Məhkəmə qərarları › İş №1(010)-10/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-10/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-10/2020 22.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri x1 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1980-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, x3 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 34 ünvanında yaşayan, barəsində Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə əvvəli xx xxxxx 2019-cu ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,762 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, xx xxxxx 2019-cu ildə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində həmin narkotik vasitənin 0,304 qramını tanışı Təqsirləndirilən şəxs2 10 manata satmış, qalan 0,458 qramını özündə saxlamış, xx xxxxx 2019-cu ildə saat 22 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, ev 34 ünvanının qarşısında saxlanılaraq həmin şöbəyə gətirilmiş, orada üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə xalis çəkisi 0,458 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, atasının vəfatından sonra psixoloji durumu yaxşı olmadığına görə narkotik vasitələrdən istifadə etməyə başlayıb. Narkotik vasitə heroini inyeksiya vasitəsilə damarına vurmaqla istifadə edir. xx xxxxx 2019-cu ildə şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədilə “Qosa” kimi tanıdığı bir şəxsə zəng edib görüş təyin etmişdir. Həmin vaxt ona tanışları Namiq və Vaqif də qoşulmuş və birlikdə “Qoca” ilə görüşmək üçün Hövsan qəsəbəsi ərazisində yeləşən Hövsan İdman Olimpiya kompleksi tərəfə getmişlər. Orada “Qoca” ilə görüşmüş, o, özü üçün “Qoca”dan 20 manata 02 büküm, Namiqlə Vaqif isə özləri üçün 10 manata 01 büküm narkotik vasitə heroin almışlar. Onlar «Qoca» ilə ayrıldıqdan sonra evinə gəlmişdir. Evə çatandan sonra narkotikin bir bükümünü istifadə etmişdir. Bir qədər sonra Vaqif ona zəng etmiş və bildirmişdir ki, polis əməkdaşları Namiqi tutublar. Polis əməkdaşları onu da gəlib tutmasınlar deyə evdən çıxmış və evinin arxasında yerləşən bir hasarlı əraziyə keçmişdir. Orada bilib ki, bu hərbi hissənin ərazisidir. Orada hərbiçilər şübhələnərək onu saxlamış və polisə zəng etmişlər. Bu vaxt özündə olan bir büküm narkotik vasitəni yerə atmışdır. Sonra polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Orada üzərinə keçirilmiş baxış zamanı üstündən heç bir narkotik vasitə çıxmayıb. Çünki “Qoca”dan aldığı narkotikin birini evə çatanda istifadə etmiş, digərini isə hərbi hissədə hərbçilər tərəfindən saxlanılarkən yerə atmışdır. Qeyd edir ki, narkotik istifadəçisi olduğuna baxmayaraq, heç vaxt narkotik vasitə satmayıb. Məhz bu səbəbdən özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, polis əməkdaşıdır. Xidmət ediyi polis şöbəsinə Namiq adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmasına dair daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, xx xxxxx 2019-cu ildə saat 15 radələrində o, və Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid5 Namiq adlı şəxsi saxlamaq üçün sonuncunun yaşadığı ünvana tərəf getmişlər. Saat 17 radələrində Namiq onlar tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 20 ünvanının yaxınlığında saxlanılmış, şəxsiyyəti müəyyən edilərkən aydın olmuşdur ki, o, Təqsirləndirilən şəxs2dur. Bundan sonra Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs2 hal şahidlərinin iştirakı ilə təklif etmişlər ki, üzərində saxlanılması qadağan olunmuş əşya varsa özü könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 də buna etiraz etməyib, əynindəki boz rəngli gödəkcəsinin sağ yan cibindən “Arqo” siqaret qutusunun alt hissəsində saxladığı, siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan, qəhvəyi rəngli, toz halında, spesifik iyə malik olan, narkotik vasitə heroinə oxşar maddəni və iki ədəd insulin şprisini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir və həmin narkotik vasitəni xx xxxxx 2019-cu ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün Amid adlı şəxsə 10 manat verməklə alıb. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroin və iki ədəd şpris hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. Bundan sonra ondan, həmçinin 30-cu polis şöbəsinin əməkdaşları Şahid5, Şahid4 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmış və onlar əldə olunmuş məlumatı yoxlamaq üçün Namiqin bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi tərəfə getmişlər. Həmin gün saat 22 radələrində Amid adlı şəxs O.Şabanov küçəsi, ev 34 ünvanının yaxınlığında onlar tərəfindən saxlanılmış və müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Daha sonra Təqsirləndirilən şəxs1 30-cu polis şöbəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində saxlanılması qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olan, içərisində qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə heroindir. O, həmçinin bildirmişdir ki, xx xxxxx 2019-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində yerləşən Olimpiya kompleksinin yaxınlığında tanımadığı şəxsdən 30 manat verməklə 03 büküm narkotik vasitə heroin almış, bunlardan birini özü istifadə etmiş, digərini xx xxxxx 2019-cu ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində Namiq adlı şəxsə 10 manata satmış, üçüncü bükümü isə şəxsi istifadəsi üçün özündə saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmış və bu bununla bağlı protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid7 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, xx xxxxx 2019-cu ildə saat 17:20 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin yaxınlığından keçərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bildirmişlər ki, bir nəfər şəxs narkotik vasitələri qanunsuz saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq şöbəyə gətirilib. Polis əməkdaşları həmin şəxsin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsi üçün onu həmin şöbəyə dəvət etmişlər. Bununla razılaşmışdır. Sonra o, polis əməkdaşları ilə birlikdə şöbənin xidməti otaqlarından birinə daxil olmuş, o, və otaqda olan digər hal şahidi əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsində iştirak etmişlər. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində yerləşən 20 nömrəli evin yaxınlığında saxlanılıb. Onlara hüquqları və vəzifələri izah edildikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs2 təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş əşya varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 da heç bir etiraz bildirmədən əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən "Arqo" markalı siqaret qutusunun alt hissəsində saxladığı, bir ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olan, toz halında, spesifik iyə malik maddəni və iki ədəd şprisi təqdim edərək bildirmişdir ki, bu narkotik vasitə heroindir. O, həmçinin bildirmişdir ki, həmin narkotiki xx xxxxx 2019-cu ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olduğu vaxt Amid adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb. Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddə və şprislər götürülərək zərfə qoyulmuş, qablaşdırılaraq möhürlənmiş, qablaşdırılmış zərfi o, Təqsirləndirilən şəxs2, digər hal şahidi və polis əməkdaşları imzalamışlar. Həmçinin bununla bağlı protokol tərtib edilmiş, bütün iştirakçılar onu könüllü olaraq imzalamışlar. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. «Baxış keçirilməsi barədə» xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (həmin şəxsin ölməsi səbəbi ilə onun barəsində olan cinayət təqibinə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xitam verilib) üzərinə baxış keçirilərkən ondan «Arqo» markalı siqaret qutusunun alt hissəsində saxladığı, siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə, qəhvəyi rəngli, toz halında, spesifik iyə malik olan maddə və iki ədəd şpris aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir və onu xx xxxxx 2019-cu ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Amid adlı şəxsdən 10 manat alıb. Protokol bütün iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs2 özü tərəfindən imzalanıb. Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri də yuxarıda göstərilənlərə uyğundur. Bununla yanaşı, «Baxış keçirilməsi barədə» xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə, qəhvəyi rəngli, toz halında, spesifik iyə malik olan maddə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir. O, həmçinin bildirmişdir ki, xx xxxxx 2019-cu ildə Hövsan qəsəbəsi ərazisində yerləşən Olimpiya kompleksinin yaxınlığında tanımadığı şəxsdən 30 manata 03 büküm narkotik vasitə heroin alıb. Bükümlərdən birini istifadə etmiş, birini xx xxxxx 2019-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində Namiq adlı şəxsə 10 manata satmış, digərini isə şəxsi istifadəsi üçün özündə saxlamışdır. Protokol bütün iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs1 özü tərəfindən imzalanıb. Təqsirləndirilən şəxs1 iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə öz cinayətini etiraf edərək yuxarıda göstərilənlərə uyğun məzmunlu ifadələr vermişdir. xx xxxxx 2019-cu il tarixli 8583 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, üzərində Təqsirləndirilən şəxs2 götürülmüş yazıları olan “Bir ədəd zərfdə təqdim olunmuş, içərisindəki təmiz çəkisi 0,304 qram olan bir büküm qəhvəyi rəngli kristallik və tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir”. xx xxxxx 2019-cu il tarixli 8584 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, üzərində Təqsirləndirilən şəxs1 götürülmüş yazıları olan “Bir ədəd zərfdə təqdim olunmuş, içərisindəki təmiz çəkisi 0,458 qram olan bir büküm qəhvəyi rəngli kristallik və tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 götürülmüş bir büküm maddə, Təqsirləndirilən şəxs2 götürülmüş maddə ilə öz xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər”. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş qəhvəyi rəngli kristallik və tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı ayrılıqda götürülmüş narkotik vasitə heroinin tərkibinə görə eyni olması halı da işin digər faktik halları ilə yanaşı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 satdığını təsdiq edir. xx xxx 2019-cu il tarixli 1127 nömrəli ekspert rəyində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Onun məhkəmədəki ifadələri isə məsuliyyətdən yayınmaq məqsədi güdür. Ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını, azadlıqda olduğu dövrdə narkotik vasitələrdən istifadə etdiyinə görə səmimi peşmançılıq hissi keçirməsi iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri müvafiq olaraq 0,408 və 0,254 qr təşkil edən 02 (iki) bükümdə qəhvəyi rəngli kristallik və tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, həmçinin 02 (iki) ədəd 01 ml-lik şpris məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 186 (yüz səksən altı) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx xxxxx 2019-cu ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri müvafiq olaraq 0,408 və 0,254 qr təşkil edən 02 (iki) bükümdə qəhvəyi rəngli kristallik və tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, həmçinin 02 (iki) ədəd 01 ml-lik şpris məhv edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 186 (yüz səksən altı) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov SURAXANİ RAYON MƏHKƏMƏSİ QƏRAR İş № 1(010)-10/2020 xx xxxx 2020-ci il Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri x1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 11, mənzil 44 ünvanı üzrə qeydiyyatda olmuş, 03 – xx xxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi xx xxxx 2019-cu ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxx 2019-cu il tarixinə təyin olunmuşdur. Məhkəmənin hazırlıq iclası yuxarıda göstərilən tarixdə hər iki təqsirləndirilən şəxsin iştirakı ilə keçirilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə məhkəməyə verilmiş, iş üzrə məhkəmə baxışı xx xxxx 2019-cu il tarixinə təyin edilmişdir. xx xxxx 2019-cu ildə Təqsirləndirilən şəxs2 məhkəmə iclasına gəlməmiş, sonradan məhkəməyə qohumları tərəfindən şifahi olaraq bildirilmişdir ki, o, vəfat edib. İşin məhkəmə baxışı dövründə müvafiq halı təsdiq edən zəruri sənədlər əldə edilib. O cümlədən 4 saylı Bakı «Asan xidmət» Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2019-cu il tarixli 1621 nömrəli ölüm haqqında akt qeydinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 kokainlə zəhərlənmə nəticəsində xx xxxx 2019-cu ildə ölübdür. Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən «Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir». Mərhum Təqsirləndirilən şəxs2 ünvanına CPM-nin yuxarıda göstərilən müddəasında nəzərdə tutulan məzmunda bildiriş göndərilmiş, bununla yanaşı məhkəmə işçisi onun anası ilə telefon vasitəsilə danışıb qanunvericiliyin müvafiq tələbləri ilə bağlı həmçinin şifahi izah vermişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs2 anası və ya digər yaxın qohumu təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirməmişlər. Bu səbəbdən məhkəmə baxışı Təqsirləndirilən şəxs2 hüquqi varisinin iştirakı olmadan, onun müdafiəçisinin iştirakı ilə davam etdirilmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu ildə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində digər Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,304 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, eyni tarixdə saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 20 nömrəli binanın qarşısında olduğu vaxt Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq həmin şöbəyə gətirilmiş, orada üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən əynindəki boz rəngli gödəkcəsinin sağ yan cibindən yuxarıda qeyd olunan narkotik vasitə heroin və birinin üzərində narkotik vasitə heroin olmaqla, narkotik vasitənin istifadəsi üçün nəzərdə tutulan 2 ədəd 1 ml-lik şpris aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi faktı təsdiq edilmiş, ona bəraət verilməsi üçün zəruri olan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən «şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir». Eyni Məcəllənin 106-1.4-cü maddəsinə əsasən «Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir». Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs2 yaxın qohumları onun hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini, prosessual qanunvericilikdə göstərilən 20 gündən xeyli çox vaxt keçdiyinə baxmayaraq bildirməmişlər. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 isə ərizə ilə məhkəməyə müraciət edərək cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi ilə xitam verilməsinə razı olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən Azərbaycan Respublikası CM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar