Məhkəmə qərarları › İş №1(009)-78/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-78/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-78/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, sürücü işləyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə saatda 50-60 km sürətlə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanın qarşısındada hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs yolu sağdan sola doğru keçmək istədiyini görüb, hərəkəti üçün təhlükə yarandığını anlayıb, hadisənin qarşısını almağa texniki imkanı olsada, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib avtomobilin ön sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq ona baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə sümüklərinin sınıqları, başın sağ alm-təpə-gicgah nahiyəsində yumşaq toxumalar altına qansızmalar, sağ alın-gicgah, sağ almacıq-gözaltı, sağ gicgah nahiyələrinin, sağ qulağın sıyrıqları, hər iki ağciyərin cırılmış yaraları və ağciyərlərinə qansızmalar, hər iki böyrək ətrafı yumşaq toxumalara və böyrəklərə qansızmalar, sağdan İİİ-V, soldan İİİ-Vİİ qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma, sağ bazu-dirsək oynağı-said-əl nahiyəsinin iri ölçülü sıyrığı, sol milbilək oynağı nahiyəsinin, sol əlin İ barmağının, hər iki bazunun, sağ ayağın bayır topuğunun, sağ bazu oynağı nahiyəsinin, sağ bud-çanaq oynağı nahiyəsinin, sağ sağrının, sağ diz oynağı nahiyəsinin sıyrıqları və hər iki gözün üst göz qapaqlarının qançırları kimi ölümlə birbaşa səbəbli əlaqəli, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 avqust 2023-cü il tarixdə saat 17:15 Səbail rayonu, Salyan yolu 32 sayh ünvanda yerləşən Səbail rayon prokurorluğunun qarşısında quraşdırılmış işıqfordan geriyə dönmə hərəkəti edib geri qayıtmaq istədiyindən yolun sol zolağı ilə hərəkətini davam etdirmiş həmin vaxt yolun sağ tərəfindən sol tərəfinə qaça-qaça yolu keçən bir nəfər şəxsin anidən avtomobilin sağ tərəfindən təxminən 2 metr məsafədə olduğunu görmüşdür. Hadisənin anidən baş verməsi səbəbindən əyləcdən istifadə edə bilməmiş və avtomobilin sağ tərəfi ilə həmin piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən avtomobildən təxminən 8-9 metr qarşı tərəfə düşmuşdür. Dərhal avtomobildən enib piyada tərəfə qaçmış və 103 xidmətinə zəng vurub hadisə yerinə TTYS briqadası göndərilməsini xahiş etmişdir. Bundan sonra hadisə yerinə X11 və yol polisi əməkdaşları gəlmiş, təxminən 10 dəqiqə sonra piyadanın orada öldüyünü bilmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs doğma oğludur. 17 avqust 2023-cü il tarixdə saat 19 radələrində ona məlum olub ki, oğlu Şövqini Bakı şəhəri, Səbail rayonu ərazisində avtomobil vuraraq onun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdı. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başanılmış və icraata qəbul edilməklə ibtidai istintaı aparılmışdır. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/28231 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli 51 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X10 Hüquqi Şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsaərtlər aşkar edildi: baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, kəllə sümüklərinin sınıqları, başın sağ alın-təpə-gicgah nahiyəsində yumşaq toxumalar altına qansızmalar, sağ alın-gicgah, sağ almacıq-gözaltı, sağ gicgah nahiyələrinin, sağ qulağın sıyrıqları, hər iki ağciyərin cırılmış yaraları və ağciyərlərinə qansızmalar, hər iki böyrək ətrafı yumşaq toxumalara və böyrəklərə qansızmalar, sağdan İİİ-V, soldan İİİ-Vİİ qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma, sağ bazu-dirsək oynağı-said-əl nahiyəsinin iri ölçülü sıyrığı, sol milbilək oynağı nahiyəsinin, sol əlin İ barmağının, hər iki bazunun, sağ ayağın bayır topuğunun, sağ bazu oynağı nahiyəsinin, sağ bud-çanaq oynağı nahiyəsinin, sağ sağrının, sağ diz oynağı nahiyəsinin sıyrıqları və hər iki gözün üst göz qapaqlarının qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhülkəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, xəsarətlərin qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin toxumasına, qişalarına, mədəciklərinə qansızma və kəllə sümüklərinin sınıqları olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyiti meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 20:30-dan) 3-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Həmin rəyin iş üçün əhəmiyyətli olduğuna görə sübut növü kimi tanınması və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli elektron məlumat daşıyıcısına baxış protokolundan görünür ki, çəkiliş Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən ünvan 4ış müşahidə kamerası tərəfindən qeydə alınmışdır. Çəkilişlər sutkanın gündüz vaxtı ərzindədir. Kamera statik vəziyyətdədir. Kameranın obyektivi mərkəz istiqamətindən Bibiheybət məscidi istiqamətindədir. Yol örütüyünün quru vəziyyətdə olması müşahidə edilmişdir. Həmin ünvanda quraşdırılmış işıqforun qırmızı işığında iki zolaqda avtomobillərin gözləməsi, həmin avtomobillərin sırasında "xxxx" MMC-yə məxsus avtobusun dayanması, digər zolaqda yük maşınının hərəkətdə olması müşahidə olunmuşdur. Görüntülərdə həmin avtobusdan ağ rəngli köynəkdə bir nəfər kişi cinsli şəxsin avtobusdan enib avtomobillərin arası ilə ilkin olaraq yavaş yerişlə, daha sonra iti addımlarla qaçaraq yolun əks istiqamətinə yolun hərəkət hissəsində iki zolağı keçməsi və həmin vaxt üçüncü zolaqla Bibiheybət məscidi istiqamətində hərəkətdə olan ağ rəngli yük avtomobilinin həmin şəxsi vurması müşahidə edilmişdir. Daha sonra görüntülərdə avtomobil vuran şəxsin ətrafına bir neçə şəxsin toplaşması görünmüşdür. Həmçinin görüntülərdə müəyyən olunur ki, yük avtomobilinin sürücüsünün hərəkəti üçün təhlükə sağdan birinci zolaqda sərnişin düşürmək üçün dayanmış avtobusun qarşısından piyada çıxdığı andan yaranmış və həmin andan vurulmaya kimi təxminən 3 saniyə vaxt keçmişdir. Həmin protokol və CD diskin iş üçün əhəmiyyətli olduğuna görə sübut növü kimi tanınması və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X6 mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs atası X2 ərizəsindən görünür ki, 17 avqust 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının “8\3353 ”saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Ford Transit” markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin iş üçün əhəmiyyətli olduğuna görə sübut növü kimi tanınması və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizəsindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 23 noyabr 2023-cü il tarixli subutların qitmətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, hadisə yerinə baxış protokolu və sxemi, məhkəmə-tibbi ekspertizasının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, sərxoşluq əziyyətinin tibbi müayinə protokolu, diskə baxış protokolu və baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsü köçürülmüş 1 ədəd DVD disk sübut növü kimi qəbul edilmişdir. Cinayət işi üzrə maddi sübut olan “Ford Transit” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qəbzlə qeri gaytarılması nəzərə alınmışdır. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxsin arvadı X3 teleqram göndərişindən görünür ki, vəfat etmiş yoldaşının anası X5 cinayət işi üzrə hüquqi varis qismində tanınmasına etiraz etmədiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs ilə hüquqi varis X5 barışmasına etiraz etmədyini qeyd etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2.-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 02 (iki) ədəd disk işin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan “Ford Transit” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qəbzlə qeri gaytarılması nəzərə alınmalıdır. Cinayət işi keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 02 (iki) ədəd disk işin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Ford Transit” markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qəbzlə qeri gaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar