirib, iş üzrə Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi fotoşəkildəki sırğa cütünü tanıyaraq həmin sırğaları digər əşyalarla birlikdə seyfdən oğurladığını bildirmişdir. İş materiallarında olan 30 sentyabr 2022-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, üzərində «Verbatim» markalanma yazısı olan 1 ədəd kompakt diskdəki videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında «WhatsApp Video 2022-09-15 at 12.04.34» adlı MP4 formatlı fayl mövcüddur. Həmin fayl açıldıqda görünür ki, faylın həcmi 15072 kilobayt təşkil edir. Faylda çəkilişlər 02 dəqiqə 45 saniyə müddətindədir. Görünür ki, çəkilişlər dolabın içərisindən qeyri-aşkar yerdə quraşdırılmış statik vəziyyətdə müşahidə kamerasından aparılır. Kameranın obyektivi qarşıdakı dolabı və sol divar boyunca olan seyfi əhatə edir. 17-ci saniyəsində dolu bədən quruluşlu, qara saçları olan, əynində qara rəngli qısaqol köynək geyinmiş, bədən və sifət quruluşuna görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs oxşar qadın cinsli şəxsin otağa sol tərəfdən daxil olaraq seyfə yaxınlaşdığı və açarla seyfin qapısını açaraq əlində saxladığı bağlamanı seyfin içərisinə yerləşdirib qapısını açarla bağlayıb otağı tərk etməsi müşahidə edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs çəkilişdə olan şəxsin özünün olmasını, həmin çəkilişdə onun seyfdən 700 ABŞ dolları pul götürdükdən sonra pul olan bağlamanı yerinə seyfə qoymasının əksini tapdığını bildirmişdir. İş materiallarında olan 30 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd kompakt disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 03 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən zərgərlik məmulatların alqı-satqısı həyata keçirilən böyük qeyri-yaşayış sahəsinə aid olan ayrıca bir dükanı işarə edərək dayə işlədiyi evdən oğurladığı qızıl üzüyü həmin dükanda işləyən, tanımadığı oğlana satdığını qeyd etmişdir. Həmin ticarət obyektində olan Şahid2 Təqsirləndirilən şəxs üzdən tanıdığını, 2022-ci il sentyabr ayının ortalarında sonuncunun ona bir ədəd qızıl üzüyü satdığını bildirmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş 17 yanvar 2023cü il tarixli teleqramın mətnindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikəyati və tələbi yoxdur. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 25000 (iyirmi beş min) manat məbləğində zərəri Zərərçəkmiş şəxs 1 (bir) il ərzində ödəməyi öhdəsinə götürür. Zərərçəkmiş şəxs ona məxsus qızılzinyət əşyalarına dəymiş 25000 (iyirmi beş min) manat məbləğində zərər ödənildikdən sonra hər hansı bir iddia və tələb irəli sürməyəcəyini öhdəsinə götürür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın bir qisminin ödənilməsini, qalan hissənin ödənilməsi ilə əlaqədar zərərçəkmiş şəxslə razılıq əldə etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı şikəyati və tələbi olmadığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək, yəni tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi ev 32 mənzil 22 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən 16 sentyabr 2022-ci il tarixədək tutulduğu cəmi 01 (bir) gün müddət, bir günə iki gün hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 6 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar