Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-97/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 53 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsiz fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0, 391 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində “Pall Mall” markalı siqaret qutusunun içərisində saxlamaqla daşımış, Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən “Pall Mall” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 00:00 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsindəki fərdi evdən çıxaraq icarəyə götürdüyü “İnfiniti” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək yaxın ərazidə sürmüşdür. O, avtomobili bir qədər idarə etmişdir ki, ona post patrul xidməti avtomobili yaxınlaşaraq “saxla” əmri vermişdir. O, bilirmiş ki, hərbi vəziyyət dövründə saat 21:00-dan sonra yaşayış yerini icazəsiz tərk etmək olmaz. Onun isə icazəsi olmamışdır. Buna görə də o, bilmişdir ki, avtomobili saxlasa polis əməkdaşları onu polis bölməsinə aparacaqlar. Buna görə də avtomobili saxlamayaraq sürmüşdür. O, əvvəlcə avtomobili evlərin arası ilə bir qədər sürmüş, lakin geriyə baxdıqda polis avtomobilinin onun arxasında olduğunu görmüşdür. Buna görə də əsas yola çıxmış və Lökbatan dairəsi istiqamətində sürməyə başlamışdır. Həmin vaxt arxasından yol-patrul xidməti avtomobilinin gəldiyini görmüşdür. Buna görə də o, təxminən saatda 140 kilometr surətlə getmişdir. Lökbatan dairəsindən Şıxov istiqamətində gəldikdə polis postu qurulmuşdur, lakin əks istiqamətdə postun olduğunu bilməmişdir. Buna görə də surətini azaltmadan yoluna davam etmişdir. Bu zaman Lökbatan dairəsinə çatmamış o, qəfildən avtomobilin qabaq hissəsinin postda quraşdırılmış, dəmirlərə dəyərək aşırtdığını hiss etmiş, lakin buna məhəl qoymayaraq yoluna davam etmişdir. O, Lökbatan dairəsindən sağa dönərək kənar dairəvi yolla Yasamal rayonu ərazisinə gəlmişdir. Orada avtomobili yolun kənarında saxlamış və taksiyə əyləşərək yaşadığı ünvana qayıtmışdır. Yaşadığı ünvana taksi ilə qayıdarkən polis postu quraşdırılmamış yollardan istifadə etmişdir. Elə həmin gecə ona avtomobili icarəyə götürdüyü şirkətdən zəng gəlmiş və o, baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan bir həftə sonra, yəni 10 dekabr 2020-ci il tarixdə saat təxminən 10:00 radələrində yaşadığı Səbail rayonu Bayıl qəsəbəsi, G.Əliyev küçəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata “şüşə” deyilən bir büküm psixotrop maddə metamfetamin almış və istifadə etmək üçün cibində olan “Pall Mall” siqaret qutusunun içərisinə qoymuşdur. Daha sonra evə getmişdir. Həmin gün saat təxminən 22 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi Əlibəyov Qardaşları küçəsi 80 ünvanının qarşısında olan zaman ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq özlərini Səbail rayon Polis İdarəsinin əməkdaşları təqdim edib və ona xx xxxxxx 2020-ci il tarixdə komendant saatının tələblərini pozaraq komendant postundan idarə etdiyi avtomobili saxlamayaraq dəmir barmaqlıqları aşıraraq keçdiyi üçün, həmçinin onu narkotik vasitələrin qəbulunda şübhəli bilib, Səbail rayon Polis İdarəsinə dəvət etmişlər və o, öz razılığı ilə əməkdaşlarla birlikdə Səbail RPİnə gəlmişdir. İnzibati binada otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılarkən ona üzərində qeyri-qanuni əşya və ya narkotik vasitələr varsa təqdim etməyi təklif edilmiş, o, əynindəki qara rəngli gödəkçənin sol yan yan cibindən iki ədəd biri “Vinçestr”, digəri isə “Pall Mall” markalı siqaret qutusu, bir ədəd alışqan, gödəkçənin sağ yan cibindən isə özünə məxsus mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra “Pall Mall” markalı siqaret qutusunun içərisində olan bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümün içərisində olan maddə psixotrop maddə metamfetamin olmuşdur. Bundan başqa onun üzərində qanunla qadağan olunmuş heç bir əşya olmamış və aşkar da olunmamışdır. Daha sonra onun üzərinə keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin bir ədəd bükümdə olan psixotrop maddə isə qablaşdırılaraq götürülmüşdür. O, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün almışdır, psixotrop maddə metamfetamini aldığı şəxsi tanımır. Törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə icraatına **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1 saylı postda polisin “saxla” əmrinə tabe olmayaraq postda quraşdırılmış dəmir səddi aşıraraq hadisə yerindən qaçması barədə raport daxil olmuşdur. Həmin raport əsasında tərəfindən müəyyən edilmişdir ki, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur və qeyd olunan tarixdə qeyd olunan nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs idarə etmişdir. Bundan başqa ona əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Odur ki, həmin məlumat rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs saxlanılması üçün onun və kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə saat 22 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Əlibəyov Qardaşları 80 ünvanının qarşısında saxlanılmış və Səbail rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə olarkən xidməti otaqların birində onun, Səbail RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 və vəkilin iştirakı ilə kriminalist Şahid3 tərəfindən videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ağ rəngli “Vinçestr” markalı 1 ədəd siqaret qutusu, qara rəngli “Pall Mall” markalı 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra “Pall mall” markalı siqaret qutusunun içərisindən şəffaf rəngli bükülünü çıxararaq masanın üzərinə qoymuş və həmin bükülünün içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin bükülü kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa eyni məzmunlu ifadə verərək Şahid1 və Şahid2 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan CD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 CAŞ-ın kiçik əməliyyat müvəkkili Şahid2 3 saylı vəkil bürosunun vəkili Azər Rəsulovun iştirakı ilə Səbail RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Əli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ağ rəngli “Vinçestr” markalı 1 ədəd siqaret qutusu, qara rəngli “Pall mall” markalı 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyur. Daha sonra “Pall mall” markalı siqaret qutusunun içərisindən şəffaf rəngli bükülünü çıxararaq masanın üzərinə qoyur və həmin bükülünün içərisində metamfetamin olduğunu bildirir. Daha sonra həmin bükülü kağız zərfdə qablaşdırılır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2700 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... və s.” yazılar, imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat müəyyən edilmişdir. xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,391 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,341 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 13 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(009)-621/2020 saylı qərarı ilə vəsatət qismən təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(103)-918/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilmədən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(009)-621/2020 saylı qərarı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(009)-639/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığının müddəti xx xxxxxx 2021-ci il tarixədək müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı vardır – 10 iyun 2012-ci tarixdə anadan olmuş X4. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 16 gün müddətində həbsdə olması, eləcə də xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək, yəni 1 ay 23 gün müddətində ev dustaqlığında olması, cəmi 02 (iki) ay 09 (doqquz) gün müddətində həbsdə və ev dustaqlığında olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) ay 18 (on səkkiz) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2əsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2021-ci il tarixli 13 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,341 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 16 gün müddətində həbsdə olması, eləcə də xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək, yəni 1 ay 23 gün müddətində ev dustaqlığında olması, cəmi 02 (iki) ay 09 (doqquz) gün müddətində həbsdə və ev dustaqlığında olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) ay 18 (on səkkiz) gün ona təyin ediləcək cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2əsiz fərdi evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,341 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 144 (bir yüz qırx dörd) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-97/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-97/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver