Məhkəmə qərarları › İş №1(010)-108/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-108/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-108/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, 17 avqust 1983-cü ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum edilməmiş, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan» tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə saat 21 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Navara» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində saatda 40-50 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, yolun sağından yolun sol hissəsinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi «Nissan Navara» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön sol hissəsi ilə vuraraq yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin əzilməsi, sol gicgah və təpə sümüklərinin, sol almacıq sümüyünün və sol orbitanın (göz yuvası) üst divarının arxa hissəsinin yerini dəyişmiş xətti sınıqları, hər iki gözdə görmə itiliyinin kəskin zəifləməsi, sol dirsək sümüyünün qapalı sınığı, sol göz yuvası ətrafı nahiyyənin yumşaq toxumasının hematoması, sol qulağın və sol diz oynağı nahiyyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rahid oğlu bildirmişdir ki, təxminən 20 il olar ki, avtomobil idarə edir. Onun «BC» dərəcəli sürücülük vəsiqəsi var. Onun «Nissan Navara» markalı ** UP *** dövlət nişanlı avtomobili var. 16 iyul 2022-ci il tarixdə saat təxminən 21 radələrində Nissan Navara markalı ** UP *** dövlət nişanlı avtomobili ilə Suraxanı rayonu Hövsan qəsəbəsindən Xəzər rayonu Türkan qəsəbəsi istiqamətində saatda 40-50 km sürət ilə hərəkətdə olan vaxtı Hövsan qəsəbəsində fəaliyyət göstərən «Antaliya» adlı çimərliyin qarşısından keçmiş orada dayanmış avtomobillərin arasından bir nəfər şəxsin anidən onun hərəkət yoluma yəni idarə etdiyi avtomobilin üzərinə tullanmış o dərhal avtomobilin əyləc sistemindən istifadə etsədə həmin şəxsin ani olaraq yaxın məsafədən avtomobilin üzərinə tullandığından avtomobilin qabaq ön sol hissəsi həmin şəxsin sol tərəfinə dəymiş. Həmin şəxs almış olduğu zərbədən asfaltın üstünə yıxılmış. O, avtomobili dərhal saxlayaraq aşağı düşmüş və həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsin özündə olmadığını görmüş təcili tibbi yardıma zəng etmiş. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gələrək xəsarət yetirdiyi şəxsi 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. O, 3 saylı şəhər kliniki xəstəxanasına getmiş. O. yol nəqliyyat hadisəsi törətməyi barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 16 iyul 2022-ci il tarixdə qardaşı Beyrək ilə birlikdə dənizdə istirahət etmək məqsədilə Suraxanı rayonu. Hövsan qəsəbəsində fəaliyyət göstərən «Antaliya» istirahət mərkəzinə getmiş, O və qardaşı Beyrək dənizdə çimdikdən sonra saat təxminən 21 radələrində «Antaliya» istirahət mərkəzindən çıxmış və qardaşı Beyrəyin dayanacaqda saxladığı avtomobilin yanına getmişdir. «Antaliya» istirahət mərkəzinin yaxnılğında fəaliyyət göstərən təndirdən çörək almaq üçün o yolu keçmək istəyəndə dövlət qeydiyyat nişanını və markasını bilmədiyi avtomobilin ani olaraq zərbə ilə onu vurmasını hiss etmişdir. Onun baş nahiyyəsi onu vuran avtomobilin qabaq ön şüşəsinə dəymiş, o almış olduğu zərbədən huşunu itirmiş və özünə gələndə xəstəxanada olduğunu bilmişdir, lakin yaddaşı itdiyindən hansı səbəbə görə xəstəxanada olduğunu xatırlaya bilməmişdir. 10 avqust 2022-ci il tarixdə o müalicə aldığı DİN-nin hospitalından evə buraxılmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Həmçinin, gələcəkdə də bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, 16 iyul 2022-ci il tarixdə qardaşı Təmkin ilə birlikdə dənizdə istirahət etmək məqsədilə Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən «Antaliya» istirahət mərkəzinə getmiş. O və qardaşı Təmkin dənizdə çimdikdən sonra saat təxminən 21 radələrində «Antaliya» istirahət mərkəzindən çıxmış və dayanacaqda saxladığı ona məxsus avtomobilin yanına getmişdir. Qardaşı Təmkin ona demişdir ki, «Antaliya» istirahət mərkəzinin yaxnılğında fəaliyyət göstərən təndirdən çörək alıb qayıdır. O özünə məxsus avtomobilin yanında dayanaraq Təmkini gözləmiş. O, ani olaraq yolda yəni asfaltın üzərində səs eşitmiş, yola baxdıqda görmüşdür ki, yolu keçmək istəyən qardaşı Təmkini avtomobil vuraraq asfaltın üzərinə tullamış, o tez qaçaraq Təmkinə yaxınlaşmış və Təmkinin qulağından qan gəldiyini görmüşdür. Təmkini vuran «Nissan Navara» markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona yaxınlaşmış, bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gələrək Təmkini Sabunçu rayonu 3 saylı xəstəxanaya aparmışlar. O, xəstəxanada olan vaxtı Təmkini vuran avtomobilin sürucusu olan Təqsirləndirilən şəxsda xəstəxanaya gəlmiş. Təqsirləndirilən şəxs tərəfindən qardaşının müalicəsi üçün müəyyən xərclər ödənilsədə sonradan qardaşının müalicəsi üçün heç bir yardım göstərilməmişdir. Cinayət işinin 52-55-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin» X4 Suraxanı rayon şöbəsinin 09 sentyabr 2022-ci il tarixdi 1083 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər- baş beyin əzilməsi, sol gicgah və təpə sümüklərinin, sol almacıq sümüyünün və sol orbitanın (göz yuvası) üst divarının arxa hissəsinin yerini dəyişmiş xətti sınıqları, hər iki gözdə görmə itiliyinin kəskin zəifləməsi, sol dirsək sümüyünün qapalı sınığı, sol göz yuvası ətrafı nahiyyənin yumşaq toxumasının hematoması. sol qulağın və sol diz oynağı nahiyyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. Cinayət işinin 10-24-cü vərəqələrində olan iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 16 iyul 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yolnəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 01, hərəkət hissəsinin eni 6 metr, yol örtüyünün eni isə 6 metrdir. Yolun sağından yolun sol hissəsinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi «Nissan Navara» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön sol hissəsi ilə vuraraq yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs vurmuşdur. Cinayət işinin 61-64-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə 23 sentyabr 2022-ci il tarixli, 8/2505 saylı rəyindən görünür ki, «Nissan Navara» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 29-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə bununla əlaqədar Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti olmuyacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263- 1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri- əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırma görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə hesab edir ki, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir”. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11- ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar