Məhkəmə qərarları › İş №1(010)-104/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-104/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-104/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, prokuror-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi Məlik-X2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1957-ci ildə Naxçıvan MR Ordubad rayonunun Disər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli- yetkinlik yaşına çatmış 3 övlad atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüddə olan, Bakı şəhəri, İ.Məmmədov küçəsi ev 24, mənzil 41-də qeydiyyatda olmaqla yaşayan, haqqında xx.xx.2020-ci ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Türkan avtomobil şosesinin 5-ci km-də texniki cəhətdən saz vəziyyətdə olan, oğlu Samir Məmmədova məxsus Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili 90-100 km/saat sürətlə idarə edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib, nəticədə yolun sol tərəfində olan dəmir səddin üzərindən aşaraq sağ tərəfə keçmək istəyən Zərərçəkmiş şəxs vuraraq, kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaların altına, toxumasına və mədəciklərə qansızma, sağ bazu sümüyünün açıq, burun sümüklərinin, hər iki baldır sümüklərinin qapalı sınıqları, bədənin qançır və sıyrıqları, əzilmiş-cırılmış yarası ilə nəticələnilən, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, aldığı xəsarətlərdən ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi olduğundan oğluna məxsus olan Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, xx.xx.2019-cu ildə qonşuları olan üç nəfər qadını Türkan qəsəbəsinə apararkən Zığ-Türkan avtomobil yolunun 5-ci km-də avtomobili 90-100 km sürətlə idarə edərkən təxminən 100 metrlik məsafədən 2 nəfərin yolu soldan sağa keçmələrini görmüşdür. Həmin şəxslər hərəkətinə təhlükə yaratmadığından hərəkətini davam etdirmiş, aralarında təxminən 50-60 metr məsafə olarkən bir qadının da yolu iki hissəyə bölən, hündürlüyü bir metrə qədər olan dəmirin üzərindən aşmasını görüb səs siqnalından istifadə etmiş, həmin qadın dəmirin üzərindən aşaraq gözləmiş, onun yola daxil olmayacağına əmin olub hərəkətini davam etdirdikdə aralarında təxminin 30 metrlik məsafə olarkən qadın qəflətən yola daxil olaraq qaça-qaça yolu keçməyə başlamışdır. Qadın qaça-qaça yola daxil olduğu andan onun üçün təhlükə yarandığından, nəqliyyat vasitəsini tormozlayaraq, sükanı sola istiqamətlindirsədə, avtomaşının qabaq sağ tərəfi ilə qadını vurmuş, o aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisənin qarşısını almaq üçün tormozdan istifadə etsə də, nəqliyyat vasitəsini saatda 90-100 km sürətlə idarə etdiyindən başqa hadisə baş verməməyi və digər nəqliyyat vasitələrinə təhlükə yaratmamaq üçün qəfil tormozlama etməmişdir. Məhkəmə baxışı zamanı təyin olunmuş “Komisyon məhkəmə yol nəqliyyat ekspertizası”nın rəyi alındıqdan sonra rəylə bağlı fikirlərini bildirərkən və son sözündə etiraf etmişdir ki, qadın dəmir arakəsməni həmin yolu keçmək məqsədi ilə aşmış, onu arakəsməni keçərkən görsə də tormozlama apararaq maşını saxlamaq əvəzinə siqnaldan istifadə etmişdir. Qadının arakəsməni keçməsini gördükdə, maşını tormozalayaraq tam dayanacaq həddə qədər sürətini azaltmış olsaydı, baş vermiş hadisənin də qarşısını almış olardı. Bunu etmədiyinə görə peşman olmuşdur. Zərərçəkmişlərlə barışıq əldə etməsini, hadisənin ehtiyatsızlıqdan baş verməsini, təqaüdçü olmaqla 63 yaşını tamamlamasını nəzərə alaraq yüngül cəza verilməyini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X14 Moğlan oğlu ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs anası olmuş, birlikdə Xəzər rayonunun Türkan kəndində yaşamışlar. xx.xx.2019-cu il tarixdə evdə olarkən hazırda nömrəsini xatırlamadığı telefondan istifadəsində olan mobil telefona zəng gəlmiş, danışdıqda polis işçisi olmasını bildirən şəxs anası Adilənin avtomobillə vurulmasını demişdir. Həmin şəxsdən hadisənin harada baş verdiyini soruşmuş, Xəyal adaları adlanan ərazidə baş verdiyini öyrənərək taksi maşını ilə həmin yerə getmişdir. Hadisə yerində çoxlu sayda tanımadığı adamlar olmuş, ona məlum olmuşdur ki, hadisə nəticəsində anası ölmüşdür. Həkimlər tərəfindən müayinə olunduqdan sonra anasını evlərinə gətirərək dəfn etmişdir. Sonradan ona məlum olmuşdur ki, anası həmin ərazidə yolu keçmək istəyərkən Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi Daevo markalı maşınla anasını vurmuşdur. Hadisə ehtiyatsıqlıqdan baş verdiyinə, Yaşar və qohumları gələrək üzrxahlıq edib maddi köməklik göstərdiklərindən onlarla barışmış, Yaşardan şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs eyni məhəllədə yaşadıqlarına görə tanıyır. xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarından qızı Səidə və gəlini Çiçəklə birlikdə qonşuları Yaşarın idarə etdiyi maşına əyləşərək evlərinə, yəni Türkan qəsəbəsinə aparmasını xahiş etmişlər. Avtomobildə o qabaq oturacaqda, gəlini Çiçək arxa sol, qızı Səidə isə arxa sağ oturacaqda əyləşmişlər. Bir qədər hərəkət etdikdən sonra yorğun olduğundan oturduğu yerində mürgüləmiş, avtomaşının nəyəsə dəyməsini və yüksək taqqıltı səsi çıxmasını eşidib ayılmış, həmin vaxtı Yaşar avtomobili saxlamışdır. Yaşar dərhal avtomaşından düşmüş, ətrafa baxdıqda Xəyal adaları adlanan ərazidə olduqlarını bilmiş və aydın olmuşdur ki, Yaşar idarə etdiyi maşınla yolu keçən qadını vurmuşdur. Bir müddət o qızı və gəlini maşından düşməmiş, hadisə yerinə bir neçə tanımadığı şəxslər toplaşmış, bundan sonra maşından düşərək başqa maşınla evlərinə getmişlər. Hadisə təxminən saat 19 radələrində baş versə də hadisənin hansı şəraitdə baş verdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 və Şahid3 da ifadələrində şahid Zənfira Quliyevanın göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Şahid3 ifadəsində hərəkət zamanı maşının pəncərəsindən sol tərəfə, Səidə Əkbərova isə ifadəsində sağ tərəfə baxdığından hadisənin hansı şəraitdə baş verdiyini görmədiklərini göstərmişlər. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokol, sxem və foto şəkillərdən aydın olur ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Xəyal adaları ərazisində, Türkan yolu istiqamətində asfalt-beton yolda baş vermişdir. Həmin sahədə yol iki tərəfli olmaqla hərəkət hissəsinin kənarları və orta hissə dəmir sədlə ayrılmış, hər bir sahədə asfalt yolun eni 8,5 metrdir. Aydın olmuşdur ki, həmin sahədə Təqsirləndirilən şəxs idarə etdiyi Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qala-Türkan istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurmuş, piyada zərbənin təsirindən hadisə yerindən 20-25 metr məsafədə yolun sağ hissəsində olan dərəyə düşmüş, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baxış zamanı hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izi və iş üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” xx.xx.2019-cu il tarixli 1/2480 saylı protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müayinədən keçirilmiş alkoqol sərxoşluq əlamətlərinin olmadığı müəyyən olunmuşdur. “Avtomobilə baxış keçirilməsi haqqında” olan xx.xx.2019-cu il tarixli protokol və protokola əlavə edilmiş foto şəkillər məhkəmədə tədqiq olunarkən aydın olur ki, yolnəqliyyat hadisəsindən sonra Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, qabaq bufer və kapotun sağ hissələrinin əzilməsi, sağ faranın şüşəsinin sınması müəyyən olunmuşdur. Məhkəmədə tədqiq olunan “İfadənin yerində yoxlanması haqqında” olan xx.xx.2020ci il tarixli protokoldan və foto şəkillərdən aydın olur ki, Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanmışdır. İfadə hadisə yerində yoxlanarkən Təqsirləndirilən şəxs ilk dəfə piyadanı haradan gördüyünü göstərmiş, məsafə ölçüldükdə 35 metr olması, yola qaçmağa başladığı andan isə aralarında olan məsafənin 20 metr olması müəyyən olunmuşdur. Həmçinin ifadə yerində yoxlanılarkən müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkət sürəti saatda 110 km-dir. Məhkəmədə tədqiq olunan “İstintaq eksperimentinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan aydın olur ki, piyadanın vurulma yerinədək qət etdiyi məsafəni neçə saniyəyə getməsini aydınlaşdırmaq məqsədi ilə X3 adlı şəxs hadisə yerində həmin məsafəni qaçmış və ölçü aparılmışdır. Aydın olmuşdur ki, piyada yolun orta hissəsində olan dəmir səddi keçdikdən sonra vurulma nöqtəsinədək olan məsafəyə 02,62 saniyə, dəmir səddin üzərindən aşaraq vurulma nöqtəsinədək olan məsafəyə isə 04,35 saniyə vaxt sərf etmişdir. Məhkəmədə tədqiq olunan “Məhkəmə tibbi ekspertizasının” xx xxxxxx 2019-cu il tarixli, 81 saylı rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs meyitinin üzərində müəyyən edilmiş xəsarətlər-kəllə qabağı və əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərə qansızma, sağ bazu sümüyünün açıq, burun sümüklərinin, hər iki baldır sümüklərinin qapalı sınıqları, bədənin qançır və sıyrıqları, əzilmiş-cırılmış yarası həyatı olub, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin qişalarına, qişaları altına toxumasına və mədəciklərinə qansızma olmuşdur. Meyitdən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının” xx xxxxxx 2020-ci il tarixli 1034 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İbtidai istintaq zamanı təyin edilmiş “Əlavə Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının” xx xxxxx 2020-ci il tarixli 8/297 saylı rəyində göstərilmişdir ki, Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə baxışı zamanı təyin olunmuş “Komisyon Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının” xx xxxx 2020-ci il tarixli 8/846 saylı rəyində göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdikləri, yəni piyada hərəkət axınlarını ayıran dəmir səddin üzərindən aşdığı anda Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada arasında olan 50-60 metr məsafənin olması, piyadanın dəmir səddin üzərindən keçib dayanaraq sağa doğru qaçmağa başlayan anda avtomobil ilə piyada arasında 30 metr məsafənin olması və təhlükənin piyadanın sağa doğru qaçmağa başladığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir. Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud yol şəraitində 90-100 km/saat sürətlə hərəkət edən Daewoo Nexia markalı avtomobilin dayanma yolu 74,1 - 88,1 metrə uyğundur. Məhkəmədə tədqiq olunan cinayət işindəki nəqliyyat vasitəsinin AD N 174027 saylı qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 məxsusdur. Məhkəmədə tədqiq olunan ABN 314597 saylı sürücülük vəsiqəsinin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixədək etibarlı olan “ABC” kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir. Cinayət işində olan ƏN-İV 482486 saylı etibarnamənin surətindən aydın olur ki, Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X11 tərəfindən xx.xx.2018-cu ildə 01 il 06 ay 03 gün müddətinə Təqsirləndirilən şəxs idarə etmək üçün verilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət X16 verdiyi xx.xx.2019-cu il tarixli 016- 72000-1219 saylı arayışından aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə AB 314597 saylı “ABC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Baki şəhər MKTB-nin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 143 saylı İstismar Sahəsinin verdiyi xx.xx.2020-ci il tarixli 195 saylı arayışından aydın olur ki, Təqsirləndirilən şəxs Nizami rayonu, İ.Məmmədov küçəsi 2/14 saylı evin 41 saylı mənzilində yaşamaqla ailəsi 05 nəfərdən ibarətdir. Məhkəmədə tədqiq olunan 143 saylı İstismar Sahəsinin verdiyi xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətcə mülayimdir, MKİS-nin işçiləri və qonşuların hörmətini qazanmışdır, yaşadığı müddətdə haqqında heç bir şikayət olmamışdır. Məhkəmədə tədqiq olunan Dövlət X21 tərəfindən verilmiş 002506 saylı vəsiqənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs 2011-ci ildən, ömürlük ayda 256,93 manat almaqla pensiyaya çıxmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Məlik-Rzayev X13 məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən aydın olur ki, anası Zərərçəkmiş şəxs ölümü ilə bağlı olan hadisəni törətmiş Təqsirləndirilən şəxs tərəfindən yardım göstərilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İstər ibtidai istintaq və istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində özünü təqsirli bilməyərək, baş vermiş hadisənin qarşısını almağa texniki imkanının olmadığını göstərmişdir ki, məhkəmə həmin ifadələri tənqidi yanaşaraq ittihamı təkzib edən ifadələr kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs hadisədən sonra verdiyi ilkin izahatında və ifadələrində göstərmişdir ki, nəqliyyat vasitəsini saatda 90-100 km sürətlə idarə edərkən təxminən 100 metrlik məsafədən yolun sol kənarından sağ kənarına iki nəfər piyadanın keçməsini görmüş, hərəkətini davam etdirərkən təxminən aralarında 50-60 metr məsafə olarkən bir nəfər qadının da sağa keçmək məqsədi ilə yolu iki hissəyə ayıran dəmirin üzərindən aşaraq yola daxil olmasını görmüş, səs siqnalından istifadə etdikdə qadın dayanmış, o hərəkətini davam etdirdikdə aralarında 30 metr məsafə olarkən qadın yola daxil olub qaça-qaça yolu keçməyə başlamış, əyləci basaraq maşını sola istiqamətləndirməsinə baxmayaraq qadını vurmuşdur. İfadənin yerində yoxlanması keçirilərkən isə Təqsirləndirilən şəxs ilk dəfə piyadanı görərkən aralarında 35 metr, piyada yola daxil olarkən isə aralarında 20 metr məsafə olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üçün təhlükə iki nəfərin yolu keçməsini gördüyü andan yaranmış, o həmin andan da idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı idi. Lakin o bunu etməmiş, əksinə özünün təsdiq etdiyi kimi yolu keçmək istəyən qadının hərəkəti ayıran dəmir çəpəri keçməyə başladığını görsə də yenə də nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görmək əvəzinə səs siqnalından istifadə etmiş, yəni öz hərəkətini davam etdirmiş, nəticədə də piyadanı vurmuşdur. Hadisə yerinə keçirilən baxış zamanı tormoz izinin aşkar edilməməsi də sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq məqsədi ilə vaxtında və zəruri tədbirlər görmədiyin təsdiq edir. Məhkəmə yol nəqliyyat ekspertizası da rəylərində göstərmişdir ki, Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada arasında olan 50-60 metr məsafənin olması, piyadanın dəmir səddin üzərindən keçib dayanaraq sağa doğru qaçmağa başlayan anda avtomobil ilə piyada arasında 30 metr məsafənin olması və təhlükənin piyadanın sağa doğru qaçmağa başladığı andan yaranması real hadisə mexanizminə uyğun deyildir. Qeyd olunanları nəzərə alan təqsirləndirilən Təqsirləndirilən şəxs son sözündə göstərmişdir ki, iki nəfərin yolu keçməsini, qadının arakəsməni keçməsini gördükdə, maşını tormozalayaraq tam dayanacaq həddə qədər sürətini azaltmış olsaydı, baş vermiş hadisənin də qarşısını almış olardı. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, hadisə yerinə təcili yardım və polis əməkdaşları çağırtdırmasını, törətmiş olduğu cinayət hadisəsini ifadələrində qismən, son sözündə isə tam etiraf etməklə əməlindən peşman olmasını bildirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, hüquqi varislə barışıq əldə etməsini, təqaüdçü olmaqla 63 yaşı tamamlamasını, Azərbaycan Respublikası CM-in 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi halı mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq həmçinin belə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunduğundan və yaşı 63 olduğundan cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi təqsirləndirilən şəxsin özünü, ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara məcmu halında qiymət verərək belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədə uyğun sayır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da məhz bu mövqedən çıxış edir. Belə ki, həmin sərəncamın 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, həmin sərəncamın 13.3-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsinin əsas tutulması, habelə sərəncamın 13.4-cü bəndində cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğu və Məhkəmələrə tövsiyə edilmişdir. Həmin Sərəncamda həmçinin qeyd edilir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, şərti məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CMin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 270 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** ABB mərkəzi filialı, VÖEN ********** kod 805250 m/h **********944 H/h COR 3285xx xxx 3201-01 S.W.İ.F.T Bik. İBAZAZ 2X. hesabına köçürülməlidir. İş üzrə mülki iddia və CM-in 99-1 maddəsində nəzərdə tutulan xüsusi müsadirə ediləsi əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs yeni cinayət törətməzsə, hökm azadlıqdan məhrum etmə cəzası hissəsində icra edilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəzanın çəkilib qurtarmasından sonra başlansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri, Nizami Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan Daewoo Nexia markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 270 manat Təqsirləndirilən şəxs alınaraq Dövlət Xəzinədarlıq Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab N: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətləri verildiyi andan 20 gün müddətində Bakı şəhəri, Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim: Kəramət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar