Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-86/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilə şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə Laçın rayonu, Qozdu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Fingə kəndində qeydiyyatda olan, Tərtər rayonu, Şah qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 may 2022-ci il tarixdə saat 14:00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə, saat 02:10 radələrində “Yeni şəhər” adlanan marketdə əvvəllər birlikdə işlədiyi Zərərçəkmiş şəxs ilə bir müddət əvvəl zarafat edərkən aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesi 2 ünvanında yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısındakı səkidə görüşərkən, aralarında yaranmış mübahizə zamanı heç bir əsaslı səbəb olmadan ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən nalayiq ifadələr işlətdikdən sonra öz şəxsiyyətini başqalarının fövqündə qoyaraq, şəxsi üstünlüyünü nümayiş etdirmək məqsədilə üzərində gəzdirdiyi, istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edib Zərərçəkmiş şəxs zərbələr vuraraq, sonuncuya döş qəfəsinin sol yarısında, ön qoltuqaltı xətt üzrə, Vİİ qabırğa proyeksiyası səviyyəsində döş boşluğuna nüfuz etməyən bir ədəd və sol əlin ovuc səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi deşici-kəsici xarakterli alətin təsirindən törənməklə bıçaqla vurma nəticəsində əmələ gələ bilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib, silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində işləməklə ünvan 2 ünvanda kirayədə yaşayır. Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Yeni şəhər» adlı marketdə kassir-satıcı vəzifəsində işləmişdir. İşlədiyi müddətdə həmin marketdə eyni vəzifədə işləyən Zərərçəkmiş şəxs tanımışdır. 2021-ci ilin dekabr ayında o, Sənan ilə işlədiyi marketdə olarkən aralarında sözlü mübahisə yaranmışdır. Lakin həmin vaxtı aralarında heç bir dava-dalaş olmamışdır. 11 yanvar 2022ci il tarixdə, axşam saatlarında o, işlədiyi «Yeni şəhər» adlı marketdə işdə olarkən yenidən Sənan ilə arasında mübahisə yaranmışdır. Mübahisəyə səbəb Sənan ilə onun bir biri ilə müxtəlif zarafatlar etməyi olmuşdur. Həmin vaxtı Sənan bu söz-söhbətə son qoymaq üçün, işdən çıxdıqdan sonra ikilikdə görüşüb söhbət etməyi təklif etmişdir. O da razılaşmışdır. 12 yanvar 2022-ci il tarixdə, təxminən saat 02 radələrində o, işdən çıxıb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesi 2 ünvanında yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsi ilə üzbəüz Sənan ilə təklikdə görüşüb söhbət etməyə başlamışdır. Sənan nə üçün onun nalayiq sözlərlə zarafat etməyini soruşmuş və bir daha zarafat etməməsini bildirmişdir. O da bir daha Sənan ilə zarafat etməyəcəyini Sənana demişdir. Həmin vaxtı Sənan əli ilə onun paltarının yaxasından tutub onu yerə yıxıb əli ilə onun boynundan tutmuşdur. Sonra Sənan onu buraxmış və o, ayaqüstə qalxmışdır. Bu vaxtı Sənan onun ünvanına söyüş söymüşdür. Lakin o, Sənanın nalayiq ifadəsinə cavab verməmişdir. Bundan sonra Sənan ilə onun arasında əlbəyaxa mübahisə olmuşdur. Mübahisə zamanı Sənan ilə o, qarşılıqlı olaraq yumruqla bir-birinin baş və sinə nahiyələrinə vurmuşdur. Həmin vaxtı o, yerdən təxminən 10 sm ölçülü dəmir parçası tapmış və dərhal bir dəfə Sənanın qarın nahiyəsinə bir zərbə vurmuşdur. Bu zərbədən sonra Sənan həmin dəmir parçasını onun əlindən almaq istəyərkən o, dəmir parçasını geri çəkdiyi üçün həmin dəmir parçası Sənanın sol əlini kəsmişdir. Bundan sonra Sənan oradan uzaqlaşmış və o da piyada yaşadığı evə getmişdir. Sonra Sənan ilə onun arasında heç bir mübahisə baş verməmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun ünvanına «var-yox» söyüşü söydüyü üçün o, Sənan ilə mübahisə etdiyi ərazidə yerdən tapdığı təxminən 10 sm ölçülü dəmir parçası ilə Sənanın qarın nahiyəsinə bir dəfə vurub xəsarət yetirmişdir. Sənan ilə onun arasında mübahisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesi 2 ünvanında yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsi ilə üzbəüz səki üzərində baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Özünü qismən təqsirli bilir. Belə ki, o, Sənanı bıçaqla deyil, yerdən tapdığı təxminən 10 sm ölçülü dəmir parçası ilə qarın nahiyəsinə bir dəfə vurmuş, həmçinin bu zərbədən sonra Sənan həmin dəmir parçasını onun əlindən almaq istəyərkən o, dəmir parçasını geri çəkdiyi üçün həmin dəmir parçası Sənanın sol əlini kəsmişdir. Həmçinin Sənan ilə onun arasında olan dava-dalaş zamanı bir-birilərini yumruqla vurub xəsarət yetirmişlər. Zərərçəkmiş şəxs ilə onun arasında əvvəllər düşmənçilik və ya ədavət ədavət olmasa da aralarında sözlü mübahisələri olmuşdur. O, Sənanı yerdən tapdığı təxminən 10 sm ölçülü dəmir parçası ilə qarın nahiyəsinə bir dəfə vurmuş, həmçinin bu zərbədən sonra Sənan həmin dəmir parçasını onun əlindən almaq istəyərkən o, dəmir parçasını geri çəkdiyi üçün həmin dəmir parçası Sənanın sol əlini kəsmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi həmin dəmir parçasını hadisədən sonra hazırda xatırlamadığı yerdə yolun kənarın atmışdır. Sənan ilə mübahisə edərkən və o, Sənanı vurarakən orada heç kim olmamış və heç kim də mübahisəyə müdaxilə etməmişdir. Əməlindən səmimi peşmançılıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral 11 yanvar 2022-ci il tarixə kimi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Yeni şəhər» marketdə satıcı vəziyəsində işləmişdir. Təqsirləndirilən şəxs da həmin marketdə kassir vəzifədə işləmişdir. Belə ki, 2021-ci ilin dekabr ayının ortalarında marketin içərisində Röyal ilə onun arasında mübahisə olmuşdur. Həmin mübahisəni mağaza müdiri olan Namiq müəllim də görmüşdür. 11 yanvar 2022-ci il tarixdə axşam saatlarında o, Röyal ilə marketdə olarkən yenidən aralarında mübahisə yaranmışdır. Röyal ilə aralarında yaranan mübahisəni aydınlaşdırmaq və mübahisəyə son qoymaq məqsədilə işdən sonra görüşüb söhbət etməyə birlikdə qərar vermişlər. Belə ki, 12 yanvar 2022-ci il tarixdə, təxminən saat 02:10 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesi 2 ünvanında yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısında Röyal ilə görüşüb söhbət etməyə başlamışdır. Belə ki, həmin gün o, təhsil aldığı universitetdə imtahandan kəsilmişdir. Röyal da bundan məlumatlı olmuşdur. Həmin vaxtı Röyal onunla nalayiq zarafatlar etməyə başlamışdır. O, Röyala onunla nalayiq sözlər danışmamasını bildirmişdir. Lakin Röyal onun iradına əhəmiyyət verməyərək bu dəfə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Röyalın bu sözündən sonra o, Röyala cavab qaytarmışdır. Həmin vaxtı Röyal cibindən bıçaq çıxarıb onun ürək nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbədən sonra o, dizləri üstə yerə çökmüş və Röyala bildirmişdir ki, «bəsdir, bu barədə sabah danışarıq, çıx get». Lakin Röyal cavabında ona bildirmişdir ki, «bıçaq sənə çox girməyib, artistlik etmə, qalx ayağa». O da demişdir ki, «bıçaq girib, qan gəlir». Onun bu sözünün üstündən Röyal ikinci dəfə bıçaq zərbəsini ona vurarkən o, sol əli ilə bıçağı tutmuşdur. O, bıçağı əli ilə tutan zaman Röyal bıçağı darıb çəkərkən o, əlindən xəsarət almışdır. Bundan sonra Röyal həmin bıçağın arxa hissəsi, yəni dəstək hissəsi ilə onun sağ gözünün altına bir dəfə zərbə vurmuş və o, huşunu itirmişdir. O, bir anlıq huşunu itirəndən sonra görmüşdür ki, Röyal hadisə yerindən qaçır. Həmin vaxtı o, xəsarət almış olsa da ayağa qalxıb Röyalın arxasınca bir neçə addım atsa da, Röyala çata bilməmişdir. Bu zaman xatırlamadığı bir minik avtomobili saxlamışdır. Həmin avtomobilin sürücüsü olan tanımadığı bir nəfər şəxs nə baş verdiyini ondan soruşmuş və onun üzərinin qan olduğunu görmüşdür. Həmin şəxs onu xəstəxanaya aparacağını demişdir. Lakin o, həmin şəxsdən xahiş etmişdir ki, onu xəstəxaya yox, yaşadığı evə aparsın. Həmin şəxs onun xahişi ilə onu idarə etdiyi avtomobil ilə yaşadığı Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 33 ünvanına aparmışdır. O yaşadığı evin qarşısında həmin avtomobildən düşərək yaşadığı evə getmişdir. O, evə daxil olub, anası Şahid1 yıxılaraq xəsarət aldığını yalandan bildirmişdir. Səbəb isə anasının həyəcan keçirməməsi olmuşdur. Lakin həmin vaxtı bədənində bərk ağrılar başladığından anası təcili tibbi yardım stansiyasına zəng etmişdir. Bir neçə dəqiqədən sonra yaşadığı evə təcili tibbi yardımın həkim briqadası gəlmiş və ona ilkin tibbi yardım göstərməklə onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Orada onu dərhal əməliyyat etmişlər. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, hadisənin səbəbi Röyalın onun ünvanına nalayiq söyüşlər söyməsi olmuşdur. Röyal əvvəlcə bıçaqla bir dəfə onun ürək nahiyəsinə bir zərbə endirmiş, Röyal ikinci dəfə bıçaq zərbəsini onu vurarkən o, sol əli ilə bıçağı tutmuşdur. O, bıçağı əli ilə tutan zaman Röyal bıçağı dartıb çəkərkən o, əlindən xəsarət almışdır. Bundan sonra Röyal həmin bıçağın arxa hissəsi, yəni dəstək hissəsi ilə onun sağ gözünün altına bir dəfə zərbə vurmuş və o, huşumu itirmişdir. Hadisə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesi 2 ünvanında yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısında səkninin üzərində baş vermiş və təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə vaxtı ərtafda heç kim olmamış və heç kim də mübahisəyə müdaxilə etməmişdir. Röyal ilə onun arasında əvvəllər düşmənçilik və ya ədavət olmasa da aralarında mübahisələri olmuşdur. Həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Sənan 2021-ci ilin fevral 11 yanvar 2022-ci il tarixə kimi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Yeni şəhər» marketdə kassir-satıcı vəziyəsində işləmişdir. 12 yanvar 2022- ci il tarixdə, təxminən saat 02:30 radələrində oğlu yaşadığı evə gəldikdə əynində olan paltarların qan içində olduğunu görmüşdür. O, bunun səbəbini soruşduqda Sənan yerə yıxılıb xəsarət aldığını ona yalandan demişdir. Lakin bir neçə dəqiqə keçdikdən sonra Sənanın bədənində bərk ağrılar başladığından o, təcili tibbi yardıma zəng edərək çağırmışdır. Bir neçə dəqiqədən sonra yaşadığı evə təcili tibbi yardımın həkim briqadası gəlmiş və oğlu Sənana ilkin tibbi yardım göstərməklə oğlunu X2 aparmışlar. Orada Sənanı dərhal cərrahi əməliyyat etmişlər. Oğlu Sənanı cərrahi əməliyyat etdikdən sonra xəstəxanada olan həkimlərdən öyrənmişdir ki, oğlu Sənan bıçaqlanmışdır. Bundan sonra Sənan özü ona etiraf etmişdir ki, iş yoldaşı Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə, təxminən saat 02:00 radələrində iş yerindən çıxdıqdan sonra «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Yeni şəhər» marketinin müdiridir. Zərərçəkmiş şəxs 19 noyabr 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə kimi həmin marketdə müqavilə üzrə satıcı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs isə 03 noyabr 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə kimi həmin marketdə satıcı vəzifəsində işləmişdir. 2021-ci ilin dekabr ayında o, onlayn qaydada marketin daxilində olan müşahidə kamerasına nəzarət edən zaman Sənan ilə Röyalın arasında mübahisə baş verdiyini görmüşdür. O, bundan sonra Röyal və Sənandan bu barədə soruşduqda aralarında anlaşılmamazlıq yarandığını və bu səbəbdən mübahisə etdiklərini ona bildirmişlər. O da Sənan və Röyala etdikləri hərəkətin düz olmadığını deyib onlara öz iradını bildirmişdir. 12 yanvar 2022-ci il tarixdə gecə saatlarında Sənanın atası Cahangir mobil telefonla ona zəng edərək Röyalın yaşadığı ünvanı, ata və anası barədə soruşmuş və Röyalın oğlu Sənan ilə mübahisə edərək Sənanı bıçaqladığını bildirmişdir. O da Röyalın Bayıl qəsəbəsində ünvanını dəqiq bilmədiyi yerdə həyət evlərində tək kirayədə yaşaması barədə bildiyini Cahangirə demişdir. Şahid2 göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə «Yeni şəhər» marketin içərisində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş verən mübahisəni həmin vaxtı müşahidə kamerasına baxmadığı üçün həmin mübahisənin aşkar etməmiş və bu bardə heç bir məlumatı yoxdur, müşahidə kamerasında olan görüntülər 12 gün yaddaşda qaldığı üçün 2021-ci ilin dekabr ayında «Yeni şəhər» marketin içərisində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş verən mübahisənin görüntülərini təqdim etmək mümkün olmamışdır. 12 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şossesi 2 ünvanında yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməsinin şahidi olmamış, həmin gecəni Sənanın atası Cahangir ona zəng edərək bu barədə dedikdə bu hadisədən məlumatı olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2022-ci il tarixli 65 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - döş qəfəsinin sol yarısında, ön qoltuqaltı xət üzrə, Vİİ qabırğa proyeksiyası səviyyəsində döş boşluğuna nüfuz etməyən bir ədəd və sol əlin ovuc səthinin bir ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici xarakterli alətin təsirindən törənmişlər, 12.01.2022-ci il tarixdə kənar şəxsin qeyd olunan nahiyyələrə biçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 10 fevral 2022-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 22 fevral 2022-ci il tarixdə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. 22 fevral 2022-ci il tarixldə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 23 fevral 2022-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs həmin gün saat 07:30-da tutulmuşdur. Eyni tarixli qərarla cinayət işi üzrə icraat təzələnmişdir. 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 24 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Səbail rayon prokurorluğunun 24 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 24 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22.02.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizələrinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmiş, onunla barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni Sənanı bıçaqla deyil, yerdən tapdığı təxminən 10 sm ölçülü dəmir parçası ilə qarın nahiyəsinə bir dəfə vurması, həmçinin bu zərbədən sonra Sənan həmin dəmir parçasını onun əlindən almaq istəyərkən dəmir parçasını geri çəkdiyi üçün həmin dəmir parçasının Sənanın sol əlini kəsməsini ifadəsində göstərməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 (yüz əlli) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-86/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-86/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver