Məhkəmə qərarları › İş №1(010)-104/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-104/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-104/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, 11 avqust 1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, ünvan 3i il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azadlığa buraxıldıqdan sonra məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin may ayının əvvəllərində, saat 23 radələrində ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından yaşayış sahəsinə, oradan isə zirzəmiyə qanunsuz daxil olaraq hər metri 6 manat olmaqla cəmi 240 manat dəyərində olan 40 metr 3x6 mm-lik mis materialdan naqili və hər metri 0,50 manat olmaqla cəmi 65 manat dəyərində olan 130 metr 3x2,5 mm-lik mis materialdan naqili gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 305 (üç yüz beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2022-ci ilin iyun ayının sonlarında, saat 22 radələrində ünvan 4 ünvanda yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin hasarından yaşayış sahəsinə, oradan isə evin pəncərəsini açmaq yolu ilə mənzilə qanunsuz daxil olub, otaqlarda çəkilişi başa çatmış hər metri 0,70 manat olmaqla cəmi 84 manat dəyərində olan 120 metr 1x4 mm-lik elektrik mis materialdan naqili və 30 manat dəyərində 50 metr uzunluğunda 2x25 mm-lik elektrik uzadıcısını (udlinitel) gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 114 (yüz on dörd) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2022-ci ilin iyul ayının əvvəllərində, saat 05 radələrində ünvan 5 ünvanda yerləşən vətəndaş Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin hasarından yaşayış sahəsinə, oradan isə evin pəncərəsini açmaq yolu ilə mənzilə qanunsuz daxil olub, otaqlarda çəkilişi başa çatmış 1 topu 110 manat olmaqla cəmi 440 manat dəyərində 8 mm-lik mis materialdan elektrik naqili, 1 topu 200 manat olmaqla cəmi 800 manat dəyərində 10 mm-lik mis materialdan elektrik naqili və 30 manat dəyərində bir ədəd 50 metr uzunluğunda 2x2,5 mm-lik elektrik uzadıcısını (udlinitel) və həmin ünvanda usta işləyən Zərərçəkmiş şəxs2 məxsus 70 manat dəyərində bir ədəd “Skom” markalı (böyük ölçülü) preferator, 60 manat dəyərində bir ədəd “Skom” markalı (orta ölçülü) laqundanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 cəmi 1230 (min iki yüz otuz) manat məbləğində və Zərərçəkmiş şəxs2 cəmi 130 (yüz otuz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 10 iyul 2022-ci il tarixdə saat 05:30 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin hasarından yaşayış sahəsinə, oradan isə evin pəncərəsini açmaq yolu ilə mənzilə qanunsuz daxil olub, 70 manat dəyərində bir ədəd qara-göy rəngli “Skom” markalı, SK-HD800 model perforator, 20 manat dəyərində bir ədəd “İnterskol” markalı, D-350 ER model drel, 20 manat dəyərində bir ədəd “Skom” markalı (kiçik ölçülü) drel, bir topu 70 manat olmaqla cəmi 140 manat dəyərində 2 top 4 mm-lik mis materialdan elektrik naqili, bir topu 90 manat olmaqla cəmi 180 manat dəyərində 2 top 6 mm-lik mis materialdan elektrik naqili və hər biri 3 manat olmaqla cəmi 15 manat dəyərində 5 ədəd dəmir profili gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 cəmi 445 (dörd yüz qırx beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərbi xidmətdən yayındığına görə, həmçinin 2018-ci ildə Suraxanı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, sonuncu dəfə isə 2018-ci ildə Xəzər rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. 2021-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Halhazırda isə barəsində Xəzər RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı aparılır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra rəsmi olaraq heç yerdə işləmədiyi üçün çörək pulu qazanmaqdan ötrü fəhləlik etməyə başlamışdır. 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı zaman saat 23 radələrində kirayəşin yaşadığı evdən çıxaraq tək ünvan 7 ünvanının qarşısına gələrək, evin işıqlarının yanmadığını görüb, hasardan həyətə keçərək evin zirzəmisindən müxtəlif ölçülü elektrik naqillərini götürərək oğurlamaqla oradan uzaqlaşmış və yaşadığı evə aparıb, həyətində gizlətmişdir ki, ailə üzvləri görməsin. Səhəri günü isə həmin naqilləri küçədə ocaq qalayaraq əritdikdən sonra içərisindəki mis kütləsini Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər bir kiloqramı 8 manata satmışdır. Bundan başqa 2022-ci ilin iyun ayının sonlarında dəqiq tarixi xatırlamadığı zaman saat 22 radələrində yenidən həmin ünvana hasardan keçməklə daxil olub, evin plastik pəncərəsini özündə olan vintaçanla açaraq içəri daxil olmuş və evin divarlarının içərisinə çəkilmiş elektrik xəttini çıxararaq oğurlamışdır. Həmin naqilləri də eyni qaydada odda əridərək metal kütləsi halında Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər bir kiloqramı 8 manata satmışdır. Bundan başqa 2022-ci ilin iyul ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı zaman saat 05 radələrində həmin küçədə yerləşən və həmin ünvanda fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs4 evinə hasardan keçməklə daxil olub, həyətdə olan taxta nərdivanı pəncərənin qarşısına dayayaraq evin plastik pəncərəsini özündə olan vintaçanla açaraq içəri daxil olmuş və evin divarlarının içərisinə çəkilmiş elektrik xəttini, 1 ədəd laqundanı və 1 ədəd perforatoru oğurlamışdır. Həmin naqilləri də eyni qaydada odda əridərək metal kütləsi halında Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər bir kiloqramı 8 manata satmışdır. 1 ədəd laqundanı və 1 ədəd perforatoru Sabunçu bazarında tanımadığı şəxsə satmışdır. Sonuncu dəfə isə 10 iyul 2022-ci il tarixdə saat 05:30 radələrində həmin küçədə yerləşən və sonradan bildiyi Zərərçəkmiş şəxs3 adlı Türk vətəndaşına məxsus evin həyətinə hasardan keçməklə daxil olub, həyətdə olan taxta nərdivanı pəncərənin qarşısına dayayaraq evin plastik pəncərəsini özündə olan vintaçanla açaraq içəri daxil olub, evin divarlarının içərisinə çəkilmiş elektirik xəttini, 1 ədəd dreli və 1 ədəd perforatoru oğurlamışdır. Həmin naqilləri də həmin günü eyni qaydada odda əridərək metal kütləsi halında Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər bir kiloqramım 8 manata satmışdır. 1 ədəd dreli və 1 ədəd perforatoru isə satmaq məqsədilə öz kirayəçin yaşadığı evdə saxlamışdır. 13 iyul 2022-ci il tarixdə saat 14 radələrində Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət olunmuş, orada onunla həmin oğurluqlarla bağlı şifahi sorğu aparılarkən törətdiyi əməlləri səmimi olaraq etiraf etmiş və oğurladığı əşyalardan 1 ədəd perforatoru və 1 ədəd dreli yaşadığı evdə saxladığını bildirmişdir. Buna görə də təhqiqatçı tərəfindən izahatı alınmış və naqilləri yandırdığı yeri göstərməklə oğurladığı əşyaları da könüllü olaraq təqdim etmişdir. Polis işçiləri tərəfindən saxlanılarkən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Özü törətdiyi əməli səmimi etiraf edərək oğurladığı əşyaları təqdim etmişdir. Əgər ona qarşı hər hansı bir fiziki və ya psixoloji təsir olsaydı vəkilinə bildirəcəyini qeyd etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hazırda ünvan 8 ünvanında özünə məxsus fərdi yaşayış evində təmir işləri gedir. Zərərçəkmiş şəxs2 onun evində usta kimi işləmişdir. 02 iyul 2022-ci il tarixdə Fərman həmin ünvanda həyətdə betonlama işləri gördükdən sonra, betonun quruması üçün həmin günü axşam saatlarında qapını bağlayaraq getmişdir. 09 iyul 2022-ci il tarixdə saat 10 radələrində Fərman ona zəng edərək evdən elektrik naqillərinin və özünə məxsus 1 ədəd perfaratorun, 1 ədəd laqunda aparatının və 1 ədəd elektrik uzadıcısı (udilnitel)in oğurlandığını demişdir. Fərman ona bu barədə dedikdə ona oğurluq barədə polisə məlumat verməsini demişdir. Ona görə də Suraxanı RPİ-nin 31-ci polis bölməsinin təhqiqatçısı tərəfindən həyətyanı sahəyə və evə baxış keçirilmişdir. 13 iyul 2022-ci il tarixdə isə onun evindən oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/5518 saylı rəyində göstərilən qiymətlərlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı heç bir vəsatət və ya şikayətinin olmadığını bildirmişdir. Həmçinin, o, məhkəməyə ərizə göndərərək, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, cinayət işi üzrə ona dəymiş ziyanın ödənilmədiyini, ziyanın ödənildiyi təqdirdə heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ona məxsus olan və ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində isə təmir işləri gedir. 05 may 2022-ci il tarixdə saat 17 radələrində yeni təmir gedər evinin həyətindəki ağacları suvarmağa gəlmişdir. Həyətə daxil olaraq zirzəmiyə girdikdə orada divarlara çəkilmiş elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Belə ki, birinci dəfə dəyəri 320 manat olan 40 metr uzunluğunda 3x6 ölçülü mis naqil, dəyəri 460 manat olan 130 metr uzunluğunda 3x2,5 ölçülü mis naqil oğurlanmaqla ona ümumilikdə 780 manat maddi ziyan dəymişdir. Həmin ərəfədə o, bu barədə şikayət etməmiş, oğrunu özü müəyyən etməyi fikirləşdiyi üçün polisə məlumat verməmişdir. Bundan başqa ikinci dəfə, yəni 30 iyun 2022-ci il tarixdə saat 23 radələrində həmin evinə gedərkən həyətə daxil olduqda evin birinci mərtəbəsində yerləşən qonaq otağı kimi nəzərdə tutulmuş otağın plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evin içərisinə daxil olduqda isə evin 3 otağında divarlara çəkilmiş ümumi dəyəri 180 manat olan, 120 metr uzunluğunda 1x4 ölçülü elektrik miss naqilin və 1 ədəd, dəyəri 50 manat olan 50 metr uzunluğunda elektrik uzadıcısınm (udilnitel) oğurlandığını aşkar etmişdir. Buna görə də, öz mobil telefonu vasitəsilə DİN-nin «102» zəng xidmətinə məlumat vermişdir. Az sonra hadisə yerinə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin işçiləri gələrək, təhqiqatçı Elnur Mənsimov tərəfindən ərizəm alınaraq onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. 13 iyul 2022-ci il tarixdə isə onun evindən oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, ifadəsində edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/5518 saylı rəyində göstərilən qiymətlərlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı heç bir vəsatət və ya şikayətinin olmadığını bildirmişdir. Həmçinin o, məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını və təqirləndirlən şəxs Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2007-ci ildən Bakı şəhərində yaşamaqla Azərbaycan vətəndaşı ilə ailə həyatı qurmuşdur. Azərbaycan Politexnik Universitetində ali təhsil almışdır. Azərbaycan dilini tam sərbəst şəkildə bilir və yazmağı, oxumağı və danışmağı bacarır. Buna görə də, tərcüməçinin köməyinə ehtiyacı yoxdur. Hal-hazırda isə ünvan 10 ünvanında özünə məxsus fərdi yaşayış evində təmir işləri gedir. Sonuncu dəfə 10 iyul 2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində həmin evinə nəzarət etdikdən sonra çıxıb yaşadığı evə getmişdir. Səhərisi gün, yəni 11 iyul 2022-ci il tarixdə saat 09 radələrində təkrar həmin evinə gedərək baş çəkən zaman evindən ona məxsus elektrik naqillərinin və özümə məxsus 1 ədəd perfaratorun, 1 ədəd laqunda və 2 ədəd direlin, həmçinin evin iki mərtəbəsində də divarlara çəkilmiş elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. O, dərhal mobil telefonu vasitəsilə DİN-nin «102» zəng xidmətinə oğurluq barədə məlumat vermişdir. Ondan sonra Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş və təhqiqatçısı tərəfindən ərizəsi alınmış, daha sonra isə həyətyanı sahəyə və evə baxış keçirilmişdir. 13 iyul 2022-ci il tarixdə isə onun evindən oğurluq edən şəxsin qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona məxsus 2 top 4 mm-lik və 2 top isə 6 mm-lik elektrik naqilləri, eləcə də 1 ədəd perfarator, 1 ədəd laqunda və 2 ədəd dreli oğurlanmaqla ona ümumilikdə 2.000 manat maddi ziyan dəymişdir. O, məhkəməəmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/5518 saylı rəyində göstərilən qiymətlərlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı heç bir vəsatət və ya şikayətinin olmadığını bildirmişdir. Sonda o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ev təmiri ustası kimi sifarişlər əsasında ustalıq edir. Hal-hazırda isə 20 iyun 2022-ci il tarixdən etibarən ünvan 11 ünvanında Elmar adlı şəxsin evində həyətyanı sahədə betonlama işi görür. Həmin ünvanda isə təmir işləri ilə əlaqədar olaraq yaşayış yoxdur. Lakin evin həyətyanı sahəsi daş hasarla əhatə olunub, giriş darvazası bağlanır və evin qapı, pəncərələri bağlı olur. 02 iyul 2022-ci il tarixdə həmin ünvanda həyətdə betonlama işləri gördükdən sonra, betonun quruması üçün həmin günü saat 21 radələrində qapını bağlayaraq Fizuli rayonuna öz evimə getmişdir. 09 iyul 2022-ci il tarixdə saat 10 radələrində həmin ünvana qayıdaraq qapını açaraq həyətə daxil olduqda evin 1-ci mərtəbəsinin qonaq otağının pəncərəsinə taxta nərdivan söykəndiyini və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. O, açarla qapını açaraq mənzilə daxil olduqda isə pəncərəsi açıq olan otağın içərisində qoyduğu ona məxsus 1 ədəd «Skom» markalı perfaratorun, 1 ədəd «Skom» markalı laqunda aparatının və 1 ədəd elektirik uzadıcısı (udilnitel), həmçinin qonaq otağında divarda çəkilmiş elektrik naqillərinin və ev sahibinə məxsus olan 4 top 8 mm-lik, 4 ədəd isə 10 mmlik işlənməmiş elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. O, dərhal mobil telefonu vasitəsilə bu barədə ev sahibi Elmara məlumat vermişdir. Elmar isə ona oğurluq barədə polisə məlumat verməyini demişdir. Ona görə də, o, bu barədə həmin günü Suraxanı RPİnin 31-ci polis bölməsinə gedərək bu barədə məlumat vermişdir. Bundan sonra Suraxanı RPİ-nin 31-ci polis bölməsinin təhqiqatçısı kimi təqdim edən Telman Camalov onun ərizə və izahatını alaraq başqa bir polis işçisi ilə birgə həmin ünvana gəlmişdir. Təhqiqatçı onun iştirakı ilə oğurluq baş verən ünvana baxış keçirmişdir. Həmin oğurluq hadisəsi zamanı oğurlanmış əşyalardan 1 ədəd «Skom» markalı perfaratoru bir il əvvəl «Sədərək» ticarət mərkəzindən 130 manata almışdır. 1 ədəd «Skom» markalı laqunda aparatını təxminən 6 ay əvvəl «Sədərək» ticarət mərkəzindən 70 manata, 1 ədəd elektrik uzadıcısı (udlilnitel)ini isə 40 manata almışdır. Ümumilikdə ona 240 manat ziyan dəymişdir. Elektrik naqillərinin ümumi dəyəri isə təxminən 1000 manat təşkil etmişdir. Oğurlanmış əşyaların xüsusi əlaməti olmamış, lakin həmin əşyalar ona təqdim olunsa, tanıya biləcəyini qeyd etmişdir. O, ifadəsində edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/5518 saylı rəyində göstərilən qiymətlərlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı heç bir vəsatət və ya şikayətinin olmadığını bildirmişdir. Həmçinin o, məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını və təqirləndirlən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən bazarın arxasında köhnə akkumulyator zavodunun ərazisində olan yerlərdən birini icarəyə götürərək həmin yerdə metal qəbulu və satışı ilə məşğul olur. Ona satılan metalı bir neçə gün sonra aparıb Dərnəgül qəsəbəsində yerləşən metallurgiya zavoduna satmış və yaxud da mal az olanda səyyari qaydada metal alan şəxslərə satmışdır. Hər hansı bir şəxs ona metal satmaq istədikdə isə əvvəlcə ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etmiş və sənədi alıb baxdıqdan sonra və malın özünə məxsus olduğunu dəqiqləşdirdikdən sonra həmin malı çəkib almışdır. 2022-ci ilin iyun ayında dəqiq xatırlamadığı zaman bir nəfər şəxs əlində yanmış halda olan elektrik naqili ilə işlədiyi metal qəbulu məntəqəsinə gəlmiş və Təqsirləndirilən şəxs kimi özünü təqdim edərək onu satmaq istədiyini bildirmişdir. O, həmin yanmış elektrik naqilinin kimə məxsus olmasını soruşmuş, həmin şəxs də özünə məxsus olduğunu demişdir. Bundan sonra həmin naqili çəkmiş və bir kiloqramı 8 manatdan hesablamaqla pulunu hesablayıb vermiş, həmin elektrik naqilini götürmüşdür. Bundan sonra həmin elektrik naqilini səyyari qaydada metal alan şəxslərə satmışdır. Bundan bir qədər sonra təxminən 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı zaman Təqsirləndirilən şəxs iki dəfə işlədiyi obyektə gələrək hər dəfə yanmış elektrik naqili gətirmiş və satmaq istədiyini demişdir. O, hər dəfə malın kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs özünə məxsus olduğunu demişdir. O da Valehə inanıb hər dəfə onun malını çəkərək bir kiloqramını 8 manatdan hesablayıb pulunu verərək həmin yanmış elektrik naqilini almışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona üç dəfə satdığı mis elektrik naqilini oğurluq yolu ilə əldə etmiş və ona satmışdır. Onun bu barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs da ona bu barədə heç bir söz deməmiş, əksinə özünə məxsus olduğunu demişdir. Əgər həmin elektrik naqillərini oğurluq yolu ilə əldə etdiyini bilsəydi, onları almazmış. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 30 iyun 2022-ci il tarixdə Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 218/22 ünvanında yerləşən mənzildən, 03 iyul 2022-ci il tarixdə Bülbülə qəsəbəsi, ev 34 ünvanında yerləşən mənzildən və 11 iyul 2022-ci il tarixdə Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 4 ünvanında yerləşən mənzildən oğurluq edilməsi barədə daxil olmuş məlumatlar üzrə tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməllərinin xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilməsini müəyyən etmiş və bu səbəbdən də 13 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq 31-ci PB-nə təmin edilmişdir. İlkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs etdiyi oğurluq əməllərini səmimi olaraq etiraf etmiş və oğurladığı əşyalardan bir ədəd prefarator və bir ədəd drelin yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişdir. Daha sonra Təqsirləndirilən şəxs müvəqqəti kirayədə yaşadığı ünvan 12 ünvanda yerləşən evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bir ədəd drel və bir ədəd laqundanı təqdim edərək oğurluq etdiyi əşyalardan ikisi olduğunu bildirmişdir. Həmin iki ədəd əşya maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. X1 və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin 11-14-cü vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 30 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış ünvan 13 ünvanında aparılır. Yaşayış evinin ətrafında yaşayış evləri yerləşir. Evdə təmir işləri aparıldığı üçün çöl darvazası yoxdur. Darvaza yerinə taxta parçası ilə örtülübdür. Həyətə daxil olduqda həyətyanı sahədə tikinti ləvazimatları vardır. Ön hissədə 1 mərtəbəli yaşayış olmayan ev vardır. Evin zirzəmisində və daxilində divarda olan elektrik naqilləri kəsildiyini, bəzilərinin isə yerində olmadığı aşkar olundu. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 19-20-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin sol yan hissəsində Təqsirləndirilən şəxs bildirdi ki, oğurladığı elektrik naqillərini göstərdiyi yerdə yandırmışdır. Ərazi boş sahədən ibarətdir. Ətrafda yaşayış evləri vardır. Yerin səthi torpaq və daşlıqdır. Torpağın üzərində ot kolları vardır. Həmin yer Təqsirləndirilən şəxs yaşadığı evin sol hissəsinə düşür. Həmin yerin yanında, həmin hissə tərəfə 3 pəncərəsi düşən tikili yer vardır. Yerin səthində yanğın izləri vardır. Baxış zamanı iş üzrə sübut əhəmiyyət malik əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkildi və protokola əlavə olunacaqdır. Cinayət işinin 29-37-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış vətəndaş Zərərçəkmiş şəxs2 iştirakı ilə, onun müraciəti əsasında keçirmişdir. Baxış ünvan 14 ünvanında yerləşən yaşayış evinə keçirilmişdir. Həmin evin həyəti daş hasarla əhatə olunmuşdur. Həmin ev 2 mərtəbədən, ümumi sayı 7 otaqdan ibarətdir. Yaşayış evində təmir-tikinti işləri davam etdiyi üçün yaşayış yoxdur. Evin divarında elektrik naqillərinin sökülməsi aşkar edilmişdir. Hadisə ilə əlaqədar fotoşəkillər çəkilmişdir. Cinayət işinin 47-55-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış vətəndaş Zərərçəkmiş şəxs3 məxsus olan ünvan 15 ünvanında yerləşən təmir-tikintisi davam edən yaşayış evinə keçirilmişdir. Həmin ev daş hasarla əhatəyə alınıbdır. Həmin ev 2 mərtəbəli evdir, ikinci mərtəbəsi mansard kimi inşa edilmişdir. Həmin ev ümumi 8 otaqdan ibarətdir. Həmin evin təmir-tikintisi davam etdirildiyi üçün evdə yaşayış yoxdur. Həmin hadisə ilə əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 59-61-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 iyul 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində olduğu zamanı 01 ədəd drel və 01 ədəd perforatoru təqdim edib bildirmişdir ki, həmin 01 ədəd drel və 01 ədəd perforatoru Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən evlərdən müxtəlif vaxtlarda 2022-ci ilin iyun və iyul ayında oğurlanmışdır. Həmin drel və perforator götürülmüşdür. Cinayət işinin 75-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 13 iyul 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 142-146-cı vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 iyul 2022-ci il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 147-161-ci vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 15 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmazdan əvvəl ona ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməsi təklif edildi. Təqsirləndirilən şəxs göstərdi ki, 2022-ci ilin may ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı zaman saat 23 radələrində kirayəşin yaşadığı evdən çıxaraq tək ünvan 7 ünvanının qarşısına gələrək, evin işıqlarının yanmadığını görüb, hasardan həyətə keçərək evin zirzəmisindən müxtəlif ölçülü elektrik naqillərini götürərək oğurlamaqla oradan uzaqlaşmış və yaşadığı evə aparıb, həyətində gizlətmişdir ki, ailə üzvləri görməsin. Səhəri günü isə həmin naqilləri küçədə ocaq qalayaraq əritdikdən sonra içərisindəki mis kütləsini Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər bir kiloqramı 8 manata satmışdır. Bundan başqa 2022-ci ilin iyun ayının sonlarında dəqiq tarixi xatırlamadığı zaman saat 22 radələrində yenidən həmin ünvana hasardan keçməklə daxil olub, evin plastik pəncərəsini özündə olan vintaçanla açaraq içəri daxil olmuş və evin divarlarının içərisinə çəkilmiş elektrik xəttini çıxararaq oğurlamışdır. Həmin naqilləri də eyni qaydada odda əridərək metal kütləsi halında Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər bir kiloqramı 8 manata satmışdır. Bundan başqa 2022-ci ilin iyul ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı zaman saat 05 radələrində həmin küçədə yerləşən və həmin ünvanda fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs4 evinə hasardan keçməklə daxil olub, həyətdə olan taxta nərdivanı pəncərənin qarşısına dayayaraq evin plastik pəncərəsini özündə olan vintaçanla açaraq içəri daxil olmuş və evin divarlarının içərisinə çəkilmiş elektrik xəttini, 1 ədəd laqundanı və 1 ədəd perforatoru oğurlamışdır. Həmin naqilləri də eyni qaydada əridərək metal kütləsi halında Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər bir kiloqramı manata satmışdır. 1 ədəd laqundanı və 1 ədəd perforatoru Sabunçu bazarında tanımadığı şəxsə satmışdır. Sonuncu dəfə isə 10 iyul 2022-ci il tarixdə saat 05:30 radələrində həmin küçədə yerləşən və sonradan bildiyi Zərərçəkmiş şəxs3 adlı Türk vətəndaşına məxsus evin həyətinə hasardan keçməklə daxil olub, həyətdə olan-taxta nərdivanı pəncərənin qarşısına dayayaraq evin plastik pəncərəsini özündə olan vintaçanla açaraq içəri daxil olub, evin divarlarının içərisinə çəkilmiş elektrik xəttini. 01 ədəd dreli və 1 ədəd perforatoru oğurlamışdır. Həmin naqilləri də həmin günü eyni qaydada odda əridərək metal kütləsi halında Ramana qəsəbəsində yerləşən əlvan qəbulu məntəqəsində hər kiloqramım 8 manata salmışdır. 1 ədəd dreli və 1 ədəd perforatoru isə satmaq məqsədilə öz kirayəşin yaşadığı evdə saxlamışdır. 13 iyul 2022-ci il tarixdə saat 14 radələrində Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılanlara polis bölməsinə dəvət olunmuş, orada onunla həmin oğurluqlarla bağlı şifahi sorğu aparılarkən törətdiyi əməlləri səmimi olaraq etiraf etmiş və oğurladığı əşyalardan 1 ədəd perforatoru və 1 ədəd dreli yaşadığı evdə saxladığını içirmişdir. Buna görə də təhqiqatçı tərəfindən izahatı alınmış və naqilləri yandırdığı yeri göstərməklə oğurladığı əşyaları da könüllü olaraq təqdim etmişdir. Cinayət işinin 187-190-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/5518 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin may-iyul aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 90,0 manat, təqdim edilməyən mallar nəzəri qaydada həmin tarixə təxminən 2174,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində 1 ədəd qara-göy rəngli “Skom” markalı, SK-HD800 model perforator - 70 manat, 1 ədəd «İnterskol» markalı, D-350 GR model drel - 20 manat, 1 ədəd “Skom” markalı (böyük ölçülü) perfarator - 70 manat, 1 ədəd “Skom” markalı (orta ölçülü) laqunda - 60 manat, 2 ədəd 50 metr uzunluğunda 2x2,5 mm-lik elektrik uzadıcı (udilnitel) - 60 manat (1 ədədinin qiyməti 30 manat), 1 ədəd “Skom” markalı (kiçik ölçülü) drel - 20 manat, 5 ədəd dəmir profil - 15 manat (1 ədədinin qiyməti 3 manat), 6 ədəd 3x6 mm-lik mis materialdan naqil - 240 manat (1 ədədinin qiyməti 40 manat), 130 metr 3x2,5 mm-lik mis materialdan drel - 65 manat (1 metrinin qiyməti 0,50 manat), 120 metr 1x4 mm-lik elektrik mis materialdan naqil - 84 manat (1 metrinin qiyməti 0,70 manat), 2 top 4 mm-lik mis materialdan elektrik naqilləri - 140 manat (1 topunun qiyməti 70 manat), 2 top 6 mm-lik mis materialdan elektrik naqilləri - 180 manat (1 topunun qiyməti 90 manat), 4 top 8 mm-lik mis materialdan elektrik naqilləri - 440 manat (1 topunun qiyməti 110 manat), 4 top 10 mm-lik mis materialdan elektrik naqilləri - 800 manat (1 topunun qiyməti 200 manat), cəmi 2174,00 manat, ümumi məbləğ - 2264,00 manat göstərilmişdir. Cinayət işinin 173-175-ci vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli ərizəyə əsasən, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, cinayət işi üzrə ona dəymiş ziyanın ödənilmədiyini, ziyanın ödənildiyi təqdirdə heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 Elxan oğlu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını və təqirləndirlən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, həmin şəxsi bağışladığını, eyni zamanda ziyanın ödənilməsi ilə əlaqədar olaraq da, heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 66.5-ci maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum edilməklə, Bakı şəhəri ,Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyindən onu cəzasının sonu olaraq xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 2022-ci il may ayının əvvələrində törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(003)-400/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkməsinin əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə ünvan 3i il tarixli qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(003)-400/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan bir azyaşlı uşağının olmasını) və ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(003)-400/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa, iş üzrə maddi sübut olan 01 ədəd qara-göy rəngli “Skom” markalı, SK-HD800 model perforator və 01 ədəd «İnterskol» markalı, D-350 GR model drel saxlanılması üçün Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 ( iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(003)-400/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd qara-göy rəngli “Skom” markalı, SK-HD800 model perforator və 01 ədəd «İnterskol» markalı, D-350 GR model drel saxlanılması üçün Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 ( iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar