Məhkəmə qərarları › İş №1(009)-88/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-88/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-88/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 21 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 13 dekabr 2021-ci il tarixdə, saat 15:46-da idarə etdiyi “BMW 330Cİ minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi ilə “Dağüstü park” istiqamətində hərəkətdə olan zaman “sürücü nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməlidir” barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili saatda 90 kilometr sürətlə idarə edərək “yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və “üfıqi nişanlanmanın 1.3 qoşa bütöv ağ xətti kəsib keçmək qadağandır” barədə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq M.Lermantov küçəsi ilə Teymur Elçin küçəsinin kəsişməsində idarəetməni itirərək yolun ortasında olan qoşa bütöv xətti kəsərək nəqliyyat vasitəsini qarşı sol hərəkət zolağına çıxararaq əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmaqla əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “BMW 520 MİNİK” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında toqquşmuş və ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş şərnişin Zərərçəkmiş şəxs1 döş sümüyünün və sağdan İ qabırğanın yerini dəyişməyən, İİ qabırğanın yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, üst dodağın əzilmiş-cırılmış yarası kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid; toqquşduğu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 baş beyinin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, toqquşduğu avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sol saidin aşağı 1/3-nin ön səthinin qançırı, sol qamış sümüyünün qapalı, yerini dəyişən sınığı, sol diz oynağının hemartrozu kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “BC” kateqoriyaları ilə sürücülük vəsiqəsi vardır. 13 dekabr 2021-ci il tarixdə dostları Zərərçəkmiş şəxs1 və Şahid1 sərnişin kimi BMW markalı, ** NV *** nömrə nişanlı avtomobili idarə etməklə Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yanından keçib Parlament prospekti ilə “Şəhidlər Xiyabanı”nın qarşısından “Alov qülləsi”nin yanından aşağı enib Lermantov küçəsinə çıxaraq “Dağüstü park”a tərəf hərəkət edirmiş. Həmin zaman Firuz qabaq oturacaqda, Üfüq isə arxa oturacaqda əyləşmişlər. Yol-nəqliyyatı hadisəsindən əvvəl o avtomobili saatda 90 klometr sürətlə idarə edirmiş və qarşıda olan hərəkəti istiqamətində sağa doğru döngədə idarə etməni itirdiyi üçün öz hərəkət zolağından çıxaraq qarşıda əks istiqamətdə olan avtomobillə toqquşmuşdur. Həmin hadisə zamanı o sağ ayağının əzik və sol əlinin əziyi xəsarəti almışdır. Həmin zaman o spirtli içki qəbul etməmiş. Hadisə zamanı üçünü təcili tibbi yadım maşını gəlib Semaşko xəstəxanasına aparıb orada ilk tibbi yardım göstərib evə buraxmışlar. Sürücülük hüququ olsa da əvvəldən avtomobili olmamışdır, onunla birlikdə idarə etdiyi avtomobildə olan dostları da sağlamlıqlarına zərər vuran xəsarət almışlar. İdarə etdiyi avtomobillə toqquşduğu avtomobilin sürücüsünü və ya sahibin əvvəldən tanımamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hadisəni ehtiyatsızlıqdan törətdiyini, zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 onun, Firuz və Valeh 2016-2020-ci illərdə Biznes Universitetində tələbə yoldaşı olduqlarını, aralarında dostluq münasibət olduğunu və Valehin “BC” kateqoriyası ilə sürücülük vəsiqəsinin olduğunu bilirmişdir. 13 dekabr 2021-ci il tarixdə dostu Firuzla “İnşaatçılar” metrosunun yanındakı “Ağ çiçəyim” şadlıq sarayının yanından gözləyirmişlər, Valeh idarə etdiyi BMV markalı, ** NV *** nömrəli avtomobillə gəlib onları oradan götürmüşdür. O avtomobilin arxa oturacağında əyləşmiş, Firuz isə qabaq oturacaqda əyləşibmiş. Valeh maşını idarə edərək Mətbuat prospektinə gəlib oradan da Fövqəladə Hallar Nazirliyinin yanından keçib Parlanment prospekti ilə “Şəhidlər Xiyabanı”nın qarşısından Alov qülləsinin yanından aşağı enib Lermantov küçəsinə çıxaraq Dağüstü parka tərəf hərəkət edirmiş. O, arxa oturacaqda yatdığından Valehin maşını hansı surətlə idarə etməsini bilmir, ayılanda xəstəxanada olduğunu bilmişdir. O həmin yol- nəqliyyat hadisəsi zamanı yatdığına görə Valehin idarə etdiyi avtomobilin qəza etməsini görməmişdir. Yol-nəqliyyatı hadisəsi zamanı dodağından xəsarət almış, sinəsindən əzilmə kimi xəsarət almışdır, sonradan bilmiş ki, Valeh avtomobili saatda 90 kilometr surətlə idarə edən zaman Lermantov küçəsində olan yolun əyri hissəsində idarə olunmanı itirib əks zolaqda hərəkətdə olan minik avtomobili ilə toqquşubdur. O həmin avtomobilin sürücüsünü və avtomobildə olan səxsi tanımır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “BC” kateqoriyası ilə sürücülük vəsiqəsi vardır, 2021-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkında sürücü kimi işləyir, həmin müddətdən də Zərərçəkmiş şəxs3 xidməti avtomobili olan “BMW 520 MİNİK” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 13 dekabr 2021-ci il tarixdə, səhər vaxtlarında Mehdi müəllimi idarə etdiyi avtomobillə xidmətlə əlaqədar Səbail rayonu ərazisində olan “Gülüstan” sarayına aparmışdır. Mehdi müəllim həmin gün işini orada tamamladıqdan sonra saat 15 radələrində idarə etdiyi həmin “BMW 520 MİNİK” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobillə onu iş yerinə qaytarırmış, həmin vaxt Mehdi müəllim avtomobilin arxa oturacağının sağ tərəfində əyləşibmiş, avtomobili isə o idarə edirmiş, “Gülüstan” sarayından çıxıb Lermontov küçəsi ilə saatda 30-40 kilometr sürətlə Prezident Aparatının yaxınlığında yerləşən İdarəçilik Akademiyasına gedən zaman Teymur Elçin küçəsinin kəsişməsinə yaxınlaşdıqda əks istiqamətdə sürətlə gələn, sonradan bildiyi “BMW 330Cİ minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb idarə etdiyi avtomobilin sürətini tam azaltmış, lakin buna baxmayaraq əks istiqamətdən gələn həmin avtomobil idarəetməni itirib onun hərəkət zolağına keçərək idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə toqquşmuşdur, həmin toqquşma nəticəsində o dizindən xəsarət almış, Mehdi müəllim sol ayağının sınığı xəsarəti almışdır. Hadisə zamanı onu və Mehdi müəllimi birlikdə təcili tibbi yardım maşını ilə Mərkəzi Klinik xəstəxanaya aparıb tibbi yardım etmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının tamamilə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır, bununla bağlı olaraq 13 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində Səbail rayon ərazisində olan “Gülüstan” sarayında xidmətdən çıxıb “BMW 520 MİNİK” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə sürücüsü Zərərçəkmiş şəxs2 idarə etməsi ilə iş yerinə gedirmiş. Həmin zaman o avtomobilin arxa oturacağın sağ tərəfində əyləşibmiş, Samir maşını təxminən 40 kilometr surətlə idarə edirmiş. Onlar yola davam edərək Lermantov küçəsi ilə Teymur Elçin küçəsinin kəsişməsinə çatdıqda orada olan yolun əyri hissəsində tanımadığı BMW minik markalı avtomobilin surətlə üstlərinə gəldiyini görmüşdür. Sürücü Samir maşının surətini azaltsa da lakin buna baxmayaraq həmin avtomobil onların hərəkət zolağında toqquşmuşdur. Həmin hadisə nəticəsində o arxa sağ oturacaqda oturmağına baxmayaraq sol ayağının qamış sümüyünün qəlpəli sınığı, alnından kəsilmiş-cırılmış xəsarətlər almışdır. Ondan əlavə sürücü Zərərçəkmiş şəxs2 başından xəsarət almışdır. Onların avtomobili ilə toqquşan avtomobilin sürücüsünü tanımır, onunla aralarında heç bir ədavət olmamışdır. Yol- nəqliyyat hadisəsinin baş verməsinə səbəb həmin avtomobilin surətlə hərəkətdə olması və yolun əyri hissəsində idarə olunmanı itirdiyi üçün onların hərəkət zolağına çıxması olmuşdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə göndərərək, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o və Üfüq 2016-2020-ci illərdə Valehlə birlikdə Biznes Universitetində tələbə yoldaşı olmuşlar, aralarında dostluq münasibəti var. 13 dekabr 2021-ci il tarixdə Valehi dostları Zərərçəkmiş şəxs1la Yasamalda olan İnşaatçılar metrosunun yanındakı “Ağ çiçəyim” şadlıq sarayının yanından gözləmişlər. Onlar orada olan zaman Valeh idarə etdiyi BMV markalı, ** NV *** nömrəli avtomobillə gəlib onları oradan götürmüşdür. O həmin avtomobilin qabaq oturacağında, Üfüq isə arxa oturacaqda əyləşmişdir. Valeh maşını idarə edərək Mətbuat prospektinə gəlib oradan da Fövqəladə Hallar Nazirliyinin yanından keçib Parlanment prospekti ilə “Şəhidlər Xiyabanı”nın qarşısından Alov qülləsinin yanından aşağı enib Lermantov küçəsinə çıxaraq Dağüstü parka tərəf gedirmişlər. Valeh avtomobili saatda 90 klometr sürətlə idarə edirmiş. Həmin zaman Valeh idarə etdiyi avtomobillə qarşıda olan hərəkət istiqamətində sağa doğru döngədə idarə etməni itirdiyi üçün öz hərəkət zolağından çıxaraq qarşıda əks istiqamətdə hərəkətdə olan avtomobillə toqquşmuşdur. Hadisə zamanı onları təcili tibbi yadım maşını ilə X4 aparıb orada ilkin tibbi yardım göstərib evə buraxmışlar. O Valehin idarə etdiyi avtomobillə toqquşduğu avtomobilin sürücüsünü və ya sahibin əvvəldən tanımamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, “B” kateqoriyası ilə sürücülük vəsiqəsi vardır, ona görə də lazım olanda özünə məxsus “BMW minik” markalı, ** NV *** nömrəli avtomobilini idarə edir. Valehlə qonşuluqda yaşayır, aralarında mehriban münasibətləri olub, heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Valehin sürücülük vəsiqəsi və avtomobil idarə etmək bacarığı olmasını bilirmiş. 13 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində Valeh onun maşınını istəyərək 1 saatlıq işi olduğu üçün şəhərə gedib qayıtmağını xahiş etmişdir. O Valehin sürücülük vəsiqəsi olduğunu bildiyi üçün və avtomobil idarə etməyə bacarığı olduğundan qonşu olmalarına görə onun xətrinə dəyməmək üçün özünə məxsus olan “BMW minik” markalı, ** NV *** nömrəli avtomobilin açarını Valehə vermişdir. Həmin zaman o öz evində imiş. Valeh maşının açarın ondan aldıqdan sonra avtomobili özü tək olaraq idarə edib getmişdir, bundan təxminən yarım saat sonra Valeh onun mobil telefonuna zəng edərək Lermantov küçəsi ilə Teymur Elçin küçəsinin kəsişməsində idarə olunmanı itirdiyi üçün öz yolundan çıxıb əks istiqamətdə gələn avtomobillə toqquşması barədə xəbər vermişdir. O sonradan bilmiş ki, Valeh onlardan çıxdıqdan sonra maşını idarə edib Yasamal rayonundan iki nəfər tələbə yoldaşları olan Üfüqlə Firuzu götürüb oradan da Mətbuat prospektinə gəlib Fövqəladə Hallar Nazirliyinin yanından keçib Parlament prospekti ilə “Şəhidlər Xiyabanı”nın qarşısından “Alov qülləsi”nin yanından aşağı enib Lermantov küçəsinə çıxaraq “Dağüstü parka” tərəf hərəkət etdikdə həmin yol-nəqliyyat hadisəsini törətmişdir. Valehin toqquşduğu avtomobil Prezident Aparatına məxsus olan qara rəngli BMV markalı avtomobil olmuşdur. Həmin yol-nəqliyyatı hadisəsi nəticəsində sonradan bilmiş ki, Valehin idarə etdiyi avtomobildə olan tanışları və onun toqquşduğu avtomobilin sürücüsü ilə sərnişini xəsarət almışlar. O həmin şəxsləri tanımır. Məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan ünvan 3səsi üfüqidir, asfaltbeton örtüklüdür, qurudur, eni 10 metrdir, 2 zolaqlıdır, hadisə baş verən yerdə şin və tormoz izləri aşkar edilməmişdir, yol-nəqliyyat hadisəsi “BMW 520 MİNlK” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, 00:47 vaxtında ekranda Zərərçəkmiş şəxs2 idarə etdiyi “BMV minik” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobilin “Gülüstan” sarayı tərəfdən “Teleteatr” istiqamətində normal sürətlə öz hərəkət zolağı ilə hərəkət etməsi görünür, arxası ilə isə qara rəngli “PRADO” markalı avtomobil hərəkət edir, əks hərəkət zolağı ilə də avtomaşınlar hərəkət edirlər. Öz hərəkət istiqamətində sağa döngəyə çatanda həmin “BMV minik” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa əyləc işıqlarını yandırmaqla tormoz edib sürəti azaltdığı müşahidə olunur və görüntünün 01:01-ci vaxtında, yuxarıda göstərilən “13.12.2021, 15:46:00” vaxtında dirsəkvari döngədən qarşıdan gələn qara rəngli minik avtomobilinin ** PA *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında olması və qabaq hissəsi ilə həmin avtomobillə toqquşaraq zərbənin təsirindən öz həqiqi hərəkət zolağına çıxıb əks istiqamətdə dayanması, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobilin isə öz hərəkət zolağında, hadisə yerində qalması görüntülənir, sonra hər iki istiqamətdə hərəkət edən avtomobillər hadisə yerində maşınlarını saxlayırlar və görüntülər başa çatır. Görüntü 15:45:00-da başlayır və 15:47:00-da başa çatır, görüntü 02 dəqiqə davam edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş iş üzrə keçirilmiş canlı şəxsin ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 850 nömrəli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlər sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sol saidin aşağı 1/3-nin ön səthinin qançırı, sol qamış sümüyünün qapalı, yerini dəyişən sınığı, sol diz oynağının hemartrozu bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 13 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş canlı şəxsin ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 858 nömrəli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - döş sümüyünün və sağdan İ qabırğanın yerini dəyişməyən, İİ qabırğanın yerini dəyişən qapalı sınığı ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, üst dodağın əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. 13 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində arxa oturacaqda yerləşən sərnişin qismində əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş canlı şəxsin ekspertizasının 73 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər - baş beyinin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, eləcə də başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 13 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 18 fevral 2022-ci il tarixli, 8/192 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən etdiyi “BMW 330Cİ minik” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs BMW markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “BMW 520 MİNİK” markalı, ** PA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkının 02 fevral 2022-ci il tarixli 29/044 saylı məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı mülki iddialarının olmadıqlarının nəzərə alınması xahiş olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin) ifadələrini, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına olan AD seriyalı 051681 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti 13 mart 2025-ci il tarixə kimidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyanın ödənildiyi üçün, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbləri yoxdur, onunla barışmışlar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını xahiş edirlər. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulmuş ziyanı tam ödədiyini, bu səbəbdən barəsində olan cinayət işinə bəraətverici əsas olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini, təqsirləndirilən şəxsin də öz növbəsində barəsində olan cinayət işinə bəraətverici əsas olmadan xitam verilməsinə etiraz etmədiyini bildirməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı cinayət təqibinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığa yüngül zərər vurulmaya aid xəsarət yetirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci ilə nəzərdə tutulan cinayətin tərkibini deyil, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 münasibətdə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərərvurmaya aid hissə ittihamdan xaric olunmalı və onun cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməli, Təqsirləndirilən şəxs əməllərində Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərərvurmaya aid hissədə inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasının müəyyən olunması üçün qərarın surəti müvafiq materiallarla birlikdə Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Göstərlənlərdən əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.19-cu, 346.1.20-ci və 346.1.21-ci maddələrinə uyğun olaraq iş üzrə maddi sübut olan bir ədəd DVD-R markalı disk iş materiallarında saxlanılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və məhkəmə məsrəfi (ekspertiza xərci) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43, 87.5, 321, 346, 347, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 sağlamlıqlarına az ağır zərərvurmaya aid hissədə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərərvurmaya aid hissə ittihamdan xaric olunsun və onun cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilsin. Təqsirləndirilən şəxs əməllərində Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərərvurmaya aid hissədə inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən olunması üçün qərarın surəti müvafiq materiallarla birlikdə Səbail Rayon Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut bir ədəd “DVD-R” formatlı CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri, 21 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 162 (yüz altmış iki) manat pul tutulub, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Səbail Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİN AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar