Məhkəmə qərarları › İş №1(009)-97/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-97/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-97/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçilər Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 2001-ci il tarixdə Laçın rayonunun Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülmüş, işləməyən, Laçın rayonu Kamallı ərazi dairəsi Çıraqlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan, ünvan 3ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əməllərinin ifşa edilməsinin qarşısının alınması üçün sonuncunun ətrafı müşahidə edəcəyi, avtomobilin qapısını açmaq üçün alət verəcəyi, özünün isə avtomobilə daxil olaraq əmlakı talayacağı barədə sövdələşərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən aralarında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq, xx.xx.2022-ci il tarixdə saat 05:25 radələrində Zərərçəkmiş şəxs məxsus olan ünvan 4 ünvanın qarşısında saxlanılmış “Chevrolet Aveo” markalı, ** RZ *** dövlət nömrə nişanlı avtomobilin ətrafında Təqsirləndirilən şəxs2 müşahidə aparmağa başladığı andan sonuncunun ona verdiyi alətlə avtomobilin qapısına müdaxilə edib açaraq, avtomobilin saxlanc yeri hesab edilən əlcək yuvasından (bardaçok) içərəsində sənədlər saxlanılmış pul qabındakı sənədlərin arasında olan 215 (iki yüz on beş) AZN pulu gizli talamaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əməllərinin ifşa edilməsinin qarşısının alınması üçün ətrafı müşahidə edəcəyi, avtomobilin qapısını açmaq üçün alət verəcəyi, Təqsirləndirilən şəxs1 isə avtomobilə daxil olaraq əmlakı talayacağı barədə sövdələşərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən aralarında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq, xx.xx.2022-ci il tarixdə saat 05:25 radələrində Zərərçəkmiş şəxs məxsus olan, ünvan 4 ünvanın qarşısında saxlanılmış “Chevrolet Aveo” markalı, ** RZ *** dövlət nömrə nişanlı avtomobilin ətrafında müşahidə aparmağa başladığı andan, onun verdiyi alətlə Təqsirləndirilən şəxs1 avtomobilin qapısına müdaxilə edib açaraq, avtomobilin saxlanc yeri hesab edilən əlcək yuvasından (bardaçok) içərəsində sənədlər saxlanılmış pul qabındakı sənədlərin arasında olan 215 (iki yüz on beş) AZN pulu gizli talamaqla, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır. Onlar əvvəllər Masazır qəsəbəsində Əliağa Vahid küçəsində eyni məhəllədə yaşamışlar, eyni məktəbdə təhsil almışlar, elə həmin zamandan aralarında yaxın münasibət olmuşdur. xx.xx.2022-ci il tarixinə keçən gecə saat 04 radələrində Bakı şəhəri Səbail rayonu “Xəngəland” adlı restoran ilə üzbəüz istiqamətdə qara rəngli “Chevrolet Aveo” markalı avtomobilin dayandığını görmüşlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobildən oğurluq etməyi qərarlaşdırmışlar. Kamal cibində gəzdirdiyi, üzərində açılıb bağlanan bıçağı ona vermişdir. O, sürücü tərəfdən bıçaq hissəsini salaraq qapını açmışdır. Kamal kənarda ətrafı müşahidə edirmiş, o, isə maşına oturmuş, maşının içində olan bardaçoku açmış, orada qara rəngdə sənədlərin qoyulması üçün istifadə edilən portmanat görmüşdür. Həmin portmanatı açmış, orada sənədin arasında 215 manat olduğunu müəyyən etmişdir. O, maşından çıxmış və Kamal ilə birlikdə “Axundov” parkı istiqamətinə getmişlər. Parkda pulu bölmüşlər, 100 (yüz) manatını özü götürmüş, 100 (yüz) manatını Kamala vermiş, qalan 15 manatına siqaret almışlar və taksi sifariş edərək evə getmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Təqsirləndirilən şəxs1lə əvvəllər Masazır qəsəbəsində Əliağa Vahid küçəsində eyni məhəllədə yaşamışlar və eyni məktəbdə təhsil almışlar, elə həmin zamandan aralarında yaxın münasibət olmuşdur. xx.xx.2022-ci il tarixinə keçən gecə saat 04 radələrində Bakı şəhəri Səbail rayonu “Xəngəland" adlı restoran ilə üzbəüz istiqamətdə qara rəngli “Chevrolet Aveo” markalı avtomobilin dayandığını görmüşlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtomobildən oğurluq etməyi qərarlaşdırmışlar. O, cibində gəzdirdiyi açılıb bağlanan bıçağı Elxana vermişdir. Elxan sürücü tərəfdən bıçaq hissəsini salaraq qapını açmış, o, kənarda ətrafı müşahidə edirmiş ki, gələn olsa desin. Elxan avtomobilin qapısını bıçaqla açıb maşına girmiş oradan 215 manat götürmüşdür. Onlar dərhal oradan uzaqlaşaraq "Axundov” parkı istiqamətinə getmişlər. Parkda pulu bölmüşlər, 100 (yüz) manatını Elxan götürmüş, 100 (yüz) manatını ona vermiş, qalan 15 manatına siqaret almışlar və taksi sifariş edərək evə getmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanda ailəsilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində özünə məxsus olan tünd qəhvəyi rəngli, “Chevrolet Aveo” markalı avtomobilini ünvan 6 ünvanın qarşısında, yolun kənarında saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində avtomobilə baxan zaman avtomobilin kilid hissəsinin sınıq vəziyyətdə olduğunu, qapının açıq olduğunu görmüş və maşında saxladığı pul kisəsinin içindən 215 manat pulunun oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 215 manat maddi ziyan dəymişdir. Ziyanı ödənilib, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində qeydiyyatda olduğu, atasının yaşadığı ünvan 5 ünvanda olan zaman atası Zərərçəkmiş şəxs ona demişdir ki, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində ünvan 7 ünvanın qarşısında, yolun kənarında saxladığı, atasına məxsus olan, tünd qəhvəyi rəngli, «Chevrolet Aveo» markalı avtomobilin kilid hissəsinin sınıq vəziyyətdə, qapının açıq olmasını görüb avtomobilə baxan zaman maşında saxladığı pul kisəsinin içindən 215 manat pulunun oğurlanmasını aşkar etmişdir. O, bu barədə polisə müraciət etmək lazım olduğunu bildirmiş və DİNnin 102 xidmətinə bu barədə məlumat vermişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci il tarixdə, saat 22:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 sentyabr 2022-ci il tarixdə, saat 23:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 23 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 23 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 23 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiriin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun 23 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal həbsdən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiriin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, araşdırma zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini yerində bir daha təsdiq etmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, araşdırma zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini yerində bir daha təsdiq etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 13 oktyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in X4 ximətindən daxil olmuş, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-021 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2022-ci il tarixli saat 05:25-dən, 05:27- dək olan müddətdəki qeydə aldığı videogörüntüləri özündə əks etdirən 01 ədəd diskə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və onun hüquqlarını müdafiə edən vəkili X3 iştirakı ilə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 05:25:33-də Bakı şəhəri Səbail rayonu M.Hüseyn küçəsində, yolun “Xəngəland” kafesi ilə üzüzə olan hissəsində dayanıqlı vəziyətdə olan qara rəngli avtomobilin içindən əynində ağ rəngli uzunqol köynək olan şəxs maşından düşür, arxada dayanmış ağ rəngli qısaqol köynək geyinmiş şəxs ona yaxınlaşır, onların hər ikisi küçənin kamera yerləşdiyi hissəsinə tərəf əlləri ciblərində gəlirlər və oradan küçəni dönərək sağ istiqamətdə hərəkətlərini davam etdirirlər. Təqsirləndirilən şəxs1 görüntülərə baxaraq maşından düşən ağ rəngli uzunqol köynək geyinmiş şəxsin özü olduğunu, qeyd olunan saatda həmin küçədə dayanmış vəziyyətdə olan qara rəngli “Şevrolet Avea” markalı avtomobildən qapısını onunla birlikdə olan qısaqol ağ köynək geyinmiş Təqsirləndirilən şəxs2 tərəfindən ona verilmiş bıçağın şərab açan hissəsi ilə açaraq, avtomobilə girib, əlcək yuvasında (bardaçok) olan pul qabının içindən 215 manat pul oğurladığını bildirmişdir. İş materiallarında olan 13 oktyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in X4 ximətindən daxil olmuş, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-021 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2022-ci il tarixli saat 05:25-dən, 05:27- dək olan müddətdəki qeydə aldığı videogörüntüləri özündə əks etdirən 01 ədəd diskə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakı ilə diskə baxıldığı zaman Təqsirləndirilən şəxs2 maşından düşən ağ rəngli uzunqol köynək geyinmiş şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs1lə birlikdə küçə ilə hərəkət edən qısaqol köynəkdə olan şəxsin özü olduğunu bildirmiş və qeyd etmişdir ki, həmin saatda Təqsirləndirilən şəxs1 küçədə dayanmış vəziyyətdə olan qara rəngli "Şevrolet Avea" markalı avtomobilin qapısını onun verdiyi bıçaqla açaraq maşına daxil olub oradan pul oğurladıqdan sonra birlikdə oradan uzaqlaşırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 08 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, İsayev X5 Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29, 177.2.2, 29, 177.2.3, 178.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 12 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Quliyev X8 Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması və 400 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2, X7 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Azərbaycan Respublikası DİN-in X4 ximətindən xx.xx.2022-ci il tarixli 003-17887-1222 №-li məktubla daxil olmuş, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-021 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının videogörüntüləri yazılmış DVD disk maddi sübut hesab edilərək cinayət işində saxlanılması, ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işindən ayrılaraq istintaqının davam etdirilməsindən ötrü Sumqayıt ŞPİ-nin İş-nə qaytarılması qərara alınmışdır. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 №-li qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, avtomobil saxlanc yeri hesab olunmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan xaric olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli onların özlərinin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1a azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Abşeron rayonu Masazır qəsəbəsi M.Vəliyev küçəsi ev 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun, Sumqayıt şəhərinin və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq dövründə 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan xaric olunsun. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq dövründə 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan xaric olunsun. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri olan Abşeron rayonu Masazır qəsəbəsi M.Vəliyev küçəsi ev 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun, Sumqayıt şəhərinin və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar