Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-100/2021 14.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan 700 (yeddi yüz) manat, ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1.700 (min yeddi yüz) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun alınaraq X4 ödənilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinin 2(010)-4370/2018 nömrəli iş üzrə xx xxxxxx 2018ci il tarixli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsinin icrası ilə əlaqədar xx xxxxxxxx 2018-ci ildə verilmiş icra sənədini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 3(010)-96/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş, buna, həmçinin icra üçün yeni müddət təyin olunduğuna baxmayaraq, qanuni qüvvəyə minmiş həmin məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, X5 ilə uzun müddət ərzində şəxsi münasibətləri və birgə biznes əlaqələri olub. Onlar 2016-cı ildə birgə iş görmək istəmiş, lakin planlaşdırdıqları iş özlərindən asılı olmayan səbəblərə görə alınmamışdır. Bundan sonra Aynurə həmin işlə əlaqədar itirdiyi məbləği ondan almaq məqsədilə məhkəmədə iddia qaldırmış və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddiası təmin olunmuşdur. Qiyabi qətnaməyə əsasən ondan 700 manat, ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1.700 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınaraq X4 ödənilməlidir. Təqsirləndirilən şəxs həmçinin qeyd edir ki, əslində X4 heç bir pul borcu yoxdur. Belə ki, daha əvvəllər zərərçəkmiş şəxsdən aldığı pul məbləğinin hamısını artıqlaması ilə qaytarıb. Buna baxmayaraq, zərərçəkmiş şəxsin ondan əl çəkməsi üçün qiyabi qətnaməni icra etmək istəyir. Lakin hazırda məhkəmə aktını bir dəfəyə, tam icra etməsi üçün zəruri pul vəsaitinə malik deyil. Zərərçəkmiş şəxsə məhkəmə aktında göstərilən məbləğin bir hissəsini, yəni 1.500 manat miqdarında pul ödəmək istəmiş, lakin sonuncu qiyabi qətnamənin tam icrasını tələb edərək həmin pulu qəbul etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 2016-cı ilin mart ayında ona borc olaraq 1.700 ABŞ dolları və 700 manat məbləğində pul vermişdir. Lakin, təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək həmin borcu ödəməmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəmədə iddia qaldırmış və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qiyabəi qətnaməsi ilə iddiası təmin olunmuşdur. Göstərilən məhkəmə aktı bu günədək icra edilməyib. Belə ki, Təqsirləndirilən şəxs ötən dövrdə məhkəmə tərəfindən qət olunmuş məbləğdən ümumiyyətlə heç bir ödəniş etməyib. Təqsirləndirilən şəxs icra sənədini qərəzli olaraq icra etmir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs həqiqətən ona işin məhkəmə baxışı dövründə 1.500 manat miqdarında pul təklif etmiş, lakin o, bundan imtina etmişdir. Səbəbi isə budur ki, göstərilən 1.500 manatı alacağı təqdirdə təqsirləndirilən şəxs qalan pulu ödəməkdən boyun qaçırmaqda davam edəcək. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Suraxanı rayon İcra şöbəsinin icra məmuru Şahid2 bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2018-ci ildə verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(010)-4370/2018 nömrəli icra sənədi xx xxxxxxxx 2018-ci ildə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. Borcluya icra sənədinin könüllü icrası üçün verilmiş müddət başa çatdığından, yəni tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından və onu tapmaq mümkün olmadığından xx xxxxxx 2018-ci ildə barəsində axtarış qərarı verilərək icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. xx xxxxxx 2019-cu ildə borclu Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı rayon İcra şöbəsinə təhvil verilmişdir. Borclu icra sənədinin şöbəyə daxil olduğu vaxtdan uzun müddət keçdiyinə baxmayaraq tələbkarın xeyrinə ödəniş etməmişdir. Şahid həmçinin bildirir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmuşdur. xx xxxx 2020-ci ildə borclu icra şöbəsinə dəvət olunmuş, ona icra sənədini icra bundan sonra da icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq olunmuş, lakin borclu Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə məhkəmə qərarını icra etməkdən qərəzli olaraq yayınmışdır. Bu günədək təqsirləndirilən şəxs tələbkarın xeyrinə heç bir ödəniş etməyib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İş materialları ilə müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4370/2018 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 700 (yeddi yüz) manat, ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 1.700 (min yeddi yüz) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul alınaraq X4 ödənilməlidir. Qiyabi qətnamə xx xxxxxxxx 2018-ci ildə qanuni qüvvəyə minmiş, eyni tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. xx xxxxxxxx 2018-ci ildə Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilib. İcra sənədi üzrə icraat zamanı borclu Təqsirləndirilən şəxs faktiki yaşayış yeri məlum olmadığına görə barəsində icra məmurunun xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə axtarış elan olunub. İş materiallarından görünür ki, Əyyubov X2 Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq xx xxx 2019-cu ildə Suraxanı rayon İcra şöbəsinə gətirilmiş, həmin tarixdə izahatı alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 8(010)-582/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı ilə Suraxanı rayon İcra şöbəsinin icra məmurunun müvafiq məzmunlu təqdimatı təmin olunaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 8(010)-705/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Suraxanı rayon İcra şöbəsinin icra məmurunun müvafiq məzmunlu təqdimatı təmin olunaraq Təqsirləndirilən şəxs Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə izahatı alınmışdır. İcra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci ildə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-96/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Təqsirləndirilən şəxs bundan sonra da icra sənədi üzrə heç bir ödəniş etməyib. İşin hallarından, o cümlədən icra məmurunun və zərərçəkmiş şəxsin bildirdiklərindən görünür ki, təqsirləndirilən şəxs icra sənədinin verildiyi vaxtdan uzun müddət keçdiyinə baxmayaraq heç bir ödəniş etməyib. Məhkəmə işin faktik hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması halı tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, zərərçəkmiş şəxsə borcunun bir hissəsini dəmək istədiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-100/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-100/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver