Məhkəmə qərarları › İş №1(010)-101/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-101/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-101/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 12 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,751 qram və 1,872 qram olmaqla ümumi təmiz çəkisi 3,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış və 10 may 2022-ci il tarixdə saat 14:10 dəqiqədə Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 ünvana gətirilmiş, videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə hərəkətlərini həyata keçirən zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd içərisində hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 1,751 qram və 1,872 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 3,623 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildir ki, narkotik maddə olan heroinı çəkmək yolu ilə istifadə etmişdir. 10 may 2022-ci il tarixdə səhər saatlarında 02 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroini Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığım, lakin adını bilmədiyim şəxsdən özü istifadə etmək üçün ümumilikdə 10 manata alıb, öz üzərimdə gəzdirmişdir. 10 may 2022-ci il tarixdə təxminən saat 14.10 radələrində qardaşım Təqsirləndirilən şəxs və tanışım X11 yaşadığı evin yəni ünvan 5 ünvanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara narkotik vasitənin gəzidirlməsində, saxlanmasında və satışında şübhəli olduqlarını deyərək hər üçünü Suraxanı RPİ-nə dəvət etmişlər. Qardaşı Adışirin, o və tanışı Emin etiraz etmədən razılaşdıq və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişlər. Polis idarəsində onları ayrı ayrı xidməti otaqlara dəvət etmişlər. Bundan sonra ona hüquq və vəzifələrim izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərimdə saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etmək təklif olunmuş, o, da etiraz etmədən əynində olan qara rəngli idman şalvarımın sağ yan cibindən bugün 10 manata aldığı iki büküm narkotik maddə heroini və bir ədəd mənə məxsus “Nokia X 2” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməyim barədə soruşmuşlar. O,da həmin bükümün içərisində narkotik maddə heroin olduğunu, narkotik vasitəni bugün Suraxanı rayonu Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra həmin iki ədəd büküm və mobil telefon polis əməkdaşı tərəfindən götürülərək ayrı-ayrılıqda zərfə qoyulub qablaşdırılmış və üzəri onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Adışirinin və tanışı Eminin də üzərlərindən narkotik vasitə aşkar olunub. Lakin o Adışirinlə, Eminin üzərlərində narkotik vasitə olması barədə məlumatı olmamışdır. Adışirinlə tanışı Eminin də onun üzərində narkotik vasitə olmasından xəbərləri olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında təqsirini etiraf etmədiyini, əməliyyatçıların onları apardığı zaman üzərlərində heçnə olmadığını, onları müalicəyə aparmaq adı altında ciblərinə narkotik vasitəsi qoymalı olduğunu, o da ona görə cibinə narkotik vasitəsi qoyduğunu, həmçinin də həm fiziki, həmdə psixoloji təyziq altında olduğundan məcbur qaldığını, sonradan ona müstəntiq tərəfindən narkotik vasitələrin satışı ilə yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı bildirilmiş, daha sonradan onun əməlinin satışdan həmin Məcəllənin 234.1-ci maddəsinə çevrildiyini, bundan başqa o, narkotik vasitələri olan-metamfetamin və kokosdan hər gün istifadə etdiyini, tutulduğu gündən bir gün qabaq da istifadə etdiyini, həmin narkotik vasitələrini 10 manat məbləğində əldə etdiyini, bundan başqa atası və qardaşının da narkotik vasitələrindən istifadə etdiyini, həmin gün atasının tutulması üçün polislərin gəldiyini, lakin atasının pəncərədən qaçaraq uzaqlaşdığını, buna görə də onu tutduqlarını, həmçinin qardaşının da narkotik istifadəçisi olduğunu və həmin gün onun da tutulduğunu, ümumiyyətlə tutulan günü evdə ondan başqa qardaşı və Emin adlı şəxsin olduğunu və onların birlikdə tutulduğunu bildirmişdir. Sonda o, nə vaxtsa narkotik vasitələrindən istifadə etdiyinə görə peşman olduğunu, hal-hazırda ümumiyyətlə istifadə etmədiyini, artıq rəsmi işə düzəlməsini, xəstə və yaşlı anasının yeganə qazanc mənbəyi olduğunun bildirərək, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, X1 və X9 narkotik vasitələrin qanunsuz əldə edilməsində və daşınmasında ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 14:10-də ünvan 6 ünvanının qarşısında xarici əlamətlərindən yuxarıda adları çəkilən şəxslərə bənzəyən şəxslərə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxslərdən özlərini təqdim etmələrini tələb etdikdə, həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs, X2 və X8 təqdim etmişlər. Onlara narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərlərinə şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onları Suraxanı RPl-nə dəvət etmişlər. Həmin şəxslər də razı olaraq onlarla birlikdə polis idarəsinə gəlmişlər. Suraxanı RPl-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 02 ədəd bükümü və “Nokia X2” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin 02 ədəd büküm açılaraq içərisinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 02 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və özünə məxsus olduğunu, həmin narkotik maddəni Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd büküm və “Nokia X2” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPl-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 27-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 10 may 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə, saat 14:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 80-85-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 4(010)-291/2022 saylı qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Suraxanı rayon prokurorunun təqdimatı təmin edilməmi, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 may 2022-ci il tarixindən hesablamaqla 10 sentyabr 2022-ci tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 115-116-cı vərəqlərində olan 11 iyul 2022-ci il tarixli “təqsirləndirlən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan olunması və cinayət işinin icraatının dayandırılması barədə qərara əsasən, Təqsirləndirilən şəxs barəsində bir sıra istintaq hərəkətlərinin keçirilməsi məqsədilə barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarının 120-121-cı vərəqlərində olan 12 sentyabr 2022-ci il tarixli “iş üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış cinayət işinin icraatı təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 123-124-cü vərəqində olan 12 iyul 2022-ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd büküm aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 39-43-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/2708 saylı 11 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №45” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. sözlər, imzalar olar zərfdəki 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,751 qram (№1) və 1,872 qram (№2) olmaqla, ümumi təmiz çəkisi 3,623 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 127-128-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4901 saylı 02 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda narkomaniyadan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 16 may 2022ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümü və “Nokia X2” markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümlərin içərəsində heroin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən cəmi 10 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, bundan sonra aşkar edilmiş həmin 02 ədəd bükümün götürülərək qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 108-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd içərisində hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 1,751 qram və 1,872 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ümumi təmiz çəkisi 3,623 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik vəzifəsində çalışaraq, 727 manat məbləğində əmək haqqı alır. Cinayət işinin materiallarında olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qardaşı X3 barəsində, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarına əsasən, axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 3,623 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir.Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanunun müddəalarına əsasən cəzanın əsas və ən əhəmiyyətli məqsədlərindən biri yeni cinayətlərin törədilməsindən, sosial ədalətin bərpa edilməsindən əlavə məhkumun islah edilməsidir. Ümumiyyətlə qanunvericilik tərəfindən müəyyən edilmiş cəza siyasətinin son məqsədi məhkumun islah edilməsi və onun vətəndaş cəmiyyətin qanunlara riayət edən və hörmət edən vətəndaş kimi bərpa edilməsidir. Həmin bərpaedici istiqamətlərindən biri öz əməlinin özü üçün, ailə üçün, cəmiyyət üçün təhlükəliliyini dərk etmək, yeni əməl törətməmək və islah olunma yoluna düşmək-işə düzəlmək, müalicə olmaq, ailəsinə baxmaqdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hal-hazırda Təqsirləndirilən şəxs "xxxx" MMC-də elektrik vəzifəsində işləməsini Təqsirləndirilən şəxs həqiqətən artıq islah olunmasının göstəricisi kimi müəyyən etmək olar. Bundan əlavə Təqsirləndirilən şəxs ailənin yeganə qazanc mənbəyi olması (digər qardaşının barəsində cinayət işinin açılması və axtarışın elan edilməsi), xəstə və yaşlı anasına baxması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, hal-hazırda "xxxx" MMC-də elektrik vəzifəsində işləməsini və bununla da həqiqətən artıq islah olunmasının göstəricisi kimi müəyyən edilməsinı, ailənin yeganə qazanc mənbəyi olması (digər qardaşının barəsində cinayət işinin açılması və axtarışın elan edilməsi), xəstə və yaşlı anasına baxmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 12 may 2023-cü il tarixindən 11 iyul 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 01 ay 29 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 12 may 2023-cü il tarixindən 11 iyul 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 01 ay 29 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 3,523 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ioğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar