Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-91/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Cəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyun 2020-ci il tarixdə saat 22:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanda yerləşən «Boranı» restoranı ilə üzbəüz olan oturacağın üstündən Zərərçəkmiş şəxs məxsus bir ədəd içində 10 manat dəyərində ***-***-**-** GSM nömrə kartı olan 900 manat dəyərində «Xiaomi» markalı, M1903F10G modelli mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış və rəsmi olaraq heç bir yerdə işləmir. 08 iyun 2020-ci il tarixdə o, bir qədər spirtli içki qəbul etdikdən sonra həmin ərazidə gəzişərkən “Boranı” restoranı ilə üzbəüz uzaqdan oturacaqların birində mobil telefon görmüş və oturacağa yaxınlaşıb əyləşmişdir. Həmin vaxt o, oturacağın üzərində qalan həmin mobil telefonu oğurlamaq istəmişdir. O telefonu götürüb gedən zaman oturacağda əyləşən digər şəxs ondan mobil telefonun ona məxsus olub-olmadığını soruşmuşdur. O da mobil telefon onun tanışına məxsus olduğunu deyərək ona qaytaracağını bildirmişdir. Bundan sonra o, həmin mobil telefonun içində olan nömrə kartını çıxarıb yaxınlıqda yerləşən oturacağın altına atmış, “XİOMİ Mİ 9 T“ markalı mobil telefonu isə səhəri günü Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında yerləşən telefon alqı-satqısı mağazasında tanımadığı satıcıya öz şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 260 manata satmışdır. Əməlindən peşman olduğunu, oğurluq hadisəsinin maddi vəziyyəti ilə əlaqədar törətdiyini, dəymiş ziyanı tamamilə aradan qaldırdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08 iyun 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Səbail rayonu Mirzə İbrahimov küçəsində gəzmiş, yaxınlıqda yerləşən “Boranı” restoranı ilə üzbəüz yerdə yerləşən oturacaqda oturmuş və üzərində istifadə etdiyi özünə məxsus “ XİOMİ Mİ 9 T” markalı mobil telefonunu yanına qoymuşdur. Sonradan qalxaraq bir qədər gəzib həmin oturacaqdan təxminən 50-60 metr məsafədə uzaqlaşmış, həmin vaxtı mobil telefonunun üzərində olmadığını görüb oturacağın yanına qayıtmış, lakin telefonunun yerində olmadığını aşkar etmişdir. O, oturduğu oturacağın yanında oturan digər şəxslərdən ona məxsus mobil telefonu görüb-görməməkləri barədə soruşduqda, sonuncular bildirmişlər ki, bir qədər əvvəl oturacaqda əyləşən şəxs mobil telefonu oturacağın üstündən götürərək telefonun tanışına məxsus olduğunu və sahibinə qaytaracağını deyərək həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 910 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, o, həmin mobil telefonu 2020-ci ilin yanvar ayında 900 manata almış, ***-***-**-** mobil nömrəni isə 10 manata almışdır. Beləliklə oğurluq hadisəsi nəticəsində ona ümumilikdə cəmi 910 manat məbləində maddi ziyan dəymişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “ XİOMİ Mİ 9 T” markalı mobil telefon ona qaytarılmışdır. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 noyabr 2020-ci il tarixli 9/5319 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd arxa korpusu zədəli vəziyyətdə olan «Xiaomi» markalı, M1903F10G modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olduğunu nəzərə alaraq 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 350,00 manat, ***-***-**- ** saylı GSM nömrə 4,0 manat müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. 08 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd «Xiaomi» markalı, M1903F10G modelli mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. 02 avqust 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. 02 avqust 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 02 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunmalı şəxs müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılmışdır. 20 noyabr 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. 20 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 21 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 21 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmişdir. 28 dekabr 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsi ilə dayandırılmışdır. 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və davam etdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-91/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. 25 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuş və o Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o məhkəmə iclası zalında həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 23 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu həmin mobil telefonun ona məxsus olduğunu, 08 iyun 2020-ci il tarixdə axşam saat 22:00 radələrində ünvan 2 ünvanda yerləşən «Borani» restoranı ilə üzbəüz olan oturacağın üstündən oğurlandığını, həmin mobil telefonu rəngindən, markasından və üzərində olan müəyyən cizgilərdən tanımışdır. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış 28 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, o, müstəntiq Arif Qarayevdən özünən məxsus 01 ədəd «Xiaomi» markalı, M1903F10G modelli mobil telefonu işlək və sair vəziyyətdə qəbul etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 dekabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş və cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. İbtidai istintaq orqanı tərəfindən talanmış mobil telefonunun dəyərini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi ilə mobil telefonun dəyəri hadisə baş verən vaxta 350 manat müəyyən edilmişdir. Lakin ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi mobil telefonun alış qiymətini 900 manat əsas götürməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin (xırda talama) qeydinə müvafiq olaraq, talanmış əmlakın dəyəri 500 manatdan yuxarı olmadıqda, belə əməl (oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talama) inzibati xəta hesab edilir. Ona görə də oğurlanmış əmlakın dəyəri 500 manatdan az olduqda, belə hərəkətlər CM-nin 177-ci maddəsinin tərkibini yaratmır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 -ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1 -ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyun 2020-ci il tarixdə saat 22:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində ünvan 2 ünvanda yerləşən «Borani» restoranı ilə üzbəüz olan oturacağın üstündən Zərərçəkmiş şəxs məxsus bir ədəd içində 10 manat dəyərində ***-***-**-** GSM nömrə kartı olan 900 manat dəyərində «Xiaomi» markalı, M1903F10G modelli mobil telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməkdə təqsirləndirilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 27 noyabr 2020-ci il tarixli 9/5319 saylı rəyindən isə görünür ki, 1 ədəd arxa korpusu zədəli vəziyyətdə olan «Xiaomi» markalı, M1903F10G modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olduğunu nəzərə alaraq 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 350,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən edilmişdir. Belə olan halda ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 354 manat məbləğində ziyan vurmuşdur və göründüyü kimi bu məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün qanunverici tərəfindən müəyyən edilmiş 500 manatdan aşağı məbləği təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd «Xiaomi» markalı, M1903F10G modelli mobil telefonunun sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd «Xiaomi» markalı, M1903F10G modelli mobil telefon sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər Səbail Rayon Polis İdarəsinə göndərilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-91/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-91/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver