Məhkəmə qərarları › İş №1(009)-91/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-91/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-91/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2um qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16 Saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 dekabr 2022-ci il tarixdə saat 23:50 radələrində tanışı Şahid3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Nobel prospektində yerləşən Dənizkarı Milli Parkda olarkən, həmin vaxt atəş-fəşanlığa baxmağa gələn Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən görsənən “Samsung A13” markalı mobil telefonu ələ keçirtmək üçün, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən Şahid3 ətrafı müşaidə etmək üçün onun yanında dayanmış, o, isə Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sağ yan cibindən 200 manat dəyərində olan “Samsung A13” markalı mobil telefonu çıxardıb gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Ailyə Həsənovaya 200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 01 yanvar 2023cü il tarixdə saat 00:30 radələrində tanışı Şahid3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, “Torqovaya” adlanan ərazidə yerləşən “Pizza in” restoranın yaxınlığında olarkən, küçə ilə piyada hərəkət edən Zərərçəkmiş şəxs2 əynində olan cins şalvarın arxa cibindən görsənən pul qabını ələ keçirtmək üçün, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən o, ətrafı müşaidə etmək üçün Şahid3 yanında dayanmış, Şahid3 isə Zərərçəkmiş şəxs2 əynində olan cins şalvarın arxa cibindən içərisində 478 manat, həmin dövrün milli manat məzənnəsi 1 manat 70 qəpik təşkil edən 01 ABŞ dolları və həmin dövrün milli manat məzənnəsi 1 manat 15 qəpik təşkil edən 50 Rus rublu olan 5 manat dəyərindəki pul qabını çıxardıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2 ümumilikə 485 manat 85 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da,o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutlan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid3 və Şahid1 onun uşaqlıq dostlarıdır. 31 dekabr 2022-ci il tarixdə qərara gəlmişlər ki, birlikdə Bakı şəhərinə gedib bayramı qeyd etsinlər və həmin gün saat 22 radələrində üçü birlikdə Rahilə məxsus avtomobillə Bakı şəhərinə gəlmişlər. Avtomobili şəhərin mərkəzi küçələrindən birində saxlayıb piyada Dənizkənarı Milli Park ərazisində keçərək orada gəzişməyə başlamışlar. Bir qədər piyada gəzdikdən sonra qarşıda bir nəfər qadının əynindəki gödəkçənin sağ cibində mobil telefon olduğunu görüb və sıxlıqdan istifadə edib qadına yaxınlaşaraq Rahilin köməkliyi ilə mobil telefonu qadının cibindən götürmüşdür. Həmin şəxsin bunu hiss etmədiyini görüb sakitcə ondan uzaqlaşmış və mobil telefona baxan zaman acıq mavi rəngli “Samsung A 13” markalı olduğunu görmüşdü. Zərərçəkmiş şəxs2 məxsus pul qabının oğurlanmasından xəbəri olmamış, pul qabini oğurlamamışdır.Əməlindən peşmandır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 onun uşaqlıq dostlarıdır. 31 dekabr 2022-ci il tarixdə Rahil ona birlikdə Bakı şəhərinə gedib bayramı qeyd etməyi təklif etmiş, həmin günü saat 22 radələrində üçü birlikdə Rahilin avtomobili ilə Bakı şəhərinə gəlmişlər. Avtomobili şəhərin mərkəzi küçələrindən birində saxlayıb piyada Dənizkənarı Milli Park ərazisinə keçərək orada gəzişməyə başlamışlar. Bir qədər gəzişdikdən sonra saat 00 radələrində yeni ilin gəlişini qarşılamaq üçün parkda quraşdırılmış iri ölçülü ekranın qarşısında dayanmışlar. Təxminən 15-20 dəqiqə orada dayandıqdan sonra yenidən park ərazisində gəzişməyə başlamışlar. Orada Rahil yeraltı sanitar qovşağına daxil olmuş, o, həmin vaxt Ramin ilə çöldə dayanmışdı. Rahil sanitar qovşağından çıxıb Ramini onun yanından kənara çəkmiş, o, sonunculara yaxınlaşmaq istəyəndə söhbəti dəyişmişlər. Onlar daha sonra “Malakan” bağının yanındakı “Romaşka” adlı marketə daxil olmuş, orada Ramin iki ədəd siqaret qutusu götürüb kassaya yaxınlaşmış, lakin üzərindəki iki ədəd plastik kartdan heç biri ilə ödəniş edə bilməmişdi.O, Rahil Raminlə birlikdə başqa şəxsin pul kisəsini oğurlandığını başa düşmüşdür. Onlar marketdən çıxıb saat 01 radələrində Sumqayıta getmək üçün avtomobilə əyləşmiş, avtomobildə olan zaman Ramin cibindən iki ədəd “Samsung” markalı mobil telefon çıxarmışdı. O, telefonların Raminə məxsus olmadığını bildiyindən mobil telefonları haradan əldə etdiyini soruşmuş, Ramin isə ona telefonları “apardığını” söyləmiş və bu zaman Raminin telefonları oğurladığını bilmişdi. Söhbətdən başa düşmüşdü ki, Rahilin də oğurluqdan xəbəri olmuşdur. Bundan sonra onlar birlikdə Sumqayıt şəhərinə getmiş, yolda olan zaman Ramin mobil telefon vasitəsilə Kamandar adlı şəxsə zəng vuraraq iki ədəd oğurluq telefon olduğunu söyləyib telefonları ala bilib-bilməyəcəyini soruşmuş və onların danışığından belə başa düşmüşdü ki, sonuncular razılaşmışlar. Bundan sonra onlar birlikdə Sumqayıt şəhərinə 12-ci mikrorayona getmiş, yolda hərəkətdə olan zaman Rahil 01 ABŞ dolları əskinazı bükülmüş formada Raminə təqdim etmişdi. Orada Rahillə o, avtomobildə əyləşmiş, Ramin isə aşağı enərək Kamandarla görüşmüş və geri qayıdan zaman mobil telefonları Kamandara 150 manata satdığını bildirmişdir. Puldan 50 manat Rahilə, 10 manat isə ona vermişdi. Onlar Dənizkənarı Milli Park ərazisində gəzişən zaman Təqsirləndirilən şəxs və ya Şahid3 hər hansı bir şəxsə qarşı mobil telefon və ya pul kisəsi oğurladığının şahidi olmamış, o, “Romaşka” adlı marketə daxil olan zaman Rahil və Raminin cibgirlik edib pul kisəsi oğurlamasını, Sumqayıta qayıdan zaman isə iki ədəd mobil telefon oğurlamasını bilmişdi. İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli “cinayət işin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli təqdim olunan əşyanın götürülməsi barədə protokolundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şahid2 tərəfindən ona xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ona satılmış açıq mavi rəngli “Samsung A13” markalı mobil telefon təqdim edilmişdir. İş materiallarında olan 01 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, baxış zamanı hadisə yeri olan ünvan 5 ünvanı müəyyən olunmuşdur. İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 ərizə ilə Səbail RPİ 9-cu PB-nə müraciət edərək xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dənizkanarı Milli Park ofisində olna zaman cibindən ona məxsus Samsung A13 mobil telefonun oğurlanması barədə məlumat vermişdir. Baxış keçirilən yer Bakı şəhəri, Səbail rayonu, Dənizkanarı Milli Park adlanan ərazisidir. Baxış zamanı vətəndaş ona məxsus olan mobil telefonun oğurlandığı yeri göstərmiş, ətrafda nəzarət müşahidə kameralarının olmaması aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı vətəndaşlar tərəfindən təklif və irad daxil olmamışdır. İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli təqdim edilən əşyanın götürülməsi barədə protokolundan görünür ki, 01.xx.xx.2023-cü il tarixində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus pul kisəsinin oğurlanması ilə əlaqədar xx.xx.1983-cü il təvəllüdlü ünvan 6 ünvanında qeydiyyatda olan Şahid3 deməsinə görə Təqsirləndirilən şəxs Soltağa oğlu tərəfindən oğurlanmış, vətəndaş Zərərçəkmiş şəxs2 məxsus pul kisəsindən ona Təqsirləndirilən şəxs tərəfindən verilmiş bir ədəd 50 Rus rublu nominalda pul əskinazını təqdim edilmişdir. İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli təqdim edilən əşyanın götürülməsi barədə protokolundan görünür ki, 01.xx.xx.2023-cü il tarixində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus pul kisəsinin oğurlanması ilə əlaqədar xx.xx.1983-cü il təvəllüdlü ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs deməsinə görə Şahid3 tərəfindən oğurlanmış, vətəndaş Zərərçəkmiş şəxs2 məxsus pul kisəsindən ona Şahid3 tərəfindən verilmiş 01 ədəd 01 ABŞ dolları nominalda pul əskinazı təqdim edilmişdir. İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli “cinayət işinin tövsif edilməsi” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddələr ilə aparılmışdır. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli “təqsirlənidirilən şəxs qismində cəlb olunma” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs həbsdən dərhal azad edilməsi qərara alınmışdır. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinin” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” gətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixliüzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar hər ikisi istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. İş materiallarında olan 14 yanvar 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma” haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli itiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulub Səbail RPİ-nin MSY-nə təhvil verilməsi qərarı alınmışdır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 09 gün islah işləri 20% cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay 13 gün müddətinə azadlığın məhrum edilməsi cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 19 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 67, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlığın məhrum edilməsi cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhrum edilməsi cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Abşeron rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlığın məhrum edilməsi cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli, 1(060)-634/2023 saylı Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar toplanaraq ona qəti olaraq 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli 9/5686 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Samsunq A13» markalı, 32 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 200 manat müəyyən olunmuşdur. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli “cinayət işinin materiallardan başqa cinayət işinin ayrılması” haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işindən Şahid3, Şahid2 və Qoşqar adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və istintaqı aparılmışdır. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, həmin diskdə 5 ədəd fayl var. Həmin fayllar bir-bir açılaraq baxıldıqda görünür ki, iş üzrə təqsirləndirilən şəxs Kərimov X3 Rahil Nəsib oğlu ilə birlikdə Ramashka adlı mağazaya daxil olaraq oradan alver edirlər. Sonra mağazada olan kassaya yaxınlaşırlar və Şahid3 kassada dayanan satıcıya bir ədəd bank kartı təqdim edir, satıcı həmin kartı yoxlayaraq qaytarır, bundan sonra Şahid3 kassada dayanan satıcıya digər bir ədəd bank kartı təqdim edir. Satıcı həmin kartı da yoxladıqdan sonra geri qaytarır. Bundan sonra onlar birlikdə həmin mağazanı tərk edirlər. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli könüllü təqdim edilən əşyanın götürülməsi barədə protokolundan görünür ki, istintaqa təqdim olunmuş bir ədəd mobil telefondan çıxarılmış çıxarışı qəbul etdi. 01 yanvar 2023-cü il tarixdə saat 00.51-də onun istifadəsində olan mobil telefona “Ramashka” adlı mağazada ona məxsus bank kartından 07 manat 60 qəpik pul vəsaitinin silinməsinə cəhd olunmuş, lakin kartın balansında qalıq pul vəsaiti olmaması barədə sms daxil olmuşdur. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, Romashka mağazasından götürülmüş 01 (bir) ədəd CD- R disk, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Samsung A13 ” markalı mobil telefonun aparatı, 01 ABŞ dolları və 50 Rus rublu nominalda olan əskinazlar cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarından görünür ki, Romashka mağazasından götürülmüş 01 (bir) ədəd CD- R disk, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Samsung A13 ” markalı mobil telefonun aparatı, 01 ABŞ dolları və 50 Rus rublu cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 qəbzindən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus bir ədəd “Samsung A13 ” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli “təqsirlənidirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamın məzmununu dəyişdirilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb və heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 08 may 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş ziyan ödənilmiş və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi də, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadəsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Həmin Qərarında həmçinin qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-634/2023 saylı hökm çıxarılmazdan əvvəl, yəni 31 dekabr 2022-ci il tarixdə törədilmişdir. Belə olan halda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-634/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada qismən toplanılmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək, tutulduğu cəmi 02 (iki) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 01 (bir) ədəd disk və 01 (bir) ədəd 01 ABŞ dolları və 01 (bir) ədəd 50 Rus rublu nominalda olan əskinazlar cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-634/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 04 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək, tutulduğu cəmi 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)- 634/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə olan 01 (bir) ədəd disk və 01 (bir) ədəd 01 ABŞ dolları və 01 (bir) ədəd 50 Rus rublu nominalda olan əskinazlar cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar