Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-106/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Norvuz oğlunun, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 aprel 2024-cü il tarixdə, saat 11:00-da, Bakı şəhərində, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Vətən Müharibəsi iştirakçısı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-217/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-218/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-217/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilərək üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(010)-621/2023 nömrəli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Norvuz oğlunun Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 iyul 2023-cü il tarixdə gecə saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunçuluq sahəsi, 4-cü döngə nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla həmin həyətdə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açmaqla mənzilə daxil olub divara quraşdırılmış bir ədəd 600 (altı yüz) manat dəyərində X5 istehsal edilmiş, «Shivaki» markalı, «US43H1401» modelli, LED tipli, 108 diaqonal ekran ölçülü televizoru divardan sökərək distant idarəetmə pultu ilə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Norvuz oğlu Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anası ilə birlikdə yaşayır. 10 il bundan əvvəl ailə həyatı qurmuş və bu nikahdan 2 övladı var. 5 il bundan əvvəl boşanmış və bundan sonra hazırda qeyri-rəsmi olaraq bir nəfər qadınla yaşayır. Ondan bir azyaşlı qız övladı var. Sonuncunun qızında qan çatışmamazılığı xəstəliyi var və buna görə də, qızı hazırda müalicə alır. O, qeyri-rəsmi qaydada şirkətlərdə beton ustası işləyir. Qarabağ müharibəsi qazisidir, İİ Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş və Rayonların işğaldan azad olunmasında fəal iştirak etdiyi üçün dövlət tərəfindən qiymətləndirilmişdir. Lakin son vaxtlar işləri yaxşı olmadığı üçün və qızının müalicəsi ilə bağlı zəruri maddi ehtiyac yarandığından oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də, 04 iyul 2023-cü il tarixdə gecə təxminən saat 23 radələrində yaşadığı evdən çıxmış və oğurluq etmək üçün yaşadığı evdən biraz uzaqlaşmışdır ki, oğurluq edə bilsə, sonradan onu tapmaq mümkün olmasın. Beləliklə də, o, piyada Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq sahəsi deyilən yerə gəlmişdir. Həmin ərazi yaşadığı evdən xeyli uzaqda olmuş və buna görə də, həmin ərazidən oğurluq etməyi planlaşdırmışdır. Gecə təxminən saat 02 radələrində piyada şəkildə gəzib oğurluq etmək üçün ev və ya obyekt axtaran zaman birmərtəbəli işıqları yanmayan həyət evi görmüşdür. Evin hasarından boylanıb içəri baxdıqda heç kimin olmadığını görmüş və ətrafına baxıb küçədə də heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həmin evin həyətinə düşmüşdür. Bundan sonra evə yaxınlaşmış və evin dəqiq fikir vermədiyi otaqlarından birinin plastik pəncərəsini əlinin içi ilə sıxıb açmışdır. Bundan sonra həmin pəncərədən evə daxil olmuş və evi axtarmağa başlamışdır. Bu zaman həmin evdə oğurlamağa dəyərli əşya və ya pul tapa bilmədiyinə görə məcbur qalıb divara asılmış halda olan «Shivaki» markalı plazma televizoru pultu ilə birlikdə götürmüş və evə daxil olduğu pəncərədən çölə çıxarmışdır. Daha sonra həmin həyətin hasarına qalxıb televizoru çölə çıxarmış və daha sonra özü də küçəyə çıxmışdır. Bundan sonra oğurladığı televizoru oğurluq etdiyi həmin evin yaxınlığında yerləşən qəbirstanlıqda gizlətmiş və piyada yaşadığı evə qayıtmışdır. Səhərisi gün isə həmin televizoru gizlətdiyi yerdən götürmüş və tanımadığı bir taksi sürücüsü ilə Bakı şəhəri, Suraxanı Rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən mobil telefon və ev əşyalarının satıldığı mağazaya gətirmişdir. Orada tanımadığı bir nəfər şəxsə yaxınlaşıb bir ədəd özünə məxsus televizor olduğunu, ehtiyacı olduğu üçün onu satmaq istədiyini bildirmişdir. Həmin oğlan televizora baxış keçirdikdən sonra onu 320 manata satdığını demişdir. Həmin şəxs isə razılaşmamışdır. Daha sonra həmin televizoru 200 manata satmaq barədə razılaşmışlar. O, həmin şəxsdən 200 manat alıb televizoru ona satmışdır. Bundan sonra həmin pulu aparıb qızının müalicə xərclərinə xərcləmişdir. Hazırda etdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. Həmin oğurluq əməlini hadisə günü azyaşlı qızı xəstə olduğu üçün və onun müalicə xərclərini ödəmək üçün planlaşdırıb icra etmişdir. Bu oğurluq əməlini tək halda törətmiş və bu oğurluq əməlini törədən zaman heç kim ona hansısa bir formada köməklik göstərməmişdir. O, oğurladığı televizoru satdığı şəxsə həmin televizoru oğurluq yolu ilə əldə etdiyini desə, televizoru almayacağına görə yalandan həmin televizorun özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini deyib onu inandırmışdır. Oğurluq əməli törətməsi barədə heç kimə məlumat verməmişdir. Məhkəmənin 30 yanvar 2024-cü il tarixli iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq sahəsi 4-cü döngədə fərdi nömrəsiz birmərtəbəli iki otaqlı tikilidə tək yaşayır. 04 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdən çıxıb şəhərə getmişdir. Evdən çıxarkən mənzilin qapılarını və pəncərələrini bağlamışdır. Həmin günü yəni 05 iyul 2023-cü il tarixdə təxminən səhərə yaxın saat 03:40 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı Rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeytunluq sahəsi 4-cü döngədə fərdi nömrəsiz ünvana gəlmişdir. O, mənzilin qapısını açıb mənzilə daxil olanda yataq otağının plastik materialdan olan pəncərəsinin açıq olmasını görmüşdür. Yorğun olduğundan əhəmiyyət vermədən yataq otağında yatmışdır. O, həmişəki kimi səhər saat 06:30 radələrində yuxudan ayılmış, mənzilin qonaq otağına keçərkən divardan asdığı özünə məxsus «ŞHVAKİ» markalı 108 ekranlı televizorun yerində olmadığını aşkar etmişdir. Bundan sonra yaşadığı evə oğru girdiyinən əmin olduğunu biləndən sonra DİN-in «102» zəng sisteminə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Məlum olmuşdur ki, naməlum şəxs qonaq otağının plastik pəncərəsini sındıraraq mənzilə oradan daxil olmuş, mənzildə qonaq otağındakı divara asılmış 600 manat dəyərində olan 108 ekranlı «ŞHVAKİ» markalı televizoru yerindən çıxararaq aparmışdır. Bu oğurluq nəticəsində ona 600 manat maddi ziyan vurulmuşdur. Mənzildən televizordan başqa hər hansı bir əşya oğurlanmamışdır. Sonda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 30 yanvar 2024-cü il tarixli iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı Rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən «Bakcell» telefon mağazasını işlədir. Həmin mağazada həmin mobil telefon aksessuarlarının alışı-satışı ilə məşğul olmuşdur. 05 iyul 2023-cü il tarixdə təxminən saat günorta saat 16 radələrində mağazada olan zaman bir nəfər tanımadığı şəxs əlində qara rəngli televizor ilə mağazaya daxil olmuş və özünü Mütəllim adı ilə tanış edərək əlindəki televizoru satmaq istədiyini bildirmişdir. O, həmin televizora baxıb «Shivaki» markalı televizor olmasını müəyyən etmiş və yoxladıqda onun işlədiyini görmüşdür. Bundan sonra Mütəllim adlı şəxsdən həmin televizoru neçəyə satdığını və televizorun kimə məxsus olduğunu soruşmuşdur. Mütəllim də 320 manata satdığını və həmin televizorun özünə məxsus olduğunu, maddi ehtiyacları səbəbindən satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin televizoru 200 manata ala biləcəyini demişdir. Nəticədə Mütəllim adlı şəxs razılaşmış və ona 200 manat pul verib həmin televizoru pultu ilə birlikdə almışdır. Həmin vaxt Mütəllimdən şəxsiyyətini təsdiq edən sənədinin üzərində olduğunu soruşmuş, sonuncu da sənədinin üzərində olmadığını və səhərisi gün şəxsiyyətini təsdiq edən sənədi gətirib verəcəyini bildirmişdir. O da Mütəllimin sözünə inandığı üçün həmin televirozu 200 manata almışdır. Daha sonra həmin televizoru yaxınlıqda yerləşən evinə aparıb yataq otağına asmışdır. 13 iyul 2023-cü il tarixdə işdə olan zaman polis əməkdaşları mağazaya daxil olaraq özlərini təqdim etmişlər və yanlarında olan Mütəllim adlı şəxsin ona oğurluq televizor satdığını bildirmişlər. Mütəllim də həmin faktı təsdiq etdikdən sonra o, həmin televizorun yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər və evində yataq otağında quraşdırdığı «Shivaki» markalı televizoru polisə əməkdaşlarına göstərərək təqdim etmişdir. Polis əməkdaşları həmin televizorun maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülərək istintaqa təqdim ediləcəyini bildirmişlər. O da razılaşmışdır. Mütəllim həmin televizoru ona satdığı zaman onu oğurluq yolu ilə əldə etməsi barədə heç bir məlumat verməmişdir. Əgər bu barədə desəydi, həmin televizoru almazdı. Sadəcə Mütəllim televizorun özünə məxsus olduğunu və maddi ehtiyacları üçün satmaq istədiyini bildirdiyi üçün ona razılıq vermiş və 200 manata həmin televizoru almışdır. İş materiallarında olan «Təqdim edilmiş əşyanın götürülməsi haqqında» 10 iyul 2023cü il tarixli protokoldan görünür ki, Şahid 01 ədəd qara rəngli Çin istehsalı, 108 ekran, «US43H140İ» model, «Shivaki» markalı LED televizoru istintaqa təqdim etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən təqdim olunan 9/5391 nömrəli 27 iyul 2023-cü il tarixli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli Çin istehsalı, 108 ekran, «US43H140İ» model, «Shivaki» markalı LED televizorun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına və hal-hazırki tarixə olan orta bazar qiyməti təxminən 320,00 manat müəyyən olunur. İş materiallarında olan 16 sentyabr 2023-cü il tarixli qəbzdən görünürki, istintaq zamanı könüllü olaraq təqdim edilmiş və maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd qara rəngli Çin istehsalı, 108 ekran, «US43H140İ» model, «Shivaki» markalı LED televizor Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Norvuz oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs 30 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan 12 yanvar 2010-cu il tarixli AO seriyalı ******* sayl hərbi bilətdən görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs Norvuz oğlu 18 oktyabr 2020-ci il tarixdə Cəbrayıl, Füzuli Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İş materiallarında olan AA seriyalı ******* saylı və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, 18 may 2013-cü il təvəllüdlü X3 və 30 noyabr 2014-cü il təvəllüdlü X4 Təqsirləndirilən şəxs Norvuz oğlunun uşaqlarıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, sonuncunun zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi və barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsi və barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasının, Vətən Müharibəsi iştirakçısı olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 13 iyul 2023-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və bundan sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(010)-621/2023 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq 07 dekabr 2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-217/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Norvuz oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-217/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının əvvəli yaşayış yeri üzrə qeydiyyata alındığı vaxtdan hesablansın. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-218/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli hökmü cinayət qanunun norması düzgün tətbiq edilmədiyindən dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-423/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 7 ay 28 gün hissəsi, eləcədə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (06 ay) çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-218/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti olaraq 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Norvuz oğlunun istintaq zamanı 13 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 08 (səkkiz) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmalı, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs Norvuz oğlunun üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli Çin istehsalı, 108 ekran, «US43H140İ» model, «Shivaki» markalı LED televizor Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Norvuz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Norvuz oğluna Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 218/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs Norvuz oğlunun üzərində qəti olaraq, 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs Norvuz oğlunun istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs Norvuz oğluna təyin edilən 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) ay 08 (səkkiz) gün çıxılsın və Təqsirləndirilən şəxs Norvuz oğlunun üzərində qəti olaraq 04 (dörd) il 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs Norvuz oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs Norvuz oğlu məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Norvuz oğlunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Norvuz oğlu üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Norvuz oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli Çin istehsalı, 108 ekran, «US43H140İ» model, «Shivaki» markalı LED televizor Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Norvuz oğlundan dövlət nəfinə tutulsun. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Norvuz oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN **********h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031.kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-106/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-106/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver