Məhkəmə qərarları › İş №1(009)-81/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-81/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-81/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 17.11.2021-ci il tarixdə saat 14:09-da Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 32 ünvanında yerləşən “Araz” supermarketin qarşısında, yaxınlıqda olan taksidə oturan qız tanışına baxmalarını düşünərək bunu özü üçün səbəb hesab etməklə, orada söhbət edən Zərərçəkmiş şəxs və sonuncu ilə söhbət edən yetkinlik yaşma çatmayan Şahid2 Elşən oğluna yaxınlaşıb, onlara heç nə demədən, özünün şəxsiyyətini həmin şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan, Şahid2 Elşən oğlunun və Zərərçəkmiş şəxs sifət nahiyyələrindən yumruq zərbələri ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayət olunan qapalı kəllə-beyin travması, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcədə burun sümüyünün repazisiyası (cərrahi müdaxilə) ilə nəticələnən burun sümüyününü yerini dəyişən qapalı sınığı, sağ haymor cibinin ön divarının xətti sınığı, sağ gözaltı nahiyyənin qançırı və üst dodağın selikli qişasına qansızma ilə müşayət olunan az ağır dərəcəli bədən xəsarətləri yetirməklə, xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Həmin hərəkətlərilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə saat 14 radələrində o, tanıdığı qızla taksi ilə Badamdar qəsəbəsində yerləşən “Araz” marketə getmiş, orada taksidən düşüb marketə girmişdir. Marketdə olan zaman marketin şüşəsindən baxanda görmüşdür ki, çöldə söhbət edən iki nəfər oğlan, onların yaxınlığındakı taksidə oturan onun tanışı qıza baxırlar. Bu səbəbdən əsəbləşmiş və marketdən çıxıb həmin oğlanlara yaxınlaşaraq hər birinin sifəti nahiyyəsindən bir yumruq zərbəsi vurmuş və onlara maşını göstərərək nə üçün qıza baxdıqlarını soruşmuş, sonra oradan getmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Araz” supermarketin içərisində “Parfüm” mağazasında satıcı işləyir. 17 noyabr 2021 -ci il tarixdə saat 14 radələrində işlədiyi mağazaya təxminən 17-18 yaşlı bir nəfər cavan oğlan girib ondan parfüm dükanında satıcı işi axtardığını bildirmişdir. O, həmin oğlanla 10-15 dəqiqə söhbət etmiş və Badamdar qəsəbəsinin mərkəzində başqa parfüm dükanına işçi lazım olduğunu dedikdən sonra, yolu izah etmək üçün onunla birlikdə bayıra çıxmışdır. Bayırda 1-2 dəqiqə dayandıqdan sonra bir nəfər tanımadığı oğlan onlara yaxınlaşaraq gözlənilmədən, heç bir səbəb olmadan, qəflətən əvvəl yanında olan oğlanın, sonra isə onun sifət nahiyyəsindən bir yumruq zərbəsi vurmuşdur. Yumruq onun burnundan dəymiş, zərbədən huşunu itirib yerə yıxılmışdır. Ayılanda ətrafına çoxlu insanların yığışdığını görmüş və həmin şəxslər ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırmışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə saat 14 radələridə iş axtarmaq üçün Badamdar qəsəbəsinə getmiş və “Araz” supermarketin içərisində olan parfümeriya satılan mağazaya girib, orada sonradan adının Nahid olduğunu bildiyi oğlana iş axtardığını bildirmişdir. Nahid Badamdar qəsəbəsinin içərisində böyük “Araz” market olduğunu, orada yəqin iş olacağını ona demişdir. O, qeyd olunan yeri dəqiq öyrənmək üçün Nahidə yolu izah etməsini xahiş etmişdir. Nahid çölə çıxaraq ona yolu göstərmiş və mağazanın qarşısında söhbət edən zaman bir nəfər oğlan onlara yaxınlaşmış və gözlənilmədən əvvəl bir yumruq zərbəsi ona, sonra isə bir yumruq zərbəsi Nahidin sifət nahiyyəsinə vurmuşdur. Ona zərbə güclü dəymədiyi üçün oradan uzaqlaşmış, Nahid isə zərbədən yerə yıxılmışdır. Sonradan o, Nahidin yanına qayıtmış və səhhətinin pis olduğunu görmüşdür. Onları vuran şəxs bir dəfə söyüş də söymüşdür. Özü xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə saat 14 radələrində qardaşı Zərərçəkmiş şəxs işlədiyi Badamdar qəsəbəsində yerləşən «Araz» marketin qarşısında tanımadığı şəxs heç bir səbəb olmadan, gözlənilmədən yumruq zərbəsi ilə vuraraq xəsarət yetirmişdir. Hadisədən bir gün sonra, 18 noyabr 2021-ci il tarixdə saat 13 radələrində o, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Səbail rayonu Badamdar şossesi 32 ünvanında yerləşən “Araz” supermarketin qarşısıdır. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edə biləcək izlər aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 17 noyabr 2021-ci il tarixdə saat 14:09 radələrində şəxsiyyəti məlum olmayan bir nəfər tünd rəngli geyimdə, əynində qısa palto olan kişi «Araz» supermarketdən çıxaraq marketin qarşısında üzbəüz dayanmış iki nəfər şəxsə yaxınlaşaraq, qəflətən sağ əli ilə ağ köynək və açıq rəngli paltar geyinmiş şəxsin üz nahiyyətinin sol tərəfindən, dərhal sonra sol əli ilə tünd rəngli paltar geyinmiş, şəxsiyyəti müəyyən edilmiş Zərərçəkmiş şəxs üz nahiyyəsindən vurur. Açıq rəngli paltar geyinmiş şəxs qaçır Zərərçəkmiş şəxs isə yerə yıxılır. Hadisəni törətmiş şəxs yerə yıxılmış Zərərçəkmiş şəxs yaxınlaşır və əl jestləri ilə nə isə deyir. Bir nəfər şəxs marketdən çıxıb onlara yaxınlaşır. Hadisə baş verən zaman qeyd olunan yerdən vətəndaşlar keçir. Hadisənin 17 noyabr 2021-ci il tarixdə saat 14:09 radələrində ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Badamdar şosesi 32 ünvanda yerləşən «Araz» supermarketin qarşısında, avtobus dayanacağının yanında və vətəndaşların gözü qarşısında baş verməsi müəyyən edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs onunla söhbət edən ağ göynək və açıq rəngli paltar geyinmiş 17-18 yaşlı cavan oğlan olduğunu, həmin oğlanı tanımadığını, barəsində heç bir məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 30 noyabr 2021-ci il tarixli 778 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X2 almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, burun sümüyünün repozisiyası (cərrahi müdaxilə) ilə nəticələnən burun sümüyünün yerini dəyişən qapalı sınığı, sağ haymor cibinin ön divarının xətti sınığı, sağ gözaltı nahiyyənin qançırı və üst dodağın selikli qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 17.11.2021-ci il tarixdə kənar şəxs tərəfindən burun nahiyyəsinə yumruqla vurduqdan sonra yıxılaraq baş nahiyyəsinin bərk sərt örtüyə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan yetkinlik yaşına çatmamış şəxsə qanuni nümayəndə təyin etmək haqqında 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X3 yetkinlik yaşına çatmayan Şahid2 qanuni nümayəndəsi qismində təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 26 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Bakı şəhər Səbail rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Amnistiya Qərarına əsasən o, həmin məhkəmənin 14.08.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş-qalan 04 ay 29 gün hissəsindən azad edilmişdir. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM- nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya Mərkəzi” Publik hüquqi şəxsin kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 fevral 2022-ci il tarixli 361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda qeyd olunan az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barədə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs əqliintelektual imkanları normaya uyğundur, o, iş üzrə əhəmiyyət kəsb edən halları düzgün dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssasdır, tez özündən çıxmaq, kobudluq, hövsələsizlik, emosionallıq, inadkarlıq, emosional oyanıqlıq, tənqid və təhqirə qarşı həssaslıq, ətrafdakılara qarşı laqeyidlik, özünə hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyytlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarına görə hadisə vaxtı öz etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 210020346 saylı cinayət işi üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ağa-Zəki qızının Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar