Məhkəmə qərarları › İş №1(009)-92/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-92/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-92/2025 26.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Sumqayıt şəhəri, 15-ci məhəllə, Hacıbəyov küçəsi, ev 1, yataqxana 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə saat 05:20 radələrində ünvan 2 ünvanda parklanmış vəziyyətdə olan "Carsharing” MMC-yə məxsus "Geely Geometry” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirib qaçırdaraq, həmin avtomobili saxlandığı ünvandan Sumqayıt şəhəri istiqamətində idarə edən zaman Sumqayıt şəhəri, 29-cu məhəllədə dayanmış "Toyota Prado” markalı avtomobilin yan hissəsinə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vurmaqla idarə etdiyi avtomobilə 5080 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuş və idarə etdiyi avtomobili ünvan 4 ünvana qədər idarə edib orada avtomobili tərk edərək getmiş, həmin hərəkətləri nəticəsində o, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib zərərçəkmiş şəxs "Carsharing” MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdi. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə gecə klublarının birinə əylənmək məqsədilə dostları Aydın, Nicat və Cəmil ilə birlikdə gəlib. Klubda əyləndikdən sonra çıxıb piyada hərəkət edib saat 06:15 radələrində ünvan 5 ünvanda yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığına gəlib. Orada olan avtomobillərin parklanma yerində "Carsharing” şirkətinə məxsus ağ rəngli, **- YJ-*** dövlət qeydiyyat nişanlı "Geely Geometry” markalı avtomobilin park vəziyyətində olduğunu görüb. Həmin avtomobili idarə etmək qərarına gəlib istifadəsində olan mobil telefona həmin şirkətin mobil tətbiqini yükləyib. Tətbiqdə qeydiyyatdan keçib dostu Nicata məxsus elektron poçt ünvanını daxil edib. Bu zaman onun poçtuna qısa rəqəmli şifrə gəldiyi üçün ondan mobil telefonun istəyib və göndərilmiş şifrəni tətbiqə daxil edib. Bundan sonra dostları Nicat va Camil evə getmək üçün sağollaşıb taksi ilə çıxıb gediblər. Avtomobilin sükanı arxasına o, dostu Aydın isə ön sərnişin oturacağında əyləşib. Bundan sonra oradan 20 Yanvar dairəsi adlanan yerə, oradan isə Sumqayıt şəhərinə gedib. Sumqayıt şəhərində 29-cu məhəllə adlanan yerdə küçə ensiz olduğu üçün orada dayanmış vəziyyətdə olan "Toyota Prado” markalı avtomobilə idarə etdiyi avtomobili sürtüb. Bundan sonra oraya həmin avtomobilin sahibi gəlib va onunla razılaşıb maddi ziyanını ödəyib. Daha sonra oradan uzaqlaşıb bir qədər aralıda avtomobili yol kənarında tərk edib çıxıb gedib. Həmin avtomobili idarə etmək üçün heç kimdən icazə almayıb. Sürücülük hüququ yoxdur. X2 həmin avtomobili götürməkdə va ya idarə etməkdə heç bir köməklik göstərməmişdir. O, sadəcə onun yanında əyləşmişdir. İdarə etdiyi "Geely Geometry” markalı avtomobilə vurduğu ziyanla bağlı heç bir hərəkət etməmişdir. Saxlanıldıqdan sonra həmin avtomobilə müəyyən məbləğdə ziyan vurduğunu bilib. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, cari ilin mart ayının 1-dən "Carsharing” MMC-də baza rəhbəri vəzifəsində işə başlamış və hazırda həmin vəzifədədir. Hər gün iş rejiminə uyğun olaraq şirkətə məxsus ümumi istifadədə olan avtomobilləri yoxlayıb təhvil alır. Həmçinin, həmin avtomobilləri mobil tətbiq vasitəsilə də izləyir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində mobil tətbiq vasitəsilə avtomobilləri izləyan zaman şirkətə məxsus **- YJ-*** nömrə nişanlı, "Geely Geometry” markalı avtomobilin Sumqayıt şəhəri ərazisində olduğunu aşkar etmişdi. Bu vaxt gecə növbəsində işləyən işçilərdən üçünə zəng edib bu barədə məlumat almış, həmin işçilər avtomobili götürmədiyini bildirmişdilər. O, işçilərdən biri Saray qəsəbəsində yaşadığına görə ondan avtomobilin olduğu yerə yaxınlaşmasını xahiş etmişdi. Həmin işçi oraya gedib zəng edərək avtomobilin orada olduğunu, avtomobilin ön sağ tərəfinin vuruq olduğunu, avtomobilin qapılarının bağlı vəziyyətdə olduğunu bildirmişdi. Bundan sonra o, həmin yerə getmiş və işçinin ona bildirdiklərini özü də görmüşdü. Daha sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdi. Hadisə nəticəsində işlədiyi şirkətə ümumilikdə 5080 manat maddi ziyan dəymişdir. Qeyd olunan maddi ziyanla bağlı rəsmi avtomobil servisindən aldığı qüsur aktını Səbail RPİ-nin 39-cu PB-də təhqiqat araşdırması zamanı təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə gecə klubunun birinə dostları Gündüz, Nicat və Cəmil ilə gəlmişlər. Klubda əyləndikdən sonra çıxıb piyada hərəkət edib saat 06:15 radələrində Səbail rayonu, R.Behbudov küçəsi ünvanında yerləşən 8 nömrəli tam orta məktəbin yaxınlığına gəlmiş və orada park olunan avtomobillərin arasında "Carsharing” şirkətinə məxsus ağ rəngli, **-YJ-*** qeydiyyat nişanlı "Geely” "Geometry” markalı avtomobilin park vəziyyətində olduğunu görmüşlər. Dostu Gündüz qeyd olunan avtomobili sürmək qərarına gəlib və həmin şirkətə məxsus tətbiqi yükləmişdi. Gündüz tətbiqi yüklədikdən sonra dostu Nicata məxsus elektron ünvanı oraya daxil etmişdi. Daha sonra Gündüz sükan arxasına oturmuş, o, isə sərnişinlər üçün nəzərdə tutulmuş oturacaqda oturmuşdu. Dostları Nicat va Cəmil isə oradan uzaqlaşmışdılar. Avtomobilə əyləşdikdən sonra Gündüz qeyd olunan avtomobili işə salib və hərəkət etməyə başlamış və Sumqayıt şəhərinə onunla birlikdə getmişdi. Sumqayıt şəhərində olduqları zaman Gündüz idarə etdiyi **-YJ-*** qeydiyyat nişanlı "Geely” "Geometry” markalı avtomobili 29-cu məhəllə adlanan küçədə park edilmiş "Toyota Prado” markalı avtomobilə sürtmüşdü. Daha sonra Gündüz "Toyota Prado” markalı avtomobilin yiyəsi ilə razılaşmış və onun zərərini ödəmişdi. Sonra onlar həmin yerdən uzaqlaşmışlar. Onun Təqsirləndirilən şəxs ilə aralarında avtomobilin idarə edilməsi ilə bağlı heç bir razılığı olmamışdır. İş materiallarında olan 16 avqust 2024-cü il cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı aparılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC zərərçəkmiş hüquqi şəxs, Nümayəndə1 isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 17 avqust 2024-cü il il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 sentyabr 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhər BPİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-44/2- 12104/24 nömrəli məktuba baxış zamanı müəyyən olunmuşdur ki, həmin məktubda xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsində Nümayəndə1 məxsus "Geely” markalı, **-YJ-*** nömrə nişanlı avtomaşının qaçırılması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin müayinəsi zamanı avtomobildən götürülmüş əl izlərindən 01 ədədinin (avtomobilin qabaq qapısının çöl tərəfi üzərindən götürülmüş) xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilərək, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərində iştirak etməsi üçün Səbail RPİ-nin İstintaq Şöbəsinə dəvət edilmiş, lakin o, infeksion xəstəliyə yoluxduğunu, ev şəraitində müalicə olunduğunu və istintaq hərəkətlərində iştirak etmək iqtidarında olmadığını bildirdiyindən iş üzra icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddasinə əsasən dayandırılmışdır. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. İş materiallarında olan sübut növü kimi tanınmış 08 avqust 2024-cü il tarixli qüsur aktından görünür ki, "Geely Geometry” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın məbləğini 5080 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdı. İş materiallarında olan 24 senyabr 2025-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2025-ci il tarixdə Səbail RPİ-nin CAŞ-in əməkdaşları tərəfindən tutularaq 14 oktyabr 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Nümayəndə1 tərəfindən məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 5080 manat cinayət nəticəsində vurulmuş ziyanı ödəməyini zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi xahiş etmişdir. İş materiallarında olan 30 iyul 2025-ci il tarixli mülki iddiaçı qismində tanınma barədə qərarından görünür ki, Zərərçəkmiş şəxs MMC mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 17 sentyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs MMC əvvəlki qanuni təmsilçisi Nümayəndə1du, Zərərçəkmiş şəxs MMC hazırki qanuni təmsilçisi Nümayəndə2du. İş materiallarında olan 26 noyabr 2025-ci il zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilən ərizəsindən görünür ki, Nümayəndə2 Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 185-ci maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs məxsus avtomobili talama məqsədi olmadan ələ keçirmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ziyanın ödənilməsini, ona qarşı heç bir tələb və şikayəti olmadığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət, 13 oktyabr 2025-ci il tarixdən 26 noyabr 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 13 (on üç) gün müddət, cəmi 01 (bir) ay 14 (on dörd) gün müddətinin bir gününə iki gün hesablanaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidi. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC mülki iddiasında tələb qismində qoyulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən mülki iddiasının baxılmağına xitam verilməlidir. Cinayət işi üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdən 17 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət, 13 oktyabr 2025-ci il tarixdən 26 noyabr 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 13 (on üç) gün müddət cəmi 01 (bir) ay 14 (on dörd) gün müddətinin bir gününə iki gün hesablanaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 6 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddianın baxılmağına xitam verilsin. Cinayət işi üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar