Məhkəmə qərarları › İş №1(009)-84/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-84/2020

27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-84/2020 27.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev-13/15 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsözgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanında yerləşən “COFFEE BREAK” adlı qəhvə hazırlanan və satılan yerə gəlib qəhvə sifariş edərək xidmətçi Zərərçəkmiş şəxs qəhvə hazırlamağa başı qarışdığını görüb piştaxtanın üzərində yerləşən dəyəri 2 manat olan və içərisində Zərərçəkmiş şəxs məxsus 157 manat pul olan şəffaf şüşə qabını açıq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 159 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildə xarici vətəndaşa qarşı etdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə də 06 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və təyin edilmiş cəzanın 5 ilini çəkdikdən sonra xx xxx 2018-ci ildə əfv sərəncamına düşərək azadlığa buraxılmışdır. Həbsxanadan azadlığa buraxılandan sonra işləmək üçün hara müraciət etsə də onun əvvəllər məhkum olunduğuna görə işə qəbul etmirdilər. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə gedən zaman “COFFEE BREAK” adlı qəhvə hazırlanan və satılan yerə yaxınlaşaraq “Espresso” sifariş etmişdir. Onun sifarişini adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı xidmətçi qəbul etmişdir. Xidmətçi qəhvəni hazırlayan zaman o piştaxtanın üstündə şəffaf şüşə qabın içərisində pul olduğunu görmüş vəpula ehtiyacı olduğu üçün həmin qabı götürmək qərarına gəlmişdir. Xidmətçini qəhvə barədə söhbətə tutmuş və özünü elə aparmışdır ki, guya onun yanında başqa şəxs var. Xidmətçinin başı qarışıq olduğunu görüb piştaxtanın üzərində yerləşən içərisində pul olan şəffaf şüşə qabı götürüb oradan qaçıb uzaqlaşmışdır. Zərərçəkmiş şəxs onun arxasınca qaşaraq gəldiyini görüb həmin şüşə qabın içərindəki pulu çıxarıb şüşə qabı yerə ataraq qaçıb getmişdir. Ordan uzaqlaşdıqdan sonra götürdüyü pulu saymışdır. Taladığı pulun məbləği 157 manat təşkil edirdi. Bundan sonra həmin pulu özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Şəxsi ehtiyacları olduğuna görə ona pul lazım olduğu üçün bu cinayəti törətmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, şüşə qabın üzərində “Toy pulu yığırıq” sözlərinin yazılmasını görməmiş, əgər görmüş olsaydı həmin şüşə qabı götürüb qaçmazdı. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayon Şiyəkərən kəndində qeydiyyatdadır, lakin işləmək üçün Bakı şəhərinə gəlib Səbail rayonu, İstiqlaliyyət küçəsi-59A ünvanında yerləşən “COFFEE BREAK” adlı qəhvə hazırlanan və satılan yerə xidmətçi kimi işə düzəlmişdir. Onun işi sifariş vermiş müştərilərə qəhvə hazırlamaqdan ibarətdir. Ailə qurmaq niyyəti olduğu üçün işlədiyi yerdə piştaxtanın ustünə üzərinə “Toy pulu yığırıq” sözləri yazılmış bir ədəd şüşə qab qoymuşdur ki, gələn müştərilər onu görüb maddi cəhətdən nəyə imkanları çatırsa həmin qaba pul atsınlar. Həmin şüşə qabın içərisində 157 manat pul yığılmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 23:20 radələrində sonradan adını bildiyi Azad Adışırinov yaxınlaşaraq qəhvə sifariş etmiş, həmin müştəri ilə sifariş etdiyi qəhvənin şəkəri haqqında söhbət edib başı qəhvə hazırlamağa qarışdığına görə Təqsirləndirilən şəxs içərisində 157 manat pul olan 2 manata aldığı şüşə qabı götürüb qaçaraq ordan uzaqlaşmışdır. Bunu görən kimi həmin şəxsin dalınca qaçaraq dayanmasını desə də, Azad Adışırinov surətlə qaçaraq uzaqlaşdığı üçün ona çata bilməmişdir. İşlədiyi yerdə video-müşahidə kamerasi vardır, hadisə baş verəndən sonra həmin video-müşahidə kamerasına baxmış, ona məxsus 157 manat pul olan şüşə qabı görüərək qaçan və oradan uzaqlaşan şəxsin videogörüntüləri orada öz əksini tapmışdır. Həmin videogörüntüləri də istintaqa təqdim etmişdir. O ailə qurmaq fikrində olduğu üçün pul qazanmaq məqsədi ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərində olan zaman işlədiyi “COFFEE BREAK” adlı qəhvə hazırlanan və satılan yerdə gəlir az olduğu üçün müştərilərə göstərdiyi yüksək xidmət müqabilində əlavə haqq kimi şüşə qabın üzərində həmin yazı ilə qoymuşdur ki, pul yığılsın. Orda işlədiyi müddət ərzində cəmi 157 manat pul yığılmışdır. Cinayət nəticəsində ona 159 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, eləcə də təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. “COFFEE BREAK” adlı qəhvə hazırlanan və satılan yerə quraşdırılmış video-müşahidə kamerasının baş vermiş hadisənin qeydə alınması ilə əlaqədar “DVD” diskə baxış zamanı görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23.18-də “COFFEE BREAK” adlı qəhvə hazırlanan və satılan yerin pəncərəsinin qarşısında əynində qırmızı rəngli gödəkçə olan təxminən 27-28 yaşlarında oğlan üzünü qəhvə hazırlanan yerin pəncərəsinə tutaraq danışır. Sonra pəncərənin sol tərəfindəki lövhəyə baxaraq qəhvələrin qiyməti, növləri və şəkərli olub–olmaması ilə maraqlanır, iki qəhvə sifariş verərək pəncərədən bir qədər aralanıb kiminləsə danışır. Daha sonra həmin yerə qayıdaraq xidmətçi ilə söhbəti davam etdirərək əlini içəri salıb şüşə qabı götürüb həmin yerdən qaçmışdır. Xidmətçi də bunu görüb həmin şəxsin arxasınca qaçmışdır. xx xxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saa 15:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmiş və o təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(009)-175/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü müddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2014-cü il tarixli, 1(101)-488/2014 saylı hökmünə əsasən X1 Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də dəymiş zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.2.4-cü müddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, lakin iki il keçmədən, yəni xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxx 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət hadisəsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs soyğunculuq nəticəsində 159 (bir yüz əlli doqquz) manat məbləğində dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs soyğunculuq nəticəsində 159 (bir yüz əlli doqquz) manat məbləğində dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Cinayət hadisəsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar