Məhkəmə qərarları › İş №1(010)-105/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-105/2020

19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-105/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, onun vəkili, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, onun vəkili, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Səfərli Vüqar Hakim oğlunun iştirakı ilə, X3 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, Ağdam şəhəri, Z.Hacıyev küçəsi, 84 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Genəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 2 nömrəli evin 46 nömrəli mənzilində yaşayan, Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətində X5 göstərmişdir ki, X6 ilə təqribən dörd il müddətinə tanışlığı olmuşdur. 2020-ci ilin yanvar ayından münasibətləri pozulmuş və əlaqələri kəsilmişdir. Həmin vaxtdan X6 ona qarşı “Facebook” sosial şəbəkəsində “Xatun Xatun” profilindən yazdığı yazıları ilə böhtanlar atmağa, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa başlamışdır. X6 onun barəsində “Facebook” sosial şəbəkəsində şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları kütləvi şəkildə yaymışdır. X6 “Facebook” sosial şəbəkəsində özünə məxsus “Xatun Xatun” səhifəsində onun və ailə üzvlərinin şəklini qoyaraq, onun və ailə üzvləri barəsində iyrənc, etikadan kənar sözlərdən istifadə etmişdir. Həmin yazıların dərc olunduğu səhifələrin çıxarışını şikayətimə əlavə etmişdir. X6 həmin yazılarda ona böhtanlar atmış, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X3 “Facebook” sosial şəbəkəsində yazdığı yazılar ümumi şəkildə istifadədə olunur və hamı tərəfindən oxunur. Onun böhtan və təhqir xarakterli yazıları onun cəmiyyət içindəki nüfuzuna mənfi təsir göstərmiş, şərəf və ləyaqətinə toxunmuşdur. Belə ki, o təhqir olunmuş, ağır psixoloji əsəb gərginliyi keçirmişdir. X6 yalan olduğunu bilə-bilə onun haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar yaymışdır. X6 özünə məxsus “Facebook” səhifəsində ona qarşı aqresiyasını “petux”, “peysər”, “kişi fahişəsi” və sair deməyə utandığı sözlərlə ifadə edərək onu təhqir etmişdir. Habelə “falçı”, “cadugər” adlandıraraq ona böhtan atmışdır. X3 qanunsuz hərəkətlərindən etdiyi şikayət əsasında Cəlilabad rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı pois kapitanı Rəvan Əliyev tərəfindən araşdırma aparılmış və xx xxxx 2020-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma nəticəsində təsdiq olunmuşdur ki, “Facebook” sosial şəbəkəsində olan “Xatun Xatun” profili X4 məxsusdur və yazılar onun tərəfindən yazılmışdır. X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi vardır. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozisiyasına əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan hesab olunur. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin dispozisiyasına əsasən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir hesab olunur. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli 3 saylı Qərarının 5-ci bəndində deyilir ki, “qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.” Həmin Qərarın 7-ci maddəsində deyilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Həmin Qərarın 11-ci maddəsində qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin Qərarın 12-ci maddəsinə əsasən kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. X6 hal-hazırda da barəsində təhqir və böhtan xarakteli məlumatlar yaymağa davam edir. X6 onun şərəf və ləyaqətimi təhqir etdiyinə görə və bilərəkdən onun barəsində böhtan xarakteli məlumatlar yaydığına görə ondan üzr istəməli və onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Buna görə də M.M.Sultanov, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edərək, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması və vurduğu mənəvi zərərə görə onun xeyrinə 10.000 manat məbləğində vəsaitin tutulması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun vəkili, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X10 şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6, “Facebook” sosial səhifəsində yaradılmış “Xatun Xatun” profilinin ona aid olmadığını, həmin profildən yazılmış yazıların onunla heç bir əlaqəsinin olmadığını, habelə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun verilmədiyini və onun əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş hansı cinayət tərkibinin əlamətlərinin olması əsaslandırılmadığına görə, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Səfərli Vüqar Hakim oğlu xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun verilmədiyinə görə, icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti tədqiq edərək, xüsusi ittihamçını, onun vəkilini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsinin tələblərinə cavab vermədiyinə görə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 293.3, 293.3.3 və 293.3.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Xüsusi ittiham qaydasında şikayətdə M.M.Sultanovun şikayəti əsasında Cəlilabad rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı pois kapitanı Rəvan Əliyev tərəfindən aparılmış araşdırma nəticəsində “Facebook” sosial şəbəkəsində olan “Xatun Xatun” profili X4 məxsus olduğunun və yazıların onun tərəfindən yazıldığının təsdiq olunduğu qeyd edilsə də, lakin xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarda “Facebook” sosial şəbəkəsində yaradılmış “Xatun Xatun” profilinin X4 məxsus olduğu təsdiq olunmur, M.M.Sultanov isə şikayətində göstərilən cinayətin törədilmə hallarının hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət vermiş M.M.Sultanov “Facebook” sosial şəbəkəsində yaradılmış “Xatun Xatun” profilinin məhz X4 məxsus olmasına dair hər hansı bir mötəbər sübut təqdim etməmiş, bununla da şikayət vermiş M.M.Sultanovun dəlillərini təsdiq edən sübutlar öz əlksini tapmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 03 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1, 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəmə baxışının keçirilməsindən imtina edilərək, X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan, onun elan olunduğu gündən 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar