Məhkəmə qərarları › İş №1(009)-87/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-87/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-87/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mustafayeva Zeynəb Əbülfət qızınını katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami Rayonu Polis İdarəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 15 mart 2023-cü il tarixdə saat 12.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən zərərçəkimş şəxsə az ağır zərər vurmuşdur. Belə ki, o 13 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində tanışları Şahid1, Şahid2 və X2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən Sahil parkında olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlara baxmasını cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqündə poymaqla, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaxınlaşıb, əsassız mübahisə yaratmaqla xuliqanlıq niyyəti ilə qəsdən xəsarət yetrimək məqsədilə yumruqla sonuncunun sifət nahiyyəsindən zərbə ilə vurub, çənə nahiyyəsinin qançır - şişkinlik halında əziyi və çənə sümüyünün yerdəyişmiş sınığı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ qalça nahiyyəsinin sıyrığı kimi dərəcəsinə görə şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci ildə saat təxminən 18 radələrində Bakı şəhərində Sahil bağına getməmişdən əvvəl “Goo” adlı spirtli içki qəbul etmişdir. Bundan sonra Sahil bağına getmiş və orada olan zaman dostları Samirə, Amaliya və Əli ilə bilrlikdə görüşüb orada olan fontanın yanındakı oturacaqda əyləşmiş, söhbət etmişdir. Sahil bağında olan zaman Samirənin sevgilisi Ömərin hərbi xidmətə getməsi ilə bağlı söhbət etdikdə Əli ilə Amaliya birlikdə biraz aralıda söhbət edirdilər. Üzbəüz oturacaqda əyləşmiş, sonradan adını bildiyi Eldarın da yanında iki nəfər oğlan olmuşdur. Həmin oğlanlardan birinin, yəni Eldarın nəyə görə Amaliyaya tərəf baxması barədə aralarında söhbət gedirdi. Eldarın Amaliyaya baxdığını görən Əli Eldara yaxınlaşaraq “niyə baxırsan” soruşduqda Amaliya söhbətin uzanacağından qorxaraq onlara yaxınlaşmış və “lazım deyil dava etməyin” demişdir. Bu zaman Eldar Amaliyanı itələmişdir. Sonra o yaxınlaşaraq “nə olub, niyə qızı itələyirsən” demiş və bir əlini Eldarın çiyninə qoymuşdur. Eldar da onun əlindən itələyərək əlini çək deyən zaman o Eldarın sifətindən bir dəfə yumruqla vurmuşdur. Həmin hadisəni orada olan Əli, Samirə və Amaliyada şahidləri oldular. Bu hadisədən sonra oradan getmişlər. Eldarın yanında olanları əvvəldən tanımamış, onlarla da aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, həmçinin məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir və valideynləri ilə yaşayır. 13 avqust 2022-ci ildə sinif yoldaşları Səid və Aminlə birlikdə Sahil bağında olan zaman öz aralarında söhbət edən zaman sol tərəfində olan oturacaqda tanımadığı üç oğlan və iki qız da orada olan oturacaqda əyləşmişdilər. Qeyri-ixtiyari olaraq onlara tərəf baxdıqda həmin şəxslərdən biri- Əli yaxınlaşaraq nəyə görə onlara tərəf baxdığını demişdir. Ona cavab verməyə macal tapmamış onlardan biri sonradan adını bildiyi Orxan adlı oğlan qəfilətən yumruqla bir dəfə üz nahiyəsinə zərbə ilə vurmuşdur. Zərbədən üzündə ağrılar olduğu üçün əllərini üzünə tutmuşdur. Bu hadisə zamanı yanında olan dostları da orada idi, onlar da bunun şahidləri olmuşlar. Yumruqla vuran Orxan və ya onun yanında olan oğlan və ya qızları birinci dəfə idi ki görmüşdür, həmin şəxsləri əvvəllər heç zaman hardasa görməmiş və aralarında əvvəldən heç bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Orxanla sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Samirəni bir neçə aydır ki, tanıyır. Əlini isə Orxana görə bir neçə aydır ki, tanıyır. Aralarında yoldaşlıq münasibəti olduğuna görə istifadəsində olan mobil telefon vasitəsi ilə zəngləşib görüşürlər. 13 avqust 2022-ci ildə saat 18 radələrində Sahil bağında Orxan, Əli və Samirə ilə görüşmüşlər. Əli ilə birlikdə Sahil bağında skamyada əyləşmişdi, aralıda da Orxanla Samirə əyləşib söhbət edirdilər. Üzbəüz oturacaqda əyləşmiş, sonradan adını bildiyi Eldarın da yanında iki nəfər oğlan olmuşdur. Həmin zaman Eldar ona diqqətlə baxırdı. Qarşıdan Eldarın ona baxdığını görən Əli Eldara yaxınlaşaraq “niyə baxırsan” soruşduqda o, söhbətin uzanacağından qorxaraq onlara yaxınlaşmış və “lazım deyil dava etməyin” demişdir. Bu zaman Eldar onu itələmişdir. Sonra Orxan yaxınlaşaraq “nə olub, niyə qızı itələyirsən” demiş və bir əlini Eldarın çiyninə qoymuşdur. Eldar da Orxanın əlindən itələyərək əlini çək deyən zaman Orxan Eldarın sifətindən bir dəfə yumruqla vurmuşdur. Bu hadisəni orada olanların hamısı görmüşdür. Orxan Eldarın sifətindən bir dəfə yumruq vurandan sonra Eldarla birlikdə onun yanında olanlar oradan aralaşıb getmişlər. Bundan başqa heç nədən xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Orxanı, Amaliyanı və Əlini də tanıyır. 13 avqust 2022-ci ildə saat 18 radələrində Orxan, Əli və Amaliya ilə birlikdə Sahil bağında görüşmüşlər. Amaliya ilə Əli Sahil bağında skamyada əyləşmişdir, onlardan aralıda dao Orxanla əyləşib söhbət etmişdir. Üzbəüz oturacaqda əyləşmiş, sonradan adını bildiyi Eldarın da yanında iki oğlan olmuşdur. Eldarın nəyə görə Amaliyaya tərəf baxması barədə aralarında söhbət gedirdi. Eldarın Amaliyaya baxdığını görən Əli Eldara yaxınlaşaraq “niyə baxırsan” soruşduqda Amaliya söhbətin uzanacağından qorxaraq onlara yaxınlaşmış və “lazım deyil, dava etməyin” demişdir. Bu zaman Eldar Amaliyanı itələmişdir. Sonra Orxan yaxınlaşaraq “nə olub, niyə qızı itələyirsən” demiş və bir əlini Eldarın çiyninə qoymuşdur. Eldar da Orxanın əlindən itələyərək əlini çək deyən zaman Orxan qəflətən Eldarın sifətindən bir dəfə yumruqla vurmuşdur. Orxan Eldarın sifətindən yumruqla vuran zaman Eldar zərbədən arxaya getmiş və əlini üzünə tutmuşdur. Bu hadisəni orada olanlar hamısı görmüşdür. Orxan Eldarın sifətindən bir dəfə yumruq vurandan sonra həm onlar, həm də Eldarla birlikdə onun yanında olanlar oradan aralaşıb getmişdir. Məhkəmə-tibb ekspertizasının 18 avqust 2022-ci il tarixli 583 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - çənə nahiyyəsinin qançır-şişkinlik halında əziyi və çənə sümüyünün yerdəyişmiş sınığı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ qalça nahiyyəsinin sıyrığı bərk ,küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvələ uyğun olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərlər və dərəcəsinə görə ümumilikdə -ağlandığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aiddir. 15 noyabr 2022-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 17 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 dekabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. 06 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. 06 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 15 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ilə barışmış və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurması ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır xəsarət yetirmiş, lakin onun əməlində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu Ü.Hacıbəyli küçəsində yerləşən Sahil bağında olan zaman Zərərçəkmiş şəxs yumruqla sifət nahiyyəsindən zərbə ilə vurub, çənə nahiyəsin qançır-şişkinlik halında əziyi və çənə sümüyünün yerdəyişmiş sınığı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ qalça nahiyyəsinin sıyrığı xəsarətləri yetirərək dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Cinayət işinin materiallarından və məhkəmə istintaqında tədqiq edilənlərdən görünür ki, təqsirləndirilən şəxsin göstərdiyi şəraitdə də zərərçəkmiş şəxsin aldığı xəsarətin nəticəsi mümkün olduğundan, yetirilmiş xəsarətin təqsirləndirilən şəxs tərəfindən törədilməsi hissədə heç bir mübahisə görünmür, bu hal nə ittiham nə də müdafiə tərəfindən mübahisələndirilməmişdir. Lakin hadisənin təqsirləndirilən şəxsin əməli xuliqanlıq cinayətini törətməsi ilə bağlı müdafiə tərəfindən mübahisələndirilmiş, əməlin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində, xəsarətin nəticəsinə uyğun olaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır xəsarət yetirməklə törədildiyi iddia edilmişdir. İttiham tərəfi isə ittihamı müdafiə etmək mövqeyində qalmış, fikrini yalnız hadisənin Sahil bağında baş verməsi ilə əsaslandırmışdır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsi kimi tövsifini yalnız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin Sahil bağı adlanan, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq niyyəti ilə törədilməsi kimi tövsif edilməsinə kifayət etmir. Bunun üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin də mövcudluğu tələb olunur. Hazırki işdə əməlin ictimai qayda əleyhinə, ictimai qaydanı pozmağa yönəldiyi, qəsdin həmin istiqaməti görünmür, əməl zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. Ona görə də əməlin xuliqanlıq niyyəti ilə törədildiyini demək mümkün deyildir. Cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs hadisənin zərərçəkmiş şəxsin ona əlini çiynindən itələyərək aşağı salmağı dediyinə görə münaqişə törətdiyini, yəni hadisənin heç bir səbəb olmadan deyil, səbəbli baş verdiyini göstərmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı hadisənin baş verdiyi ərazidə olan obyektlərdə fəaliyyət göstərən şəxsləri dindirməmiş, hadisədən xəbəri olan, narahatçılıq keçirən, iş fəaliyyəti pozulan olmamış, onlar ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlər görməmişlər. İbtidai araşdırma orqanı cinayət işini CM-nın 127.1-ci maddəsi ilə başlayıb istintaqını aparmış, istintaq yuxarıda sadalananları müəyyən etmiş, lakin buna baxmayaraq, yalnız hadisənin baş verdiyi yerə görə şəxsin əməlini xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirib CM-nın 127.2.3-cü maddəsinə tövsif etmişdir. Belə ki, tədqiq edilmiş sübutlardan hadisənin şahidlərinin yalnız Təqsirləndirilən şəxs tanışlarının, zərərçəkmiş şəxsin olması, onların təqsirləndirilən və zərərçəkmişlə birlikdə hadisə yerində olması, ittihamda ətrafda başqa şəxslərin olması göstərilsə də, bunun sübuta yetirilməsi görünmür. Belə olan halda ictimai qaydanın hər hansı formada pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən ittiham aktında ümumi ifadələrlə hadisə yerinə çoxlu şəxslərin toplaşdığı bildirilsə də, həmin şəxslər hadisənin həqiqətən də yalnız təqsirləndirilən və zərərçəkmişin ikisinin arasında baş verdiyini təsdiq edir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi döyməsi səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsin tanışı Şahid1 itələdikdən sonra təqsirləndirilən şəxsdə yaranmış müdafiə hissi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünü qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanın kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır». Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsin onun ünvanına mübahisənin yaranmasına səbəb olan təhrikedici ifadələrinin işlətdiyinə görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara yuxarıda qeyd olunanlara əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialında olan məhkəmə-tibb ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Bununla belə işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs bu maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 156, 193, 318.1, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar