Məhkəmə qərarları › İş №1(010)-11/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-11/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-11/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci ildə Lerik rayonu, Veri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Lerik rayon, Veri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanı qəsəbəsində nömrəsiz evdə yaşayan, 13 – xx xxxx 2018-ci il tarixləri üzrə tutulmuş, müstəntiqin xx xxxx 2018ci il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğuna görə müstəntiqin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində axtarış elan edilərək eyni qərara əsasən 27 – xx xxxx 2019-cu il tarixləri üzrə tutulmuş, müstəntiqin xx xxxx 2019-cu il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozduğuna görə müstəntiqin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində axtarış elan edilərək eyni qərara əsasən xx xxxxxx 2019-cu il tarixi üzrə tutulmuş, müstəntiqin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxx 2020-ci il tarixli qərarı ilə bu qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır), işin məhkəmə baxışı dövründə müvafiq qətimkan tədbirinin tələblərini pozduğuna görə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, göstərilən qərara əsasən xx xxxxxx 2020-ci ildə tutulmuş və bu tarixdən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Parnik yolu 42 ünvanında yerləşən, 0,04 ha hasarlanmamış torpaq sahəsində saxlanılan, hər birinin qiyməti 0,40 manat, ümumi dəyəri 2.600 manat təşkil edən 6.500 ədəd mişar daşını 2017-ci ilin sentyabr ayının 21-dən 23-ü saat 11 radələrinədək olan müddət ərzində hissə-hissə, vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2.600 manat miqdarında ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, zərərçəkmiş şəxsin oğlu Şahid1 2017-ci ilin sentyabr ayının əvvəllərində Binə qəsəbəsinə gəlib onun fəaliyyət göstərdiyi ofisdə bildirmişdir ki, Binə qəsəbəsi, Xəyallar adası deyilən yerin yaxınlığında ona məxsus 04 sot torpaq sahəsi var və həmin torpaq sahəsini üzərində olan 6.500 ədəd mişar daşı ilə birlikdə 7.500 manata satmaq istəyir. Şahid1 demişdir ki, ona ümumilikdə 7.500 manat verilsə torpaq sahəsini mişar daşları ilə birlikdə sata bilər. O, Mirmehdidən torpaq sahəsinin sənədləri ilə maraqlanmış, lakin sonuncu torpağın atası Zərərçəkmiş şəxs məxsus olduğunu deməmiş, torpaq sahəsinə dair sənədləri təqdim edəcəyini bildirmişdir. Mirmehdi ilə razılaşmış və sonuncu öz mobil nömrəsini ona verib getmişdir. Həmin ərəfələrdə tanışı Namiq Niftullayev də onunla birlikdə torpaq alğı-satqısı işə məşğul olurdu. Ona görə də Mirmehdinin satmaq istədiyi torpaq sahəsi barədə Namiqə məlumat vermişdir. Namiq də sonradan torpaq sahəsini satmaq üçün müştəri kimi əslən Biləsuvar rayonundan olan Vaqif adlı şəxsi gətirmişdir. Bundan sonra o, Mirmehdiyə torpaq sahəsinə müştəri olduğunu bildirmişdir. Daha sonra Mirmehdi gələrək Namiq və Vaqiflə birlikdə həmin torpaq sahəsinə getmişlər. Vaqif torpaq sahəsini ilk olaraq bəyənmiş və ofisə qayıtdıqdan sonra həmin torpağa görə 200 manat miqdarında beh vermişdir (sonradan Vaqif torpaq sahəsinin uzaqda yerləşdiyini əsas gətirərək ondan imtina edib). Vaqiflə ilkin razılıqlarına görə sonuncu torpaq sahəsi üçün 7.500 manat verməli idi. O, isə Mirmehdi ilə belə razılaşmışdır ki, alğı-satqıda vasitəçilik etdiyinə görə torpaq sahəsində olan 6.500 ədəd mişar daşını özünə götürəcək. Bu razılığa əsaslanaraq Mirmehdiyə məxsus olan həmin torpaq sahəsindəki 6.500 ədəd mişar daşını Rafiq adlı şəxsə 1.200 manata satmışdır. Təxminən 3 gün sonra Mirmehdi atası Mirxasla birlikdə sənədləşmə aparılması üçün ofisə gəlmişdir. Həmin vaxt o, torpağın müştərisi Vaqifi ofisə çağırmışdır. Eyni zamanda Mirxas və Mirmehdi ilə birlikdə torpaq sahəsinə getmiş, orada Mirxas mişar daşlarının yerində olmadığını görüb bu barədə ondan soruşduqda, Mirxasa bildirmişdir ki, 6.500 ədəd mişar daşını Mirmehdinin razılığı ilə satıb. Bundan sonra Mirxas oğlu Mirmehdi ilə mübahisə etmiş və DİN-in 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Qeyd edir ki, torpaq sahəsindən götürdüyü 6.500 ədəd mişar daşının 2.000 ədədini zərərçəkmiş şəxsə qaytarıb. Hesab edir ki, əməlində heç bir cinayət tərkibi yoxdur. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisədən təxminən 7 – 8 il əvvəl Hövsan Südçülük sovxozunda 04 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin ətrafına hasar çəkdirməmiş, lakin ora 6.500 ədəd mişar daşı tökdürmüşdür ki, torpağın sahibinin olduğu bilinsin. Həmin mişar daşlarına görə hissə-hissə olmaqla ümumilikdə 2.600 manat pul ödəyib. Arada-bir gedib torpağa baş çəkirdi. Lakin xx xxxxxxxx 2017-ci ildə saat 21 radələrində yeznəsi Mirhamil ona zəng edərək bildirmişdir ki, torpaq sahəsinə tökülmüş mişar daşları yerində deyil. Bundan dərhal sonra torpaq sahəsinə getmiş və görmüşdür ki, qeyd olunan mişar daşları oğurlanıb. Ertəsi gün 30-cu polis bölməsinə gedib hadisə ilə bağlı ərizə vermişdir. Polisin apardığı araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mişar daşlarını Bəylər və Namiq adlı şəxslər oğurlayıblar. Zərərçəkmiş şəxs həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsi əvvəllər 1 – 2 dəfə görüb. Sonuncunu «makler» kimi tanıyırdı. Hadisədən xeyli əvvəl ona bildirmişdir ki, özünə məxsus olan torpaq sahəsini üzərindəki mişar daşları ilə birlikdə satıb, yola yaxın yerdən başqa torpaq sahəsi almaq istəyir. Bəylər də ona 2017-ci ilin avqust ayında zəng edib bildirmişdir ki, torpaq sahəsini satın almaq istəyən var. Bununla əlaqədar oğlu Mirmehdini və yeznəsi Mirhamili Bəylərin yanına göndərmişdir ki, müştəriyə torpağı göstərsinlər. Lakin həmin vaxt ofisdə olmuş Bəylər, torpağın harada yerləşdiyini bildiyini söyləyib, torpaq sahəsinə getməmiş, ora Mirmehdi və Mirhamillə birlikdə onunla işləyən Namiqi göndərmişdir. Orada Namiq yeri ölçmüş, mişar daşlarını saymış, lakin torpaq sahəsinin uzaqda yerləşdiyini əsas gətirərək onu bəyənmədiyini bildirmişdir. Bununla da təqsirləndirilən şəxslə və Namiqlə bütün danışıqlarına yekun vurulub. Yəni, istər o, istərsə də oğlu Mirmehdi və ya yeznəsi Mirhamil Bəylərə və ya Namiqə razılıq verməyiblər ki, sonuncular torpaq sahəsindəki daşları götürüb satsınlar. Beləliklə, ona məxsus olan torpaq sahəsinin satışı ilə bağlı Bəylər və Namiq faktik olaraq heç bir vasitəçilik etməmiş, torpaq sahəsinin üzərindəki daşları isə oğurlamışlar. Oğurlanmış 6.500 ədəd mişar daşının 2.000 ədədi ona qaytarılıb. Qalan daşlar isə bu günədək qaytarılmamış, onların dəyəri ödənilməmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxsin onunla danışıqları barədə məhkəməyə bildirdiklərinin həqiqətə uyğun olmadığını qeyd edərək həmçinin bildirmişdir ki, torpağın alğı-satqısı ilə bağlı təqsirləndirilən şəxslə onun arasında heç bir real alğı-satqı münasibəti olmayıb. Aralarında yalnız danışıqlar olmuş və zərərçəkmiş şəxsin bildirdiyi kimi tamamlanmışdır. Yəni təqsirləndirilən şəxs və Namiq torpaq sahəsini bəyənməmiş və bütün münasibətləri bununla bitmişdir. Bu səbəbdən də o, mişar daşlarının satılmasına razılıq verə bilməzdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2017ci il sentyabr ayının axırlarında Binə qəsəbəsində, «Yaşıl aptekin» yanındakı çayxanada olduqları vaxt Namiq və Bəylər adlı şəxslərə demişdir ki, 10 – 15 qəpik qiymətinə mişar daşı axtarır. X2 bildirmişlər ki, bu yaxınlarda torpaq sahəsi satıblar, torpağın alıcısı isə onun üzərindəki mişar daşlarını istəmir. Buna görə də orada qalmış 6.500 ədəd mişar daşını ona sata bilərlər. Həmin daşları satın almağa razılıq vermiş, bundan sonra Namiq və Bəylər «Zil» markalı avtomobillə 6.500 ədəd mişar daşını 3 gün ərzində daşıyıb onun qohumu Fariz adlı şəxsin torpaq sahəsinə tökdürmüşlər. daşların oğurluq olduğunu bilməyib. Həmin daşlara görə Namiqlə Bəylərə 1.000 manat miqdarında pul vermiş, sonradan onları özünə məxsus evin tikintisinə istifadə edib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Qarayev Ədalət Köçəri oğlu bildirmişdir ki, «Zil» markalı 99KF157 dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında işlədib. xx xxxxxxxx 2017-ci ildə səhər saatlarında tanıdığı Namiq adlı şəxs ona yaxınlaşıb demişdir ki, aldığı torpaq sahəsində 6.500 ədəd mişar daşı var. Namiq ondan xahiş etmişdir ki, həmin daşları daşıyıb başqa torpaq sahəsinə boşaltsın. O, Namiqlə bir reysi 20 manata razılaşmış, sonradan Bəylər adlı şəxs də gələrək söhbətə qoşulmuş və üçü birlikdə həmin qiymətlə razılaşmışlar. Sonra Namiq və Bəylər 2 nəfər fəhlə tapmış, o, isə həmin fəhlələrin köməyi ilə xx xxxxxxxx 2017-ci ildən başlayaraq qeyd olunan 6.500 ədəd mişar daşını gündə bir-neçə reys olmaqla daşıyıb Bəylərlə Namiqin bildirdiyi yerə boşaltmışdır. Sonuncu reysi xx xxxxxxxx 2017-ci ildə saat 11 radələrində bitirib. Zəhmət haqqını Bəylərlə Namiqdən alıb. Daşların oğurluq olduğunu bilmirdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid5 bildirmişdir ki, Zərərçəkmiş şəxs 2017-ci ilin sentyabr ayında 30-cu polis şöbəsinə müraciət edərək bildirmişdir ki, xx xxxxxxxx 2017-ci ildə Binə qəsəbəsi, Xəyallar adasının yaxınlığında yerləşən özünə məxsus torpaq sahəsinə getdikdə oradakı 6.500 ədəd mişar daşının naməlum şəxslər tərəfindən oğurlandığını aşkar edib. Zərərçəkmiş şəxs müvafiq məzmunlu ərizəsi qeydiyyata alındıqdan sonra oğurluq etmiş şəxslərin müəyyən edilməsi üçün tədbirlər keçirilmiş və müəyyən olunmuşdur ki, həmin daşları Təqsirləndirilən şəxs və X1 adlı şəxslər yük maşını ilə hissə-hissə oğurlayıblar. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə işin faktik hallarına qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək, cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs bildirir ki, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağı var. Məhkəmə bunu təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kim qiymətləndirir. İş üzrə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 6.500 ədəd mişar daşı ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin daşlar Şahid3 məxsus olan evin tikintisində istifadə olunub. Bu səbəbdən onların naturada zərərçəkmiş şəxsə qaytarılması mümkün deyil. Bu hal nəzərə alınmalı, həmçinin zərərçəkmiş şəxsə izah edilməlidir ki, o, cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün qanunla müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 – xx xxxx 2018-ci il, 27 – xx xxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixi üzrə tutulduğu müddət (05 (beş) gün) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs oğurlanmış və iş üzrə maddi sübut kimi tanınmış 6.500 ədəd mişar daşının Şahid3 məxsus olan evin tikintisində istifadə olunduğu və bu səbəbdən də zərərçəkmiş şəxsə naturada qaytarılmasının mümkün olmadığı nəzərə alınsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar