Məhkəmə qərarları › İş №1(010)-100/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-100/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-100/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1984-cü ildə Cəlilabad rayonu, Əsədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Əsədli kəndində qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-45/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3cü maddəsi tətbiq edilməklə 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 7(010)-318/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 5-ci hissəsi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixi üçün çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 04 (dörd) günlük hissəsi 01 (bir) il azaldılmış, Suraxanı Rayon Məhkəməsinin 4(010)-522/2021 nömrəli iş üzrə 16 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 14 oktyabr 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti sonradan müvafiq məhkəmə qərarlarına əsasən uzadılıb) və həmin vaxtdan etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,521 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 2,750 qram narkotik vasitə asetilə edilmiş tiryək əldə edib əynindəki şalvarın sağ yan cibində saxlamaqla daşımış və 14 oktyabr 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 22 saylı yataqxananın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,521 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 2,750 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü əvvəl təqsirli bilmiş, sonra isə təqsirli bilməyərək qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən 11 oktyabr 2021-ci il saat 02 radələrində Hövsan qəsəbəsində yerləşən «Hövsan market»in yaxınlığında saxlanılıb. Həmin vaxt üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmayıb. Buna baxmayaraq polis əməkdaşları onu 30-cu polis bölməsinə gətirmiş, daha sonra Suraxanı RPİ-nin X3 aparmışlar. Polis bölməsində olduğu vaxt ona qarşı işgəncələr tətbiq olunmuş və polis əməkdaşları onu döyərək üzərində narkotik vasitə olduğunu etiraf etməyə məcbur etmişlər. İşgəncələr təsiri altında razılaşmış və üzərinə baxış keçirilən zaman daha əvvəl ona polis əməkdaşları tərəfindən verilmiş narkotik vasitəni və psixotrop maddəni çıxararaq təqdim etmişdir. Əslində isə üzərində heç bir narkotik vasitə olmayıb. Təqsirləndirilən şəxs eyni zamanda bildirir ki, narkotik vasitələrdən istifadə edir. Buna görə peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, polis əməkdaşıdır. Qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində özündən və Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 14 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, və Şahid1 həmin gün saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 22 saylı yataqxananın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və üzərində saxlanılmasında, daşımasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib sonuncunu Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə getdikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçı, polis kapitanı X2 tərəfindən şübhəli şəxs qismində tutularaq sonuncuya şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onun və Şahid2 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunduqdan sonra sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü və bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd üzərində “Mİ” yazısı olan qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən qızılı rəngli kağız büküm açılıb baxıldıqda içərisində ağ rəngli, kristal şəkilli kütlə, şəffaf sellofan bükümə baxdıqda isə içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlərin birinin içərisində “kokos” adı ilə tanıdığı, digərini içərisində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu, həmin maddələri 13 oktyabr 2021-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən “Qara Qarayev” metro stansiyasının yaxınlığında üzdən tanıdığı, ancaq adını və ünvanını bilmədiyi şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin iki ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şahid həmçinin bildirir ki, istər saxlanıldığı vaxt, istərsə də bundan sonra təqsirləndirilən şəxsə qarşı heç bir işgəncə tətbiq olunmamış, əksinə o, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə də təqsirləndirilən şəxsin özünə məxsus olub. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə bildirdiklərinə münasibətdə qeyd edir ki, o, iş üzrə ibtidai istintaq zamanı müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş bütün prosessual hərəkətlərdə üzərindən ittiham aktının nəticəvi hissəsində göstərilən narkotik vasitənin və psixotrop maddənin aşkar olunduğunu tam etiraf etmişdir. İstər o, istərsə də müdafiəçisi iş üzrə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin işgəncələrə məruz qoyulduğunu bildirməmiş, bununla bağlı hər hansı dövlət orqanına müraciətlər etməmişlər. İş materiallarına əlavə edilmiş kompakt diskdəki videoyazıdan da təqsirləndirilən şəxsin təzyiq altında olduğu müşahidə edilmir, üzərində hər hansı döyülmə və işgəncə izləri görünmür. Yuxarıda qeyd olunanları və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadəsi reallıqda baş vermiş hadisələri öz xeyrinə təhrif etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri ilə və s. təsdiq olunur. 14 oktyabr 2021-ci il tarixli 6/4563 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194 möhür əksi, “...Şübhəli şəxs...Əsgərov E.Q...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,521 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,750 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəkdir. Asetilə edilmiş tiryək və metamfetamin növlərinə görə fərqli maddələr olduğundan eynilik üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Asetilə edilmiş tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. 07 yanvar 2022-ci il tarixli 53 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür”. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,471 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,7 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-45/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli hökmünə və 7(010)-318/2022 nömrəli iş üzrə 11 fevral 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 04 (dörd) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 10 (on) ay 02 (iki) gün hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 oktyabr 2021-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,471 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,7 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar