Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-102/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxx 2002-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 1 mənzil 6 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz evdə yaşayan, Xəzər Rayon Məhkəməsinin 1(003)-420/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəzanın 18 fevral – xx xxxxxx 2020-ci il tarixləri üzrə 06 ay 02 günlük hissəsi çəkilmiş, 05 ay 24 günlük hissəsi çəkilməmiş qalmışdır), hazırkı iş üzrə 10 – xx xxxx 2020-ci il tarixləri üzrə tutulmuş (barəsində hazırkı iş üzrə ibtidai istintaq dövründə müstəntiqin xx xxxx 2020-ci il tarixli qərarı ilə «nəzarət altına vermə» növündə qətimkan tədbiri, məhkəmənin hazırlıq iclasının xx xxx 2020-ci il tarixli qərarı ilə isə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilib), başqa bir cinayət işi ilə əlaqədar barəsində Xətai Rayon Məhkəməsinin 4(011)-541/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla 03 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş üzrə ittiham aktının nəticəvi hissəsində qeyd olunur ki, «… yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2019-cu ildə saat 03 radələrində istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu 2045 ünvanda yerləşən “Al market” mağazasının ağ rəngli plastik qapısının kilidini özündə olan vintaçanla sıxıb açmaqla içəri qanunsuz daxil olaraq oradan 73 manat məbləğində qəpiklərdən ibarət pulu və 440 manat dəyərində müxtəlif adlı siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 513 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir». İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs – xx xxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxx 2019-cu ildə saat 03 radələrində istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, 2045 ünvanında yerləşən “Al market”in ağ rəngli plastik qapısının kilidini özündə olan vintaçanla sıxıb açmaqla içəri qanunsuz daxil olaraq oradan 60,35 manat miqdarında nağd pulu və 172,30 manat dəyərində müxtəlif markalı tütün məhsullarını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 232,35 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Fərid və Sakit adlı şəxslərlə hadisədən təxminən 3 ay əvvəl tanış olmuş və yaxşı münasibətləri yaranmışdır. xx xxxx 2019-cu ildə günorta saatlarında yaşadığı evdə olduğu vaxt Fərid ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Fəridlə həmin gün saat 17 radələrində “Timland” adlı əyləncə mərkəzində görüşüb söhbət etmiş, söhbət zamanı Fərid ona bildirmişdir ki, Sakitlə birlikdə oğurluq etdiyinə görə hansısa rayonda barələrində cinayət işi başlanıb. O, həmçinin bildirmişdir ki, pula ehtiyacı olduğuna görə yenə oğurluq etmək istəyir, lakin Sakit Bakıda olmadığına görə təklikdə oğurluq edə bilmir. Bundan sonra Fərid ona təklif etmişdir ki, birlikdə oğurluq etsinlər. Fəridin bu təklifinə razı olmadığına görə sonuncu ondan incimişdir. Bu vaxt dostu Təhmuraz ona zəng edib harada olduğunu soruşmuş, olduğu yeri bildirdikdən sonra Təhmuraz da onların yanına gəlmişdir. Fərid bu dəfə Təhmurazın yanında birlikdə oğurluq etmələrini təklif etmiş, Təhmuraz da buna razılıq vermişdir. Sonra o, da Fərid və Təhmurazla birlikdə oğurluq etməyə razı olmuşdur. Belə qərara gəlmişlər ki, piyada gəzib mağazaların birindən oğurluq etsinlər. Sonra üçü birlikdə gəzməyə, oğurluq etmək üçün münasib mağaza axtarmağa başlamışlar. Məscidin yanında yerləşən “Al market”ə kənardan baxıb qərara gəlmişlər ki, buradan oğurluq etsinlər. Oğurluğu planlaşdırarkən Fərid onlara demişdir ki, çox həyəcanlıdır və içəri daxil olsa mağazadan heç nə tapa bilməyəcək. Təhmuraz isə bildirmişdir ki, birinci dəfədir oğurluq edir və bu səbəbdən mağazaya girə bilməz. Nəticədə belə razılaşmışlar ki, o, mağazaya daxil olacaq, Fəridlə Təhmuraz isə çöldə dayanıb ətrafa nəzarət edəcəklər ki, kimsə gəlsə ona xəbər versinlər. Beləliklə, xx xxxx 2019-cu ildə saat 03 radələrində onlar “Al market”ə yaxınlaşmış və pəncərədən baxıb içəridə heç kəsin olmadığına əmin olmuşlar. Bundan sonra Təhmuraz üzərindəki vintaçanı ona vermiş və Fəridlə birlikdə mağazanın qarşısında dayanıb ətrafa nəzər yetirməyə başlamışlar. O, isə həmin vintaçanla mağazanın ağ rəngli plastik qapısının kilidini sıxıb açmış, içəri daxil olaraq əvvəl kassaya yaxınlaşmış, lakin açıq vəziyyətdə olan kassada pul olmadığını görüb mağazadan çıxmaq istəyəndə gözü mağazanın ofisinə sataşmışdır. Ofisin qapısının üzərində açar olduğunu görüb həmin açarla qapını açaraq içəri daxil olmuş, girişdən sol tərəfdə, nazik dəmir materialdan hazırlanmış şkaf olduğunu görüb, əlindəki vintaçanla onun qapısını açmışdır. Şkafın içərisində müxtəlif markalı bir neçə blok siqaretin və 3 ədəd kiçik sellofanda qəpiklərin olduğunu görüb onları götürmüşdür. Eyni zamanda şkafda bir kiçik ölçülü seyfin də olduğunu görmüş, lakin onu açmaq istəsə də, aça bilməmişdir. Sonra mağazadan çıxıb Fəridlə və Təhmuraza yaxınlaşmış, əlindəki siqaret bloklarını və qəpik pulları Fəridlə Təhmuraza vermiş, oğurladığı siqaretlərdən bir qutunu isə özünə götürüb yaşadığı evə getmişdir. Fərid də Təhmurazla belə razılaşmışlar ki, ertəsi gün saat 11 radələrində görüşüb siqaretləri satsınlar. Lakin yorğun olması səbəbindən yatıb qaldığına görə ertəsi gün Fərid və Təhmurazla görüşə bilməmişdir. Oyandıqdan sonra onlara zəng etmiş, Səbail rayonunda olduqlarını öyrənib gedib onlarla orada görüşmüşdür. Görüşdükləri vaxt Fərid və Təhmuraz bildirmişlər ki, siqaretləri ümumilikdə 112 manata satıblar, oğurladıqları qəpik pullar isə cəmi 57 manatdır. Həmin vaxt Təhmuraz Fəridə 20 manat, ona isə 10 manat pul vermiş, qalan 139 manatı özünə götürərək ehtiyacı olduğunu bildirmişdir. Sonra onlarla sağollaşıb ayrılmışlar. Qeyd edir ki, yuxarıda göstərilən 10 manatı şəxsi ehtiyaclarına xərcləyib. Hazırda Fəridin və Təhmurazın harada olduqlarını bilmir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “Azərsun Holding” şirkətinə məxsus “Al market” mağazalar şəbəkəsinin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən 312 nömrəli ərzaq mağazasının müdiridir. Maddi məsul şəxs olduğuna görə mağazada əmələ gələn çatışmazlığın əvəzi onun qazancından tutulur. Bu, oğurlanan əşyalara və pul vəsaitinə də aiddir. Bu səbəbdən də cinayət nəticəsində zərər məhz ona vurulub. Qeyd edir ki, hər gün saat 08 radələrində mağazanı açır və saat 22 radələrində bağlayıb gedir. Ondan başqa həmin mağazada 3 nəfər işləyir. Mağazanın açarı yalnız özündə və müavinində olur. xx xxxx 2019-cu ildə saat 22 radələrində həmişə olduğu kimi mağazanı bağlayıb yaşadığı evə getmiş, ertəsi gün, yəni xx xxxx 2019-cu ildə saat 07:30 radələrində ona mağazaya çörək paylayan şəxs zəng edərək mağazanın qapısının açıq vəziyyətdə olduğunu bildirmişdir. Bundan sonra evdən çıxıb mağazaya gəlmiş, çatdıqda görmüşdür ki, mağazanın və mağazanın ofisinin qapıları açıq vəziyyətdədir. Ofisdəki dolabın qapısı da açılmışdır. Oğurluq edildiyini başa düşüb DİN-nin 102 xidmətinə zəng etmişdir. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, ilk dəfə hesablamalar apardıqda təxminən müəyyən etmişdir ki, mağazadan 73 manat məbləğində qəpiklər və 440 manat dəyərində müxtəlif adlı siqaretlər oğurlanıb. Lakin sonradan daha dəqiq təftiş və hesablama aparmış, nəticədə dəqiq müəyyən etmişdir ki, oğurlanmış qəpiklər ümumilikdə 60,35 manat təşkil edir. Oğurlanmış tütün məhsullarının, yəni müxtəlif adda siqaretlərin ümumi dəyəri isə 172,30 manatdır. Beləliklə, oğurluq nəticəsində ona vurulmuş zərərin ümumi miqdarı 232 manat 35 qəpik təşkil edir. Zərərçəkmiş şəxs bildirir ki, cinayət nəticəsində vurulmuş zərərin əvəzi bu günədək ona qaytarılmayıb. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı iş üzrə toplanmış sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini, həmçinin iş materiallarını nəzərə alaraq hesab edir ki, cinayət nəticəsində vurulmuş ziyanın ümumi miqdarı kimi ittiham aktında göstərilən 513 manat deyil, işin məhkəmə baxışı zamanı müəyyən olunmuş 232,35 manat miqdarı qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın məhkəmə tərəfindən müəyyən edilən miqdarı cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsifinə təsir etmir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən maddələrlə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı hökmlə əlaqədar qətimkan tədbiri seçilməsinə zərurət yoxdur. Belə ki, o, Xətai Rayon Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən hazırda həbsdə saxlanılır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan əl-barmaq izləri Suraxanı Rayon Polis İdarəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 – xx xxxx 2020-ci il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 1(003)-420/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxxx 2020-ci il tarixi üzrə çəkilməmiş 05 (beş) ay 24 (iyirmi dörd) günlük hissəsinin iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun, alınan 02 (iki) ay 27 (iyirmi yeddi) gün hazırkı hökmlə təyin olunan 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi ilə əlaqədar Xətai Rayon Məhkəməsinin 4(011)-541/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçildiyi nəzərə alınaraq, onun barəsində hazırkı iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin və hazırkı işlə əlaqədar barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan əl-barmaq izləri Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-102/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-102/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver