Məhkəmə qərarları › İş №1(010)-103/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-103/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-103/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 11-ci keçid, ev 23-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 iyul 2022-ci il tarixdə saat 12:20-də ünvan 1 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olar açıq rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,378 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir. 21 iyul 2022-ci il tarixdə təxminən saat 12:20 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis idarəsinə dəvət etmişlər. Suraxanı RPİ-nin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq həmin əşyaları təqdim etməsi bildirilmiş, o əynindəki açıq rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş və bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni həmin tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 5 manata almış və öz istifadəsi üçün üzərində gəzdirmişdir. Üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan 1 ədəd büküm onun iştirakı ilə 1 ədəd kağız zərfə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Narkotik maddələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışıram və polis kapitan xüsusi rütbəsindədir. İşin mahiyyəti üzrə bildirir ki. 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və-bu barədə İdarə rəisinə raportla məruzə olunduqdan sonra onun və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 12:20 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik maddələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nə dəvət etmişlər. O, da razılaşaraq birlikdə Polis İdarəsinə gəlmişlər. Prosessual sənədləşmə idarənin təhqiqatçısı Suad Həmzəyevə həvalə edilmişdir. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra Rəşad Əliyexin üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs əxnində olan açıq rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf salafan bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində heroin adlanan narkotik vasitədir, həmin narkotik vasitəni Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 5 manata öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmin kütlə götürülərək qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 21 iyul 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə, saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 65-66-cı vərəqlərində olan 23 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 67-68-ci vərəqində olan 23 iyul 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynində olan açıq rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə təqdim etdi və aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürüldü. Baxış zamanı o bildirmişdir ki, həmin narkotik vasitəni Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manata almışdır və öz şəxsi tələbatı üçün üzərində gəzdirmişdir. Cinayət işinin 39-43-cü vərəqələrində olan iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 21 iyul 2022-ci il tarixli 6/3968 saylı rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №45» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən ...» və s.yazılar və imzalar olan zəpfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.378 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 90-91-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5173 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 79-cu vərəqində olan “DVD diskə baxış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 21 iyul 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan açıq rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü bükümün içərisindəki maddənin heroin olduğunu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 5 manata öz istifadəsi üçün aldığını bildirir. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunur, görüntü diskə köçürülərək protokola əlavə edilir. Cinayət işinin 83-84-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə və hökmün surətinə əsasən Sadıxov X2 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olan hesab edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, Sadıxov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 22 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə hökmü və onun icrası barədə hakimin göstərişi xx.xx.2022-cı il tarixdə Bakı Şəhər Probasiya idarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsində qeydiyyata alınmışdır. Məhkumun bu günkü tarixə çəkilməmiş cəzası 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasının 07 ay 12 gün hissəsini çəkmiş, xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 01 il 02 ay 10 gün təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, xx.xx.1993-cü il təvəllüdlü, Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nın əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olar açıq rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,378 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,378 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum edildiyi, habelə hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayət hesab olunur və həmin hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkum edildiyi, həmin hökm ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, qeyd edilən cinayət əməlləri və azadlığın məhdudlaşdırılması növündə cəzaya görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, iş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 12 iyun 2023-cü il tarixli məktubuna əsasən görünür ki, Sadıxov X2 Rayon Məhkəməsinin 1(010)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasının 07 ay 12 gün hissəsini çəkmiş, xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 01 il 02 ay 10 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 1(010)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməli, Suraxanı rayon Məhkəməsinin 1(010)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 07 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 03 ay 21 gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş cəza müddətinə hesablanmalı, 21-23 iyul 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün müddət üzrə tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla və üzərində qəti olaraq müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin 1(010)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Suraxanı rayon Məhkəməsinin 1(010)-163/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 07 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 03 ay 21 gün azadlıqdan məhrum etmə müddəti ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbayan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək tutulduğu 02 gün təyin olunmuş 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir il) 02 (iki) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 12 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,328 qram olan narkotik vasitə - heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (bir yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar