Məhkəmə qərarları › İş №1(009)-95/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-95/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-95/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxx 2021-ci il tarixdə, saat 14:00-da xx xxxxxx 1994-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonu Nərimankənd kəndində qeydiyyatında olan, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev 41 mənzil 28-də kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Səbail RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu Badamdar şossesi 5 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış və baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən üzərində “WİNSTON” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd qümüşü rəngli bükümdə təmiz çəkisi 0,773 qram narkotik vasitə olan heroin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, 2 ay olar ki, narkotik vasitə olan “kokos” kimi bildiyi narkotik vasitə hesab olunan heroini dəmir falqa üzərində yandırıb tüstüsünü könüllü qəbul edir. Narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində əvvəllər “Azar” sosial şəbəkə vasitəsilə tanış olduğu və adını Tahir kimi bildiyi şəxslə “Whatsapp” vasitəsilə yazışıb onda narkotik maddə olan “kokos” olub-olmamasını soruşmuş və 1 qramını ona verməsini xahiş etmişdi. Sonuncu “kokos”un olduğunu bildirib 1 qramını 40 manata təklif edəndə o, razılaşmış, sonuncu həmin narkotik maddəni, yəni 1 qram “kokos”u Yasamal rayonu ərazisində yerləşən “Kaktus" restoranı ilə üzbəüz hündürmərtəbəli binanın 2-ci blokunun 2-ci mərtəbəsində qaz sayğacı qutusunun içərisinə qoyacağını və 2 saatdan sonra gedib götürməsini, pulu isə həmin yerə qoymağını demişdi. O, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində deyilən yerə getmiş, orada təxminən 3- 4 sayğac qutusu olmuş, o, qutuları bir-bir açarkən 2-ci sayğac qutusunda qapağı qırılmış və əzik vəziyyətdə, üstündə “Winston” yazısı olan siqaret qutusunun içərisinə baxdıqda gümüşü falqada 1 büküm olduğunu görmüşdü. Həmin bükümü açıb içərisindəkinin narkotik maddə olan heroin olduğuna əmin olduqdan sonra 40 manat pulu həmin yerə qoymuş və narkotik maddəni isə yenidən büküb, əynindəki gödəkçəsinin sol iç döş cibinə qoymuşdu. Sonra Badamdar qəsəbəsində işi olduğuna görə taksiyə əyləşib Səbail rayonu, Badamdar qəsəbəsinə getmiş və Badamdar şossesində yerləşən “Bazarstore” mağazasının qarşısında avtomobildən enən zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmiş və birlikdə Səbail rayon polis idarəsinə gedəcəyini bildirmişlər. O, çıxış yolu olmadığını dərk etdiyindən və səs-küy salmadan polis əməkdaşları ilə birlikdə Səbail RPİ-nə, otaqların birinə getmişdi. Sonra həmin 2 nəfər polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda, mobil telefonla videoçəkiliş aparılmaqla hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində olan əşyaları çıxarıb masanın üstünə könüllü qoymağı təklif edilmiş, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən bir ədəd qapaqlığı cırılmış vəziyyətdə olan, üzərində “Winston” yazısı olan siqaret qutusunu masanın üzərinə qoymuş, sonra həmin siqaret qutusunun içərisindən gümüşü falqaya bükülmüş 1 (bir) ədəd bükümü açaraq həmin bükümün içərisində “kokos” adlandırdığı maddənin narkotik maddə olmasını, həmin maddəni xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində tanımadığı şəxsdən sosial şəbəkə vasitəsilə 40 (qırx) manata aldığını, gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb, gəzdirdiyini bildirmişdi. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngdə spesifik iyə malik olan maddə aşkar olunmuş, sonra həmin maddə ekspertizaya göndərilmək məqsədilə ağ zərfə qoyularaq ağzı bağlanmış, möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdi. Eyni zamanda üzərindən aşkar edilmiş ona məxsus 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq, ümumilikdə 16 (on altı) Azərbaycan manatı və 4 ədəd, ümumilikdə 60 (altmış) Azərbaycan qəpiyi, 1 (bir) ədəd “Samsung J2 Prime” markalı mobil telefon, üzərində “Maqna” yazısı olan bir qutu, içərisində 3 ədəd siqaret və bir ədəd üzərində “Zavira” yazısı olan çəhrayı rəngli alışqanı başqa bir kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdü. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, təxminən 2 aydır narkotik vasitələrin istifadəçisi olduğundan, bədənindəki ağrıları götürmək üçün istifadə etmək məqsədilə almışdır, narkotik vasitələrin qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə hazırda əməlindən peşmandır. Üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman ona sonuncular tərəfindən heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, anasının xəstə olmasının, yaşayış yeri və hərbi xidmət üzrə müsbət xarakterizə olmasının, qardaşının “Aprel Döyüşləri”ndə fəal iştirak etməsinin və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 5 ünvanda yerləşən “Maxi.az” elektronika dükanının qarşısına “İman” adlı şəxsin gəlməsi, orada narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunaraq bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Bundan sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu təşkil olunmuş və xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 5 ünvanda yerləşən “Maxi.az” elektronika dükanının qarşısında zahiri əlamətləri alınmış məlumata uyğun gələn İman adlı şəxs, onunla birlikdə əməliyyat qrupunda iştirak edən Səbail RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə piyada gedərkən müəyyən edilmiş və onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmişlər. Sonuncu özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdi. Bundan sonra onlar üzərinə baxış keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs Səbail RPİ-nin inzibati binasına dəvət etmiş, idarənin Təhqiqat şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmışdı. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən bir ədəd qapaqlığı cırılmış vəziyyətdə olan, üzərində “Winston” yazısı olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, sonra həmin siqaret qutusunun içərisindən gümüşü falqaya bükülmüş 1 (bir) ədəd bükümü açaraq həmin bükümün içərisində “kokos” adlandırdığı maddənin narkotik maddə olduğunu, həmin maddəni xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində tanımadığı Tahir adlı şəxsdən sosial şəbəkə vasitəsilə 40 (qırx) manata aldığını, narkotik vasitəni Tahirin dediyi Yasamal rayonu ərazisində yerləşən “Kaktus" restoranı ilə üzbəüz hündürmərtəbəli binanın 2-ci blokunun 2-ci mərtəbəsində qaz sayğacı qutusunun içərisindən götürdüyünü və 40 manat pulu həmin qaz sayğacının qutusuna qoyduğunu, narkotik vasitəni gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb, gəzdirdiyini bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması davam etdirilmiş və onun üzərindən 16 manata yaxın pul, mobil telefon, siqaret və alışqan aşkar edilmiş, lakin başqa heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdi. Aşkar olunmuş bükümdəki narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə əhəmiyyətə malik olduğundan içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdı. Baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol yazılaraq ucadan oxundu, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin narkotik vasitənin qablaşdırıldığı zərfi imzaladı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl və sonra sonuncuya qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasənda Bakı şəhəri Səbail RPİ-nin Təhqiqat şöbəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən bir ədəd qapaqlığı cırılmış vəziyyətdə olan, üzərində “Winston” yazısı olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur, sonra həmin siqaret qutusunun içərisindən gümüşü falqaya bükülmüş 1 (bir) ədəd bükümü açaraq həmin bükümün içərisində “kokos” adlandırdığı maddənin narkotik maddə olmasını, həmin maddəni xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində tanımadığı şəxsdən sosial şəbəkə vasitəsilə 40 (qırx) manata aldığını, gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb, gəzdirdiyini bildirir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2726 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 51” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,773 qram maddə kustar üsulla hazırlanmış narkoik vasitədir-heroindir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Qobustan rayonu 119 saylı MKİS-dən verilmiş xx xxxx 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bölüyə gəldiyi gündən özünü nizamintizamlı, baxarıqlı bir əsgər kimi göstəməyə çalışmış, komandir və rəislər tərəfindən verilmiş əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışmışdır. Ona qarşı tutualn iradlardan düzgün nəticə çıxartmağa, tapşırıqların yerinə yetirilməsi zamanı düzgün qərar qəbul etməyə çalışmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən xx xxxxx 2016-cı il tarixdən verilmiş təşəkkürnamədən və hərbi biletdən görünür ki, təqsirləndirilən şəxsin yaxın qohumu (qardaşı) X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, yaşayış yeri və hərbi xidmət yeri üzrə müsbət xarakterizə olmasını, qardaşının aprel döyüşlərində fəal iştirak etməsini, ailə vəziyyətini və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3520 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.723 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD- R” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 41, mənzil 28 ünavnı yaşayış yerini hər gün saat 23- 00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.723 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat, 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 228 (iki yüz iyirmi səkkiz) manat, Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar