Məhkəmə qərarları › İş №1(010)-107/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-107/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-107/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün bir ədəd bükümdə təmiz çəkisi 1.335 qram narkotik vasitə olan heroini və iki bükümdə təmiz çəkisi 0,162 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və xx xxxxxx 2021-ci il tarixdə, saat 08 radələrində Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinərək, Bakı şəhəri. Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Yurd” kafesinin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "Q" yaşayış sahəsi 25 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 1.335 qram narkotik vasitə olan heroin və iki ədəd siqaret cığarası bükümündə ümumi təmiz çəkisi 0.162 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaınin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitələri çəkmə üsulu ilə qəbul etmişdir. Saxlanıldıqdan təxminən 10 gün əvvəl o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitələr olan heroin və metamfetamin əldə etmiş, heroini bir bükümdə, metamfetamini isə iki bükümdə üstündə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi “Yurd” kafesinin yanında tanışı Şahid4 birlikdə onun Vaz 21074 markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilində olarkən, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və şübhəli olduqlarını deyərək, Suraxanı RPİ-nin 33-cü PB-yə dəvət etmişlər. Onlar bununla razılaşıb, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə getmişlər. Polis bölməsində hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O, etiraz elməyib, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümdə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümün içərisində şüşə və heroin olduğunu demişdir. Bundan sonra həmin üç ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, narkotik vasitədən istifadə etsə də, onun satışı ilə məşğul olmamışdır. Polis bölməsində üzərinizə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin aprel ayından DİO-da, həmin vaxtdan da hazırda tutduğu vəzifədə xidmət edir və polis serjantı rütbəsi daşıyır. xx xxxxxx 2021-ci il tarixdə saat 08 radələrində o, ƏÇPAmn 7-ci patrul bölüyünün polis nəfərləri polis serjantı Şahid3 və kiçik serjant Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsində xidmət aparan zaman, həmin qəsəbədə yerləşən "Yurd" kafesinin qarşısında Vaz 2107 markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, avtomobilin içərisində sürücüdən başqa bir nəfər sərnişinin olması, hər iki şəxsin özlərini şübhəli aparması onun diqqətlərini cəlb etmişdir. Bu səbəbdən o, digər polis əməkdaşları ilə birlikdə həmin avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra, avtomobildə olan sürücü və sərnişindən şəxsiyyətlərini təsdiq edən sənədlərinin olub-olmamasını soruşmuşlar. Həmin vaxt avtomobilin sükanı arxasında əyləşmiş şəxs özünü Şahid4, sərnişin isə Təqsirləndirilən şəxs kimi təqdim etmişlər və üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərinin olmadığını bildirmişlər. Söhbət zamanı həmin şəxslərdən üzərlərində qeyri-qanuni hər hansı bir əşya, yaxud predmet olduğunu soruşduqda, Şahid4 və Təqsirləndirilən şəxs üzərlərində özlərinin istifadə etmələri üçün narkotik vasitə olduğunu bildirmişlər. Bundan sonra Şahid4 və Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə gətirib təhvil vermişlər. 33-cü Polis Bölməsinin xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən siqaret cığarasına bükülmüş üç ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümlərin içərisində olan maddənin şüşə kimi tanıdığı narkotik vasitə metamfetamin və heroin olduğunu, həmin narkotik vasitələrinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən özünün istifadə etməsi üçün aldığını və üzərində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotikə bənzər maddələr olan üç ədəd bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək kağız zəridə qablaşdırılmış və möhürlənmiş, zərfin üzərinə bütün iştirakçılar tərəfindən imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı protokolda yazılanlara dair heç bir etiraz daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, həmçinin Suraxanı RPİ-nin 33-cü Polis Bölməsində üzərinə baxış keçirilərkən, sonunjuya qarşı hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 7-ci patrul bölüyünün polis nəfərləri Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitələri çəkmə üsulu ilə qəbul etmişdir. Saxlanıldığından təxminən 3 ay əvvəl o, etibarnamə ilə idarə etdiyi Vaz 21074 markalı 99- ZM-157 dövlət qeydiyyat nişanlı avtomobilini təmizləyərkən, avtomobilin arxa oturacağının ayaq altından bir büküm "şüşə" deyilən narkotik vasitə tapmış, həmin vaxtdan onu şəxsi istifadəsi üçün saxlamışdır. xx xxxxxx 2021-ci il tarixdə, saat 08 radələrində o, Bakı şəhəri, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi “Yurd” kafesinin yanında tanışı, hazırki iş üzrə Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi Vaz 21074 markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və şübhəli olduqlarını deyərək, onları Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar bununla razılaşıb, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cii Polis Bölməsinə getmişlər. Polis bölməsində hüquq və vəzifələri izah olunduqdan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etmək təklif olunduqda, o, etiraz etməyib, əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən avtomobilindən tapdığı siqaret qutusunda olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bükümün içərisində şüşə deyilən narkotik vasitə olduğunu demişdir. Həmin bir ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobili ondan başqa heç kim idarə etmədiyindən, taksi fəaliyyəti ilə məşğul olduğu üçün şüşə deyilən narkotik vasitəni müştərilərdən hansısa atmışdır. O, narkotik vasitədən istifadə etsə də, onun satışı ilə məşğul olmamışdır. Polis bölməsində üzərinizə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, onun da üzərindən narkotik vasitə aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti alma növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 6/307 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "X4 üzərindən aşkar edilərək götürülmüş...” yazısı zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1.335 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 2(iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0.162 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli, 405 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya. intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş 0.162 qram metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.062 qram metamfetamin, 1.335 qram heroinin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.285 qram narkotik vasitə olan heroin məhv edilməli, və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan 0.162 qram metamfetaminin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.062 qram metamfetamin, 1.335 qram heroinin tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.285 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar