Məhkəmə qərarları › İş №1(009)-83/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-83/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-83/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxxx 2020-ci il tarixdə saat 11:50-də xx xxxxxx 1994-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsi ev 66-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, xx xxxxxx 2019cu il tarixdə saat 00:04 radələrində Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 36 ünvanında, Dənizkənarı Milli parkın Qız qalası tarixi abidəsi ilə üzbəüz yerləşən hissəsində vət. Şahid1 mobil telefon vasitəsilə video çəkiliş etməsini bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə qəsdən Şahid1 əli ilə vuraraq ona, ümumilikdə sağlamlığa zərərvurmayan sol alın-gicgah nahiyyəsinin cüzi şişkinlik fonunda qançırı, boynunun aşağı 1/3-nin sol yarısının və sağ bazu oynağının ön səthinin qançırları xəsarətlərini yetirmiş və bu zaman anasının köməyinə gələn, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sağ əlinin İV barmağını əli ilə tutaraq kəskin hərəkətlə geriyə qatlamaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid – sağ əlin İV barmağının əsas falanqasının qapalı yerdəyişmiş sınığı xəsarətini yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Cəlilabad rayonu Göytəpə şəhərində qeydiyyatda olsa da təxminən 2018-ci ilin aprel ayından Bakı şəhərinə gəlmişdir. Bakı şəhəri Nərimanov rayonu ərazisində ünvanını bilmədiyi evdə anası və qardaşı ilə birlikdə kirayədə yaşayır. Təxminən 2019cu ilin avqust ayının sonlarından dostluq etdiyi həmyerlisi Eminlə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parka gəzməyə çıxmışlar. Saat təxminən 22-23 radələrində dənizkənarı milli parkın “Azneft” dairəsi tərəfdən “Kukla” teatrı istiqamətində hərəkətdə olarkən o, mobil telefonla tanışı olan Aygün adlı qızla danışan zaman ondan qabaqda hərəkət edən 2 nəfər xanımdan birinin onu nalayiq söyüşlə söyərək telefonla çəkdiyini görüb telefon danışığını dayandırıb, xanımın üstünə gedib bu qadının əlində olan telefonu vurmuş və bu zaman həmin qadının yanında olan xanım onu vurmaq üçün üstünə gəlmiş, o da geri çəkilmişdir. Bu zaman telefonla çəkən xanım onu təhqir etdiyi zaman, dostu Emin onu saxlayıb hadisə yerindən uzaqlaşdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində Şahid1 dedikləri ilə razı olmadığını, yəqin ki, həmin xanımın onu səhv başa düşdüyünü, onun telefonla danışdığını görmədiyini, ona təhqiredici sözlər dediyindən o, bir dəfə bu qadının telefonunu əlindən vurduğunu və bu zaman həmin xanımın yanında olan xanım onun üstünə gəldiyindən o, geri çəkildiyini və həmin xanımdan müdafiə olunmaq üçün sonuncunun əlindən tutduğunu, ola bilsin ki, həmin vaxt bu qadının barmağının zədələndiyini, həmin xanımları uzun müddət təqib etmədiklərini onlara yeni çatıb ötüb keçib getmək istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əvvəllər məhkum olunmadığının, ilk dəfə olaraq az ağır cinayət törətmasinin, zərərçəkmiş şəxslə barışmasının, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasının, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxsdən üzr istəməsinin, təqsirini boynuna almasının və cinayətin açılmasına kömək etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, ekspertiza rəyi, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında qanuni namayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda valideyinlərilə birlikdə yaşayır. Bakı şəhəri, 207 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Şahid1 onun doğma anasıdır. Anası Şahid1 xx xxxxxx 2019-cu il tarixdə özünün və onun döyülməyi ilə bağlı DİN-nin 102 xidmətinə vermiş olduğu məlumatla əlaqədar bildirmişdir ki, həmin günü, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22:30 radələrində anası Gülərlə birlikdə dənizkənarı milli parka gəzmək üçün çıxmışlar. Dənizkənarı parkda gəzdikləri zaman onları iki nəfər cavan oğlanların təqib etdiklərini görmüşlər. Həmin oğlanlar onları təxminən 10 dəqiqə təqib etdikdən sonra “Qız Qalası” heykəli ilə üzbəüz çatanda həmin şəxslərdən biri onun anasına yaxınlaşmışdır. Bu şəxs onları təqib edən zaman onlara qarşı “aşqım, sevgilim” deyərək söz atırmış. Təqib edən oğlanlar onların ana bala deyil, rəfiqə olduqlarını güman edirmişlər. Həmin şəxslərdən biri anasına yaxınlaşanda anası bu oğlanı mobil telefonu ilə videogörüntüyə almağa başlamışdır. Bu zaman həmin oğlan qəfildən əli ilə onun anasının baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bundan sonra o, həmin oğlana anasını vurmaması üçün mane olmaq istəyəndə, həmin oğlan onun sağ əlini tutub bərk burmuş və o, həmin anda sağ əlinin 4-cü barmağından xəsarət almışdır. Bundan sonra həmin oğlanlar çıxıb getmişlər. Anasına və ona xəsarət yetirən şəxsi ilk dəfə görürmüşlər. Həmin oğlanların təxminən 20-23 yaşları olarmış, onlardan biri, yəni ona və anasına xəsarət yetirən şəxs ağ köynək geyinibmiş. Həmin oğlanlardan yalnız onlara yaxınlaşan ağ köynəkli oğlan, onun anasını və onu vurub xəsarət yetirmişdir. Digər oğlan isə onlardan aralıda dayanıbmış və onlara qarşı heç bir qanuna zidd hərəkət etməyibmiş. Hadisə vaxtı yaxınlıqda tanımadığı şəxslər olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə özünün və qızının döyülmələri ilə bağlı DİN-nin 102 xidmətinə məlumatı o, vermişdir. Həmin günü, yəni xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22:30 radələrində uşaqları ilə birlikdə şəhərə gəzməyə çıxmışlar. Yemək yeyib bir müddət gəzdikdən sonra Dənizkənarı Milli Parkda gəzməyə başlamışlar. Bu zaman iki nəfər cavan oğlanların onları təqib etdiklərini görmüşlər. Həmin oğlanlar onları təxminən 10 dəqiqə təqib etdikdən sonra “Qız Qalası” heykəli ilə üzbə-üz çatanda həmin şəxslərdən biri ona yaxınlaşmış belə ki, ona yaxınlaşan şəxs onları təqib edən zaman onarla “aşqım, sevgilim” deyərək söz atırmış. Onlar qızı ilə onu ana bala deyil, rəfiqə olduqlarını güman etmişlər. Həmin şəxslərdən biri ona yaxınlaşanda o, mobil telefonu ilə onu videogörüntüyə almağa başlamışdır. Artıq saat 00:04 radələri idi bu zaman həmin oğlan qəfildən əli ilə onun baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bu zaman qızı Aysel həmin şəxsin onu vurmaması üçün mane olmaq istəyəndə, həmin oğlan onun qızı Ayselin sağ əlini tutub bərk burmuş və həmin anda qızı sağ əlinin 4-cü barmağından xəsarət almışdır. Bundan sonra həmin oğlanlar çıxıb getmişlər. Həmin oğlanları birinci dəfə görürmüşlər. Həmin oğlanların təxminən 20-23 yaşları olarmış, onlardan biri, yəni ona və qızına xəsarət yetirən şəxs ağ köynək geyinibmiş. Həmin oğlanlardan yalnız bizə yaxınlaşan ağ köynəkli oğlan qızını və onu vurub xəsarət yetirmişdir. Digər oğlan isə onlardan aralıda dayanıbmış və onlara qarşı heç bir qanuna zidd hərəkət etməyibdir. Hadisə vaxtı yaxınlıqda tanımadığı şəxslər olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonun Göytəpə şəhəri Sabir küçəsi ev 7də ailəsilə birlikdə yaşayır. Ayrı-ayrı yerlərdə fəhləlik etməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır. Rəhim də əvvəllər Göytəpə şəhəri Qurtuluş küçəsində yaşayırmış. Rəhim ilə təxminən eyni yaşda olmaqla bir-birlərini bir neçə ildir ki, tanıyırlar. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Əksinə Rəhim ilə yaxın dostluq münasibətləri olmuşdur. Rəhimin atası rəhmətə getdiyindən təxminən bir-iki il olar ki, Rəhim anası və qardaşı Rəsul ilə birlikdə Bakı şəhərinə köçüb və orada yaşayırlar. Rəhim ilə yaxın münasibəti olduğuna görə Bakı şəhərinə getdikdə mütəmadi olaraq Rəhimlə görüşür. 2019-cu ilin yay aylarında o da Bakı şəhərində işləyirmiş və Bakıda kirayədə yaşayırmış. 2019-cu ilin avqust ayının sonlarında Rəhim ilə Bakı şəhəri ərazisində görüşmüşlər. Saat təxminən 22-23 radələrində Rəhimlə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parka gəzməyə çıxmışlar. Birlikdə Dənizkənarı Milli Parkda “Azneft” dairəsi tərəfdən “Kukla” teatrı istiqamətində piyada hərəkət edirmişlər. Həmin vaxtı Rəhimin telefonuna zəng gəlmiş, Rəhimin danışığından başa düşmüşdür ki, Rəhim istədiyi qızla danışır. Ona görə də o, sürətini artıraraq Rəhimdən bir neçə metr irəliyə keçib hərəkət etməyə davam etmişdir ki, Rəhim istədiyi qızla rahat danışsın. O, təxminən 10-15 metr Rəhimdən qabaqda hərəkət edirmiş. Bir neçə metr hərəkət etdikdən sonra səs gəldiyinə görə çevrilib geriyə baxan zaman Rəhimin arxa tərəfdə mübahisə etdiyini görmüşdür. Həmin vaxt Rəhimin bir nəfər orta yaşlı qadın, bir nəfər təxminən 15-16 yaşlarında qız uşağı və təxminən 10- 11 yaşında oğlan uşağı ilə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Rəhim orta yaşlı qadın və yanında olan qızla mübahisə edib, onlarla yaxa-yaxaya tutuşubmuş. O, dərhal yaxınlaşaraq Rəhim qolundan tutub dartaraq aralaşdırmışdır. Bundan sonra həmin yerdən uzaqlaşmışlar. Bu hadisədən bir xeyli müddət sonra 2020-ci ilin mart ayında Rəhimin anası ona zəng edərək 2019cu ilin avqust ayında Rəhimlə birlikdə Bakı şəhəri ərazisində Bulvarda olan zaman Rəhimin hansısa qadınla dalaşadığına görə Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Daha sonra isə Bakı şəhər Səbail rayon polis idarəsindən polis əməkdaşı ona zəng edərək Rəhimin işi ilə bağlı ifadə vermək üçün onu Səbail rayon polis idarəsinə dəvət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həmin hadisə vaxtı Rəhimin mübahisə edərək dalaşdığı qadın Səbail rayon polis idarəsinə şikayət etmişdir. Bununla bağlı da Səbail rayon polis idarəsində araşdırma aparılır. Hadisədən sonra Rəhimi uzaqlaşdırıb aparan zaman hadisənin hansı səbəbdən baş verməsini soruşduqda Rəhim ona bildirmişdir ki, istədiyi qızla uca səslə danışadanışa həmin qadınların yanından keçən zaman həmin qadınlar elə başa düşmüşlər ki, Rəhim onlara söz atmışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış və Rəhim həmin qadınlarla tutaqlaşmışdır. O, həmin hadisə vaxtı Rəhimdən qarşıda hərəkətdə olmuşdur. Həmin vaxt çevrilib geriyə baxan zaman Rəhimin bir nəfər qadınla və onun yanında olan yetkinlik yaşına çatamayan qızla mübahisə edib yaxa-yaxaya tutuşduqlarını görmüşdür. Ona görə də dərhal yaxınlaşıb Rəhimin qolundan tutaraq qadınlardan ayırmış və oradan uzaqlaşmışlar. Həmin vaxtı orta yaşlı olan qadın mobil telefonu ilə Rəhimi videoya çəkirmiş. Belə başa düşür ki, Rəhimin yanına gedib qadınlardan ayırana qədər olan vaxtda Rəhim həmin qadınlarla yaxa yaxaya tutuşduğu zaman həmin qadınları vuraraq onlara xəsarətlər yetiribmiş. O, hadisə zamanı həmin qadınlardan heç kimi vurmamışdır. Hadisə təxminən 1 dəqiqə ərzində davam etmişdir. Həmin vaxtı ətrafda heç kim olmamış və hadisəni başqa heç kim görməmişdir. Hadisə qısa vaxt ərzində baş verdiyindən hadisə yerinə heç kim toplaşmamışdır. Diskə baxışla müəyyən edilmişdir ki, bir nəfər ağ şalvarlı, boz köynəkli oğlanın çəkiliş istiqamətində sağdan hərəkətdə olduğu, onun solunda, təxminən bir metir arxada qara şalvarlı, ağ köynəkli digər cavab oğlanın sol əlində olan telefonu sol qulağına tutub hərəkət etdiyi müşahidə olunur. Çəkilişdə «anasın çağırır, anasın çağırır e, anasın, burda anasın çağıran var, ona görə videoya, videoya şey eliyirəm» qadın səsi eşidilir, həmin səs eşidilən müddətdə bir nəfər telefonla danışan qadın da görüntüyə daxil olub-çıxır. Həmin müddətdə əsasən qara şalvarlı, ağ köynəkli oğlan görüntülənir. Davamında «burda anasını çağıran var, bunun yerişinə zadına bax» sözləri eşidilir, həmin vaxt görüntüyə daxil olan qara şalvarlı, ağ köynəkli oğlan çəkilişi aparan şəxsə doğru hərəkətlənir, sol əlindəki teleonu qulağından çəkib əlində sifətinə doğru tutmuş vəziyyətdədir, həmin şəxsin sağ əlinin arxa hissəsi ilə çəkilişi aparan qadına möhkəm zərbə endirməsi və dərhal bir-iki metr arxaya doğru uzaqlaşması müşahidə olunur. Bu vaxt qara şalvarlı, ağ köynəkli oğlan «nə deyir?» sözlərini işlədir, onun üstünə doğru çavan bir qız hərəkət edir, əlləri ilə oğlanı kənara itələmək istəyərkən oğlan azyaşlı qızın əlini ani olaraq tutub geri qatlayıb buraxır, yenə də geriyə doğru çəkilir. Oğlan geriyə doğru çəkilməyə, qız isə onun üstünə doğru hərəkət edib «bura gəl ə» deyə qışqırmağa davam edir. Qız geri çəkilən oğlana doğru yenidən sağ əlini uzadıb «dur burda, saxla» deyərkən, oğlan qızın əlini bir daha tutub geri buraraq buraxıb, geri çəkilməyə davam edir. Bu vaxt «sən ona əlini vursan səni mən məhv eliyərəm» sözləri eşidilir, həmin vaxt ağ şalvar, boz köynəkli oğlan görüntüyə soldan daxil olub, qara şalvar ağ köynəkli oğlanı əli ilə geriyə itələyib, geri çevirir, hər iki oğlan sürətli addımlarla oradan uzaqlaşırlar. Bu vaxt «köpəy oğlu, gör sənin başına oyun açıram, polisə verirəm, yoxsa yox, gözdə indi» deyə qadın səsi eşidilir. Uzaqlaşan oğlanlar görüntüdən çıxırlar və çəkiliş başa çatır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 504 №-li rəyi ilə müəyyən edilmişdir ki, 1988-ci il təvəllüdlü Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol alın-gicgah nahiyyəsinin cüzi şişkinlik fonunda qançırı, boyunun aşağı 1/3-nin sol yarısının və sağ bazu oynağının ön səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə qeyd olunan nahiyyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Vət. Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 505 №-li rəyi ilə müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlin İV barmağının əsas falanqasının qapalı yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə sağ əlin İV barmağının əl ilə tutularaq kəskin hərəkətlə geriyə qatlanması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzün müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş fiziki güc təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında və ibtidai istintaq zamanı video görüntüyə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, bir nəfər ağ şalvarlı, boz köynəkli oğlanın çəkiliş istiqamətində sağdan hərəkətdə olduğu, onun solunda, təxminən bir metir arxada qara şalvarlı, ağ köynəkli digər cavab oğlanın sol əlində olan telefonu sol qulağına tutub hərəkət etdiyi müşahidə olunur. Çəkilişdə “anasın çağırır, anasın çağırır e, anasın, burda anasın çağıran var, ona görə videoya, videoya şey eliyirəm” qadın səsi eşidilir, həmin səs eşidilən müddətdə bir nəfər telefonla danışan qadın da görüntüyə daxil olub-çıxır. Həmin müddətdə əsasən qara şalvarlı, ağ köynəkli oğlan görüntülənir. Davamında “burda anasını çağıran var, bunun yerişinə zadına bax” sözləri eşidilir, həmin vaxt görüntüyə daxil olan qara şalvarlı, ağ köynəkli oğlan çəkilişi aparan şəxsə doğru hərəkətlənir, sol əlindəki teleonu qulağından çəkib əlində sifətinə doğru tutmuş vəziyyətdədir, həmin şəxsin sağ əlinin arxa hissəsi ilə çəkilişi aparan qadına möhkəm zərbə endirməsi və dərhal bir-iki metr arxaya doğru uzaqlaşması müşahidə olunur. Bu vaxt qara şalvarlı, ağ köynəkli oğlan “nə deyir?” sözlərini işlədir, onun üstünə doğru çavan bir qız hərəkət edir, əlləri ilə oğlanı kənara itələmək istəyərkən oğlan azyaşlı qızın əlini ani olaraq tutub geri qatlayıb buraxır, yenə də geriyə doğru çəkilir. Oğlan geriyə doğru çəkilməyə, qız isə onun üstünə doğru hərəkət edib “bura gəl ə” deyə qışqırmağa davam edir. Qız geri çəkilən oğlana doğru yenidən sağ əlini uzadıb “dur burda, saxla” deyərkən, oğlan qızın əlini bir daha tutub geri buraraq buraxıb, geri çəkilməyə davam edir. Bu vaxt “sən ona əlini vursan səni mən məhv eliyərəm” sözləri eşidilir, həmin vaxt ağ şalvar, boz köynəkli oğlan görüntüyə soldan daxil olub, qara şalvar ağ köynəkli oğlanı əli ilə geriyə itələyib, geri çevirir, hər iki oğlan sürətli addımlarla oradan uzaqlaşırlar. Bu vaxt “köpəy oğlu, gör sənin başına oyun açıram, polisə verirəm, yoxsa yox, gözdə indi” deyə qadın səsi eşidilir. Uzaqlaşan oğlanlar görüntüdən çıxırlar və çəkiliş başa çatır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq edilərək elan olunmuş tanınma haqqında xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs tanınması üçün iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim edilən şəxslərin arasından tanıyaraq, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 00:04 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda, “Qız qalası” tarix abidəsinin qarşısında olarkən anası Şahid1 döyən və ona xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs tanınması üçün iş üzrə Şahid1 təqdim edilmiş, Şahid1 Təqsirləndirilən şəxs təqdim edilən şəxslərin arasından tanıyaraq, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 00:04 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda, “Qız qalası” tarix abidəsinin qarşısında olarkən onu döymüş və qızı Zərərçəkmiş şəxs xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru vəzifəsini icra edən Rəşad Mansurovun xx xxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərarla Şahid1 könüllü təqdim etdiyi, hadisənin video görüntülərini əks etdirən 1 (bir) ədəd CD-R disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. X3 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (X4 Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub‑olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət‑Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124‑cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci və 59.2‑ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsdən üzr istəməsinivə gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablandığı nəzərə alınaraq, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-cu maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış bir ədəd “CD-R” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351‑356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3‑cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (gün) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayonu ərazisini tərk etməmək, ünvan 5 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 7‑00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut bir ədəd “CD-R” diskin iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat, X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar