Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-100/2020 17.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi x1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 07 sentyabr 1987-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 dekabr 2019-cu ildə saat 18:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz V220» markalı 90MK572 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Hövsan – Zığ yolunda üzü Qum adası istiqamətində etibarnamə əsasında idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, avtomobili ilə eyni istiqamətdə hərəkət edən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin həmin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, “Mercedes Benz V220” minik markalı “Vaqon 7+1” tipli 90MK572 dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Adətən “28 May” metro stansiyasının yaxınlığından müştəriləri götürüb Hövsan qəsəbəsinə aparır. Hadisə günü də, yəni 07 dekabr 2019-cu ildə “28 May” metro stansiyasının yaxınlığından sərnişinləri götürmüş və Hövsan istiqamətində hərəkət etmişdir. Dayısı Rza da hadisə günü onunla birlikdə olmuş, avtomobilin ön sərnişin oturacağında oturmuşdur. Saat 18:30 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan – Zığ yolunda saatda 50 km sürətlə hərəkət edərkən yolun sağ və avtomobilinin ön tərəfindən 2 metr məsafədə yaşlı kişinin qəflətən qaça-qaça yolu keçdiyini görüb avtomobilini sol tərəfə çəkmiş, buna baxmayaraq qəzadan yayına bilməyib avtomobilinin qabaq sağ qanadının tin hissəsi ilə həmin adamı vurmuşdur. Bundan dərhal sonra avtomobili bir qədər irəlidə saxlayıb yerə enərək piyadanın yanına gəlmişdir. Çatdıqda görmüşdür ki, piyada artıq ölüb. Ətrafda olanlardan kimsə hadisə yerinə təcili tibbi yardım çağırmış, təcili yardım gəldikdən sonra həkimlər də piyadanın artıq öldüyünü bildirmişlər. Sonra o, hadisə yerində qalıb və polisin gəlməsini gözləyib. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş x2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. 07 dekabr 2019-cu ildə axşam saatlarında mərhum əri dostu ilə görüşmək üçün evdən çıxıb Hövsan qəsəbəsinə getmişdir. Həmin gün saat 18:45 radələrində Sahiblə əlaqə saxlayıb harada olduğu ilə maraqlanmaq istəmiş, lakin telefona tanımadığı bir adam cavab verib, Sahibin yolda avtomobillə vurularaq vəfat etdiyini bildirmişdir. Bu barədə qohumlarına məlumat vermişdir. Qeyd edir ki, təqsirləndirilən şəxs və ya sonuncunun qohumları ona ərinin dəfni və yas mərasimi ilə bağlı heç bir maddi yardım göstərməyiblər. Lakin təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu nəzərə alır və bu səbəbdən də ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bununla bağlı təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu nəzərə alaraq, ona qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, «Mercedes Benz V220» markalı 90MK572 dövlət qeydiyyat nişanlı avtomobil onun adına olduğuna baxmayaraq, onu bacısı oğlu Təqsirləndirilən şəxs hədiyyə edib və faktik olaraq təqsirləndirilən şəxsə məxsusdur. 07 dekabr 2019-cu ildə axşam vaxtı Hövsan qəsəbəsinə getmək üçün Nəsimi rayonu ərazisində Hövsan taksilərinin dayandığı «Səməd Vurğun» bağının yanına gəlmiş və orada Mirağanın yuxarıda qeyd olunan avtomobilə sərnişin yığdığını görmüşdür. Mirağanın avtomobilinin ön sərnişin oturacağına əyləşmiş və sərnişin yığdıqdan sonra Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Avtomobili təqsirləndirilən şəxsin özü idarə edirdi. Yol boyu sərnişinlərin əksəriyyəti enmiş, avtomobildə o, Mirağa və bir nəfər tanımadıqları sərnişin qalmışdır. Hövsan – Zığ yolunda saatda 50 km sürətlə hərəkət etdikləri vaxt yeni inşa olunan piyada keçidinə çatmağa təxminən 2 metr qalmış, bir nəfər kişinin qarşıdan gələn avtobusu saxlatdırmaq məqsədilə yola çıxdığını görmüşlər. Mirağa bunu görüb avtomobili dərhal dayandırmaq istəmiş və qəzadan yayınmaq üçün avtomobili sola istiqamətləndirmişdir. Buna baxmayaraq qəzadan yayına bilməmiş və avtomobilin sağ qanadı ilə piyadanı vurmuşdur. Yerə endikdə görmüşlər ki, piyada artıq ölüb. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlar, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 21 yanvar 2020-ci il tarixli 66 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz V220 markalı, 90MK572 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur”. Meyitin ekspertizası ilə bağlı 07 yanvar 2020-ci il tarixli 120 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1946-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinəsinin nəticələrinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: solda qabırğaların çoxsaylı sınıqları, sol baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınıqları, sol ağciyərin cırılmaları, bədənin çoxsaylı sıyrıqları, ənsə-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası. 2. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 07.12.2019-cu il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. 3. Zərərçəkmiş şəxs ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağciyərin cırılmaları nəticəsində inkişaf etmiş zədə şoku, qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş verə bilərdi. 4. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin (qabaq sağ tini və qanadı, eləcə də, ön şüşəsinin sağ tini) təsirindən avtomaşının sürətinin kifayət qədər sürətli olması zamanı alınmaları inkar olunmur. Bu fikir şəxsi vurmuş avtomaşına baxış keçirməklə və cinayət işinin materialları ekspertizaya təqdim edilməklə dəqiqləşdirilə bilər. İlkin zərbə şəxsin bədəninin ön-sol səthində yetirilə bilərdi. 4. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,8 %-dir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlini etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, məcburi köçkün olduğunu, zərərçəkmiş şəxsin hüququ varisinin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-100/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-100/2020
17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver