Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-91/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 2002-ci ildə Beyləqan rayonun İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə A 153 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 aprel 2025-ci il tarixdə saat 12:45-də məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə, gecə saat 03 radələrində, ünvan 3 ünvanında yerləşən "Sahil" market mağazasının qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı və İctimai asayışı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zər tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyətdə bərqərar olan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutaraq, tanışı Zərərçəkmiş şəxs ilə əsassız mübahisə yaradıb, ictimai yerdə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatı istifadəyə yararlı ov bicağından silah qismində istifadə etməklə, həmin bıçaqla Zərərçəkmiş şəxs bud nahiyyəsindən bir andadah dirasol budun orta 1/3-nin bayır səthinin bir ədəd deşilmiş kəsilmiş yarası ilə müşayət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, həmin hərəkətləri ilə qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmiş, habelə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 iyul 2024-cü il tarixdə axşam saat 22 radələrində qohumu Zərərçəkmiş şəxslə zəngləşib görüşərək 06 iyul 2024-cü il tarixinə keçən gecə saat 03 radələrinə kimi Bakı şəhəri, Səbail rayonu, “Torqovıy” adlanan ərazini gəzərək müxtəlif market mağazalardan aldıqları pivə və digər spirtli içkiləri içərək qəbul etmişlər. 06 iyul 2024-cü il tarixdə gecə saat 03 radələri olduqda, Səbail rayonu, “Sahil” metrostansiyası yaxınlığında yerləşən “Sahil” adlanan market mağazasının qarşısında olarkən Rəşada vaxtın gec olmasını bildirərək evlərinə getmək üçün mobil telefonun tədbiqi ilə taksi sifariş vermiş, taksiyə aparacağı əvvəlcə Rəşadın yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki ünvanı, sonra isə yaşadığı Xəzər rayonu, Qala qəsəbəsindəki ünvanı göstərmiş, sifariş üzrə yol pulu 30 manat təşkil etmiş və bu barədə Rəşada bildirmişdir, çünki taksi pulunu əvvəlcədən Rəşad özü ödəyəcəyinə söz vermişdir. Həmin məbləği eşitdikdə Rəşad evə getmək istəməmiş və orada qalıb şəhəri səhərə kimi gəzib vaxtını keçirəcəyini demişdir. Rəşadın içkili olmasını görüb orada qoyub getmək istəməmiş, bunun üstündə aralarında mübahisə başlamışdır. Bu zaman Rəşad söyərək yumruqla sifətinə vurmuş, heç bir xəsarət almasa da, Rəşadı qorxutmaq üçün müəyyən müddət əvvəl Bakı şəhəri, 8-ci km qəsəbəsində yerləşən bazardan açıq satışdan aldığı və üzərində gəzdirdiyi açılıb-qatlanan cib bıçağını çıxarıb Rəşadı qorxutmaq üçün sonuncuya tərəf hərrəmiş, bu zaman Rəşad içkili olduğundan üstünə gəlmiş və bıçaq ayağına dəyib xəsarət almışdır. Rəşadın ayağından xəsarət almasını görüb qorxduğundan qaçıb getmiş, Rəşad isə orada qalmışdır. Sonra həmin günü polis əməkdaşları tərəfindən saxlanıldıqda Rəşada xəsarət yetirdiyi bıçağı təqdim etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəciyini, zərərçəkmiş şəxslə barışdığını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Baraşka” restoranında aşpaz işləyir. Təqsirləndirilən şəxs qohumudur. 05 iyul 2024-cü il tarixdə əvvəlcədən qohumu Məhəmmədəli ilə zəngləşərək görüşməyi razılaşmış, həmin günü saat 21 radələrində Məhəmmədəli ilə Bakı şəhəri, Səbail rayonu, Fontanlar Bağı adlanan ərazidə görüşmüş, “Torqovıy” adlanan ərazidə gəzişib əylənərkən müxtəlif market mağazalardan aldıqları pivə və digər spirtli içkiləri qəbul etmişlər. 06 iyul 2024cü il tarixdə, gecə saat 03 radələri olduqda, Səbail rayonu ərazisində yerləşən “Sahil“ adlanan market mağazasının qarşısında olduqları zaman Məhəmmədəli evlərinə, yəni əvvəlcə onu evinə düşürərək, sonra isə Məhəmmədəli özü yaşadığı Qala qəsəbəsinə getmək məqsədi ilə mobil telefonun tədbiqi ilə taksi sifariş vermiş, taksinin qiyməti ümumilikdə cəmi 30 manat təşkil etmiş və Məhəmmədəli həmin pul məbləğini istədikdə, Məhəmmədəliyə taksi ilə özünün getməsini, əlavə gəzəcəyini və sonra tək gedəcəyini bildirmişdir. Sərxoş olmağı səbəbindən Məhəmmədəli orada qoyub getmək istəməmiş və bunun üstündə aralarında mübahisə başlamış və bu mübahisə zamanı Məhəmmədəli gözləmədiyi halda cibindən bıçaq çıxarıb sol ayağından bir dəfə vuraraq qaçıb oradan getmişdir. Yaralı vəziyyətdə səkidə oturmuş və müəyyən vaxtdan sonra oraya polis əməkdaşları gəlib xəstəxanaya apararaq tibbi yardım göstərmişlər. Məhəmmədlilə aralarında baş vermiş mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Qohumu olduğu üçün barışmış, şikayəti yoxdur. Mübahisə pul üzərində yox, evə gedib-getməməyi üstündə olmuşdur. Əvvəlcədən taksinin pulunu özünün verməyi barədə razılaşma olmuşdur. Yeyib–içmək hesabını hər ikisi ödəmişdir. İçkili olduğundan əvvəlcə ona nalayiq ifadə işlətmiş, yumruqla vurmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2025-ci tarixli iclasında Şahid ifadəsində göstərmişdir ki, şəxsləri əvvəllər görməmişdir, tanımır. “Wolt”-da kuryer işləyir. Hadisə günü gecə saatlarında Sahil bağına çatanda iş yoldaşları ona dava olduğunu demişlər. Saat 02 radələrində “Sahil” metrostansiyasının çıxışı tərəfə gedərkən kömək istəyən yaralı vəziyyətdə olan bir şəxsi görmüşdür. Həmin zaman ətrafda kimsə olmamışdır. İctimai fəaliyyət göstərən nəqliyyat vasitələri və obyektlər işləmirdi. Şəxsin ayaq nahiyyəsi qanayırdı. Bu səbəbdən “103” X7 zəng etmək yerinə səhvən DİN-in “102” xidmətinə zəng etmişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 358 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol budun orta 1/3-nin bayır səthinin bir ədəd - deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının 3-16-16/2-3/1139 saylı, 02 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3203 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. 05 sentyabr 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 06 sentyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 oktyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Səbail rayonu, “Sahil” bağında saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilmişdir. 14 oktyabr 2024-cü il tarixli qərarla icraatı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai isintaq davam etdirilmişdir. 16 oktyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrinə tövsif edilmiş və ibtidai isintaq davam etdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-546/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində cinayət işinin isintaq müddətinin sonunadək 02 (iki) ay 04 (dörd) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli Təqsirləndirilən şəxs faktiki tutulduğu andan, yəni 14 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-1130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)- 546/2024 saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-620/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 18 dekabr 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 29 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla iş üzrə 06 iyul 2024-cü il tarixli götürmə protokolu ilə baxış keçirilərək götürülmüş, bir ədəd zavod üsulu ilə istehsal edilmiş bıçaq iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Səbail RPİ-nin anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə olmayacaq. Yuxarıda qeyd edilənləri nəzərə alaraq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Cinayət Məcəlləsinin 128.1-ci maddəsinə tövsif edilməsi və barəsində başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş X4 İnstitutunun poliklinka şöbəsinin № 2453 arayışdan görünür ki, Təqsirləndirilən şəxs “anadangəlmə sağ əzəl. lV dərəcəli sklerozsprendilozadinyulupopatiya” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 228.5-ci maddə əlavə edilmişdir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icraatda olan 1(009)-91/2025 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı şikayət, iddia və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var: xx.xx.2022-ci il təvəllüdlü X3. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Ümumiyyətlə, verilmiş ittihamda Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə, saat 03 radələrində ünvan 3 ünvanında yerləşən "Sahil" marketin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi göstərilsə də, onun öz davranışı ilə ictimai qaydalara qarşı etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının, ətrafdakılara qarşı laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik göstərməsinin, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmasının nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulmasının və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunması öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221ci maddəsinin mənasına görə xuliqanlığın mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ictimai yer olan ünvan 3 ünvanında yerləşən "Sahil" marketin qarşısında soyuq silah ilə heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək bıçaqlaması kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmamış, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Belə ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yanlız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin "Sahil" marketin qarşısında, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq kimi tövsif edilməsinə kifayət etmir. Bunun üçün ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin də mövcudluğu tələb olunur. Hazırki işdə əməlin ictimai qayda əleyhinə, ictimai qaydanı pozmağa yönəldiyi, qəsdin həmin istiqaməti görünmür. Ona görə də əməlin xuliqanlıq olmasını demək mümkün deyildir. Cinayət işinin materiallarından da görünür ki, hadisə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında yaranmış mübahisə əsasında başlanmış və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr işlətməsi və yumruqla vurması nəticəsində törədilmiş, yəni hadisənin heç bir səbəb olmadan deyil, səbəbli baş verdiyini göstərmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı hadisənin baş verdiyi ərazidə olan obyektlərdə fəaliyyət göstərən şəxsləri dindirməmiş, hadisədən xəbəri olan, narahatçılıq keçirən, iş fəaliyyəti pozulan olmamış, onlar ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlər görməmişlər. Heç kimin hadisəni görmədiyi, habelə zərərçəkmiş şəxsə kömək edən Şahid başqa heç kimin bilmədiyi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, hadisə günü gecə saat 02 radələrində “Sahil” metrostansiyasının çıxışı tərəfə gedərkən kömək istəyən yaralı vəziyyətdə olan bir şəxs görmüşdür. Həmin zaman ətrafda kimsə olmamışdır. İctimai fəaliyyət göstərən nəqliyyat vasitələr işləməmiş, habelə obyektlər bağlı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olmadığını göstərir. Belə ki, tədqiq edilmiş sübutlardan hadisənin şahidlərinin yalnız təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və hadisə yerinə sonradan gələn Şahid olması, onun zərərçəkmişlə birlikdə hadisə yerində olması, bu zaman ətrafda başqa şəxslərin olmaması, hadisə zamanı insanların toplaşmaması aydın görünür. Belə olan halda ictimai qaydanın hər hansı formada pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən ittiham aktında ümumi ifadələrlə hadisə yerinə çoxlu şəxslərin toplaşdığı bildirilsə də, həmin şəxslərdən heç birinin müəyyən edilməməsi bu hadisənin həqiqətən də yalnız təqsirləndirilən və zərərçəkmişin arasında baş verdiyini təsdiq edir. Bununla yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ayağına bıçaqla xəsarət yetirməsi səbəbsiz baş verməmişdir. Əksinə tədqiq edilmiş sübutlar birmənalı olaraq münaqişənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlandığını, məhz onun təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələrin işlədilməsindən və yumruq vurmasından sonra təqsirləndirilən şəxsdə yaranmış özünümüdafiə məqsədi ilə sonuncunun bu hadisəni törətdiyini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, xuliqanlıq cinayətində əsas qəsd cinayətin əsas obyekti olan ictimai qaydanın pozulmasına yönəlməlidir. Başqa şəxslərin həyatı, sağlamlığı və əmlakı isə burada əlavə obyekt rolunu oynayır. Belə olan halda hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin qəsdinin ilk növbədə ictimai qaydanın pozulmasına yönəldiyini iddia etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərlə özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünü qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanın kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır». Məhkəmə yekun olaraq müvafiq qanunvericilik normalarını və formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdi ictimai qaydanın kobud surətdə pozulmasına yönəlməmiş, hadisə zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr işlətməsi və vurmasına görə formalaşmış intiqam hissinin nəticəsində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi yoxdur. Bununla yanaşı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi soyuq silah adlandırılan bıçaqla onun sağlamlığına yüngül xəsarət yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə iş üzrə araşdırılmış sübutlara yuxarıda qeyd olunanlara əsasən qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli, yetirilən xəsarətin dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Bununla belə işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs bu maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsas vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, xəstəliyinin olmasını və himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan məhv edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 390 (üç yüz doxsan) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-91/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-91/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver