Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-81/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, aşpaz işləmiş, Ağdaş rayonu, Şordəhnə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 mart 2025-ci il tarixdə saat 12.15-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, sürücü Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə saat 21:11 radələrində idarə etdiyi özünə məxsus “BMW 328 İ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesindən üzü “Qurd Qapısı” restoranı yəni, A.Abbaszadə küçəsi istiqamətinə doğru yolun sol zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, eyni zamanda həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq yəni 70-80 km/saat sürətlə avtomobili idarə edib, həmin maddələrin tələblərinə riayət etməli olduğu halda bunlara əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkətini davam etdirib, eyni zolaqda qarşıda svetoforun qırmızı işığında dayanmış sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurması nəticəsində, zərbənin təsirindən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısında dayanmış sürücü Şahid4 idarə etdiyi “Kia Sportage” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəyməsinə səbəb olan zəncirvari yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Hyundai Elantra markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Şahid3 qızma sol gicgah nahiyəsinin, sağ budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağı nahiyəsinin arxa səthinin qançırları, sağ sağrı nahiyəsinin hematoması, eləcə də, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı ilə müşahidə olunan ehtiyyatsızlıqdan yüngül zərər vurub, həmçinin həmin avtomobildə olan digər sərnişin Şahid1 boyun əzələlərində ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan boyunun arxa səthinin aşağı 1/3- nin və sol çiyinüstü nahiyənin qançırları (yumşaq toxumaların əzilməsi), sol dirsək oynağı nahiyəsinin arxa, sol diz oynağı nahiyəsinin ön səthlərinin sıyrıqları ilə müşahidə olunan ehtiyyatsızlıqdan Yüngül zərər vurub və sürücü Zərərçəkmiş şəxs soldan Xİ qabırğanın az yerini dəyişən, İX və X qabırğaların yerini dəyişməyən qapalı sınıqları, eləcə də, döş qəfəsinin sol yarısının qançırı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması, sol saidin və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin qançırları ilə müşahidə olunan ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətlərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində özünə məxsus olan idarə etdiyi “BMW” markalı, 77-ML- 123 dövlət qeydiyyat nişanlı avtomobil ilə işdən evə gedirmiş. Evdən zəng gəldiyi üçün tələsirdi. Yolun sol zolağı ilə saatda 70-80 km sürətlə hərəkətdə olduğu zaman həmin yolun kəsişməsinə çatanda önündə svetoforun qırmızı işığında dayanmış avtomaşınları görmüşdür. Əvvəl həmin yolda qəza olduğu üçün yerə avtomobil yağ tökülmüşdü. Həmin vaxt qəzadan yayınmaq istəmiş və avtomobildə əyləcdən istifadə etmiş, lakin əyləci yaxşı tutmadığı və yol sürüşkən olduğu üçün əvvəlcə svetoforun qırmızı işığında dayanmış “Hyundai Elantra” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Bu zaman “Hyundai Elantra” markalı avtomobildə ön hissəsi ilə qarşısında dayanmış “Kia Sportage” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı şok halında kömək üçün qardaşı Məharətə zəng edib, baş vermiş yolnəqliyyat hadisəsi barədə məlumat vermişdir. Həmin vaxt toqquşduğu avtomobilin sürücüləri və sərnişinləri onu günahkar bildikləri üçün avtomobillərinə maddi ziyan dəydiyindən mübahisə etməyə başlamışlar. Bundan bir neçə dəqiqə sonra yaxınlıqda olan qardaşı Məharət hadisə yerinə gəlmişdir. Həmin vaxt qardaşı Məharət mübahisəni sakitləşdirmək istədikdə “Hyundai Elantra” markalı avtomobilin sürücüsü və ailə üzvləri ilə aralarında mübahisə yaranmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmişlər. Qardaşına və özünə tibbi yardım etmişlər. Həmin avtomobil ilə toqquşacağını 50-100 metr məsafə qalmış hiss etmişdir. Avtomobilinin sürət həddi saatda 70-80 km olmuşdur. Əyləcdən istifadə etsədə hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, yük və ya sərnişin olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı spirtli içki, hər hansı bir narkotik və ya psixatrop maddə qəbul etməmişdir. Dəymiş ziyanı ödəmək üçün Zərərçəkmiş şəxs özü və qardaşı dəfələrlə müraciət etmiş, pul təklif etmiş, lakin etiraz etmişlər. Əməlindən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmamasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün bir neçə dəfə cəhd etməsini nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ilə “Qurd Qapısı” istiqamətinə doğru hərəkətdə olan zaman həmin küçənin A.Abbaszadə küçəsi ilə kəşiməsinə çatmağa təxminən 30 metr qalmış svetoforun qırmızı işığı yandığı üçün ondan öndə gedən avtomobillərin dayandığını görüb avtomobilinin sürəti azaldaraq dayanmışdır. Bu zaman arxadan gələn avtomobil qəflətən avtomobilinin arxa hissəsinə çırpılmış və nəticədə zərbənin təsirindən onun idarə etdiyi avtomobil öz iradəsindən asılı olmayaraq qarşıda eyni zolaqda dayanmış “Kia Sportage” markalı avtomobilin arxa hissəsinə dəymiş, həmin vaxt avtomobili istiqamətini dəyişərək hərəkət istiqamətinin əks tərəfinə doğru dayanmışdır. Hadisə zamanı özü, arvadı və oğlu xəsarət almışdır. Arvadını və oğlunu xəstəxanaya aparmışlar özü isə orada polisin gəlməsini gözləmişdir. Hadisə baş verən zaman heç bir spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. İdarə etdiyi avtomobildə arvadı Şahid3, oğlu Şahid1 və azyaşlı qızı Türkan Bayramlı olmuşdur. Hyundai Servisdən rəsmi olaraq aldığı “qüsür akt”ında baş vermiş hadisə zamanı “Hyundai Elantra” markalı, 90-KA- 002 dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 17811 manat maddi ziyan dəydiyi göstərilmişdir. Həmçinin hadisə zamanı xəsarətlər aldığına görə müalicə almış, habelə psixoloji zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra aralarında sözlə mübahisə yaransada oğlu Rüfət ilə Maşallah və qardaşı Məharəti döyməmişlər. Bu barədə deyilənlər doğru deyil. Əksinə onlar hadisədə təqsirli olmalarına baxmayaraq özü və oğlu Rüfətlə mübahisə etmiş, oğlu Rüfətə hücum edib, əl-qol atdıqları üçün Rüfət özünü qorumaq üçün onları kənara itələmişdir. Dəymiş maddi və mənəvi ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə təxminən saat 21 radələrində əri Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ilə Qurd Qapısı istiqamətinə doğru hərəkətdə olduqları zaman həmin küçənin A.Abbaszadə küçəsi ilə kəşiməsinə çatmağa təxminən 30-40 metr qalmış svetoforun qırmızı işığı yandığı üçün əri Ramiz öndə gedən avtomobillərin dayandığını görüb avtomobilin sürətini azaldaraq avtomaşını dayandırmışdır. Bu zaman arxadan möhkəm əyləc səsinin gəldiyini eşitmişdir. Həmin vaxt “BMW” markalı avtomobil onların sərnişini olduğu avtomobilin arxa hissəsinə çırpılmış və nəticədə zərbənin təsirindən əri Ramizin idarə etdiyi avtomobil qarşıda eyni zolaqda dayanmış “Kia Sportage” markalı avtomobilin arxa hissəsinə dəymişdir. Sonra təcili yardım gəlmiş oğlu ilə xəstəxanaya aparmışlar. Əri Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə həmin vaxt oğulları Şahid1 və azyaşlı qızları Türkan Bayramlı olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özü, oğlu Rüfət və əri Ramiz xəsarətlər almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra aralarında sözlə mübahisə yaransada oğlu Rüfət və əri Ramiz sürücü Maşallah adlı şəxsi və qardaşı Məharət adlı şəxsi döyməmişlər. Bu barədə deyilənlər doğru deyil. Əksinə qarşı tərəf hadisədə təqsirli olmalarına baxmayaraq oğlu Rüfət və əri Ramizlə mübahisə etmiş, Rüfətə hücum edib, ona əl-qol atdıqları üçün Rüfət də özünü qorumaq üçün onları kənara itələmiş, bu zaman Rüfət xəsarət almışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs saat 21:13 radələrində zəng edərək idarə etdiyi “BMW” markalı, **-ML-***- dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində avto qəza törətdiyini, tez həmin yerə gəlməyini, vəziyyətinin yaxşı olmadığını, üstünə hücum çəkdiklərini bildirmişdir. Dərhal həmin yerə getmişdir. Deyilən yerə çatdıqda **-KA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobili idarə edən şəxsin tanışları (3 nəfər qadın və 2 nəfər kişi) qardaşının üzərinə hücum çəkdiyini görmüş, bu zaman həmin şəxslərdən bir nəfər cavan oğlan qardaşı Maşallahı vurmağa cəhd etdiyini və paltarını dartdığını görmüşdür, həmin şəxsə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, həmin şəxs aqressiv şəkildə cavab vermiş, daha sonra qardaşı öz avtomobilinə telefonu götürmək üçün getdikdə həmin şəxslərin yenidən qardaşına hücum etdiklərini görmüş və bu zaman qardaşını həmin şəxslərin əlindən almaq məqsədilə onların üzərinə getmiş, bu zaman Rüfət adlı şəxs ilk olaraq itələmiş və daha sonra burun nahiyəsinə yumruqla zərbə endirmiş, bu zaman hadisə yerində olan yol polisi əməkdaşları müdaxilə etmiş, daha sonra təcili yardım gələrək ilkin tibbi yardım göstərmiş və vuran Rüfəti təcili yardım maşını ilə aparmışlar. Həmin mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Mübahisə zamanı heç kimə qarşı zor tətbiq etməmişdir. Hadisə günü və hadisədən bir neçə gün sonra zərərçəkmiş şəxslə danışaraq nə köməklik edəcəklərini demiş, pul təklif etmiş, lakin köməyə ehtiyaclarını olmadıqlarını bildirmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 avqust 2024-cü il tarixli, 8/2024 nömrəli ekspert rəyindən görünür ki, 1. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW markalı, **-ML-*** dövlət qeydiyyat nişanı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-c maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Hyundai Elantra markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 3. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə Kia Sportage markalı, **-CO-*** dövlət qeydiyar hişanlı avtomobilin sürücüsü Şahid4 hərəkətlərinin «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlənin tədqiqi xüsusi texniki bilik tələb etmir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 85 (səksən beş) manat müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli 295 nömrəli rəyindən görünür ki, Şahid3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gicgah nahiyəsinin, sağ budun orta 1/3-nin bayır səthinin, sol dirsək oynağı nahiyəsinin arxa səthinin qançırları, sağ sağrı nahiyəsinin hematoması, eləcə də, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə -tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli 296 nömrəli rəyindən görünür ki, 1. Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən boyun əzələlərində ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan boyunun arxa səthinin aşağı 1/3- nin və sol çiyinüstü nahiyənin qançırları (yumşaq toxumaların əzilməsi), sol dirsək oynağı nahiyəsinin arxa, sol diz oynağı nahiyəsinin ön səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 2. Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən - boyunun aşağı 1/3-nin ön səthinin, sağ bazunun orta 1/3-nin iç səthinin, döş qəfəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlət olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə -tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli 304 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər soldan Xİ qabırğanın az yerini - dəyişən və İX və X qabırğaların yerini dəyişməyən qapalı sınıqları, eləcə də, döş qəfəsinin sol yarısının qançırı ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması, sol saidin və sağ baldırın yuxarı 1/3-nin ön səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli 307 nömrəli rəyindən görünür ki, Şahid4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sağ yarısının ön səthinin, sağ baldırın aşağı və yuxarı 1/3-nin ön səthlərinin, sağ bel nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 04 iyul 2024-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ çiyin nahiyəsinin və sağ saidin orta 1/3-nin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə -tibbi ekspertizasının 04 iyul 2024-cü il tarixli 302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər burunun yumşaq toxumalarının şişinliyi və qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs tərəfindən burun nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 11 sentyabr 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. 14 sentyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 14 sentyabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. 25 sentyabr 2024-cü il tarixli qərarla Şahid3 Şahid1 qanuni nümayəndəsi təyin edilmişdir. 26 sentyabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. 09 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 09 oktyabr 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 31 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla “Kia Sportage minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şahid4 iş üzrə mülki iddiaçı kimi tanınmasına xitam verilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/33058 saylı protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/33066 saylı protokoldan görünür ki, sürücü Şahid4 həmin tarixdə ayıq olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/33068 saylı protokoldan görünür ki, sürücü Zərərçəkmiş şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarında olan AC № 437431 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Şahid4 “Kia Sportage minik” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir. İş materiallarında olan AC № 873155 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs “Hyundai Elantra minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin və onun aradan qaldırılması üçün görüləcək işlərin yekun məbləği 17811 manatdır. İş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “BMW 328 İ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü “Hyundai Elantra” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, zərbənin nəticəsində həmin avtomobil “Kia Sportage” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan dəyərək zəncirvari qəza baş vermişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 21 sentyabr 2024-cü il tarixli 47/2-23103 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin verilmə tarixi, qüvvədə olma müddəti və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilənlərin siyahısında olub-olmamasına dair DYPŞ-nin rəhbərliyinə ünvanladığınız məktuba tərəfimizdən baxılmışdır. Araşdırma zamanı BDYPİ-nin X3 baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus BB211636 nömrəli sürücülük vəsiqəsi xx.xx.2031- ci il tarixədək qüvvədə olması müəyyən edilmiş və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhrum edilməsinə dair məlumat aşkar olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 144 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, № 47/24 xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, tərbiyyəli, qonşularla xoş münasibətdə olub, yaşlı sakinlərə, uşaqlara qarşı diqqətlidir. Onlara lazım gəldikdə öz köməyini əsirgəmir. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 144 saylı Mənzil- Kommunal İstismar Sahəsinin ictimai-mədəni həyatında həmişə fəal iştirak edir. O, bu davranışı ilə sakinlərin rəğbətini qazana bilmişdir. Təqsirləndirilən şəxs haqqında 144 saylı MKİS-ə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Mahir oğlu Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2012-cı ildə 236 nömrəli tam orta məktəbin 4-cü sinifinə daxil olub. O, çox bacarıqlı, məsuliyyətli şagird olmuşdur. Fənnlərin hamısına xüsusi maraq göstərirdi, təlim tapşırıqlarını vaxtında yerinə yetirirdi. Əsas marağı gözəl bir peşəyə sahib olmaq idi. O da peşələr arasından aşpazlıq sənətini seçmişdir. İntizamlı, səliqəli, bacarıqlı, müəllimələrinə və yoldaşlarına qarşı çox mehriban olmuşdur. Qabiliyyətli, düşüncəli və hazırcavablığı ilə digər şagirdlərdən fərqlənirdi. Məktəbin ictimai işlərində də fəal iştirak edirdi. Fiziki cəhətdən çox sağlam idi. Oxuduğu müddət ərzində məktəb rəhbərliyi tərəfindən heç bir cəza almamışdır. 2017-ci ildə 9-cu sinifdən çıxıb peşə liseyinə getmişdir. İş materiallarına əlavə edilmiş Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, tələbə Təqsirləndirilən şəxs 2017 2018-ci tədris ilində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə, "Karamel hazırlayan" ixtisası üzrə 305 saylı qrupa daxil olunmuşdur. Mərkəzi 2019-2020-ci tədris ilində bitirmişdir. Mərkəzdə təhsil aldığı müddət ərzində özünü tərbiyəli, savadlı, səliqəli, dərslərə müntəzəm davamiyyətli bir tələbə kimi göstərmişdir. Dərslərini yaxşı qiymətlərlə oxumuşdur. Qrup tələbələrinin və pedaqoji kollektivin rəğbətini qazanmışdır. Sağlamdır, istehsalat təlimi və idman dərslərində fəal iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şordəhnə kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2002-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində anadan olub. Hal hazırda ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşamasına baxmayarq, kənd sakinləri ilə münasibətlərini müntəzəm olaraq davam etdirir. Həmyaşıdları, keçmiş qonşuları, qohumları ilə isti münasibətlərini qoruyub saxlayır. Kənd sakinləri arasında tərbiyəli bir gənc kimi xarakterizə olunur. Onun barəsində yerli icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə təqsirli bilinərək ona ən ağır cəza təyin edilməsi, habelə ondan törətdiyi cinayəti nəticəsində vurmuş olduğu 21311 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın, habelə ondan vəkil xidmət haqqına görə 350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184,98 manat pulun tutularaq xeyrinə ödənilməsi haqqında hökm qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etmək üçün bir neçə dəfə cəhd etməsini, barəsində verilmiş müsbət xasiyyətnamələri, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs mülki iddiada göstərdiyi tibb xidmətlərinə və dərman vasitələrinin alınmasına 3500 manat pul vəsaiti xərcləməsini təsdiq edən hər hansı sübut əlavə edilmədiyindən dəymiş maddi ziyanın məbləğini müəyyən etmək mümkün deyil. Göstərilən səbəbdən ötrü mülki iddia baxılmamış saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-81/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-81/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver