Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-83/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 06 may 2021-ci il tarixdə saat 12:00-da, Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında 08 avqust 1969-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana açıq qapıdan qanunsuz daxil olaraq, mənzilin mətbəx otağından sonuncuya məxsus bir ədəd içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 20 manat dəyərində “Nokia RM-242" markalı və bir ədəd içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 300 manat dəyərində “Samsung Galaxy J5” markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 330 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təsqirli bilərək göstərmişdir ki, o, 2015-ci ildən Bakı şəhərində yaşayır. Bakı şəhərində evi olmadığı üçün gecələr küçədə yatır. Elmlər metrosu yaxınlığında parkovşik işi ilə məşğul olur. Əvvəllər oğurluq cinayətlərinə görə bir neçə dəfə məhkum olunub. 12 oktyabr 2020-ci il tarixdə gəzmək üçün “İçəri şəhər”-ə gedib. Orada küçələrin birində olarkən görüb ki, evlərdən birinin qapısı açıqdır. O, qapıya yaxınlaşıb ev sahibini çağırıb. Görüb ki, evdən heç kim çıxmır. İstəyib ki, evdə su içsin. İçəriyə daxil olub. Qapıdan içəri girəndə sol tərəfdə divan olub. Həmin divanın üstündə bir ədəd “Samsung” və mətbəx otağında da bir ədəd “Nokia” markalı mobil telefon olub. Maddi vəziyyəti aşağı olduğu üçün qərara gəlib ki, həmin iki ədəd telefonu götürüb satıb pul əldə etsin. Hadisə günorta saatlarından sonra baş vermişdir saatı tam xatırlamır. O hər iki mobil telefonu götürüb şalvarın sağ yan cibinə qoyub. O daha sonra divanın üzərində olan qara rəngli dəri materiallı qadın çantasını görüb. O çantanın içərisinə baxıb lakin onun içərisində dəyərli əşya və ya pul olmayıb. O hər iki mobil telefonu götürüb 28 may adlanan yerə gedib. Orada 14 nömrəli avtobusun axırıncı dayanacağında iki nəfər cavan oğlana yaxınlaşıb mobil telefon satdığını bildirib. Cavan oğlanlar ona neçəyə satdığını soruşublar. O cavanlara deyib ki, Samsungu 50 manata, 20 manata isə Nokianı verə bilər. O cavanlara bildirib ki, hər iki mobil telefon onun özünə məxsusdur. Cavanlar ona bildirib ki, Samsunga görə 30 manat Nokiayaya görə 10 manat pul verə bilərlər. O cavanlarla razılaşıb həmin qiymətə sata biləcəyini bildirib. Cavanlardan biri ona 30 manat digəri isə 10 manat pul verib. O da pulun qarşılığında 30 manat pul verən adama “Samsung”-u, 10 manat pul verən adama isə “Nokia”-nı verib. O oradan uzaqlaşıb əldə etiyi pulları öz şəxsi xərclərinə istifadə edib. O əvvələr həmin evdə olmayıb. O həmin evin sahibini tanımayıb. Evdə kiminsə olmamasını heç kim deməyib. O qonaq otağında və mətbəxdə olub. Evdə heç kimi görməyib. Təqsirləndirilən şəxs həmçinin hazırki cinayəti ehtiyacdan törətdiyinin və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 12 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə olub. Təxminən saat 19 radələrində evdə olan itini çölə çıxartamağa qərar alıb. O itini evdən çıxarıb çölə gəzdirməyə aparıb. Həmin vaxt evdə anası A.Məmmədovada olub. Anasının qulaqlarında problem olduğu üçün eşidə bilmir. O təxminən iti ilə birlikdə yarım saat gəzib və daha sonra evə qayıdıb. O evə qayıdıb telefonunu axtaranda, divanın üzərində olan “Samsung Galaxy J5” markalı və “Nokia” markalı mobil telefonu yerində olmadığını və oğurlandığını aşkar edib. O Samsung markalı mobil telefonu 300 manata üzərində olan ***-***-**-** saylı mobil nömrəni 5 manata, Nokia markalı mobil telefonu 20 manata üzərində olan ***-***-**-** saylı mobil nömrəni 5 manata alıbmış. Ona ümumilikdə 330 manat ziyan dəyib. Evdə hər iki mobil telefondan başqa hər hansısa dəyərli əşya və ya pul oğurlanmayıb. O evdən çıxanda qapını açarla bağlamayıb. Qapını örtüb-örtmədiyini tam xatırlamır. Zərərçəkmiş şəxs ekspertiza rəyi ilə razı olmadığını ona dəymiş ziyanın 330 manat kimi hesablanmısını, Təqsirləndirilən şəxs təqdim etdiyi telefona baxdığını telefonun həqiqətən onun telefonu olduğunu, həmin telefonu xarici görünüşündən tanıdığını bildirdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 dekabr 2020-ci il tarixli 9/5558 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və təqdim edilməyən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən müəyyən olunur. O cümlədən: təqdim olunan 01 ədəd “Nokia” markalı “RM-242” modelli mobil telefon-15,00 manat; təqdim olunmayan 01 ədəd “Samung Galaxy J5” markalı mobil telefon (nəzəri qaydada)-140,00 manat. Zərərçəkmiş şəxs rəylə razılaşmadığından vurulmuş ziyan 330 manat olaraq hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən göründüyü kimi, Gözəlov X5 Rayon Məhkəməsinin 08.02.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 01 il 06 ay müddətində azadlıqdan məhrum cəzası seçilmişdir. 20.06.2002-ci il tarixində cəzanın sonu ilə azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 17.01.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1, 66.3-cü maddələri ilə təqsiləndirilərək 05 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 19.03.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin 1(004)-86/2021 saylı, 18 fevral 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilmiş və özünün müdafiəsi ilə əlaqədar dəlil gətirməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirın şəxsiyyətini, cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmağını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilmədiyini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər analoji cinayətlərə görə məhkum olunmasını və talama cinayətini yaşayış sahəsinə qanunsuz daxil olmaqla törətməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və cinayəti ehtiyyacdan törətdiyini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 12 oktyabr 2020-ci il tarixdə törətməzdən əvvəl 07 oktyabr 2020-ci il tarixdə başqa bir cinayət əməlini törətmiş və əmələ görə Yasamal Rayon Məhkəməsinin 1(004)-86/2021 saylı, 18 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur, hökm 11 mart 2021-ci il tarixdən qanuni qüvvəyə minmişdir və icra olunmamışdır. Belə olan halda məhkəmə, hazırki cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsini tətbiq edilməsini, Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə qəti olaraq müəyyən edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində axtarış qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəlinin Səbail RPİ-in CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan vaxtdan, yəni 09 mart 2021ci il tarixdən hesablanmasını məqəsəduyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 oktyabr 2020-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, maddi sübut olan Nokia RM242 markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə müəyyən edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 oktyabr 2020-ci il tarixdən 20 oktyabr 2020-ci il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində qismində saxlanıldığı müddət, ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 mart 2021-ci il tarixdən hesablansın. Maddi sübut qismində tanınmış “Nokia RM-242” markalı mobil telefonun Zərərçəkmiş şəxs geri qaytarıldığı nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 330 (üç yüz otuz) manat pul tutulub, “xxxx” QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-83/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-83/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver