Məhkəmə qərarları › İş №1(009)-86/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-86/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-86/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla həmin ünvandaa yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə saat 14:25 radələrində Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sahil bağı” parkında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs yaxınlaşıb sonunucuya etdiyi evlilik təklifini qəbul etməməsini özü üçün qəbul edilməz hal hesab edib, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla ictimai yerdə, çoxsaylı insanların gözü qarşısında digər şəxslərin də narhatçılığna səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, ümumi davranış, əxlaq və mənəviyyat normalarına məhəl qoymayaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan formada, üzərində olan məişət təyinatlı bıçaqdan silah qismində istifadə edərək həmin bıçaqla Zərərçəkmiş şəxs zərbələr vurub sağ yanaq nahiyəsinin 1 ədəd, sağ burun-dodaq büküşünün 1 ədəd, sol bazunun orta 1/3-nin bayır səthinin 1 ədəd, sol dirsək oynağı nahiyəsinin arxa səthinin 1 ədəd, boyunun arxa səthinin yuxarı 1/3-nin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 3 ədəd, sol budun yuxarı 1/3-nin bayır səthinin 1 ədəd (ümumilikdə 9 ədəd) deşilmiş-kəsilmiş yaraları ilə əhatə olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan bədən xəsarətləri yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını və ifadə verməkdən imtina etdyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uşaq vaxtlarından Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Təxminən 2017-ci ildən Sadıqla dost kimi münasibət saxlamağa başlamışdır. Sonradan Sadıq onu sevdiyini etiraf edərək ona ailə həyatı qurmağı təklif etmiş, o, təklif ilə razılaşmamışdır. 2021-ci ildə o, Azərbaycan Universitetinin Filologiya fakültəsinə daxil olmuş və təhsil almaq üçün Bakı şəhərinə gəlmiş, Sadıq Bakı şəhərində işləmiş və mütəmadi onunla əlaqə saxlayaraq yenə də evlənmək təklifini ona bildirmişdir. Təxminən 2023-cü ilin əvvəllərində o, Sadıqın ailə qurmağa dair ümidlənməməsi üçün konkret olaraq ona onun ailə qurmaq niyyəti olmadığını bildirib, Sadıqdan ona zəng etməməsini və onu axtarmamasını xahiş etmişdir, lakin Sadıq ondan əl çəkməmişdir. 2023-cü ilin iyun ayında Şəki şəhərində olarkən Sadıq sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq ona hədə-qorxular gəlmiş və onun şəxsi şəkillərini paylaşmağa başlamışdır ki, ona təsir göstərsin. O, Şəki şəhər Polis Şöbəsinə şikayət etmiş və bununla əlaqədar araşdırma aparılmışdır. Lakin, Sadıq ondan əl çəkməyərək mütəmadi onunla müxtəlif vasitələrlə əlaqə saxlayaraq onunla ailə həyatı qurmasa onu öldürəcəyini demişdir. 13 sentyabr 2023-cü il tarixdə Şəki şəhərindən Bakı şəhərinə gəlmişdir. 15 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində rəfiqəsi Aytacla birlikdə Universitetdən çıxıb, metro ilə Sahil metrostansiyasına getmişlər və “Gazelli House” adlanan sərgiyə tərəf hərəkət etmişlər. Sərgidən təxminən 20-30 dəqiqəyə çıxmışlar, saat təxminən 14:15 radələrində rəfiqəsi Aytac metroya tərəf getmiş, o isə Sahil bağında skamyada oturmuşdur. Bundan bir neçə dəqiqə sonra Sadıq ona yaxınlaşıb, skamyada oturmuş və onunla danışmağa başlamış, ona “səni yaşamağa qoymayacağam, əl çəkməyəcəyəm, sən mənim olmalısan, əks təqddirdə səni öldürəcəyəm” demişdir. O, Sadıqa cavab verməmiş, öz mobil telefonuna baxarkən qəfil Sadıqın əsəbi halda ayağa qalxdığını, onun kürəyindən, qolundan, belindən, boynundan bıcaqla vurduğunu hiss etmiş, Sadıqa tərəf baxdıqda Sadıq onu üzündən də vurmuşdur. İnsanlar toplaşmağa başladıqda Sadıq oradan qaçmışdır. Hadisə yerinə toplaşan insanlar təcili tibbi yardım çağırmış, təcili tibbi yardım maşını ilə o, X5 aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, polis leytenantı Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, “Sahil bağı” adlanan ərazidə xidmət aparan zaman ondan 20 metr aralıda skamiyada əyləşmiş bir qadının sonradan adını bildiyi Zərərçəkmiş şəxs qışqırtısını eşidib, həmin tərəfə baxdıqda ora ərazidə xidmət aparan Səbail RPİ-nin PPXB-nün polis nəfərlərinin yaxınlaşdığını, bir nəfər oğlanın yəni, sonradan adını bildiyi Təqsirləndirilən şəxs oradan qaçdığını görmüşdür. Bundan sonra PPXB-nün əməkdaşları Şahid2 və Şahid3 birlikdə oradan qaçan şəxsin Təqsirləndirilən şəxs tutub saxlamağa çalışmışlar. Onlar parkın kənarında Təqsirləndirilən şəxs saxlayıb, tanışı Zərərçəkmiş şəxs bıçaqladığımı öyrənmiş, onu Səbail RPİ-nin 39-cu Polis Bölməsinə aparmışlar. Həmçinin hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs müayinə olunması üçün olduğu yerə TTY çağırmışlar. TTY hadisə yerinə gəlib, Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman ətrafda tanımadığı şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, “Sahil bağı” adlanan ərazidə yəni inzibati ərazidə iş yoldaşı polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidmət aparan zaman onlardan 20- 25 metr aralıda skamiyada əyləşmiş bir qadının sonradan adını bildiyi Zərərçəkmiş şəxs qışqırtısını eşidib, həmin tərəfə baxıb, yaxınlaşmaq istədikdə bir nəfər oğlanın, sonradan adını bildiyi Təqsirləndirilən şəxs oradan qaçdığını görmüşdür. Bundan sonra o və Şahid3 oradan qaçan şəxsin Təqsirləndirilən şəxs tutub saxlamağa çalışmışlar. Həmin vaxt ərazidə xidmət aparan sahə rəisi, Şahid1 onlara tərəf yaxınlaşmışdır. Onlar parkın aralıda Təqsirləndirilən şəxs saxlayıb, tanışı Zərərçəkmiş şəxs bıçaqladığını öyrənmiş, onu Səbail RPİ-nin 39-cu Polis Bölməsinə aparmışlar. Həmçinin hadisə zamanı xəsarət almış Zərərçəkmiş şəxs müayinə olunması üçün olduğu yerə TTY çağırmışlar. TTY hadisə yerinə gəlib, Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman ətrafda tanımadıqları şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq etmişdir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 sentyabr 2023-cü il tarixdə saat 16:15-də tutulmuşdur. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “götürmə və baxış keçirmə haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi üzəri 01 ədəd qara rəngli bıçağa baxış keçirilmi, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli, üzərində “Tuomei non stick coating” sözləri yazılmış dəstəyinin uzunluğu 12 sm, tiyə hissəsinin uzunluğu 9 sm olmaqla ümimi uzunluğu 21 sm olan bıçaqla 15 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmaqla sonuncuya xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli, üzərində “Tuomei non stick coating” sözləri yazılmış dəstəyinin uzunluğu 12 sm, tiyə hissəsinin uzunluğu 9 sm olmaqla ümimi uzunluğu 21 sm olan bıçaq götürülmüş, ağ kağız zərfə qoyularaq möhürlənmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, TŞ 1-025 saylı təhlükəsizlik kamerasından götürülmüş video-fayllardan müəyyən olunmuşdur ki, 15 sentyabr 2023-cü il tarixdə saat 14:26 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektinin sol tərəfində yerləşən “Sahil bağı” parkının piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissəsindən göy cins şalvar və qara köynək geyinmiş Təqsirləndirilən şəxs qaçaraq Bülbül prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsinə daxil olmuş, piyada keçidindən keçərkən naməlum şəxs tərəfindən ona müdaxilə olmuş, lakin Təqsirləndirilən şəxs yerə yıxılmasına baxmayaraq yenidən ayaq üstə qalxmış, qaçmaqa davam etmiş, Bülbül prospektinin sağ tərəfinə yəni, “Sahil” metrostansiyası istiqamətinə keçmiş və ətrafda olan şəxs və polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli, 4(009)631/2023 saylı Səbail rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli 549 nömrəli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X4 ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ yanaq nahiyəsinin 1 ədəd, sağ burun-dodaq büküşünün 1 ədəd, sol bazunun orta 1/3-nin bayır səthinin 1 ədəd, sol dirsək oynağı nahiyəsinin arxa səthinin 1 ədəd, boyunun arxa səthinin yuxarı 1/3-nin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 3 ədəd, sol budun yuxarı 1/3- nin bayır səthinin 1 ədəd (ümumilikdə 9 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan İ-8383 №-li vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-11293 №-li vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-5223 №-li vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-67964 №-li vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli 664 nömrəli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X4 ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən: 2.Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən: 3.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, lifçik, ipli mayka və boğazlı kofta, bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. 'İİ' antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. 4.Təqdim olunmuş bir ədəd bıçağın dəstəyi üzərində qan aşkar olunmamışdır. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli 486 nömrəli “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi ”X4 ekspert rəyindən görünür ki, 1.3.4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol yan tikişi üzərində 01 (bir) ədəd; maykanın arxa hissəsində solda, köynəyin arxa hissəsində solda, büstqalterin arxa hissəsində solda 01 (bir) ədəd; köynəyin sol qolun arxa hissəsində 01 (bir) ədəd; maykanin arxa hisəəsində solda 01 (bir) ədəd deşilmişkəsilmiş zədələr aşkar edildi. Bu zədələr eyni xarakterli zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən sol bazunun orta 1/3-nin bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ekspertizaya təqdim edilmiş köynəyin sol qolun arxa hissəsində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə ilə; döş qəfəsinin sol yarısının arxa səthinin olan 3 ədəd deşilmişkəsilmiş yaralarda 2 ədədi maykanın arxa hissəsində solda olan 02 (iki) ədəd, köynəyin arxa hissəsində solda olan 01 (bir) ədəd, büstqalterin arxa hissəsində solda olan 01 (bir) ədəd deşilmişkəsilmiş zədələr ilə; sol budun yuxarı 1/3-nin bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası şalvarın sol yan tikişi üzərində olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən sağ yanaq nahiyəsinin 1 ədəd, sağ burun-dodaq büküşünün 1 ədəd, sol dirsək oynağı nahiyəsinin arxa səthinin 1 ədəd, boyunun arxa səthinin yuxarı 1/3-nin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş yaraları ekspertizaya təqdim olunmuş paltarlarda öz əkslərin tapmamışlar. 2.5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilməsinin mümkünlüyünü yoxlamaq məqsədilə eksperiment aparılmalı idi, lakin həmin bıçağın tiyəsinin ucunda əyrilik olduğundan onunla eksperiment aparmaq mümkün olmadı. Buna görə də, paltarlarda aşkar edilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla əmələ gəlib gəlməməsi haqqında fikir söyləmək mümkün olmadı. 6. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 20 noyabr 2023-cü il tarixli 3029 saylı rəyindən görünür olur ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin təqqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psıxopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Emosional- iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallan aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci və 3-cü suallara cavab: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqh hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etməsi müəyyən edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən olunmadı. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs onun sevgilisi tərəfindən zəng edilib, ona təhqiredici söyüşlər işlətməsinin doğru olmadığını, ümumiyyətlə sevgilinin olmadığını bu ifadələrin əsassız olduğunu bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli, üzərində “Tuomei non stick coating” sözləri yazılmış bıçaq və zərəçəkmiş şəxsin geyim əşyaları (Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, lifçik, ipli mayka və boğazlı kofta) maddi sübut hesab edilmiş və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 27 noyabr 2023-cü il tarixli “subutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 549 saylı rəyi, Məhkəmə-tibbi kriminalistik ekspertizasının 486/2023 nömrəli rəyi, Məhkəmə tibbi-biologiya ekspertizasının 664/2023 nömrəli rəyi, Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 3029 saylı rəyi, zərəçəkmiş şəxsin ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolu, təqdim edilmiş 1 ədəd bıçağın götürülməsi protokolu və 1 ədəd bıçaq, ifadənin yerində yoxlanması protokolu, diskə baxış protokolu və 1 ədəd CD disk, hadisə zamanı zərərçəkmişin üzərində olmuş maddi sübut olan geyim əşyaları, cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərarı alınmışdır. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona təzminat və digər xərcləri tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 -cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlıq, həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması ilə törədildikdə həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur Azərbaycan Respublikası Ali Məhkəməsinin bu kateqoriyadan olan işlərə baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmələrə ünvanlanmış 18 may 2010-cu il tarixli 2-277-10 nömrəli icmal məktubunda qeyd olunmuşdur ki, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır: yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etməli, həmçinin vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarında da göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq- öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını və Vətən müharibəsinin iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan – bir ədəd qara rəngli, üzərində “Tuomei non stick coating” sözləri yazılmış bıçaq və zərəçəkmiş şəxsin geyim əşyaları (Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, lifçik, ipli mayka və boğazlı kofta) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan – bir ədəd qara rəngli, üzərində “Tuomei non stick coating” sözləri yazılmış bıçaq və zərəçəkmiş şəxsin geyim əşyaları (Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, lifçik, ipli mayka və boğazlı kofta) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar