Məhkəmə qərarları › İş №1(009)-92/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-92/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-92/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Baı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 may 2023-cü il tarixdə saat 14.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı əldə edib üzərində saxlamaqla daşımış, habelə qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğu satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə, şəxsi istehlak miqdarından artıq miqdarda 02(iki) ədəd kağız bükümdə və 03(üç) ədəd açıq qəhvəyi rəngli papirosun içərisində tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,181 qram, 4,243 qram, 0,893 qram, 0,882 qram, 0,602 qram ümumi təmiz çəkisi 7,801 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolu ünvanında yerləşən “Asco Arena” (keçmiş adı “Bayıl Arena”) stadionunun yaxınlığına daşımış, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 oktyabr 2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolu ünvanında yerləşən “Asco Arena” (keçmiş adı “Bayıl Arena”) stadionunun yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına aparılmış, həmin gün saat 16:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olmuş göy rəngli gödəkçənin sağ yan cibindən 02(iki) ədəd kağız bükümdə və 03(üç) ədəd açıq qəhvəyi rəngli papirosun içərisində tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,181 qram, 4,243 qram, 0,893 qram, 0,882 qram, 0,602 qram ümumi təmiz çəkisi 7,801 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağını əldə edib üzərində gəzdirmiş, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əmliyyat-axtarış tədbirləri nəticəsində 27 oktyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolu ünvanında yerləşən “Asco Arena” (keçmiş adı “Bayıl Arena”) stadionunun yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına aparılmış, həmin gün saat 16:30-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman qeyd edilən soyuq silah əynindəki göy rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü Cinayət Məcəlləsinin 228.4-cü maddəsilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qəssab işləyir, açkar edilmiş bıçaqdan ət kəsmək və heyvanı soymaq üçün istifadə edir. Həmin bıçaq dükanda açıq satışdadır və heç bir məhdidiyyət olmadan satılır. Üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan gödəkçənin cibindən yalnız narkotik vasitə aşkar edilmişdir. Bıçaq isə onun sürdüyü maşında aşkar edilmişdir. O müxtəlif ünvanlara da gedir və həmin ünvanlarda heyvanın kəsilib soyulmasında həmin bıçaqdan istifadə edir. Üzərində gəzdirməkdə də məqsədi o olmuşdur ki, ət kəsmək üçün istifadə etsin. Aşkar olunmuş bıçağı hər hansı cinayətdə istifadə etməmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni müxtəlif yerlərdən, tanımadığı və heç bir məlumatlarını bilmədiyi şəxslərdən alaraq, bədənində olan ağrıları götürmək məqsədi ilə istifadə etmişdir. Tutulmamışdan 3 gün əvvəl hazırda Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş, Əli adlı tanışı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan vaxt xatırlamadığı ərazidə, yerdən narkotik vasitə qurudulmuş marixuana tapmışlar, bir hissəsini Əli, bir hissəsini isə o, özünə götürmüşdür ki, istifadə etsin. O, yerdən taparaq götürdüyü 03 ədəd siqaretin içərisində və 02 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı gödəkçənin cibində saxlayıb üzərində gəzdirirmiş və müvafiq şərait tapan kimi qəbul etmək niyyətində olmuşdur. 27 oktyabr 2022-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Arena Bayıl” kimi tanınan stadionun yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu şübhəli şəxs qismində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər.Orada üzərinə müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. O əynindəki gödəkçənin sağ yan cibində daşıdığı 02 ədəd kağız bükümdə və 03 ədəd siqaretin içərisində olan narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunan narkotik vasitə-qurudulmuş marixuana zərfə qoyulmaqla qablaşdırılmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, “Bayıl Arena” stadionunun yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişdir. Vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən siqaretin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində gödəkçənin cibindən 01 ədəd bıçaq aşkar olunmuşdur. Sonra təhqiqatçı tərəfindən həmin bükümlər və siqaretlər götürülmüş, həmçinin bıçaq boş zərfdə qablaşdırılmış, möhürlənmiş, üzərində yazılar yazılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə marixuana olduğunu, yerdən tapdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, bıçağı isə tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işində olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs üzərində olan göy rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kağız bükümdə və 03 ədəd siqaretin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək masanın üzərinə qoyur. Sonra şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bıçaq aşkar olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün əldə etdiyini, bıçağı isə tanımadığı şəxsdən aldığını bildirir. Daha sonra həmin bükümlər və siqaretlər götürülür, həmçinin bıçaq boş zərfdə qablaşdırılır, möhürlənir, üzərində yazılar yazılır və bütün iştirakçılar tərəfindən imzalanır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 7/1235 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” yazısı və imzalar olan kağız paketdəki 02(iki) ədəd kağız bükümdə və 03(üç) ədəd açıq qəhvəyi rəngli papirosun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: 1,181 qram; 4,243 qram; 0,893 qram; 0,882 qram; 0,602 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibərinə görə eynidirlər.Marixuananın ümumi çəkisi 7,801 qram, tədqiqata sərf edildi 0,25 qram (hər obyektdən 0,05 qram), qalıq çəkisi 7,551 qram. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik 24 noyabr 2022-ci il tarixli 3/1524 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 6568 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 27 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. 29 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 29 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad edilmişdir. 29 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 20 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02(iki) ədəd kağız bükümdə və 03(üç) ədəd açıq qəhvəyi rəngli papirosun içərisində tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,181 qram, 4,243 qram, 0,893 qram, 0,882 qram, 0,602 qram ümumi təmiz çəkisi 7,801 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 7,551 qram marixuana və soyuq silah saxlanılması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 21 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 dekabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-6993/2017 saylı qərarı ilə 760229 nömrəli axtarış işi ilə əlaqədar borclu fiziki şəxs və cavabdeh qismində 274 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(011)-37/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki uşağı var – xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il tarixli X5. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməməsi iş materiallarında olan sənədlər, şahid ifadələri, ekspert rəyi ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyətini dərk etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 03 noyabr 2022-ci il tarixli 6568 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,551 qram olan (ümumi təmiz çəki 7,801 qram) kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 142 (bir yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azəraycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 400 (dörd yüz) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş ictimai işlər cəzasının 04 (dörd) saatı azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 oktyabr 2022-ci il tarixdən 29 oktyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,551 qram olan narkotik vasitə-qurududlmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 142 (bir yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar