Məhkəmə qərarları › İş №1(010)-102/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-102/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-102/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Xüsusi ittiham üzrə ittihamçı X4 vəkili və nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızının iştirakları ilə, Məmmədova Günel Kəmaləddin qızı xx.xx.1988-ci ildə Tovuz rayonu, Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaaşyış massivi, ev 13, mənzil 54-də qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məmmədova Günel Kəmaləddin qızı 10 oktyabr 2022-ci il tarixə X1 nümayiş etdirilən sosial şəbəkələrində, o cümlədən “YOU TUBE” sosial şəbəkəsinin müxtəlif kanalarında internet informasiya şəbəkəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəfini, həmçinin ləyaqətini, işgüzar nüfuzundan salan, yəni kollektivdə, təşkilatda işgüzar qabiliyyətinə görə İ.Əhmədovun tutduğu mövqeyi, işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır. Məhkəmə iclasında xüsusi ittiham üzrə ittihamçı X4 vəkili və nümayəndəsi Müdafiəçi1 bildirmişdir ki, 12 mart 1988-ci ildə anadan olmuş Tovuz rayonun Əyyublu kəndində anadan olmuş, Tovuz rayonu Əyyublu kənd 1 nömrəli tam orta məktəbdə müəllimə işləyən, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivi, ev 13 M, mənzil 54-də yaşayan Məmmədova Günel Kəmaləddin qızı 2022-ci ilin avqust-sentyabr ayında əvvəllər keçirdiyi burun əməliyyatından sonra burunun görünüşündən və burun tənəffüsünün çətinliyindən şikayət etdiyi üçün təkrar burun əməliyyatı keçirmək istədiyini bildirmişdir. Onun tərəfindən müayinələr aparılaraq onun burnunda burun qığırdaqlarının və qismən burun sümüklərinin əriməsinə bağlı internal və eksternal valvda kollaps burun ucunun, burun belinin, burun dəliklərinin, burun piramidasının əyilməsi kimi deformasiyalar aşkar edilmişdr. X11 müayinə zamanı izah edilmişdir ki, burun qığırdaqlarının əriməsi əməliyyatdan sonra infeksiyalar, yaraya düzgün qulluq aparılmaması səbəb ola bilər. X6 bir neçə dəfə tərəfindən təkrar əməliyyat zamanı ədəbiyyatda olan məlumatlara əsasən qabırğa qığırdağından alınmış qığırdağın ərimə ehtimalı var və daha yüksəkdir, digər ola biləcək risklər və fəsadlar barəsində geniş izahat verilmişdir. Bununla əlaqədar o, özü yazılı razılıq formasına da könüllü imza etmişdir. Bundan sonra Günel Məmmədova 2022-ci ilin sentyabrın ayının 8-də fəaliyyət göstərdiyi “ARTROMED” klinikasında qabırğa qığırdağından hazırlanmış transplantantla revizion təkrar septorinoplastika əməliyyatı olunmuşdur. Əməliyyat 9 saat davam etmiş, ərimiş qığırdaqlar və burun skeleti bərpa olunmuşdur. Burun tənəffüsü və burunun xarici görünüşü qənaətbəxş vəziyyətə gətirilmişdir. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Əməliyyatdan bir neçə ay sonra Məmmədova Günel Kəmaləddin qızı klinikaya əməliyyat nəticəsindən narazı olduğu üçün klinikaya müraciət etdikdə, o, dəfələrlə onu klinikanın inzibatçısı X9, X12 və digər klinikanın əməkdaşlarının şahidliyi ilə onu qəbul edərək ona müvafiq izahlar verib, bir-iki dən sonra yəni, burun əməliyyat yarası tam sağaldıqdan sonra təkrar əməliyyat oluna biləcəyini bildirmişlər. Lakin buna baxmayaraq Günel Məmmədova instaqram sosial şəbəkəsində, tik-tok sosial şəbəkəsindən böhtan xarakerli məlumatlar yaymağa başlamışdır. Həmçinin 10 oktyabr 2023-ci il tarixdə Günel Məmmədova müxtəlif kütləvi nümayiş etdirilən YOUTUBE internet informasiya ehtiyatında böhtan, yəni yalan olduğunu bilə-bilə onun mənəvi dəyəri olan şərəfini, yəni cəmiyyətin üzvü kimi əxlaqını, insanlara, dövlətə, cəmiyyətə münasibətini, əməliyyat etdiyi şəxslərin ona olan münasibətini, həmçinin ləyaqətini, yəni mənəvi və əqli keyfiyyətini, cəmiyyətdəki mövqeyini və onu nüfuzdan salan yəni kollektivdə, təşkilatda, qabiliyyətınə görə öz tutduğu mövqeyi ləkələyən məlumatlar yaymışdır. Belə ki, o həmin çıxışlarda güya, onun etdiyi əməliyyatlara dair məlumatlar və fotoşəkillər montaj olduğunu, güya onun etdiyi əməliyyatdan sonra onun burnunda çürümə getdiyini və güya onun burnunu təkrar əməliyyat etmək qeyri-mümkün olduğunu bildirərək digər şəxsləri ona müraciət etməməyə çağırış edərək onun qabilliyətsiz həkim olduğunu dəfələrlə bildirmişdir. Qeyd edir ki, o, tibb elmləri üzrə fəlsəfə doktorudur, 17 ildir ki, LOR əməliyyatları aparmaqla müvafiq işgüzar nüfuza malikdir. Həmin şəxsin böhtan xarakterli çıxışları onu nüfuzdan salmaqla şərəf və ləyaqətini ləkələmişdir. Beləliklə də, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» massivi, ev 13 M, mənzil 54-də yaşayan Məmmədova Günel Kəmaləddin qızı barəsində xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. İş üzrə Məmmədova Günel Kəmaləddin qızının törətdiyi cinayət əməli şahidlərin ifadələri ilə müxtəlif kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında nümayişlərdən olar çıxışlarla təsdiq olunur. Odur ki, Azərbaycan Respublikasının qüvvədə olar qanunlarına əsasən Məmmədova Günel Kəmaləddin qızını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilərək ona bilərəkdən və qəsdən böhtan atdığına görə bu maddə ilə onu cinayət məsuliyyətinə cəlb edib, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Xüsusi ittiham üzrə ittihamçı X4 vəkili və nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş xüsusi şikayətinə əlavədə göstərilmişdir ki, şikayət əriəsində olan videodiskə və aşağıda göstəriən youtube kanallarında kütləvi informasiya vasitələrindən istifadəedərək, şəxsən Günel Məmmədova tərəfindən onunla balı həqiqətə uyğun olmayan böhtan xarakterli ifadələr işlədərək, onun cəmiyyətdə olan işgüzar nüfuzuna xələl gətirməklə şərəf və ləyaqətinə toxunulmuşdur. Belə ki, həmin videogöürüntülərə nəzər yetirilsə , məlum ola ki, o İ.Əhmədovun barəsində guya İ.Əhmədov G.Məmmədovanın qabırğasından qıgırdaqları göütürb onun burnunu çökmüş hissəsinə doldurmaq əvəzinə, əksinə burnun tamamilə yonaraq. Burun deşiklərin deformasiyaya uğradaraq onun iybilmə və tənəffüs orqanlarını zədələmiş, onun sağlamlığına zərər vurmuşdu. Həmçinin onun instqram səhifəsində əməliyyatlarv ilə batlı etdiyi paylaşımların güya fotomontaj olduğunu bildirərək açıq şəkildə onun cəmiyyətdə olan həkimlik nüfuzuna ciddi zərər vumuşdu. Güya onun əməliyyat nəticəsində onun bütün şansı əlindən alınıb və burnunda çürümə gedir. Güya İ.Əhmədovun ona vurduğu iynə nəticəsində onun bütün şansı əlindən alınıb və dərisi tamamı ilə deformasiya olub. Göstərilənlər həqiqətə uybun deyil. Günel məmmədova ödədiyi pulu geri qaytarmadığını üçün qisas məqsədi ilə ona qraşı böhtan cinayəti törətmişdir. Hazıda göstərilən “Youtube” kanallarından baxış sayı 837 nəfər göstərir. Həmin kanallar – “kanal 24 xəbər online” kanalı, “repartyor.info, “Azərbaycan Reallığı TV” ictimai siyası xəbər portalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızı ifadəsində bildirmişdir ki, videonun yayılması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2022-ci ildə son əməliyyatı olunmuşdur. Birinci əməliyyatı xx.xx.2021-ci ildə keçirilmişdir. Birinci əməliyyatda tutqunluq var idi, ola bilər soyuqlamadan olub. Lakin nəfəs problemi yox idi. Birinci əməliyyatdan sonra həkim demişdir ki, bəzən nəfəs tutqunluğu var, həmin problem artıq ətlə bağlı idi, onu da heç İdrak Əhmədov özü də təmizləməmişdi. O ikinci əməliyyatına şansı, ümidi kimi baxmışdır. Həkim birinci əməliyyatda estetik görünüşünü ürəyincə etməmişdi, nəfəs alma problemi fakt İdrak Əhmədovun əməliyyatından sonra yaranıb. O ikinci əməliyyatdan sonra makiyaj edib, çölə çıxa bilmir, çünki burnunun suyu dayanmır. Yayda isə burnu quruyur. Əvvəlki əməliyyatı uğursuz olmuşdu, ona görə İdrak doktorun yanına gəldi. Əməliyyatdan sonra çəpər əyriliyi, nəfəs problemi yarandı. Reseptləri də var. May ayında həkim burnuna iynə vurdu, şəkil var iynədən sonra burnu necə şişdi, qalxdı. Sonra isə burnu başladı çökməyə. O burnunu sağdan çöküb, nəfəs ala bilmir. İyun ayından o bu həkimlə mübarizədədir. Ümumiyyətlə, özünün (həkimin) dediyinə görə o 9 saat narkozda olmuş, qabırğana şlank qoymuşdular, o onu nə qədər incitdi. O əməliyyata tək getmiş, çünki uşaqları yoldaşının yanında qoymuş, lakin müayinəyə yoldaşı ilə getmişdir. Onun anası ürək əməliyyatı keçirmişdi, rayonda idi. Əməliyyatdan sonra gözü tutulub, dərman tökdü. 4500 manat pul vermişəm, əməliyyata, məndən yenidən əməliyyat üçün qabırğa götürülməsi lazımdır. Mənə deyir ki, burunda problemlər var iki il sonra düzəldəcəm. İlk əməliyyatı “Buta” klinikasında olub. Mehman Vahabın qəbulunda oldum, yazılı heç nə verməyib, dedi ki, sol tərəfdə dedi ki, qığırdaq çatışmazlığı var. Ondan sonra da İdrak doktorun qəbulunda olmuş, həkim mənə o qədər güvən verdi, o da müqaviləni oxumamış, qol çəkmişdir. Dedi ki, “problem yalnız burnun ucundadır, mən düzəldəcəm”. Dedi ki, “qığırdaqları burnun ucuna dolduracayıq”, lakin etmədi. Dedi lazerlə cilalıyacam, lakin etmədi. 5 aya kimi şikayət etmədi, sonra gördüm ki, irələyiş yoxdur. Bu qədər narazılıqdan sonra mən necə ona yenidən əməliyyat etdirərəm. Həkim ona deyir ki, “dolğu edək, Aynişan xanıma, Aybəniz xanımın qızının burnuna da etmişik”, lakin o razılaşmamışdır. Əgər onun burnunda problem yoxdursa, hansı problemi həll edəcək o sadəcə prokurorluqdan kömək istəmiş, videonun necə yayıldığın bilmir, jurnalist Şahid xəstəxanaya sorğu göndərib, onunla bağlı məlumat istəyib, lakin sorğusuna cavab verilməyib və ona bildirilib ki, “harda istəyirsiz dərc edə bilərsiz”. Avqustun 28-dən əsəbləri o qədər pozulub, mən işdən çıxdım. Sertifikasiya imtahanında 49 bal topladı, müsahibəyə girə bilmədim. Onu şizofren, psix adlandırır. Onu estetik-cərrahiyənin şöbə müdiri Mayıs müəllim kafeyə dəvət elədi, anası və iki qızı ilə getmişdir, dedi ki, o bu problemi həll etmək istəyir, əgər o haqsız idisə, niyə 2500 ona pul təklif elədi. Onu əvvəlcə Nərimanov rayonunda kafeyə dəvət elədi ki, xəstəxanadan kənarda söhbət eliyək. Atası rayondan bura gəlib, söhbət eləsin, atasınıı şərliyir. Yoldaşına qayıdıb deyir ki, “xanım sənin ikinci həyat yoldaşın olduğuna görə bu məsələləri pozur”. O həkim çəkiliş elədiyinə görə, telefonu yandırıb, o də üstə getmiş, deyir ki, şəxsi həyatına niyə müdaxilə edirsiz, qayıdıb, deyir ki, onu biz yox, xəstələr deyir. Deməli, o digər xəstəylə onun ailəsini müzakirə edirdi. Səhvəsində paylaşıb ki, G.Məmmədova intihar etmişdir. O təzə ailə qurmuş, əkiz uşağı bədənində öldü və o depressiyaya düşmüşdür. O ona dedi ki, doktor daha əvvəl həyatına o qəsd etmiş, bunu necə paylaşa bilər. Tiktokda video qoyub ki, indiki intiharlar ona görə artır ki, belə müəllimlər, intihar edirsə, şagirdlərə nə öyrədəcək. Bakı şəhər Baş Polis İdarəsi, Nərimanov rayon Polis İdarəsi, 33-cü Polis Bölməsi, 32-ci Polis Bölməsinə yazmışdır. Hətta 32-ci PB-ə intihar məktubu qoymuşam, bir dəfə İdrak Əhmədov oraya çağrılıb. O (G.Məmmədova) əsəbdən gəlib, evdə balkondan özünü atmaq istəyirdi, çünki yoldaşı gəlib, deyir ki, o səndən qeybət qırırsan instaqramda. Atası gəldi ki, ya pulun ver, ya burnun düzəlt. G.Məmmədova bildirir ki, o pulu borc götürdü ki, nəfəs almağı düzəlsin. Xətai rayon prokurorluğunda izahat vermiş, Jurnalist xanım bildirdi ki, prokurorluğa göndərsək, mətbuat katibi də baxar. G. Məmmədova bildirmişdir ki, jurnalist Şahid dedi ki, “ictimailəşdirsək, bu işə yaxşı baxılacaq”, sırf o məqsədlə, yayımlanıb. Onun sənədlərim var baxa bilərsiz, dövlət xəstəxanasının diaqnozu qeyd olunub. Şikayətlərinin sayı-hesabı yoxdur, hansı böhtandan söhbət gedə bilər. Mehriban xanıma ərizə yazmış, Baş Prokurorluğa Xətainin qərarından şikayət yazmış. Günəşlidə həkimə getdi, dedi sağdan burnunuz çöküb, nəfəs darlığınız var. Onu ekspertizaya göndərmişdilər, həmin həkim “CİTY” hospitalda işləyir, Nizami Mehdizadə. Baxmayaraq ki, komissiyan eksperti təyin olunub, o bir həkimin qəbulunda olmuş. Baxanda desəydi ki, onun burnunda nəsə yoxdu bura nəyə gəlmisən, lakin həkim bütün problemlərini dedi. Hətda dedi ki, burada 4500 manatın məsuliyyəti var. Həkim bu qədər pul alıb. Həkimə yığmış, özü deyib ki, Xətainin qərarından şikayət elə. Xətai Rayon Prokurorluğundan Baş Prokurorluğa şikayət eləmiş, həmçinin Prezidentə, Mehriban xanıma, hər yerə şikayət yazmışam. İdrak Əhmədovun köməkçisi o müayinəyə gedəndə, ona “moşennik” deyib, necə məni xəstəxanadan qovub, onların əlində videoları var. Həmçinin əlində səs yazısı var, lakin gizlin olduğuna görə təqdim etmir. Müayinəyə getmiş, müayinə zamanı ona digər xəstələrdən danışır, narazı xəstələrdən birini şizofren adlandırır. Deyir birinin atası ölüb, psixdir. Eyni hal ona da təkrar olundu, o Polis Bölməsinə şikayət edəndə, deyib ki, “səni məhkəməyə verəcəm”. Ondan icazəsiz videolar, çəkib, üzü açıq şəkildə, razılığı olmadan, paylaşıb, onu biyabr edib. Onlar niyə nəzərə alınmır. O burada haqsız duruma düşmüş. Videonu çəkmə səbəbi, cənab Baş Prokurordan kömək istədiyi üçün olub. Ancaq məqsədi bu olub. Qaldı ki, şəkillər deyilir ki, fotomontajdır, onda olan şəkillər və onun səhivəsində paylaşdığı şəkillər “gəlin baxaq gör, montaj deyil, nədir o”. Həmçinin bildirmişdir ki, ikincidən sonra da müayinəyə getmişdir. Sənədlər var. İynədən sonra burnunda batıqlar yarandı. O birinci həkimdən şikayət etmədi, çünki nə özü, nə də ki, köməkçisi onunla kobud rəftar etməyib. X13 qıcıqlandırıb, bu təhqirlərə görə o məcbur qaldı. Bildirir ki, artıq istəmir ki, repartior.az saytında o məlumatlar qalsın, Arifə xanımada demişdir ki, silsin. Məhkəmə iclasında xüsusi ittiham üzrə təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızının vəkili və nümayəndəsi Müdafiəçi2 bildirmişdir ki, icraatda olan 1(010)-102/2024 saylı iş üzrə X10 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərziəsi ilə müraciət edərək Məmmədova Günel Kəmaləddin qızının onun barəsində böhtan xarakterli məlumatlar paylaşdığını iddia edərək sonuncunun AR CM-nin 147-ci maddəsi üzrə təqsirli bilinməklə həmin maddə üzrə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Hesab edir ki, iş üzrə obyektiv nəticəyə gəlmək üçün bütün detallar araşdırıldı və əslində həqiqətin nədən ibarət olmağı aydınlaşdı. Belə ki, təqribən 1 ilə yaxın davam edən məhkəmə çəkişməsində xüsusi ittiham tərəfi qətiyyətlə bildirir ki, Günel Məmmədova yalan olduğunu bilə-bilə İdrak Əhmədov barəsində böhtan xarakterli məlumatlar paylaşmışdır. Həmçinin xüsusi ittiam tərəfi ittihamı müdafiə edərək məhkəməyə sübut qismində “Youtube” sosial şəbəkəsində paylaşılan videoroliki əlavə etmişdir. Sonuncu məhkəmə iclasında qeyd olunan video görüntülərə baxılmış və bununla bağlı qarşı tərəfə “burada böhtan yaradan fikirlər haradadır” deyə sual verdikdə qarşı tərəf bununla bağlı hər hansı əsaslı fikirlər səsləndirə bilməmişdir. Yəni müdafiə tərəfi olaraq bildirir ki, videoda qeyd olunan ifadələrdə hər hansı böhtan xarakterli fikirlər səsləndirilməmişdir. Xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi ərizəyə nəzər yetirdikdə orada qeyd olunur ki, Günel Məmmədova onun həkimlik nüfuzuna xələl yetirmişdir. Lakin uzun müddət davam edən məhkəmə iclaslarında qarşı tərəf bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sadəcə olaraq xüsusi ittihamçının nümayəndəsi şifahi formada bildirmişdir ki, Günel Məmmədova tərəfindən sosial şəbəkələrdə edilən şikayətlərdən sonra İdrak Əhmədovun cərrahi əməliyyatının sayı kəskin dərəcədə azalmışdır. Hesab edir ki, bu formada, yəni hər hansı sübut təqdim olunmadan belə bir fikirlərin irəli sürülməsi ittihamın əsasını təşkil etməməlidir. Hər bir halda xüsusi ittihamçı ona vurulmuş zərərin nədən ibarət olmasını və həmin zərər nəticəsində nələrdən məhrum olduğunu məhkəməyə təqdim etməli idi. Şikayətçi şikayət ərizəsinə sübut qismində Günel Məmmədovanın üz görüntülərinin “blur” olunmuş formada şəklini təqdim etmişdir. Həmin şəklin aşağı hissəsində “Artromed klinikasında təhlükəli burun əməliyyatı’' başlıqlı yazı qeyd olunmuşdur. Həmin yazı “Reportyor info” saytı vasitəsilə paylaşılmışdır. Və təəssüf ki, şikayətçi qeyd olunan yazıya görə əsassız olaraq Günel Məmmədovanı ona böhtan atmaqda günahlandırır. Əvvəla qeyd etmək lazımdır ki, həmin yazıda İdrak Əhmədov barəsində hər hansı qeyd yoxdur. Burada sadəcə olaraq “Artromed” klinikasının adı qeyd olunub. Bundan əlavə həmin yazıya diqqət yetirsək onun Günel Məmmədova yox, “Reportyor info” saytının paylaşmasının olduğunu görə bilərik. Yəni “Reportyor info” saytının paylaşdığı yazıya görə Günel Məmmədovanın ittiham olunması tamamilə əsassızdır. Müdafiə tərəfi olaraq əvvəlki məhkəmə iclaslarında xüsusi ittihamçının gizli formada Günel Məmmədovanın video görüntülərini və şəkillərini sonuncunun razılığı olmadadan “İnstaqram" və “Tiktok” sosial şəbəkəsində özünə məxsus səhifədə paylaşaraq onun şəxsi və işgüzar nüfuzuna xələl gətirdiyini görmək olar. Günel Məmmədovanın pozulmuş mənəvi hüquqlarının müdafiəsi ilə əlaqədar mülki qaydada Binəqədi rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmə çəkişməsi hal-hazırda davam etməkdədir. Tərəfindən məhkəməyə müraciət olunduqdan sonra İdrak Əhmədov tərəfindən həmin video görüntülər sosial şəbəkələrdən silinmişdir. İş üzrə obyektiv araşdırmanın aparılması məqsədilə tərəfindən məhkəmə-tibbi ekspertizasının təşkil edilməsi barədə vəsatət təqdim olunmuş və həmin vəsatət təmin olunmuşdur. Müvafiq tibbi ekspert komissiyası tərəfindən Günel Məmmədova müayinə olunmuş və bununla bağlı ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Həmin rəyin nəticə hissəsinin 2.4.7- ci bəndində qeyd olunur: “Günel Məmmədovanın üzərində aparılmış cərrahiyə əməliyyatlardan sonra onda estetik cəhətdən burun belində bir qədər fərqlilik , sol burun qanadında çökəklik və ah konxalarda atrofiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan dəyişikliklərin cərrahiyyə əməliyyatının texniki icrası ilə əlaqəsi yoxdur. Belə ki, təkrar aparılmış cərrahiyyə əməliyyatlarında əldə olunan toxumalarda qan dövranının pozğunluğu sonra qeyd olunan dəyişikliyə səbəb olmuşdur”. Hesab edir ki, ekspert rəyinin bu hissəsi Günel Məmmədovanın haqlı şikayət etdiyini və həqiqətəndə onun sağlamlığında fəsadların olduğunu təsdiq edir. Belə ki, bütün məhkəmə iclaslarında Günel Məmmədova qətiyyətlə bildirmişdir ki, aparılmış burun əməliyyatında sonra onun sağlamlığında problemlər yaranmağa başlamışdır. Həmçinin ittiham tərəfi hesab edir ki, guya Günel Məmmədova yalan olduğunu biləbilə İdrak Əhmədovun onun üzərində apardığı əməliyyata kölgə salmış və İdrak Əhmədovun həkimlik peşəsinə xələl gətirmiş ifadələr səsləndirmişdir. Cinayət Məcəlləsində böhtan cinayətinin dispozisiyasında qeyd olunur ki, barəsində şikayət olunan şəxs məhz yalan olduğunu bilə-bilə xüsusi ittihamçı barəsində həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Sual yaranır ki, Günel Məmmədova burun nahiyyəsində olan problemin (hansı, ki. həmin problemlər ekspert rəyində öz əksini tapır) tibb sahəsi üzrə mütəxəssis olmadan necə bilərdi ki, problem əməliyyatla bağlı deyildir. Aparılan məhkəmə araşdırması zamanı dəfələrlə qeyd olunmuşdur ki, Günel Məmmədova burun nahiyyəsində yaranmış problemlə əlaqədar həm klinikaya və şəxsən İdrak Əhmədova, daha sonra isə hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin müraciətinə hər hansı müsbət cavab ala bilməmişdir. Bu hal onu deməyə əsas verir ki, Günel Məmmədovanın həqiqətəndə burun nahiyyəsində problem olmuş, lakin bunun əməliyyatla bağlı olmadığını o, bilə bilməzdi. Sonuncu məhkəmə iclasında tərəfindən xüsusi ittihamçının nümayəndəsinə sual verərək bildirdi ki, “tərəflər arasında narazılıq yaranan zaman İdrak Əhmədov tərəfindən Günel Məmmədovaya təkrar əməliyyatla bağlı hər hansı təklif olmuşdurmu?” Nümayəndə suala cavab olaraq bildirdi ki, təkrar əməliyyatla bağlı tərəfindən hər hansı təklif olunmayıb. Lakin xüsusi ittiham qaydasında təqdim olunmuş şikayətin 2-ci səhifəsinin 2-ci abzasına nəzər yetirdikdə bunun tamamilə yalan olduğunu görə bilərik. Belə ki, xüsusi ittihamçı öz ərizəsində Günel Məmmədovaya 1-2 ildən sonra, yəni burun əməliyyat yarası tam sağaldıqdan sonra təkrar əməliyyat olunan biləcəyini bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, İdrak Əhmədov tərəfindən əməliyyatın uğursuz aparılması və bunun yenidən təkrar əməliyyatla aparılaraq aradan qaldırılması etiraf olunmuşdur. Sonuncu məhkəmə iclasında Mingəçevir şəhər Məhkəməsinin müvafiq qətnaməsini sübut qismində məhkəməyə təqdim etmişdir. Həmin qətnamədən aydın şəkildə görsənir ki, İdrak Əhmədov aparılmış cərrahi əməliyyatlardan sonra narazılıq edən pasientləri məhkəməyə verməklə, dolayısı ilə öz gücünü göstərmək niyyəti güdür. Lakin həqiqət ondan ibarətdir ki, İdrak Əhmədov olunan narazılıqlara dözümlülük nümayiş etdirməklə problemlərin həlli istiqamətində müəyyən addımlar atmalı idi. Məsələnin faktiki tərəflərinə nəzər yetirdikdə əslində həqiqətin nədən ibarət olduğu aydın şəkildə özünü biruzə verir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızı barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham üzrə təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızının vəkili və nümayəndəsi Müdafiəçi2 məhkəmə çıxışında, yuxarda qeyd edilənlərdən əlavə ekspert rəyinin bu hissəsi Günel Məmmədovanın haqlı şikayət etdiyini və həqiqətən də onun sağlamlığında fəsadların olduğunu təsdiq edir. Belə ki, bütün məhkəmə iclaslarında Günel Məmmədova qətiyyətlə bildirmişdir ki, aparılmış burun əməliyyatında sonra onun sağlamlığında problemlər yaranmağa başlamışdır. Həmçinin ittiham tərəfi hesab edir ki, guya Günel Məmmədova yalan olduğunu bilə-bilə İdrak Əhmədovun onun üzərində apardığı əməliyyata kölgə salmış və İdrak Əhmədovun həkimlik peşəsinə xələl gətirmiş ifadələr səsləndirmişdir. Cinayət Məcəlləsində böhtan cinayətinin dispozisiyasında qeyd olunur ki, barəsində şikayət olunan şəxs məhz yalan olduğunu bilə-bilə xüsusi ittihamçı barəsində həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Sual yaranır ki. Günel Məmmədova burun nahiyyəsində olan problemin (hansı, ki. həmin problemlər ekspert rəyində öz əksini tapır) tibb sahəsi üzrə mütəxəssis olmadan necə bilərdi ki. problem əməliyyatla bağlı deyildir. Aparılan məhkəmə araşdırması zamanı dəfələrlə qeyd olunmuşdur ki, Günel Məmmədova burun nahiyyəsində yaranmış problemlə əlaqədar həm klinikaya və şəxsən İdrak Əhmədova, daha sonra isə hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin müraciətinə hər hansı müsbət cavab ala bilməmişdir. Bu hal onu deməyə əsas verir ki, Günel Məmmədovanın həqiqətəndə burun nahiyyəsində problem olmuş, lakin bunun əməliyyatla bağlı olmadığını o, bilə bilməzdi. Odur ki, qeyd edilənləri nəzərə alaraq, təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızı barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinə 26 avqust 2023-cü il tarixdə daxil olmuş Məmmədova Günel Kəmaləddin qızının ərizəsindən görünür ki, o 25 avqust 2023-cü il tarixdə həkim İdrak Əhmədovdan əməliyyatla bağlı ödənilməiş 4500 manatın qaytarılmasına dai ərizəsi ilə Bakı şəhəri Xətai RPİ-in 36-cı polis şöbəsinə daha əvvəl müraciət etmişdir. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron daşıyıcıda (diskdə) olan video materiallardan görünür ki, 10 oktyabr 2023-cü il tarixli videofaylın 0.48-ci saniyədə “mən “İnstaqram”da reklamlara aldanıb getdim, həkimin səhifəsində olan şəkillər aldanıb getdim. Heç kəs bu səhvi eləməsin.Orda olan şəkilllərin çoxusu fotomontajdır, xüsusilə də revizion əməliyyatlarında ....” ifadələri əks olunub. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron daşıyıcıda (diskdə) olan video materiallardan görünür ki, 10 oktyabr 2023-cü il tarixli videofaylın 1.35-ci saniyədə “həkim mənim bütün şansımı əlimdən aldı. Mənim dərimi həkim 5 ayından sonra iynə vurdu, şiş dedi, iynə vurdu. Burnum daha da pis günə qaldı, daha da çökdüvə onun vurduğu iynənin əks təsiri olduğuna görə burnumu yenidən əməliyyat əməliyyat etmək qeyri-mümkündür” ifadələri əks olunub. Məhkəmənin hazırlıq iclasınının 06 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Günel Məmmədova bildirmişdir ki, həmin videofaylı çəkib jurnalist Şahid “məsələnin ictimailləşdirilməsi, bu işə baxılması” üçün təqdim etmişdir. “ARTROMED” klinikası tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlərə əsasən Məmmədova Günel Kəmaləddin qızının əməliyyatdan öncə olan şikayətləri burun tənəffüsü çətinliyi, burunda quruluq, qərtməklərin əmələ gəlməsi , kəskin baş ağrıları, burun xarici görüntüsündən ibarət olmuşdur. Anamsis morbi: Deməsinə gbrə təqribi 1 il öncə estetik burun əməliyyt keçirib, əməliyyatdansonra nəticədən narazı qalıb. Qəbul olunan müalicələr əsasən burun boşluğunu yumaq üçün məhlullar, yağ damcıları olub. Status lokalis: xarici burun deformasiyası qeyd edilir: burun dərisində naharmarlıqlar, kələkötürlüklər, batıqlar, burunda sağa axe əyriliyi və C-şəkilli əyrilik, droppy, düşük burun ucu, external valvda kollaps (l.laterial qığıqdaqların lizisi hesabına) alar base assimmetriyası, marjinal şəkildə kobud çapıqlar.Diaqnoz Burun arakəsməsinin əyriliyi xarici burun deformasiyası ilə. Rinoplastika əməliyyatından sonrakı vəziyyət. Vazomotor rinit. Əməliyyatın protokolundan görünü ki, Sağ 8-ci qabıqğa nahiyyəsində, inframammar büküşdə uzunluğu 2-3 sm uzunluğunda qabırğa istiqamətində kəsik aparıldı. İti və küt üsulla qabırğa qığırdağı disseksiya olundu.Burnunda keçirilmiş əməliyyata bağlı yaranmış kobud çapıqlanmş yara izi üzərindən marjinal kəsiklər aparıldı. Disseksiya zamanı aşağı laterila qığırdaqların tamamilə olmaması-zisi aşkarlandı, yalnı daha öncə yerləşdirilmiş ştrut qeft ehtimal edilən -5-6 mm uzunluğunda qığırdaq qalıqları tapıldı. Dorsumun disseksiyası upperlateral qığırdaqlarlar hissəv atrofiya olunmuş, burun piramidası sağa əyilib, sümüklərdə nahamarlıqlar defektlər izlənilir. Dorsum rasp hamarlandı, humr işarələnərək xaric edildi. Transkolumellar olaraq septum mukozası disseksiya edildi, septumun ön 2/3 yoxdur ( ehtimal ki lizis olunub), maksillar crest əyrillyiyi və perpendikulyar plastinka əyrilikləri aşkar edildilər. Autotransplantan qabırğa qığırdağı qığırdabı oblik split şklində 2-3 mm qalınlığında kəsildilər. Septumdakı əyriliklər xaric edildilər, kostal qığırdağdan yenidən L-ştrut septum formalaşdırılıb maksillar spinaya və perpendikulyar lövhəyə sabitləndi. Upper laterial qığırdaqların önünə dəstəq qığırdaqlar tikilərək tamlığı təmin edildilər. Burun ucu qığırdaqları olmadığına görə tamamilə yenidən qabırğadan alınmış qığırdaqlarla formalaşdırıldılar. Yenə tip formalaşdırmaq üçü septal extension qqeft dizayn edildi. İnferior knxalar submukoz RF destruksiya edildilər və lateropozisiya olundular. Hemostaz .Burun boşluğuna silikon splintlər yerləşdirildi. Epikrizə əsasən cərrahi əməliyyatı xx.xx.2022-ci il atrixindç ümumi anesteziya altında qabırğa qığırdağından autotransplantant hazırlanaraq reviziyon septorinoplastika və inferior konxaların submukoz RF destruksiyası əməliyyatları aparıldı. Əməliyyat və əməliyyatdan sonrakı döv fəsadsız keçmişdir. Simptomatik və antibakterial müalicə aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli 303/KEŞ saylı ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Məmmədova Günel Kəmaləddin qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Günel Məmmədovanın mütəxəssis müayinəsi zamanı icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra onda burun qığırdaqlarında hər hansı bir patologiya qeyd edilmir və burun tənəffüsü sərbəstdir. Günel Məmmədovanın üzərində aparılmış cərrahiyyə əməliyyatlardan sonra onda estetik cəhətdən burun belində bir qədər fərqlilik, sol burun qanadında çökəklik və alt konxalarda atrofiyanın olduğu müəyyən edilmişdir. Qeyd olunan dəyişikliklərin cərrahiyyə əməliyyatının texniki icrası ilə əlaqəsi yoxdur. Belə ki, təkrar aparılmış cərrahiyyə əməliyyatlarında əldə olunan nəticə toxumaların regenerasiya prosesi və yanaşı olaraq əməliyyat olunan toxumalarda qan dövranın pozğunluğu sonda qeyd olunan dəyişikliklərə səbəb olmuşdur. Günel Məmmədovaya göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur. “Triamsinalon” dərman preparatı sintetik qlukokortikoid kimi digər dərman vasitələrdən fərqli olaraq gec təsir edən, eyni zamanda uzunmüddətli effektə malik, ödem və şişkinlik əleyhinə olan preparatdır. “Triamsinalon” dərman preparatı cərrahiyyə əməliyyatından sonra qalan şişkinlik və ödemin qarşısını almaq məqsədilə təyin olunmuşdur. Bu preparat bir çox plastik və estetik əməliyyatlardan sonra həkim-mütəxəssislər tərəfindən təyin edilir. Günel Məmmədovanın mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra iyibilmə qabiliyyəti pozulmamış və burun tənəffüsünə mane ola biləcək hər hansı bir patologiya müəyyən edilmədi. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvuranın dərəcəsinin təyini nəzərdə tutulmayıb. “ARTROMED” X14 Məmmədovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixdə onun üzərində “Qabırğa qığırdağından autotransplantat hazırlanaraq reviziyon septorinoplastika və inferior konxaların submukoz RF destruksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Günel Məmmədovanın mütəxəssi müayinəsinə əsasən, götürülmüş material düzgün olaraq burun uc qığırdaqlarına transfer edilmişdir. Transfer edilmiş material yumşaq toxuma olduğundan bunun ölçü vahidini təyin etmək mümkün deyil, bu həkim seçimindən asılıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Bundan başqa, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Avropa İttifaqının əsas insan hüquqları haqqında Xartiyasının 1-ci maddəsinə əsasən insan ləyaqəti toxunulmazdır, ona hörmət olunmalı və qorunmalıdır. Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Bütün yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyri-qanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışlar. Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olubolmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X2rşı, 27 mart 1996cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan Qərarda həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan, o cümlədən təqdim olunan sosial şəbəkəsində yayılmış videorolikdən ümumi məzmunundan doğan fikirlərdən aydın olur ki, Məmmədova Günel Kəmaləddin qızı birmənalı şəkildə xüsusi ittihamçı X5 yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaq, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatmaq məqsədi güdmüşdür. Diffamasiya kimi qəbul edilən bu ifadələrin məhkəmə istintaqı zamanı hər hansı mötəbər dəlillərlə sübut olunmaması xüsusi ittihamçıya qarşı böhtan cinayətlərinin törədildiyini təsdiq etmiş olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Məmmədova Günel Kəmaləddin qızının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Belə ki, Məmmədova Günel Kəmaləddin qızı “Youtube” sosial şəbəkəsində müxtəlif kanallarda yayımlanmış videorolikdə İdrak Əhmədovu, tərəfindən aparılan əməliyyatların təhlükəli olduğunda, onun yanına getməməyə dair çağırış etməklə, onun əməliyyatdan 5 ay sonra qeyri-müəyyən iynəni vurmaqla burnunda çürümə prosesinin yaranmasına səbəb olduğunda, nəfəsalma və iybilmə hissiyatlarının itirilməsinə səbəb olmasında, ona məxsus səhifəsində yerləşdiyi fotoşəkillər fotomontaj olduğunda və bununla da onu aldatdığında ittiham edir. Həmin hal xüsusi ittihamçı İdrak Əhmədovun xüsusi ittiham qaydasında verdiyi şikayətində əlavə edilmiş videogörüntüdə (videorolikdə), təqsirləndirilən şəxs G.Məmmədovanın məhkəmə iclasında verdiyi ifadəsində əksini tapır, təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızı ifadəsində həmin halın sadəcə öz hüquqlarının müdafiəsi üçün, prokurorluğa müraciət etməsinin uğursuz cəhdlərin nəticəsi olaraq, özü həmin məlumatların jurnalist vasitəsilə, sosial şəbəkəsində yerləşdirməklə yayılmasını etiraf edir. Təqsirlədirilən şəxs Məmmədova Günel Kəmaləddin qızının əməlinə hüquqi təhlil üsulu vasitəsilə yanaşmaqla, konstitusiya, cinayət prosessual qanununun müddəalarına müraciət edilməlidir. Belə ki, Məmmədova Günel Kəmaləddin qızı sosial şəbəkələrində yayımlanmış videoroliklərdə İdrak Əhmədovun təkcə ona münasibətdə deyil, ümumiyyətlə “revizion əməliyyatlarında” fotomontaj şəkillərindən istifadə edilməsi, keçirilmiş əməliyyatın təhlükəli olduğunu, əməliyyatdan sonra vurulmuş iynənin onun burnunda çökmə və çürümə proseslərinin yaranma səbəbi olduğunu, həmin məlumatların yayımlanma məqsədini öz pozulmuş hüquqlarının müdafiəsini göstərsə belə, həmin məlumatları jurnalistə videogörüntünü təqdim etməklə, yayımlayaraq öz sözlərini hər hansı mötəbər sübutla təsdiqləməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı da hər ifadəsində həmin məlumatları bildirərək, ona dair hər hansı mümkün, mötəbər və əsaslı sübutları təqdim etməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı məhkəmə baxış iclasında G.Məmmədova bildirmişdir ki, həmin iynə əməliyyatdan sonra vurulmuş, çökmələr ondan sonra yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasını 26 maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstittusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin 7-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Belə ki, Məmmədova X3 Əhmədov barəsində təhlükəli plastik əməliyyatının keçirilməsi, Günel Məmmədovanın səhhətində yaranmış qüsurların məhz İdrak Əhmədovun keçirildiyi əməliyyatın nəticəsində yarandığına, instaqram səhifəsində olan şəkillərin fotomontaj olduğuna dair yayılmış məlumatların doğru olduğuna dair hər hansı mötəbər sübut mövcud olmadığından, təqsirləndirilən şəxs həmin halın araşdırılması ilə bağlı, vurulmuş ziyanın tələb edilməsi ilə bağlı hər hansı mülki iddia ilə əlaqədar məhkəməyə müraciət etmədən, prokurorluqda araşdırmanın nəticəsini gözləmədən və ya nəticəsini mübahisələndirmədən İdrak Əhmədovla özü huquqların müdafiəsi kimi qələmə verərək, lakin qanunvericilikdə nəzərədə tutulmuş pozulmuş hüquqların müdafiəsi üçün qanunla nəzərdə tutulmuş üsullardan və vasitələrdən istifadə etmədən, əməliyyatın uğursuz, təhlükəli olması, xüsusi ittihamçı həkim İdrak Əhmədov öz əməliyyatlarına dair yerləşdirdiyi şəkillərin fotomontaj olduğu barədə məlumatları və həmin rolikə baxan izləyiciləri aldanaraq, onun kimi eyni səhvi, o cümlədən həmin həkimin yanın getməmək çağırışı yayaraq xüsusi ittihamçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən məlumatları yaymışdır. Beləliklə, Məmmədova Günel Kəmaləddin qızı tərəfindən İdrak Əhmədov barəsində həmin məlumatların yayılması tam olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunur. G.Məmmədovanın həmin cinayəti törətməsi özü tərəfindən məhkəmə istintaqında inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biribirini tamamlayan digər mötəbər sübutlarla bu əməllərin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızının ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 2 azyaşlı uşağın olduğunu cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məmmədova Günel Kəmaləddin qızının əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirilən halların olmasını nəzərə alaraq hesab edir ki, Məmmədova Günel Kəmaləddin qızına onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın aşağı həddlərinə uyğun cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məmmədova Günel Kəmaləddin qızı ona təyin edilmiş cəzanı iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan “DVD” disk və iş materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin Məmmədova Günel Kəmaləddin qızı barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır və hal-hazırda da onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Məmmədova Günel Kəmaləddin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 5 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 04 (dörd) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Məmmədova Günel Kəmaləddin qızı cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar