Məhkəmə qərarları › İş №1(009)-90/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-90/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-90/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimklan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir, ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 24.07.2020-ci il tarixdə saat 17:30-da ünvan 3 ünvanının qarşısında olarkən Zərərçəkmiş şəxs, həyat yoldaşı Şahid1 barəsində etdiyi şikayəti geri götürməsini tələb etmiş, bu zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu qəsdən itələyərək, başının divara dəyməsi və yerə yıxılmasına səbəb olub ona baş beynin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı, sağ yanağın orta 1/3-nin sıyrığı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə o, öz evi üçün kondisioner almışdır. Həmin kondisioner xarab olduğu üçün o, qonşuluqda yaşayan Hüseynə müraciət etmişdir. Bundan sonra Hüseyn gələrək kondisioneri düzəltmişdir. Lakin bir qədər sonra kondisioner yenə də xarab olmuşdur. Belə olduğu təqdirdə o, Hüseynə verdiyi pulu tələb etmişdir. Lakin Hüseyn pulu verməkdən imtina etmişdir. Bundan sonra o, Hüseynin atasından həmin pulu istəmişdir. Hüseynin atası onun Hüseynə verdiyi 250 manat puldan ona 150 manat qaytarmış və o, həmin pulun üzərinə özü də pul qoyaraq kondisioneri yenidən düzəltmişdir. Bu hadisədən sonra Hüseyn hər dəfə onu görəndə ona atasından pul aldığını demiş və narazılıq etmişdir. 23 iyul 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı evin yaxınlığında küçədə dayanan zaman Hüseyn taksi ilə yanından keçərkən ona tərs-tərs baxmışdır. Bundan əvvəl də Hüseyn həmin kondisioner söhbətinə görə onu görəndə dodağının altında nəsə deyirmiş. Bu dəfə də Hüseyn ona tərs-tərs baxdığı üçün o, Hüseyndən hansı səbəbə bu formada baxdığını soruşduqda Hüseyn taksidən düşərək onun üzərinə gəlmişdir. O, Hüseynə nəyə görə hər dəfə ona bu formada baxdığını soruşmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış və Hüseyn onu vurmuşdur. Hüseyn onu vuran zaman qonşuluqda yaşayan Hüseynin qohumu Tərlan da gələrək onu vurmuşdur. Həmin vaxt orada olan qonşular onları aralamışlar. Həmin vaxt arvadı Sevinc oraya gəlmiş və bildirmişdir ki, Hüseynin evinə gedərək valideyni ilə danışacaq. Bundan sonra Sevinc Hüseyngilin evinə getmişdir. Bir qədər sonra o, evdən səs gəldiyini eşitmişdir. Bundan sonra o, qonşularla birlikdə evə qalxmışdır. Evə qalxdıqda görmüşdür ki, həyat yoldaşı Sevinc və Hüseynin anası Şəfəq birbirlərinin saçlarından tutmuşlar. Həmin vaxt Tərlan və Hüseyn da evdə olmuş onu gördükdə otağa girmişlər. Bundan sonra o, Sevincin qolundan tutub evdən çıxarmışdır. Sevinc evdən çıxmaq istəmədiyi üçün o, Sevinci məcbur evdən çıxartmışdır. Bu zaman Sevincin srığaları evə düşmüşdür. Həmin vaxt orada olan qonşular Xavər, Ruslan, Xəyalə və adını bilmədiyi digər qonşular olmuşdur. O, ilkin olaraq Hüseyn ilə mübahisə etmiş, lakin Tərlan gəldikdən sonra münaqişə yaranmış, münaqişə zamanı xəsarətlər aldığını hiss etmiş, o, almış olduğu xəsarətlərin ona Tərlan tərəfindən yetirilməsini düşünmüşdür. Hüseynlə aralarında mübahisə yaranmasına səbəb Hüseynin 2019-cu il tarixdə ona məxsus evin kondisionerini təmir etməsi, lakin təmir etməsinə baxmayaraq yaxşı işləməməsi və onun vermiş olduğu pulu geri istəməyi olmuşdur. Növbəti gün 24 iyul 2020-ci il tarixdə səhər saatlarında o, işə getmiş, həmin gün axşam 19 radələrində evə gəlmişdir. Həmin gün o, ümumiyyətlə Nüybarı görməmişdir. O, evə gəldikdə öyrənmişdir ki, Nüybar evə gələrək yoldaşı Sevinci təhqir etmiş və onların arasında dava-dalaş olmuşdur. 24 iyul 2020-ci il tarixdə səhər saatlarında o, işə getmiş və axşam saat 19 radələrində qayıtmışdır. O, fərdi evdə işlədiyi üçün bu barədə arayış təqdim edə bilməmişdir. Lakin həmin evin sahibi Binəqədi rayon polis idarəsinin müstəntiqi Mehman olmuş, həmin ünvan keçmiş Nəqliyyat Nazirliyinin arxasında olan yenitikili olmuş, həmin ünvanda təmir işlərinə rəhbərliyi Mehmanın qardaşı Sabir Ələsgərov həyata keçirmiş və 24 iyul 2020-ci il tarixdə onun işdə olduğunu bilmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 24 iyul 2020-ci il tarixdə işə gedərkən mobil telefonunu evdə unutmuşdur. Zərərçəkmiş şəxs vurmadığını, ona xəsarət yetirmədiyini, həmin vaxt evdə olmadığını bildirərək məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 23 iyul 2020-ci il tarixdə axşam saat 21 radələrində evində yemək yeyirmiş. O, yemək yeyərkən qəfildən Şəfəqin oğlu və onun kürəkəni Hüseyn içəri girərək qışqırmağa başlamışdır. Onlar Hüseyndən nə baş verdiyini soruşmağa imkan tapmamış qəfildən evə qonşuluqda yaşayan Sevinclə həyat yoldaşı Mübariz, Sevincin anası, həmçinin 15 nəfərə yaxın qonşuluqda yaşayan şəxslər daxil olmuşdur. O, həmin şəxslərin Hüseynin arxasınca gəldiyini başa düşmüş və tez Hüseyni yataq otağına salaraq qapını bağlamışdır ki, münaqişə baş verməsin. İçəri daxil olan kimi, Mübariz yataq otağına tərəf gedərək qapını yumruqlamağa başlamışdır ki, Hüseyn çölə çıxsın. Sevinc onun saçından tutaraq dartmışdır. Sevincin anası isə Şəfəqin saçından yapışaraq dartmağa başlamışdır. Evdə səs-küy baş vermişdir. Bundan sonra o, Mübarizə tərəf gedərək uzaqlaşdırmağa çalışmış, Mübariz onun qolundan tutaraq sıxmağa başlamış və demişdir ki, yataq otağının qapısının açarını versin. Həmin vaxt Mübariz evdə olan tozsoranı, evin pəncərəsini, arxa otaqda Hüseyn olan otağın qapısını, həmçinin evdə olan kondisioneri sındıraraq yararsız hala salmışdır. Həmin vaxt o, Şəfəqə məxsus mobil telefonla videoçəkiliş etmişdir ki, sonradan polisə bu barədə məlumat verdikdə sübut olsun. Mübariz bunu gördükdə Şəfəqə məxsus onun əlində olan mobil telefonu əlindən alaraq yerə vurub yararsız hala salmışdır. Bundan sonra o, öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onun polisə yığdığını gördükdən sonra Mübariz bir qədər sakitləşmişdir. Sonra o və digərləri evi tərk etmişlər. Onlar evdən çıxan zaman o, özünə məxsus mobil telefonu ilə çəkiliş etmiş və həmin görüntüləri də polisə təqdim etmişdir. Bundan sonra Hüseyn otaqdan çıxmış və bildirmişdir ki, bir qədər əvvəl həyətdə olarkən Mübarizlə mübahisəsi yaranmış, lakin aralarında dava-dalaş olmamışdır. Həmin vaxt Sevinc çöldə qışqırmağa başlamışdır ki, sırğaları onun evinə düşmüşdür. O, baxdıqda görmüşdür ki, yerdə Sevincə məxsus sırğalar vardır. Şəfəq sırğaları götürmüş və saxlamışdır ki, polis gəldikdə versin. Ona görə ki, onlar ehtiyat etmişdir ki, sırğanı Sevincə qaytarsalar sonra Sevinc yalandan şikayət edə bilər ki, sırğa qaytarılmayıb. Bu barədə Sevincə də demişdir ki, sırğaları polisə verəcəklər. Bundan sonra polis əməkdaşları gəlmiş və mənzilə baxış keçirtmişlər. Səhəri gün yəni 24 iyul 2020-ci il tarixdə o, Şəfəqlə birlikdə gecə baş verən hadisə ilə əlaqədar Səbail RPİ-nin 8-ci polis bölməsinə getmişdir. Bölmədə olarkən o, Şəfəqlə düşünmüşdür ki, qonşuluq münasibətinin pozulmaması üçün şikayət etməsinlər və şikayət etməmişlər. Sonra Şəfəq işə getmiş, o isə bacısıgilə getmişdir. Sevincə məxsus sırğalar isə Şəfəqin çantasında qalmışdır. Bacısıgilin evi də onların evin yaxınlığındadır. O, bacısıgildən çıxıb evə gəldikdə ərazinin sahə inspektoru Füzulinin Sevincgilin evinin yaxınlığında olduğunu görmüşdür. Füzuli onu gördükdə Sevincin sırğalarını qaytarıb-qaytarmadığını soruşmuşdur. O, cavab verməyə imkan tapmamış Sevinc evdən çıxaraq onun üzərinə gəlmiş və qulağındakı sırğaları dartaraq çıxartmış, bundan başqa boynundakı boyunbağını və köynəyində olan yaxa sancağını dartıb qopartmışdır. Bunun nəticəsində onun qulağının dərisi zədələnmişdir. Daha sonra saçlarını yolmuşdur. Onun qarın nahiyyəsinə təpiklə zərbə vurmuşdur. Həmin vaxt Sevincin anası onun qollarından tutaraq saxlamışdır ki , o, Sevincə müqavimət göstərə bilməsin. Sevinc onun sırğalarını, boyunbağını və yaxa sancağını götürərək getmiş və bildirmişdir ki, o, Sevincin sırğalarını verdikdə Sevinc də onun sancağını qaytaracaq. Həmin vaxt Sevincin bacısı da orada olmuş və onları aralamağa çalışmışdır. Bundan sonra polis avtomobili gəlmiş və o, minərək 8-ci Polis Bölməsinə getmişdir. Bölmədə yenidən bu barədə izahat yazmış və ona tibbi ekpertizaya getmək üçün qərar vermişlər. O, qərarı da götürüb ekspertizaya getmiş və ekspertiza bağlı olduğu üçün evə getmişdir. Həmin gün o, Ucara gedəcəkmiş. Buna görə də evdən çıxmışdır. Evin qarşısında Sevincin yoldaşı Mübariz ona yaxınlaşaraq polisə verdiyi şikayəti geri götürməyini tələb etmiş və götürməyəcəyi təqdirdə evini yandıracağını, oğlu Tərlan və yoldaşını öldürəcəyi ilə hədələmiş və onun üzərinə gələrək qarın nahiyəsinə təpik vurmuş və onu itələmişdir. Həmin vaxt Mübarizin onu itələməyi nəticəsində başı divara dəymiş və üzü üstə yerə yıxılmışdır. O, huşunu itirmişdir. Özünə gəldikdə xəstəxanada olduğunu görmüşdür. O, 5-6 gün xəstəxanada qalmışdır. Sonra çıxaraq ekspertizaya getmişdir. 23 iyul 2020-ci il tarixdə evə daxil olan şəxslərdən o, Sevincin evində işləyən Xəyalə, Xəyalənin həyat yoldaşını, Mübarizin qardaşını, Sevincin bacılarının ərini, Sevincin bacısını görmüşdür. Həmin şəxslərdən yalnız Sevinc onun saçından Sevincin anası isə Şəfəqin saçından tutmuşdur. Mübariz onun qollarından tutaraq sıxmış, həmçinin evdə olan tozsoranı, ayaqqabı rəfini, stulları və Şəfəqin mobil telefonunu yararsız hala salmışdır. Həmçinin Sevinc, Mübariz və Sevincin anası Şəfəqi də yumruqlarla vuraraq döymüşlər. Bundan başqa digər şəxslər sakitlik yaratmağa çalışmışlar. Onun Sevinclə mübahisəsi olmamışdır. Sevincin Şəfəqlə mübahisəsi yaranmışdır. Buna da səbəb Şəfəqin oğlu Hüseynin Sevincin evinin kondisionerini düzəltməsi, Sevincin isə bunu bəyənməməsi və Hüseyndən pulunu geri istəməsi olmuşdur. Sevinc və əri Mübariz hələ də həmin hadisəyə görə Hüseynlə mübahisə aparır. Sevincin əri Mübariz Hüseynlə mübahisə etmişdir. Həmin vaxt oğlu Tərlan orada olmamışdır.Həmin vaxt Hüseynin tanışı Rahil orada olmuşdur. Həmçinin əgər onun oğlu Mübarizi vurmuş olsaydı, Sevinc elə bir xarakterə malik insandır ki, polisə məlumat verərdi və onun evinə gəlməzdi. Həmçinin Sevinc onun evinə tək yox 15 nəfərə yaxın adamla gəlmişdir. Həmçinin evə daxil olarkən də Tərlanı deyil, Hüseyni çağıraraq qışqırmışdır. Hadisədən sonra Xəyalə onların evinə gəlmiş, lakin o, Xəyaləyə bildirmişdir ki, sırğaları polisə verəcək. O, Sevincin evinə getməmiş və Sevincə sillə vurmamışdır. Həmçinin orada Xəyalə, Səriyyə olmamış, sahə inspektoru Füzuli olmuşdur və Sevinclə anası onu döymüşlər. Sevincin bacısı da orada olmuşdur. Həmin vaxt Sevincin anası onun qollarından tutmuşdur. Buna görə də o, Sevincin saçından tuta bilməzdi. Həmçinin Mübarizin dediyi kimi evdə olarkən sakit vəziyyət olmamış, qeyd etdiyi kimi Mübariz evdə olan əşyaları yararsız hala salmış, Hüseynin olduğu yataq otağının qapısına yumruq zərbələri vuraraq Hüseynin çölə çıxmağını tələb etmiş, nalayiq söyüşlər söymüş, yalnız o, DİN-in 102 xidmətinə məlumat verdikdən sonra çıxıb getmişlər. Ümumilikdə evdə olan əmlaklara vurulan ziyana görə ona maddi ziyan dəymişdir. 23 iyul 2020-ci il tarixdə o, Sevinclə dalaşarkən Sevinc onun qulağındakı sırğaları, boyunbağını və yaxa sancağını dartıb özü ilə aparmışdır. Həmin sırğa və boyunbağılar qızıldandır. Bundan başqa 23 iyul 2020-ci il tarixdə həmin şəxslər onun evinə daxil olarkən evdə azyaşlı uşaqları qorxmuşdur. Eyni zamanda özü də xəsarət aldıqdan sonra xəstəxanada olarkən və xəstəxanadan çıxdıqdan sonra dərmanlara 1350 manat pul xərcləmişdir. O, sırğaları ona görə saxlamışdır ki, həmin sırğaları polisə təhvil versin. Çünki o, düşünmüşdür ki, sırağaları Sevincə qaytarsa Sevinc sonradan sırğaları götürmədiyini deyər. Həmçinin həmin vaxt Sevincin saç sancağı da olmuşdur ki, o, sancağını da qaytarmışdır. O, 24 iyul 2020-ci il tarixdə saat 17-də Bayıl qəsəbəsində yerləşən tibbi ekspertizaya getmiş və ekspertiza bağlı olmuşdur. Bundan sonra ekspertizadan çıxaraq evinə getmişdir. Evdə paltarlarını dəyişmiş və həmin gün Ucara gedəcəyi üçün evdən çıxmışdır.Evdə təxminən yarım saat olarmış. Evdən çıxan kimi qapının qarşısında Mübarizi görmüş və aralarında münaqişə olmuş və ona bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər yetirmişdir. Həmin vaxt o huşunu itirmişdir. Buna görə də yanında olan qadının kim olduğunu və başqa ünvana hansı səbəbə çağırış daxil olduğunu bilmir. Hadisə nəticəsində ona ziyan dəymişdir və vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 23 iyul 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı evə gedən zaman küçədə həyat yoldaşı Mübarizin qonşuluqda yaşayan Hüseyn və Hüseynin qohumu Tərlanla mübahisə etdiyini görüb yaxınlaşmışdır. O, Tərlana yoldaşı ilə mübahisə etməsi səbəbindən irad bildirdikdə Tərlan onun sol qolundan tutub möhkəm sıxaraq onu divara itələmişdir. O, Tərlanın və Hüseynin bu əməllərindən valideynlərinə şikayət etmək üçün evinə getmişdir. O, evdə Tərlanın anası Nüybara bədən xəsarətlərini göstərdikdə Nüybar qışqıraraq onun üzərinə gəlmişdir. Bu zaman evdə münaqişə yaranmışdır. Münaqişə zamanı onun arxasınca həyat yoldaşı və küçədə olan qonşular da gəlmişdir. Həmin vaxt o, Şəfəqdən tələb etmişdir ki, oğlu Hüseyni çölə çıxartsın. Şəfəq isə oğlunu otağa salıb qapını da bağlamışdır. Həmin vaxt onunla Şəfəqin arasında münaqişə düşmüşdür. Bundan sonra həyat yoldaşı onu sakitləşdirərək evdən çölə çıxartmağa çalışmışdır. Münaqişə zamanı o, qulağında olan sırğaları evə düşürtmüşdür. Həmin gecə polis əməkdaşları hadisə yerinə gəlmişdir. Növbəti gün 24 iyul 2020-ci il tarixdə o, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə getmiş və bölmədə olarkən qarşılıqlı barışıq olmuşdur. Bundan sonra həmin gün saat 15 radələrində o, qonşusu Xəyaləni Şəfəqin evinə göndərmişdir ki, onun sırğalarını gətirsin. X8 sırğaları verməkdən imtina etmişlər. Belə olduqda o, ərazinin sahə inspektoru Füzuliyə zəng vuraraq bu barədə məlumat vermişdir. Füzuli onun zənginə görə gəlmiş və Nüybarla danışmağa başlamışdır. Həmin vaxt o, bir daha bildirmişdir ki, sırğaları Nüybardadır. Həmin vaxt Nüybar ona tərəf gələrək onu söyüb təhqir etməyə başlamışdır. O, Nüybarın bu hərəkətlərinə görə Nüybarın üzünə sillə vurmuşdur. Nüybar yenə də onu təhqir edərək onu əxlaqsız adlandırmışdır. Bundan sonra o, Nüybarın saçından tutmuşdur. Nüybar da onun saçından tutaraq saçını yolmuş və onu yerdə sürümüşdür. Həmin vaxt orada olan sahə inspektoru Füzuli və qonşusu Xəyalə onları aralamışlar və Nüybar onu söyə-söyə küçəyə çıxmışdır. O, Nüybarın arxasınca qaçmış və onlar yenə dalaşmışlar. Bundan sonra polis əməkdaşları gələrək Nüybarı aparmışlar. Həmin vaxt orada əvvəlcə sahə inspektoru Füzuli və qonşusu Xəyalə olmuş, sonra Nüybar küçəyə getdikdə o, da Nüybarın arxasınca getmiş və orada digər qonşular olmuş, onun yoldaşı Mübariz işdə olmuş və həmin gün ümumiyyətlə Nüybarı görməmiş və Nüybarı vurmamışdır. Həmçinin Nüybarla onun arasında olan münaqişə zamanı onun anası və bacısı orada olmamışdır. O yoldaşı evdə olmadığından axşam yoldaşı Mübariz evə gələndən sonra bölməyə gələcəyini bildirmiş və 24 iyul 2020-ci il axşam saatlarında Mübarizlə birlikdə bölməyə izahat vermək üçün yaxınlaşmışdır. Həmçinin 23 iyul 2020-ci il tarixdə evdə olan zaman heç kim heç kimi vurmamışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, onun Bakı şəhəri, Tblisi prospekti 1087, “Qrand” həyat yaşayış kompleksində evi vardır. Həmin evdə 2020-ci ilin mart ayından təmir işləri getmişdir. Evdə təmir işlərini Təqsirləndirilən şəxs adlı şəxs həyata keçirmişdir. O, hər səhər saat 09-da həmin mənzilə gəlib, həmin gün üçün müvafiq tapşırıqları verir və gedir. Mənzilin açarı Mübarizdə olur və Mübariz özü sonradan qapını bağlayaraq çıxıb gedir. Mənzilin açarı Mübarizdə olduğuna görə o, yalnız səhər 9-da Mübarizlə görüşür. Evdən getmək vaxtını Mübariz özü tənzimləyir. O, bunu bilmir. 24 iyul 2020-ci il tarixdə Mübarizin işdə olub-olmadığını xatırlamır. Mübariz işdən çıxmaq vaxtını özü tənzimlədiyindən o, qeyd olunan tarixdə və saatda Mübarizin işdə olub-olmadığını bilmir. İş rejiminin səhər saat 09:00 radələrindən başlayaraq binanın qapılarının bağlanma vaxtınadək saat 18:00-dək çəkdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 24 iyul 2020-ci il tarixdə saat 17:43də stansiyaya 2-ci Bibiheybət 19, mənzil 19 ünvanına çağırış daxil olmuş və bununla əlaqədar olaraq o, təcili yardım maşını ilə çıxmış, qeyd olunan ünvana çatdıqda ikinci mərtəbəyə qalxarkən orada 2 nəfər qadın olduğunu görmüş və onlardan biri çarpayıda uzanmış vəziyyətdə olmuşdur. O, həmin qadının kim olduğunu soruşduqda məlum olmuşdur ki, həmin şəxs Zərərçəkmiş şəxsdır. Nüybarın yanında olan digər qadının kim olduğunu bilməmişdir. Ondan şikayəti barədə şoruşmuşdur. İlkin görünüşdə qadının üzərində cızılmış, sıyrılmış yaralar olmuş, o həmin qadına ilkin tibbi yardım göstərmiş və xəstəxanaya aparmağa ehiyac olmadığını bildirmişdir. Lakin xəstənin yanında olan digər qadın təkidlə xəstəni xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir.Təkidlərdən sonra o, Zərərçəkmiş şəxs təcili yardım maşını ilə aparıb 3 saylı Şəhər Klinik Xəstəxanasına təhvil vermişdir. O, Zərərçəkmiş şəxs yanında olan qadının anket məlumatlarını soruşmamışdır. Stansiyaya çağırış 103-dən daxil olur və onlar çağırışı kimin etdiyini bilmirlər. Yalnız deyilən ünvana gedirlər. Çağırışda həmin ünvanın 2-ci Bibiheybət 19, mənzil 9 olması göstərilsə də həmin tarixdən artıq xeyli müddət keçdiyi üçün o, həmin ünvanı xatırlamır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, onun oğlu Hüseyn kondisioner ustasıdır. Hüseyn 2019-cu ildə onun keçmiş qonşusu Sevincgilin evində kondisioner düzəltmişdir. Sonradan Sevinc həmin kondisionerin işləmədiyini demiş və tez-tez oğlu Hüseyndən kondisioner üçün verdiyi 150 manat pulu istəmişdir. Həmçinin Sevincin əri Mübariz də oğlu Hüseyni görəndə kondisionerə görə mübahisə etmiş və həmin pulu istəmişdir. Bütün bu söz-söhbətlərə son qoymaq üçün o, oğlundan xəbərsiz Sevincə 150 manat pul vermişdir ki, bu söz-söhbətlər qurtarsın. Lakin buna baxmayaraq bu mübahisələr davam etmişdir. O, 20 avqust 2020-ci il tarixə kimi Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibiheybət ev 33A ünvanında yaşamışdır. Həmin ünvan iki mərtəbəli həyət evidir. Həmin evin ikinci mərtəbəsində o, öz ailəsi ilə yaşayır. Birinci mərtəbəsində isə Nüybar öz ailəsi ilə yaşayır. Onun qızı Nüybarın oğlu Tərlan ilə nişanlıdır. 23 avqust 2020-ci il tarixdə axşam saat 21 radələrində onlar hamısı bir yerdə yemək yeyirmişlər. Yemək yeyərkən qəfildən oğlu Hüseyn içəri girərək qışqırmağa başlamışdır. Hüseyn “daha burada yaşamaq istəmirəm, bezmişəm” sözlərini demişdir. Onlar Hüseyndən nə baş verdiyini soruşmağa imkan tapmamış qəfildən evə qonşuluqda yaşayan Sevinclə Sevincin həyat yoldaşı Mübariz, Sevincin anası, həmçinin 15 nəfərə yaxın qonşuluqda yaşayan şəxslər daxil olmuşdur. O, başa düşmüşdür ki, həmin şəxslər Hüseynin arxasınca gəlmişdir və buna görə də tez Hüseyni yataq otağına salaraq qapını bağlamışdır ki, münaqişə baş verməsin. İçəri daxil olan kimi, Mübariz yataq otağına tərəf gedərək qapını yumruqlamağa başlamışdır ki, Hüseyn çölə çıxsın. Sevinc onun üzərinə gələrək nalayiq söyüşlər söymüş və onun saçından tutmuşdur. Bundan sonra Mübariz, Sevinc və Sevincin anası onu yumruqlarla hər iki qoluna vurmağa başlamışlar. Sevinc dırnağı ilə onun boyun nahiyyəsini cırmaqlamışdır. Evdə səs-küy baş vermişdir. Azyaşlı uşaqlar qorxub qışqırmışdır. Həmin vaxt Mübariz evdə olan tozsoranı, ayaqqabı rəfini və stulları sındıraraq yararsız hala salmışdır. Həmin vaxt ona məxsus mobil telefonla Nüybar videoçəkiliş etmişdir. Mübariz bunu gördükdə mobil telefonu Nüybarın əlindən alaraq ikinci mərtəbədən aşağı ataraq yararsız hala salmışdır. Bundan sonra Nüybar öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra Mübariz bir qədər sakitləşmişdir. Sonra o və digərləri evi tərk etmişlər. Bundan sonra Hüseyn otaqdan çıxmış və bildirmişdir ki, bir qədər əvvəl həyətdə olarkən Mübarizlə mübahisəsi yaranmış, lakin aralarında dava-dalaş olmamışdır. Həmin vaxt Sevinc çöldə qışqırmağa başlamışdır ki, sırğaları evə düşmüşdür. Bundan sonra onlar görmüşlər ki, yerdə Sevincə məxsus sırğalar, həmçinin bir ədəd saç sancağı vardır. O, sırğaları və sancağı götürmüş və saxlamışdır ki, polis gəldikdə polisə versin. Bundan sonra polis əməkdaşları gəlmiş və mənzilə baxış keçirtmişlər. Səhəri gün yəni 24 iyul 2020-ci il tarixdə o, Nüybarla birlikdə gecə baş verən hadisə ilə əlaqədar Səbail RPİ-nin 8-ci polis bölməsinə getmişdir. Bölmədə olarkən o, Nüybarla düşünmüşdür ki, qonşuluq münasibətinin pozulmaması üçün şikayət etməsinlər və şikayət etməmişlər. Sonra o, işə getmişdir. Nüybar evə gedərkən Sevinc qarşısına çıxmış və Nüybarı nalayiq ifadələrlə təhqir edərək döymüşdür. Bölməyə gedərkən Sevincə məxsus sırğalar və sancaq onun çantasında olmuşdur. Bölmədə olarkən o, təqdim etməyi unutmuşdur. Həmçinin o, həmin vaxt şikayət etmədiyi üçün ekspertizadan keçməkdən imtina etmişdir. Sonradan o, biləndə ki, Sevinc Nüybarı döyüb, o, da şikayət etmək qərarına gəlmiş və aldığı xəsarətlərlə bağlı ekspertizadan keçmişdir.Həmçinin Sevincə məxsus sırğaları və sancağı da polisə təqdim etmişdir. Evə daxil olan şəxslərdən Sevinc, Mübariz və adını bilmədiyi Sevincin anası onun hər iki qollarına yumruqlarla vurmuşlar. Bundan başqa Mübariz onun ayağının baldır hissəsinə təpiklə vurmuşdur. Lakin o, ekspertizadan keçərkən utandığı üçün ekspertə ayağının baldır hissəsini göstərməmişdir. Buna görə də ekspert həmin nahiyyədə olan xəsarəti görməmişdir. Həmçinin həmin vaxt Sevinc onun boyun nahiyəsini cırmaqlamışdır. Bundan başqa Mübariz evdə Nüybara da xəsarət yetirmişdir. Digər şəxslər sakitlik yaratmağa çalışmışlar. O, ehtiyat etmişdir ki, sonradan Sevinc onlardan şikayət edə bilər ki, guya Sevincin sırğalarını və saç sancağını qəsdən götürmüşlər. Buna görə də sırğa və saç sancağını polisə təqdim etmişdir. 24 iyul 2020ci il tarixdə Mübarizin Nüybarı döyməsindən sonradan Nüybar xəstəxanada olanda onun məlumatı olmuş və bilmişdir ki, həmin gün Sevinc Nüybarı döydükdən bir qədər sonra Mübariz Nüybarın qarşısına çıxaraq verdiyi şikayəti geri götürməsini tələb etmiş və Nüybarı döymüşdür. Həmçinin özü də xəsarətlər almış, xəsarətlər ona evdə olarkən Sevinc, Sevincin anası tərəfindən yetirilmişdir. Sevinc dırnağı ilə onun boynunu cırmaqlamışdır. Sonra Sevinc, Mübariz və Sevincin anası onun hər iki qoluna yumruqla vurmuşlar. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Sevinc ilə qonşuluqda yaşayır. Uşaqları eyni yaşda oluğundan və aralarında münasibət olduğundan daimi bir birilərinin evlərinə gedib gəlirlər. Hadisə ilə əlaqədar bildirmişdir ki, 24 iyul 2020-ci il tarixdə Sevinc ona sırğasını Şəfəqgildə düşürdüyünü bildirərərək gedib ondan almasını xahiş etmişdir. O Şəfəqgilə getmiş, lakin Nüybargil sırğanı ona veməmişlər. Sonra Sevinc sırğanı alması üçün sahə müvəkkili Füzuli İbrahimova zəng etmişdir. Sahə müvəkkili Sevincgilin məhləsinə gəlmiş bu zaman Nüybar da məhlədə olmuşdur. Sahə müvəkkili Nüybara Sevincin sırğalarını qaytarmalarını bildirmiş bu zaman Nüybarla Sevinc arasında dava dalaş başlamışdır. Onlar hər iki qadını ayırmağa çalışmışlar. Sonra polis bölməsindən gəlmişlər və Nüybarı bölməyə aparmışlar. Sevinc isə Mübariz işdə olduğundan onunla əlaqə saxlaya bilmədiyindən polislərə axşam əri işdən gələndən sonra onunla birlikdə bölməyə gəlib izahat verəcəyini bildirmişdir. Sevincin əri Mübarizlə əlaqə saxlaya bilməməsinin səbəbi isə Mübarizin telefonunun evdə qalması olmuşdur. Telefon evdə qaldığından Sevinc Mübarizə baş verənlər barədə axşam işdən gəldikdən sonra məlumat vermiş və onlar bölməyə getmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 5 ilə yaxındır ki, Nüybar və Mübarizlə qonşuluqda yaşayır. Onun evi hər iki qonşunun evinin arasında yerləşir. Hadisə ilə əlaqədar bildirmişdir ki, yay ayı olduğundan, həmçinin anası da xəstə olduğundan bütün günü həyətdə olurdular. 23 iyul 2020-ci il tarixdə Sevinclə Nüybar arasında söz söhbət olmuş, gecə səs küyə çıxmış və Sevinci Şəfəqgilin evindən çıxarmışdır. 24 iyul 2020-ci il tarixdə günorta saatlarında isə yenə səs küyə gələrək Sevinclə Nüybarın dalaşdığını görmüş, orda olan sahə müvəkkili və digər şəxslərlə birlikdə onları ayırmağa çalışmış, mübahisə davam etdiyindən polis bölməsindən gələrək Nüybarı bölməyə aparmışlar. Mübariz həmin dalaşmada orda olmamış, Mübarizin mütəmadi axşam saat 19-20 radələrində işdən gəldiyini bildirmişdir. Nüybarla qonşuluqda yaşadığından həmin gün günorta Sevinclə Nüybar arasında olan davadan başqa heç nə eşitməmiş, təcili yardımın gəlməsini görməmişdir. Bütün günü həyətdə olduğundan hər hansı bir səs gəlsə eşitmə ehtimalı çox olduğundan görə biləcəyini bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 28 iyul 2020-ci il tarixli 367 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı, sağ yanağın orta 1/3-nin, döş qəfəsinin ön səthinin sağ yarısında İİ-İV qabırğalararası sahənin, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları, sol bazunun aşağı 1/3-nin arxa səthinin cüzi şişkinlik fonunda qançırı, sol dirsək oynağının arxa səthinin sıyrığı, sağ saidin yuxarı 1/3-nin ön səthinin qançırı, sol əl pəncəsinin arxa səthində İİİ daraq sümüyü proyesksiyasının sıyrıqları, sol budun yuxarı 1/3-nin ön-bayır səthinin qançırı, sağ baldırın yuxarı 1/3-nin ön, sol baldırın yuxarı-orta 1/3-nin arxa səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 24 iyul 2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırə və sağ yanağın orta 1/3-nin sıyrığı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcləri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. 30 sentyabr 2020-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakt əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 30 oktyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 12 noyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. 14 noyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 20 dekabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 29 dekabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 30 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. 30 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs bir uşağı vardır – 20 fevral 2010-cu il təvəllüdlü X4. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər rəyləri tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində 24 iyul 2020-ci il tarixdə hadisə baş verən vaxtevdə olmadığını bildirsə də, ibtidai istintaq zamanı 21 dekabr 2020-ci il tarixdə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, 24 iyul 2020-ci il tarixdə üzərində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs dövlət hesabına göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Nümayəndə Akif oğluna Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 194 və 196 maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimklan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Nümayəndə Akif oğlu tərəfindən Zərərçəkmiş şəxs dövlət hesabına göstərilmiş hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar