Məhkəmə qərarları › İş №1(010)-101/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-101/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-101/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 4(010)-299/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla 3 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 180 manat müqabilində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuana alaraq əldə edib, üzərində saxlayıb, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxxxxx 2020-ci ildə saat 11:15-də Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynindəki sarı-göy rəngli gödəkcəsinin sağ və sol iç ciblərindən bir ədəd bükümdə təmiz çəkisi 0,162 qr təşkil edən qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 470,0 qr təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci ildə səhər saatlarında yaşadığı evdən çıxmışdır ki, narkotik vasitə alsın. Saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxslə görüşmüş, həmin şəxsdən narkotik vasitə istəmiş, sonra kənara çəkilərək ətrafa baxmışdır. Heç kimin olmamasına əmin olduqdan sonra həmin şəxs ona bir ədəd siqaret kağızı bükümü və bir ədəd şəffaf sellofan bükümü vermişdir. Həmin şəxs şəffaf sellofan bükümdə narkotik vasitə marixuana, siqaret kağızı bükümündə isə heroin olduğunu bildirmişdir. Heroin üçün həmin şəxsə 30 manat, marixuana üçün isə 130 manat vermişdir. Həmin şəxsə inandığı üçün bükümləri açmamış və baxmamışdır. Bükümləri gödəkcəsinin ciblərinə qoyub, həmin şəxslə sağollaşaraq yaşadığı evə tərəf getmişdir. Yaşadığı evin yaxınlığında bir kənara çəkilib narkotik vasitənin bir qismini istifadə etmiş, qalan qismini isə əynindəki gödəkcəsinin birini sağ iç, digərini isə sol iç ciblərinə qoymuşdur. Saat 11 radələrində yaşadığı evin yaxınlığında olduğu vaxt ona iki nəfər şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib onu polis idarəsinə dəvət etdilər. Heç bir etiraz etmədən onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə getmişdir. Polis idarəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquqları və vəzifələri izah olunmuş, bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zaman üzərində qanunsuz əşya olması barədə sual verilmiş, bu zaman əynində olan sarı-göy rəngli gödəkcəsinin sol və sağ iç ciblərində olan narkotik vasitə bükümlərini təqdim etmişdir. Ona həmin bükümlərdəkilərin nə olduğu və onları haradan əldə etdiyi barədə sual verilmiş, bir ədəd siqaret kağızı bükümdə və bir ədəd şəffaf sellofan bükümdə olan maddələrin narkotik vasitə olduqları, həmin maddələri üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 180 manata aldığını demişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin NMB-də əməliyyat-müvəkkili vəzifəsində işləyir. Qeyd edir ki, xx xxxxxx 2020-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, NMB-nin rəisi həmin məlumatın yoxlanılması və Vahid adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis idarəsinin rəis müavininə raportla məruzə etmiş, rəis müavini tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Vahid adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisinin müavini tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı Rayon Məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri NMB-nin rəisi, üzvləri isə idarənin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 və o, təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanmışdır. Həmin gün o, Şahid2 ilə əldə olunan məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsinə getmiş, həmin küçədə Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Vahidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nə dəvət etmiş, o da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra onlar birlikdə polis idarəsinə gəlib bu barədə dərhal raport yazıb idarə rəisinin müavininə məruzə etmişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis idarəsinə vəkil dəvət edilmiş, sonra xidməti otaqların birində Vahidə hüquq və vəzifələri izah edilərək vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Vahidə üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Vahid əynində olan sarı-göy rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd şəffaf sellofan torba, sol iç cibindən isə bir ədəd siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış zamanı sellofan torbanın içərisindən yaşıl rəngli ot, siqaret kağızı bükümündə isə qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümlərin içərisində narkotik vasitə olmasını və üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 180 manata öz şəxsi istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin maddələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən polis əməkdaşı, Vahid, vəkil tərəfindən imza edilmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. xx xxxxxx 2020-ci il tarixli 7/898 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Tədqiqata təqdim olunmuş, üzərində “...2) Şübhəli şəxs: Təqsirləndirilən şəxs imza...” sözü yazılmış kağız paketdə bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 470,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – qurudulmuş marixuanalardır”. xx xxxxxx 2020-ci il tarixli 6/2789 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,162 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir”. xx xxxxxx 2021-ci il tarixli 29 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmamış uşağının olduğunu, həmçinin deməsinə görə anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 465,95 qr təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,112 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 198 (yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 465,95 qr təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,112 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 198 (yüz doxsan səkkiz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar