Məhkəmə qərarları › İş №1(009)-94/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-94/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-94/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 4, ev Ö/T 38-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24, mənzil 23 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid tamah niyyətilə əhatə olunmuş qəsdlə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 18 oktyabr 2019-cu il tarixdə gecə saat 03 radələrində,ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə, orada kirayəşin yaşayan şəxslərin yatmasından istifadə edib, açıq qapıdan qanunsuz içəriyə daxil olmaqla,yataq otağında olan masanın üzərindəki Zərərçəkmiş şəxs1 məxsus 350 manat dəyərində bir ədəd “Samsung A-40” markalı mobil telefonu və həmin telefona aid olan 5 manat dəyərində SİM nömrəni gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 355(üç yüz əlli beş) manat,həmçinin otaqdakı masa üzərində qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus pul kisəsindən 32 manat nağd pulunu, 269 manat dəyərində bir ədəd “Samsung A-10” markalı mobil telefonu və həmin telefona aid olan 5 manat dəyərində SİM mobil nömrəni oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 306(üç yüz altı) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 oktyabr 2019-cu il tarixdə,gecə saat 03 radələrində, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi yaxınlığındakı “Elay” şadlıq sarayından yuxarıda, Yüzbəy Mürsəlov küçəsində olarkən, bir mərtəbəli evin qapısını itələdikdə qapının açıq olmasını görmüş, o, üstü örtülü balaca həyətə daxil olmuş və evin otağının həyətə açılan taxta qapısı açıq vəziyyətdə olmasını görüb həmin otağa daxil olduqda, otaqda divara bitişik iki ədəd çarpayıda iki nəfər oğlanın yatdığını, divara bitişik masanın üzərində bir ədəd pul kisəsini və iki ədəd enerjiyə qoşulu “Samsung” markalı mobil telefonlarını görmüş, pul kisəsindən təxminən 30 manat pulu və cərəyandan ayırdığı iki ədəd mobil telefonu masanın üzərindən götürmüş, pul kisəsini isə geri masanın üzərinə qoyub otaqdan çıxmış, həyətən də küçəyə çıxaraq oradan uzaqlaşmışdır. Sonra telefonlara baxdıqda 1 ədəd “Samsunq A 10” və bir ədəd “Samsunq A 40” markalı normal vəziyətdə qara rəngli mobil telefon aparatları olmasını görmüşdür. Bundan üç gün sonra telefonları götürüb, əvvəl usta köməkçisi kimi işlədiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparmış, orada telefonları Ülvi və Sərvan adlı ustalara satmaq üçün göstərmiş, sonuncular almamış, bu zaman Ülvinin yanına qara rəngli, nömrəsini xatırlamadığı “BMW” markalı avtomobilini təmir etdirmək üçün gəlmiş, təxminən 28 yaşlarında olan sürücüyə yaxınlaşıb telefonları göstərərək satmaq istədiyi demiş, həmin şəxs telefonlara baxdıqdan sonra “Samsunq A 40” markalı telefona 60 manat, “Samsunq A10” markalı telefona isə 40 manat verə biləcəyi demiş, o, da razılaşaraq cəmi 100 manata hər iki telefonu satmışdır. Telefonları satarkən oğurluq olmasını həmin şəxsə bildirməmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldığından məhkəmənin çağırışlarına gələ bilməmişdir, cinayət məsuliyyətindən boyun qaçırmaq niyyəti olmamışdır. Əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, zərərçəkmiş şəxslərin şikayətinin olmadığını və dəymiş ziyanı aradan qaldırdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında həmyerlisi Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşayır və “Atlas” şirkətində fəhlə işləyir. O, hər gün səhər saat 05:30 radələrində işə gedib, axşam saat 19-20 radələrində qayıdır. 17 oktyabr 2019-cu il tarixdə saat 19 radələrində işdən evə dönmüş, tanışı Nurlan ilə birlikdə yemək yeyib müəyyən vaxt mobil telefonuna baxmış və saat 24 radələrində o, özünə məxsus 350 manat dəyərində bir ədəd “Samsung A-40” markalı, 357287/10/ 166704/8 və 357288/10/166704/6 İMEİ kodları olan mobil telefonu, otaqdakı masanın üzərinə qoyub enerji yığması üçün elektrik cərəyanına qoşmuş, eyni zamanda Nurlan da özünə məxsus “Samsung” markalı mobil telefonunu masaya qoyub elektrik cərəyanına qoşaraq yatmışlar. Yatarkən həmin günü hava çox isti olduğundan və kirayədə yaşadıqları otağın bayıra pəncərəsi olmadığından, otağın evin həyətinə açılan qapısını açıq qoymuşlar. 18 oktyabr 2019-cu il tarixdə səhər o, yuxudan oyandıqda masa üzərində enerjiyə taxaraq gecədən qoyduqları hər iki mobil telefonlarını görməmiş, o, dərhal Nurlanı yuxudan oyadıb bu barədə demiş, Nurlan masa üzərində qoyduğu pul kisəsinə baxdıqda, içərisində olan 32 manat nağd pulun da yerində olmadığını bildirmişdir. Bundan sonra o, yatdıqları otaqın qapısı gecə açıq qalmasından istifadə edən naməlum şəxsin mobil telefonları və pulu oğurlamasını başa düşüb oğurluq barədə DİNnin “102” xidmətinnə zəng edib məlumat vermiş,oğurluq nəticəsində ona cəmi 350 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi,ev 3 ünvanında həmyerlisi Zərərçəkmiş şəxs1 ilə birlikdə kirayədə yaşayır və Pedaqoji Unversitetin 1-ci kurs tələbəsidir. O, hər gün səhər saat 07:30 radələrində dərsə gedib, saat 14 radələrində qayıdır. 17 oktyabr 2019-cu il tarixdə saat 15 radələrində dərsdən evə dönmüş, tanışı Nurlan isə saat 19 radələrində gəlmiş, birlikdə yemək yeyib müəyyən vaxt mobil telefonuna baxmış və saat 24 radələrində o, özünə məxsus 269 manat dəyərində bir ədəd “Samsung A-10” markalı, **********19652 İMEİ kodlu mobil telefonu, otaqdakı masa üzərinə qoyub enerji yığması üçün elektrik cərəyanına qoşmuş, içərisində 32 manat olan pul kisəsini də yanına qoymuş, eyni zamanda Afərdə özünə məxsus “Samsung” markalı mobil telefonunu masaya qoyub elektrik cərəyanına qoşaraq yatmışlar. Yatarkən həmin günü hava çox isti olduğundan və kirayədə yaşadıqları otağın bayıra pəncərəsi olmadığından,otağın evin həyətinə açılan qapısını açıq qoymuşlar. 18 oktyabr 2019-cu il tarixdə səhər Afər onu yuxudan oyadıb masa üzərində qoyduqları iki mobil telefonlarının yoxa çıxmasını demiş, o, masa üzərində qoyduğu pul kisəsinə baxdıqda, içərisində olan 32 manat nağd pulun da yerində olmadığını görüb, yatdıqları otaqın qapısı gecə açıq qalmasından istifadə edən naməlum şəxs tərəfindən oğurlamasını başa düşmüşlər. Sonra Afər oğurluq barədə DİN-nin “102” xidmətinə zəng edib məlumat vermiş, oğurluq nəticəsində ona cəmi 301 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının 17-də 18-nə keçən geçə, xidməti ərazidə, yəni ünvan 6 ünvanından, həmin evin giriş qapısının kilidi və yaşayış otağının qapısı açıq olmasından istifadə edilməklə daxil olub orada kirayəşin yaşayanlar Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Samsung A-40” markalı mobil telefonun və Zərərçəkmiş şəxs2 məxsus pul kisəsindən 32 manat nağd pul və bir ədəd “Samsung A-10” markalı mobil telefonun oğurlanması faktı üzrə tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı həmin oğurluğu Təqsirləndirilən şəxs törətməsi müəyyən edilərək, Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdə onun tərəfindən müəyyən edilərək 8-ci Polis Bölməsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Yusif Mürsəlov küçəsində yerləşən birmərtəbəli yaşayış evinin giriş qapısından həyətə daxil olduğunu və həmin həyətdə yerləşən qapısı açıq vəziyyət olan otaqdan masanın üzərində iki ədəd “Samsung” markalı mobil telefonun və masa üzərində olan pul kisəsindən 30 manata yaxın nağd pulun oğurladığını səmimi etiraf etmiş, həmin oğurluqla bağlı istintaqda ifadə verdikdən sonra, oğurluğu törətdiyi evin yerləşdiyi ünvana onun iştirakı ilə istintaq qrupunu aparıb əyani olaraq göstərməklə ifadə vermişdir. Təqsirləndirilən şəxs həmçinin oğurladığı iki ədəd mobil telefonları aparıb əvvəllər usta köməkçisi kimi işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən avtoservisdə, oraya avtomobilini təmirə gətirmiş tanımadığı şəxsə cəmi 100 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdə saat 14:55-də şübhəli şəxs qismində tutulmuşdur. 16 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. 16 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o Səbail Rayon Polis İdarəsinin X3 həbsdən azad olunmuşdur. 29 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. 23 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət təqibi orqanından gizləndiyindən barəsində axtarış elan edilmiş,həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 27 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs tutulub Bakı şəhər o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmiş, həmin tarixdə iş üzrə Azərbaycan Respublikası CPM-nin 53.1.3 maddəsinə əsasən dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. Bakı şəhəri Səbail rayon prokuroru vəzifəsini icra edən Ədalət Aslanovun 29 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs X3 azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 aprel 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, əmlakının oğurlanması nəticəsində ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, əmlakının oğurlanması nəticəsində ona dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-94/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 08 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixdə Səbail RPİ-nin CAŞ-nin əmədaşları tərəfindən tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgələrinin əmlaklarını gizli talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, eləcə də maddi ziyan tam ödənildiyindən zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, əvvəllər məhkum olunmadığını və ilk dəfə cinayət törətdiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdən 16 mart 2020-ci il tarixədək, 27 dekabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək, 06 may 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) ay 26 ( iyirmi altı ) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 05 (beş) ay 22 (iyirmi iki) gün təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24, mənzil 23 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2020-ci il tarixdən 16 mart 2020-ci il tarixədək, 27 dekabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək, 06 may 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixədək, yəni 02 (iki) ay 26 ( iyirmi altı ) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 05 (beş) ay 22 (iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24, mənzil 23 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar