Məhkəmə qərarları › İş №1(009)-85/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-85/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-85/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 02 iyun 2021-ci il tarixdə saat 16:00-da xx xxxx 1962-ci ildə Qazaxıstan Respublikası Çimkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Sab MMC”-də direktor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, 02 aprel 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci X10 3, ev 90A ünvanında olarkən oğlu Zərərçəkmiş şəxs ilə qızı Şahid5 və sonuncunun həyat yoldaşı Şahid6 arasında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı oğlu Zərərçəkmiş şəxs sakitləşdirmək məqsədilə əlində olan içərisində su ilə dolu termosla Zərərçəkmiş şəxs 1 dəfə vuraraq onda sol dirsək oynağının əziyi kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, keçmiş əri X4 ilə 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2004-cü il tarixdə rəsmi nikahlarına xitam verilmiş və birgə nikahdan doğulan oğlu Zərərçəkmiş şəxs atasının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən olunmuş, oğlu Zərərçəkmiş şəxs bir müddət, yəni 2006-cı il tarixdən 2018-ci il tarixədək Rusiya Federasiyasında yaşayandan sonra Azərbaycan Respublikasına qayıtmış, ona məxsus mənzildə ailəsi ilə yaşamağa başlamış, bundan başqa onun qızı Şahid5 2018-ci ildə Fərhad adlı şəxslə ailə həyatı qurmuş və bir müddət X3 yaşamış, 2019-cu ilin noyabr ayında qızı Fitat yoldaşı ilə birlikdə Azərbaycana qayıtmış və ona məxsus olan ünvan 3 ünvanında yaşamağa başlamış, bir müddətdən sonra oğlu Gündüz ona və qızına qarşı bir sıra əsəbləşdirici sözlər və hərəkətlər edərək, söyüb təhqir etməyə başlamış və yersiz ona pul tapıb verməyini tələb edərək, aldığı borc pulları qaytarmaq əvəzinə evdə lüzumsuz söz söhbət yaratmış, aralarında olan danışıqlara görə oğlu ondan həmin evdən qeydiyyatdan çıxıb getmək məqsədilə kompensasiya əvəzi kimi 9900 manat pul almış, lakin bu günə qədər qeydiyyatda olduğu ünvandan çıxmamış, bundan başqa qızının deməsindən ona məlum olmuşdur ki, oğlu Gündüz guya Rusiya Federasiyasında rekertlərin onu hədələməsini bəhanə edərək aldadaraq qızından əvvəlcə 15700 ABŞ dolları və sonra yenə 4000 ABŞ dolları nəğd pul kimi borc alaraq bu günə qədər qaytarmamış, bütün bu xüsusatlarla bağlı Səbail Rayon Məhkəməsində mülki iş üzrə məhkəmə prosesləri olmuşdur. Qeyd etmişdir ki, aralarında olan söz-söhbətlərin nəticəsində qızı Fitat yoldaşı ilə ayrı mənzilə köçmələrini qərara almış və o da onlarla birlikdə getmək qərarına gəlmiş, bu məqsədlə 02 aprel 2020-ci il tarixdə 166 yük taksisi çağıraraq yüklərini yığışdırmış, həmin vaxt oğlu Gündüz gələrək yükləri boşaltmalarını tələb etmiş və onları evdən buraxmamış, Gündüz yığılan yüklərin içərisində onun da əşyaları olduğunu bildirmiş, əslində isə həmin yüklərin içərisində ona məxsus heç bir əşya olmamış, bu zaman o, DİN-in 102 xidmətinə zəng edərək polis əməkdaşlarının gələrək məsələni araşdırmalarını istəmiş, daha sonra o, Gündüzün onlardan uzaqlaşması üçün əlində olan içərisində su ilə dolu termos olan sellofan torbanı Gündüzün sol qolunun dirsək nahiyəsindən vurmuş, bundan sonra onlar həyətə çıxmış, Gündüz əlində mobil telefonla çəkiliş edərək münaqişə yaratmağa çalışmış və yük maşınının qapısını açmağa başlamış, o isə onun qarşısına keçərək maşının qapısını açmağa imkan verməmiş və Gündüzün sinəsindən vurmuş və əynində olan maykanı cırmış, bundan sonra Fərhad kameranı söndürmək üçün Gündüzə yaxınlaşmış və əli ilə Gündüzün əlindəki mobil telefonu söndürməyə çalışmış, lakin bunu bacarmamış, daha sonra o yerdən daş götürmüş, lakin sonra daşı yerə tullamış, onlar birtəhər öz avtomobillərinə minib oradan getmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmadığının, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsinin, biologiya elmləri namizədi alimlik dərəcəsi verilməsinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə və istintaq protokolları, eləcə də iş üçün əhəmiyyət kəsb edən işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 aprel 2020-ci ildə saat 11-12 radələrində həyat yoldaşı Alisa ona zəng vuraraq anasının, bacısının, Fərhadın yük taksisi çağıraraq gündəlik tələbat ərzaqlarını, öz geyim əşyalarını həmin taksiyə yüklədiklərini bildirmiş, o, evə çatanda artıq yük taksisinin fəhlələri maşının arxa hissəsinə ev əşyalarını yığmış və ona aid olan əl çantalarını və orada olan əşyalarını həmin maşına yükləmiş, yüklərin içərisində ona məxsus olan əl çantası olmuş və çantada ona məxsus fotoşəkillər, 2 ədəd flaşkart, 9000 ABŞ dolları və uşaqlarının adına yığılmış 600 manat pul vəsaiti olmuş, o, həmin hadisəni əl telefonu ilə video-lentə aldıqda anası həyətə çıxaraq qonşular tərəfə uca səslə qışqıraraq “Gündüz bizi evdən qovalayır, biz artıq burada qala bilmirik” deyərək ona təhqiredici sözlər deməyə başlamış, o, anasıgilin onu provokasiyaya sürüklədiklərini hiss etmiş, sakit dayanaraq hər bir hadisəni video-lentə almış, Fərhad ona 1-2 dəfə zərbələr endirmiş, hədə-qorxu gəlmiş, bacısı daş götürərək onu vurmuş, anası 102 xidmətinə zəng vuraraq “burada bizim üstümüzə cumublar, gəlin bizi bu bəladan qurtarın” demiş, 102 xidmətinin əməkdaşları göstərilən ünvana gəldikdə onlar Fərhadın maşınına minərək qaçıb getmiş, həmin əməkdaşlar onu Səbail rayon Polis İdarəsinin 41-ci bölməsinə dəvət etmiş, orada onun aldığı xəsarətləri gördükdə Bayılda yerləşən ekspertizaya göndəriş verilmiş, bundan sonra anası, bacısı ayrı-ayrılıqda ona qarşı Səbail Rayon Məhkəməsinə “pul tələbi” ilə bağlı müraciətlər etmiş ki, guya bacısı ona 19.700 ABŞ dolları borc pul vermiş, anası isə 9.900 manat pul vermiş və həmin pulları geri tələb etmişlər, o isə həmin iddiaları rədd edərək anası və bacısına qarşı qarşılıqlı iddia vermiş, bu barədə hal-hazırda da mülki prosesləri davam edir, mübahisə zamanı Fərhad onun üz və qol nahiyələrinə bir neçə ədəd yumruq, şillə və təpik zərbəsi endirmiş, bacısı Fitat da əl ilə onun üzünə şillə zərbələri endirərək üzünü cırmaqlamış, bundan sonra yerdən daş götürərək ona təxminən 10-15 ədəd daş zərbəsi atmış və həmin daş zərbələrinin çoxu ona dəyməsə də təxminən 2-3 ədəd daş zərbəsi onun sinə nahiyəsinə, əlinə və sol qolunun dirsək nahiyəsinə dəymiş, onların arasında mülk üstündə mübahisə olmuş və bacısıgil onun evdən çıxmağını istəmiş, o, evdən çıxmadıqda, 02 aprel 2020-ci il tarixdə onlar özləri məcbur qalıb evdən çıxmış, həmin yük yığılan vaxt o, öz mobil telefonu ilə yükləri çəkmiş, ona görə ki, həmin vaxt orada ona məxsus çantalar olmuş və o, sonradan bunu sübut edə bilmək üçün videoçəkiliş aparmış və ona məxsus olan çantaları aparmamalarını bildirmiş, buna görə də onun üstünə cummuşlar və onun kimisə vurmasını istəmişlər, o isə heç kimə toxunmamış və hərəkətləri mobil telefonu ilə çəkmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yeznəsi Fərhad və bacısı Fitat ona hədə qorxu gələrək “sənin başına oyun açacağıq deyə” nalayiq söyüşlərlə onu təhqir etmiş, bundan başqa yeznəsi Fərhad ona “Sən çox yaşamayacaqsan” demiş, bundan başqa özünün yüksək vəzifədə işləyən şəxslərinin adını çəkməklə həmin şəxslərin əli ilə onu tutdurub zirzəmilərdə saxlatdıracağını demiş, həmin vaxt hadisənin şahidləri Nəbi adlı sürücü, anası Təqsirləndirilən şəxs, 166 yük taksi sürücüsü, həmin yük avtomobilində işləyən fəhlələr, bundan başqa qonşuluqdakı evdə təmir işləri aparan ustalar olmuş, hadisə zamanı yoldan maşınlar keçmiş, lakin konkret olaraq kimsə avtomobili saxlayaraq hadisə yerinə yaxınlaşmamış, o, həmin vaxt mobil telefonla çəkiliş apardığı üçün əli ilə Fərhadı və bacısını aralarında məsafə olması və çəkiliş apara bilməsi üçün itələmiş, həmin vaxt Fərhad onu yumruq və şillə zərbələri ilə vurmuş, o, isə Fərhadı vurmamış, Fitat yerdən daş götürüb atarkən həmin daşlardan bir neçəsi onun sinəsinə, əlinə və qolunun dirsək nahiyəsinə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, atası ilə anasının nikahına xitam verildikdən sonra o, anası ilə, qardaşı isə atası ilə RF-də yaşamış və yalnız 2018-ci ildə Azərbaycana gəlmiş, gəldikdən sonra anasının razılığı ilə onlarla yaşamağa başlamış, anası Gündüzə lazımi köməklik göstərmiş, hələ qardaşı RFdə olarkən yalandan guya Rusiyada rekertlərlə problemi oduğu üçün ondan borc pul göndərməyini xahiş etmiş, o, əvvəlcə Gündüzə 17.500 dollar poçt vasitəsilə göndərmiş, bir müddətdən sonra yenə Gündüzə RF-də rekertlərlə problemi olduğu üçün əlavə 4000 dollar da göndərmiş, 2018-ci il tarixdə o, Şahid6 ilə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra o, həyat yoldaşı ilə birlikdə bir müddət X5 yaşamış, 2019-cu ilin noyabr ayında o, yoldaşı Fərhadla birlikdə Azərbaycana gəlmiş və ünvan 4 ünvanında yaşamağa başlamış, həmin ünvan anası Təqsirləndirilən şəxs mülkiyyətindədir və orada anası Təqsirləndirilən şəxs, qardaşı Zərərçəkmiş şəxs öz ailəsi ilə birlikdə yaşamış, o, yoldaşı ilə həmin ünvanda qaldığı vaxtlarda qardaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr olmuş, Zərərçəkmiş şəxs onun yoldaşı ilə həmin mənzildə qalmağını istəməmiş, buna görə də yoldaşı ayrıca ev kirayə götürməyi qərara almış, hətta evdə elə şərait yaranmışdır ki, anası Təqsirləndirilən şəxs da həmin evdə qalmaq istəməmiş və onlarla getmək qərarına gəlmişdir. 01 aprel 2020-ci il tarixdə Gündüz həyat yoldaşına nalayiq ifadələr işlədərək yoldaşını təhqir etmiş, bundan sonra artıq onlar gedərək kirayə mənzil götürmüş, 02 aprel 2020-ci il tarixdə köçmək üçün yoldaşı Fərhad 166 yük taksisi çağırmış və onlar əşyalarını toplamış, bu zaman qardaşı Gündüz əlində mobil telefonla videoçəkiliş apararaq evə gəlmiş və yoldaşına yenə də nalayiq ifadələr işlətməyə başlamış, sonra anası Arzu xanım polisə zəng vurmuş, bu zaman Gündüz yük maşınını getməyə qoymamış və guya Gündüzün əşyalarını götürdüklərini demiş, həmin vaxt yoldaşı Fərhad Gündüzün videoçəkilişi dayandırması üçün telefonu Gündüzün əlindən kənara itələməyə çalışmış, Gündüz əli ilə yoldaşının üzünə şillə vurmuş, bu zaman o, yoldaşını müdafiə etmək üçün yerdən daş götürərək Gündüzə tərəf atmış, lakin həmin daşlar Gündüzə toxunmamış, daha sonra yoldaşı yük taksisinə sürməsini demiş və yük taksisi getmişdir. Sonra o, həyat yoldaşı Fərhad, anası Arzu xanım, azyaşlı övladı və övladının dayəsi avtomobilə oturaraq çıxıb getmişlər. 02 aprel 2020-ci il tarixdə evdə mübahisə edərkən anası Təqsirləndirilən şəxs əlində olan su termosu ilə Gündüzün sol qolunun dirsək nahiyəsindən vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə o, Şahid5 ilə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra o, həyat yoldaşı ilə birlikdə bir müddət xaricdə yaşamış, 2019-cu ilin noyabr ayında o, yoldaşı Fitatla birlikdə Azərbaycana gəlmiş və ünvan 4 ünvanında yaşamağa başlamış, həmin ünvan qaynanası Təqsirləndirilən şəxs mülkiyyətindədir və orada qaynanası və həyat yoldaşının qardaşı Zərərçəkmiş şəxs öz ailəsi ilə birlikdə yaşamış, o, yoldaşı ilə həmin ünvanda qaldığı vaxtlarda Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr olmuş, Zərərçəkmiş şəxs onun yoldaşı ilə həmin mənzildə qalmağını istəməmiş, buna görə də o, ayrıca ev kirayə götürüb bu evdən getməyi qərara almış, hətta evdə elə şərait yaranmışdır ki, qaynanası Təqsirləndirilən şəxs da həmin evdə qalmaq istəməmiş və onlarla getmək qərarına gəlmişdir. Bu məqsədlə 02 aprel 2020ci il tarixdə köçmək üçün o, 166 yük taksisi çağırmış və əşyalarını toplamış, həmin vaxt o, Zərərçəkmiş şəxs gələrək yük daşıyan şəxslə söhbət etdiyini görmüş, bundan sonra Gündüz evə gələrək yüklərin boşaldılmasını tələb etmiş ki, nə apardıqlarını görsün, həmin vaxt Gündüzün əlində mobil telefon olmuş və onları çəkmiş, o isə Gündüzə, onların artıq yükləri yığdıqlarını demiş və Gündüz evdən çıxaraq yük maşınının sürücüsünə də yükləri boşaltmamalarını və sürüb getmələrini demiş, bu zaman o, Gündüzə yaxınlaşaraq çəkiliş aparmaması üçün telefonunu kənara itələmiş, həmin vaxt Gündüz əlinin içi ilə onun sifətinin sol hissəsindən gözünün üstündən bir zərbə vurmuş, həmin vaxt həyat yoldaşı onu müdafiə etmək üçün yerdən daş götürüb Gündüzə tərəf atmış, lakin daş Gündüzə dəyməmiş, daha sonra o, yük taksisinə sürməsini demiş və yük taksisi getmiş, sonra o, həyat yoldaşı Fitat, qaynanası Arzu xanım, azyaşlı övladı və övladının dayəsi onun avtomobilinə oturaraq çıxıb getmişlər. Yük maşınında Zərərçəkmiş şəxs əl çantası olmamış, həmçinin Gündüzə aid hər hansı pul vəsaiti və əşyalar olmamış, həmçinin o, Zərərçəkmiş şəxs heç bir zərbə endirməmiş, onun Gündüzə zərbə endirmək üçün fiziki cəhətdən imkanı da yoxdur, həyat yoldaşı Fitat Gündüzün üzünə şillə vurmamış və üzünü cırmaqlamamış, Gündüz həmin vaxt onu vurduğu üçün həyat yoldaşı Şahid5 onu müdafiə etmək üçün Gündüz istiqamətində daş atmış, həmin vaxt həyat yoldaşı Şahid5 onun arxasında olmuş, buna görə də ola bilər ki, Fitat Gündüzün konkret olaraq onun hansı nahiyəsinə vurduğunu görməmiş, həmçinin həyat yoldaşı Şahid5 Gündüzün üzərinə gələrək Gündüzə şillə zərbəsi endirdikdə həmin zərbələrin heç biri Gündüzə dəyməmiş, daş zərbələri də Gündüzə dəyməmiş, həmin vaxt hadisənin şahidləri yük taksisinin sürücüsü, iki fəhlə, Nəbi adlı taksi sürücüsü və evdə işləyən Adilə adlı xadimə olmuş, o və yoldaşı Gündüzə heç bir hədə-qorxu gəlməmiş, o, Gündüzün yaxasından tutmamış, evdə mübahisə edərkən qayınanası Təqsirləndirilən şəxs əlində olan su termosu ilə Gündüzün sol qolunun dirsək nahiyyəsindən vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, artıq 9 aydır ki, o, 166 yük daşıma xidmətində “X9” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sürür, 02 aprel 2020-ci il tarixdə günorta saatlarında 166 yük daşıma xidmətinin operatoru ona zəng edərək Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ev 90-da sifariş olduğunu bildirmiş, onlar qeyd edilən ünvanda olan evdən ev əşyalarını götürüb Yasamal rayonu ərazisində olan başqa evə aparmalı olmuş, o, operatorla danışdıqdan sonra sifarişçi olan Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə zəng edərək danışmış və Arzu xanım ona ünvanı başa salmış, o, 166 yük daşımada işləyən 2 nəfər fəhlə ilə 02 aprel 2020-ci il tarixdə saat 14 radələrində qeyd edilən ünvanda yerləşən həyət evinə gəlmiş, onları qeyd edilən ünvanda sonradan adı ona məlum olan Gündüz qarşılamış və əsəbi halda ünvanın bura olduğunu göstərmiş, o, işin qaydasına görə evə çıxaraq əşyalara baxmış, əşyaların içərisində pul və qızıl-zinət əşyalarının olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs, heç bir qiymətli əşya olmadığını demiş və bu barədə tərtib etdiyi aktı imzalamış, bundan sonra o, fəhlələrə yükləri daşıyıb avtomobilə yığmaları üçün göstəriş vermiş, özü isə avtomobilin yük yerinə minmiş və yüklərin yığılmasına köməklik etmiş, fəhlələr yükləri daşıyan zaman onları qarşılayan oğlan, yəni Gündüz qapının qarşısında dayanaraq mobil telefonu ilə videoçəkiliş etmiş, həmin vaxt Gündüz telefonla kimləsə danışaraq orada olan 2 ədəd böyük çemodanı özünün aldığını və özünə məxsus olduğunu bildirmiş və həmin çemodanların düşürülməsini tələb etmiş, onlar əşyaları tam şəkildə maşına yükləmiş, bu zaman evin həyətindən çıxan sonradan adı ona məlum olan Fərhad onlara sürməyini demiş, o, avtomobilə minib işə salmaq istəyəndə avtomobilin sağ yan tərəfindən səs-küy gəldiyini eşitmiş, o, avtomobilin sağ yan tərəfinə keçən zaman, Təqsirləndirilən şəxs sonradan adı ona məlum olan Fitat və Gündüzün bir-biri ilə yaxalaşmış vəziyyətdə olduqlarını və bir-birlərinə qarşı təhqiramiz ifadələr işlətdiklərini görmüş, o, fəhlələri kənara çəkmişdir ki, bu işə qarışmasını, o, özü yaxınlaşıb aralamaq istədikdə Arzu ilə Gündüz ona “sən yaxın gəlmə, heç bir müdaxilə etmə, öz ailə problemimizdir” deyə bildirmiş, belə olduqda o da yaxınlaşmamış və fəhlələrlə kənara çəkilmiş, həmin vaxt Gündüz bacısı Fitatı söydüyünə görə Fərhad Gündüzə tərəf gedərək Gündüzün yaxasından tutub itələyə-itələyə avtomobilin ön tərəfindən digər yan tərəfə keçmiş, buna görə də o, həmin şəxslərdən kimin kimi vurduğunu görməmiş, sonra Fərhad əsəbi halda gələrək rus dilində öz-özünə danışaraq “sən məni vurursan” sözünü deyərək ona “sür maşını get, polisə demişik, polislər gəlib özləri həll edəcəklər” demiş, bundan sonra o, fəhlələrlə birlikdə yük avtomobilinə minib oradan çıxmış və yükü Yasamal rayonu ərazisində olan evə çatdırmış, o, əvvəlcə Gündüzlə Fitatın, sonra isə Gündüzlə Fərhadın bir-birlərinin yaxasından tutub çəkişdiklərini görmüş, həmin vaxt qeyd olunan şəxslərin bir-birlərini vurduqlarını görməmiş, həmçinin Fərhadın və Fitatın Gündüzü vurduğunu da görməmiş, o, yalnız Fitatın yerdən daş götürərək Gündüzə doğru atdığını görmüş və həmin daş zərbələrinin Gündüzə dəyibdəymədiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid8 ifadələrində Şahid3 ifadəsində dediklərini təsdiq edərək analoji ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Nissan Sunny” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 3, ev 90A ünvanında yaşayan Arzu xanımı tanıyır, o, bəzi hallarda Arzu xanımı və qızını harasa aparmaq lazım olduqda özünə məxsus avtomobillə aparır, həmçinin bəzən marketdən ərzaq və ya digər məhsullar almaq lazım olduqda Arzu xanım ona bu barədə bildirir və o da alıb gətirir. 02 aprel 2020-ci il tarixdə günorta saatlarında Arzu xanım ona zəng edərək aptekdə çanta olduğunu və çantanı gətirəcəyini bildirmiş, o, Arzu xanımın dediyi aptekə getmiş və çantanı götürüb gətirmiş, Arzu xanımgilin evinə çatdıqda həyətin girişində 166 yük taksisinin dayandığını görmüş, həmin yük taksisinə fəhlələr yükləri yığmış, o, Arzu xanımgilin evinə daxil olmuş və çantanı Arzu xanıma verib çölə çıxmış, çölə çıxarkən qəfildən yanından Arzu xanımın qızı Fitat qaçaraq keçmiş, Fitatın arxasınca isə Fitatın yoldaşı Fərhad gəlmiş, Fitat qardaşı Gündüzün üzərinə gedərək Gündüzü cırmaqlamağa başlamış, sonra arxasınca Fərhad Gündüzə tərəf getmiş, lakin Gündüzü vurmamış, həmin vaxt Gündüz Fərhadın üz nahiyəsindən vurmuş, daha sonra Fitat yerdən torpaq hissəcikləri götürüb Gündüzə doğru atmağa başlamış, həmin vaxt Gündüz əlində mobil telefonla videoçəkiliş etmiş, bundan sonra mübahisə bir qədər də davam etmiş, lakin mübahisə zamanı konkret olaraq kimsə kimisə vurmamış, arabir Fitat yerdən torpaq hissəcikləri götürüb Gündüzə doğru atmış, daha sonra o, öz avtomobilinə əyləşərək çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publiq hüquqi şəxsin Səbail rayon şöbəsinin məhkəmə tibbi eksperti vəzifəsində işləyir, 1991-ci ildən iş təcrübəsi vardır. Şöbəyə vətəndaş X1 tibbi eksperizadan keçirilməsi barədə qərar daxil olmuş, həmin qərar əsasında Zərərçəkmiş şəxs ekspertizadan keçirilmiş və nəticəyə gəlinmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər - sol yanağın yuxarı yarısının, boyunun ön səthinin aşağı 1/3-nin mərkəzinin, sağ əl pəncəsinin arxa səthində İİ-İİİ daraq sümükləriararsı sahənin sıyrıqları, sol dirsək oynağının hərəkət məhdudluğu və kəskin ağrılarla müşayiət olunan hematoması bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə yəni, 02 aprel 2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq və daşla vurma nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sol dirsək oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs sol dirsək oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematoması müxtəlif şəraitdə, o cümlədən içərisində su ilə dolu dəmir materialdan termosla qeyd olunan nahiyəyə zərblə vurma nəticəsində də əmələ gələ bilməsi inkar olunmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publiq hüquqi şəxsi təkrar ekspertizalar şöbəsinin rəisi vəzifəsində işləyir, 1981-ci ildən iş təcrübəsi vardır. Şöbəyə vətəndaş X1 təkrar məhkəmə tibbi eksperizadan keçirilməsi barədə qərar daxil olmuş, həmin qərar əsasında Zərərçəkmiş şəxs onun və məhkəmə-tibbi eksperti Hafiz Kazımovun iştirakı ilə ekspertizadan keçirilmiş və nəticəyə gəlinmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sol yanaqda, boyunda, sağ əl pəncəsinin arxa səthində sıyrıq, sol dirsək oynağında yumşaq toxumaların əziyi və sıyrığı olmuş, qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 02.04.2020-ci il tarixdə dava-dalaş zamanı yarana bilərmiş, dərəcəsinə görə sol dirsək oynağının əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs sol dirsək oynağının əziyi və sıyrığı xəsarətinə nəzər yetirərkən xəsarətin forma və ölçülərinə görə daha çox dəmir termosla, o cümlədən dindirilərkən ona təqdim olunan termosla yetirilməyə uyğun gəlir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: MTE və PA X11 Şəxsi Səbail rayon Şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 04 aprel 2020-ci il tarixli 180 nömrəli rəyində qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol yanağın yuxarı yarısının, boyunun ön səthinin aşağı 1/3-nin mərkəzinin, sağ əl pəncəsinin arxa səthində İİ-İİİ daraq sümükləriarası sahənin sıyrıqları, sol dirsək oynağının hərəkət məhdudluğu və kəskin ağrılarla müşayiət olunan hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02.04.2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq və daşla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sol dirsək oynağının hərəkət məhdudluğu və ağrılarla müşayiət olunan hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. MTE və PA X11 Şəxsi Təkrar məhkəmə-tibbi ekspertizalar şöbəsindən alınmış 04 iyun 2020-ci il tarixli T151/2020 №-li rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol yanaqda, boyunda, sağ əl pəncəsinin arxa səthində sıyrıq, sol dirsək oynağında yumşaq toxumaların əziyi və sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 02.04.2020-ci ildə davadalaş zamanı yarana bilərdilər, dərəcəsinə görə sol dirsək oynağının əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, video-diskdəki birinci faylda olan 7 dəqiqə 29 saniyəlik görüntünün 0:40 saniyəsində Şahid5 Zərərçəkmiş şəxs istiqamətində nəsə atması müşahidə olunur. Videodiskdəki səkkizinci faylda olan 01 dəqiqə 15 saniyəlik görüntünün 01:10 saniyəsində Şahid5 qaçaraq gəlib Zərərçəkmiş şəxs üz nahiyəsinə doğru zərbələr endirməsi müşahidə olunur. Videodiskdəki doqquzuncu faylda olan görüntüdə Şahid5 Zərərçəkmiş şəxs istiqamətində daş atması, Şahid6 isə Zərərçəkmiş şəxs əlində olan mobil telefonu aşağı endirmək istəməsi müşahidə olunur. Videodiskdəki onuncu faylda olan 1 dəqiqə 36 saniyəlik görüntünün 00:54 saniyəsində Təqsirləndirilən şəxs Şahid5 üzünə şillə zərbəsi endirməsi müşahidə olunur. Diskə baxış keçirilərkən görüntülərdə mübahisə və münaqişənin baş verdiyi yerdə ictimai qaydanın pozulmadığı, cəmiyyətə qarşı hörmətsizlik ifadə olunmadığı, mübahisənin ailədaxili mübahisə olması müşahidə olunur. Şahid5 tərəfindən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və video-diskdəki görüntüdə Zərərçəkmiş şəxs əlində olan mobil telefonla çəkiliş etməsi, bu zaman onun əynində olan köynəyinin cırılmış vəziyyətdə olması, həmçinin Zərərçəkmiş şəxs və Şahid6 bir-birinə nalayiq ifadələr işlətməsi müəyyən olmuşdur. Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında 22 iyul 2020-ci il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 ədəd su qabı olan termos götürülmüş və həmin termosa baxış keçirilərkən müəyyən olmuşdur ki, termos dəmir materialdan hazırlanmış, üzərində “Alvays”, “Hot Cold”, “Green Life”, “Vaccum” sözləri yazılmışdır Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestaiya Komissiyasının 24-25 iun 2003cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs biologiya elmləri namizədlik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsinin, biologiya elmləri namizədlik dərəcəsinin olmasının nəzərə alınaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.12ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Maddi sübut hesab olumuş və saxlanıması üçün saxlanc yerinə təhvil verilmiş 01 ədəd su qabı hesab edilmiş termos Təqsirləndirilən şəxs qaytarılmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut hesab olumuş və saxlanıması üçün saxlanc yerinə təhvil verilmiş 01 ədəd su qabı hesab edilmiş termos Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar