Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-11/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkum olunmamış, bir dəfə Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad olunmuş, Naxçıvan Muxtar Respublikasının, Kəngərli rayonu, Qıvraq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 13 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyun 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(010)- 57/2023 nömrəli qərarı ilə axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 27 fevral 2024cü il tarixdə tutularaq 29 fevral 2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs sifariş verdiyi mətbəx mebelini hazırlayacağına dair yalan vəd verərək 03 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən sonuncuya məxsus mənzildə 150 (yüz əlli) manat pulunu ələ keçirdikdən sonra 06 oktyabr 2021-ci il tarixdə isə öz istifadəsində olan tanışı Şahid1 adına "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 6514 5376 nömrəli “Birkart Umico” plastik kart hesabına “Bir Bank” mobil tətbiqi vasitəsi ilə 450 (dörd yüz əlli) manat pul köçürtdürərək vədinə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə, 600 (altı yüz) manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Naxçıvan MR Kəngərli rayonu, Qıvraq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz həyət evində kirayədə yaşamışdır. Evlidir, həyat yoldaşı və iki azyaşlı qızları isə Naxçıvan MR-nın Qıvraq kəndində yaşayırlar. Əvvəllər, bir müddət Türkiyə Respublikasında yaşamaqla, mebel sexində işləmiş və mebel işini öyrənmişdir. Yaşadığı kəndə qayıtdıqdan sonra, həyətində mebel emalatxanası açmaqla, mebel əşyaları düzəldib satmışdır. Ancaq sonralar, işi zəiflədiyindən 2021-ci ilin ortalarında Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində olan mebel sexlərində işə düzəlmək istəsə də, bu mümkün olmamışdır. Ona görə də, müştərilərdən sifarişi qəbul edib mebel sexlərində həmin mebelləri hazırladıb baha qiymətə müştərilərə satmaqla, qazanc əldə etmək qərarına gəlmişdir. Buna görə də, «İnstagram» sosial şəbəkəsində istifadəsində olan «Zövqlü Mebellər» səhifəsində mebel hazırlanması və quraşdırması barədə elan vermişdir. 2021-ci ilin sentyabr ayında həmin səhifədə onunla Zərərçəkmiş şəxs adlı qadın əlaqə saxlayaraq mətbəxt mebeli sifariş vermək istədiyini bildirmiş və mənzilin ünvanını ona demişdir. Aralarında olan razılığa əsasən o, Zərərçəkmiş şəxs yaşadığı ünvanına gedərək özü ilə apardığı mebel nümunələri olan katoloqu sonuncuya göstərmişdir. Zərərçəkmiş şəxs katoloqa baxaraq sifariş vermək istədiyi mebeli seçmiş, o isə həmin mebelin 1500 (min beş yüz) manata hazırlanacağını bildirmişdir. Zərərçəkmiş şəxs razılaşdıqdan sonra o, mebelin ölçülərini götürmüş və material almaq adı ilə ilkin olaraq həmin ünvanda sonuncudan 150 (yüz əlli) manat nağd pul almışdır. Zərərçəkmiş şəxs mebelin iki həftəyə hazır olacağına söz verərək çıxıb getmiş, aldığı pulu isə şəxsi ehtiyacına xərcləmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən "xxxx" MMC-də mühafizəçi işləyən dayısı oğlu Şahid3 Kazım oğlu ilə görüşdüyü zaman, sonuncu ilə yoldaşlıq edən Şahid2 adlı şəxslə tanış olmuşdur. Aralarında olan söhbət zamanı o, qohumları tərəfindən ona göndəriləcək pulu qəbul etməsi üçün Şahid2 şəxsi istifadəsi üçün ona hər hansı bir plastik bank kartı verməsini xahiş etmişdir. Şahid2 isə müvəqqəti istifadə üçün özündə saxladığı tanışı Şahid1 adına olan "xxxx" ASC-dən alınmış “BirKart Umico” plastik kartını ona vermişdir. Bundan sonra o, Elnurə Axundovu aldadaraq daha çox pulunu ələ keçirmək məqsədilə, 05 oktyabr 2021-ci il tarixdə sonuncunun “Whatsapp” vasitəsi ilə nömrəsinə qeyd olunan bank hesabını göndərərək sifariş etdiyi mebelin hazır olması üçün həmin hesaba əlavə olaraq 450 (dörd yüz əlli) manat pul köçürməsini bildirmişdir. 06 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs da həmin bank kartına 450 (dörd yüz əlli) manat pul köçürmüş, bundan sonra o, qeyd olunan məbləği həmin tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində fəaliyyət göstərən "xxxx" ASC-nin filialında yerləşən bankomatdan 305 və 145 manat olmaqla, iki dəfəyə nağdlaşdıraraq şəxsi ehtiyacına xərcləmişdir. Sonrakı günlərdə həmin kartı hazırda xatırlamadığı yerə tullamışdır. Zərərçəkmiş şəxs ona 450 (dörd yüz əlli) manat pulu göndərdikdən təxminən 15 gün keçdikdən sonra, onunla “Whatsapp” vasitəsilə əlaqə saxlayaraq mebelin nə vaxt hazır olacağı barədə yazmağa başlamışdır. O, isə hər dəfə sifarişin tezlikcə hazır olacağını və aparıb mənzilində quraşdıracağını bildirmişdir. 19 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs 'Whatsapp” vasitəsilə səsli ismarıc göndərərək mebelin hazır olduğunu, 20 oktyabr 2021-ci il tarixdə mebeli gətirəcəyini bildirmiş, sonra isə telefonunu bağlamışdır. Zərərçəkmiş şəxs mebel sifarişi qəbul edərkən həmin vaxt işsiz olduğundan bu yolla pul əldə edib, ehtiyaclarına xərcləmək fikrində olmuşdur. Əslində isə, mebel istehsalı ilə məşğul olmamış və hər hansı bir yerdən Zərərçəkmiş şəxs üçün mebel almaq, onun mənzilində quraşdırmaq məqsədi olmamışdır. Əldə etdiyi həmin 600 (altı yüz) manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs onun mənzilinə mebel quraşdırmaq vədi ilə aldadaraq 600 (altı yüz) manat pulunu ələ keçirməsindən Şahid1, Şahid2, Şahid3 Kazım oğlu və ya başqa şəxslərin əvvəlcədən məlumatı olmamışdır. Həmin şəxslərə əldə etdiyi vəsaitdən hər hansı bir məbləğdə pul verməmişdir. Sonda isə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər məhkum olunmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 2021-ci ilin sentyabr ayında yaşadığı evin mətbəxinə mebel almaq istədiyindən “İnstagram” sosial şəbəkəsində bununla bağlı elanlara baxmışdır. Həmin vaxt sosial şəbəkədə rastlaşdığı «Zövqlü Mebellər» səhifəsindən mebel sifarişi etmişdir. Qeyd olunan səhifənin istifadəçisi ilə apardığı yazışma zamanı özünü Məhəmməd kimi təqdim edən şəxs ona «Whatsapp» vasitəsilə yazaraq yaşadığı ünvana gəlib mətbəx mebeli üçün ölçüləri götürmək istədiyini bildirdikdə, o da öz ünvanını qeyd etmişdir. Həmin şəxs onun ünvanına gedərək özü ilə apardığı kataloqu təqdim edib mebel seçməsini təklif etmişdir. O, da kataloqdan münasib olanı, yəni 1500 (min beş yüz) manata olan bir mebeli seçmişdir. Bundan sonra, Məhəmməd adlı şəxs mebelin ölçülərini götürmüş və sifarişi hazırlaması üçün ilkin olaraq 150 (yüz əlli) manat nağd pul verməli olduğunu, qalan hissəsini isə mebeli hazır edib evində quraşdırdığı zaman ödəməli olacağını bildirmişdir. Onlar razılaşdıqdan sonra, həmin gün öz evində Məhəmmədə 150 (yüz əlli) manat pulu nağd şəkildə ödəmiş, sonuncu isə mebelin iki həftəyə hazır olacağına söz verərək çıxıb getmişdir. 05 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Məhəmməd onun «Whatsapp» nömrəsinə Şahid1 adına olan 4169 7385 6514 5376 nömrəli bank hesabı göndərib həmin hesaba mebeli hazırlaması üçün əlavə olan 450 (dörd yüz əlli) manat məbləğində pul köçürməsini istəmişdir. O, da 06 oktyabr 2021-ci il tarixdə mobil telefonunda olan “BirBank” mobil tətbiqi vasitəsi ilə özünə məxsus bank hesabından Məhəmmədin qeyd etdiyi hesaba 450 (dörd yüz əlli) manat pulu köçürmüş və bu barədə sonuncuya bildirmişdir. Bundan 15 gün keçdikdən sonra, həmin şəxsin istifadəsində olan «Whatsapp» nömrəsinə mebelin nə vaxt hazır olacağı barədə yazmış, Məhəmməd isə hər dəfə mebelin tezliklə hazır olacağını bildirmişdir. 19 oktyabr 2021-ci il tarixdə Məhəmməd ona «Whatsapp» vasitəsilə səsli ismarıc göndərərək mebelin artıq hazır olduğunu, 20 oktyabr 2021-ci il tarixdə gətirib evdə quraşdırcağını bildirmişdir. Dediyi tarixdə Məhəmmədin «Whatsapp» nömrəsinə yazdığı ismarıc sonuncuya çatmamış, Məhəmmədin mobil nömrələrinin üçü də bağlı olduğundan, əlaqə saxlaya bilməmişdir. Bundan sonra, həmin şəxsin əslində Məhəmmədəli olmasını və onu aldadaraq ümumilikdə, 600 (altı yüz) manat pulunu ələ keçirdiyini başa düşdüyündən barəsində Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ərizə vermişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan, tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Kazım oğlu ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşayır və Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən "xxxx" MMC-də mühafizəçi işləyir. Naxçıvan MR, Şərur rayonu, Qıvraq kəndində anadan olmuş Təqsirləndirilən şəxs onun bibisi Mina Pirəliyevanın oğludur. Təqsirləndirilən şəxs Bakı şəhərində tüfeyli həyat tərzi keçirir. Bildiyinə görə, heç bir yerdə işləmir, valideynləri, həyat yoldaşı və onun valideyinləri ilə əlaqə saxlamır. Onunla axırıncı dəfə təxminən 2021-ci ilin axırlarında, iş yerində görüşmüşdür. Ancaq hazırda harada yaşaması və nə işlə məşğul olmasından xəbəri yoxdur. Təqsirləndirilən şəxs Naxçıvan MR, Kəngərli rayonu, Qıvraq kəndində yaşadığı evin həyətində özünün işlətdiyi mebel sexi olmuşdur. Özü də həqiqətən mebel ustasıdır. Bakı şəhərinə gəldikdən sonra, onun müştərilərdən mebel sifarişləri götürdüyünü öyrənib, ondan həmin ölçüləri nə məqsədlə götürdüyünü soruşduqda, ona götürdüyü mebel ölçülərini mebel sexlərinə verib hazırlatdığını, sonra isə aparıb müştəriyə verdiyini bildirmişdir. X2 Axundovaya onun mənzilində mətbəx mebeli quraşdıcağına vəd verərək sonuncudan, ümumilikdə, 600 (altı yüz) manat pul alması barədə Zərərçəkmiş şəxs Məhəmməd barəsində şikayətinin araşdırılması zamanı öyrənmişdir. Ancaq hadisənin necə baş verdiyini bilmir. Şahid2 onun iş yoldaşıdır. Şahid1 da Şahid2 tanışıdır. Bildiyinə görə, Məhəmmədəli Şahid2 və Şahid1 etibarından sui istifadə edərək sonuncunun adına olan bank kartından istifadə etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, hazırda Ucar rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsində yerləşən nömrəsiz evdə kirayədə yaşayır və "xxxx" şirkətində mühafizəçi işləyir. Dostu Şahid1 ilə 2021-ci ilin avqust ayında görüşüb söhbət etdiyi zaman ondan "xxxx" ASC-yə məxsus plastik kartının olub-olmaması barədə soruşmuşdur. Şahid1 həmin banka məxsus bir ədəd debit kartının olduğunu bildirib ondan həmin kartın nə üçün lazım olduğunu soruşmuşdur. O, Rəhmana öz adına qeyd etdiyi bank tərəfindən verilmiş kredit kartının olduğunu, həmin kartına rayonda yaşayan valideyni tərəfindən pul köçürüldükdə, kredit borcundan silindiyini və bu səbəbdən də, öz adına olmayan bank kartına ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra Rəhman özünə məxsus olan "xxxx" ASC-dən aldığı və istifadə etmədiyi kartını ona vermişdir. O, kartı aldıqdan təxminən 3 gün sonra iş yoldaşı Şahid3 Kazım oğlunun bibisi oğlu olan, əvvəlcə “Baba” adı ilə tanıdığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə görüşdüyü zaman sonuncu bir günlük istifadə etməsi üçün bank kartına ehtiyacı olduğunu demiş və onda gördüyü sözügedən bank kartını istifadə etməsi üçün verməsini xahiş etmişdir. O, da Məhəmmədəliyə etibar edərək həmin kartın dostuna məxsus olmasını bildirib bir günlük istifadə etməsi üçün vermişdir. Bundan sonra əmisi vəfat etməsi səbəbindən yas mərasimində iştirak etdiyindən Məhəmmədəli ilə əlaqə saxlayıb kartı geri ala bilməmişdir. Sonradan isə kartı almaq üçün Məhəmmədəli ilə telefon əlaqəsi saxlaya bilməmişdir. Ratikdən bu barədə soruşduqda isə, Məhəmmədəlinin harada olması barədə qohumlarından maraqlansa da, hər hansı bir məlumat əldə edə bilməmişdir. Bundan bir müddət sonra, yəni 2021-ci ilin oktyabr ayının sonlarında istifadəsində olan mobil telefonuna zəng etmiş Elnurə adlı şəxsin Məhəmmədəlinin mebel ustası olub-olmadığını soruşduqda o, mühafizəçi işlədiyini bildirmişdir. Bundan sonra, Elnurə onun telefon nömrəsini dostu Rəhmandan əldə etdiyini, mebel ustası kimi tanıdığı şəxsə 150 manat nağd pul verdiyini, 450 manatı isə debit kartına köçürdüyünü, lakin həmin şəxsin mebel düzəltməsi ilə bağlı verdiyi vədinə əməl etmədiyini dedikdə o, həmin şəxsin Məhəmmədəli olacağını güman edərək sonuncunun xarici görünüşünü təsvir etdikdən sonra, Elnurə həmin şəxsə pul verdiyini təsdiq etmişdir. O, Elnurəyə Məhəmmədəlinin onu aldadaraq Rəhmana məxsus kartı aldığını, hazırda isə Məhəmmədəlinin olduğu yer barəsində məlumatı olmadığını bildirdirmişdir. Bundan sonra Elnurə ilə dəfələrlə əlaqə saxladıqda, ona Məhəmmədəlini tapmaqda köməklik etməyini xahiş etdiyindən o, yenidən Məhəmmədəli ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Bundan sonra, Elnurə onun da barəsində şikayət edəcəyini bildirmişdir. O, həmin kartı Rəhmandan şəxsi istifadəsi üçün almış, Məhəmmədəlinin Elnurəni aldadacağı və sonuncuya qarşı dələduzluq edəcəyi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "xxxx" ASC-nin filialından bir ədəd debit kart əldə etmişdir. Belə ki, o, həmin vaxt iş yerindən əmək haqqı kartı almadığından, lazım olduğu təqdirdə istifadə etməsi üçün həmin debit kartı almışdır. Kartı aldıqdan bir neçə gün sonra, əmək haqqı kartı əldə etdiyindən debit karta ehtiyacı qalmamışdır. Bir müddət sonra, dostu Şahid2 ilə görüşəndə söhbət zamanı sonuncu ona öz adına olan debit kartının balansını artırdığı zaman həmin məbləğin banka olan borcuna görə silindiyini və ona bu səbəbdən də, digər şəxsin adına olan debit kartına ehtiyacı olduğunu bildirmişdir. O, Cəfərə inanmış və özünə məxsus debit kartını istifadə etməsi üçün şifrəsi ilə birlikdə sonuncuya vermişdir. Təxminən iki ay sonra yəni, 22 oktyabr 2021-ci il tarixdə istifadəsində olan mobil nömrəsinə zəng etmiş Elnurə adlı qadın, əvvəlcə, ondan mebel ustası olub-olmadığını soruşmuşdur. O, usta olmadığını bildirdikdə Elnurə mebel sifariş verdiyini və buna görə onun adına olan karta 450 (dörd yüz əlli) manat pul köçürdüyünü, bundan başqa tanımadığı şəxsə 150 (yüz əlli) manat pulu nağd şəkildə verdiyini bildirmişdir. O, da öz növbəsində Cəfərlə əlaqə saxlayıb bu barədə soruşduqda sonuncu həmin kartı iş yoldaşının qohumuna verdiyini bildirmişdir. Bundan sonra o, "xxxx" ASC ilə əlaqə saxlayaraq kartı bağlatdırmışdır. Bundan bir gün sonra, izahat verməsi üçün Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə çağırılmış, izahat verdikdən sonra, Cəfərin ondan aldığı debit kartını iş yoldaşının qohumu Məhəmmədəli adlı şəxsə verməsi, Məhəmmədəlinin mebel ustası adı ilə Elnurənin evində olması və sonuncunun mebel sifarişini qəbul etdikdən sonra, 150 (yüz əlli) manat nağd pul alması və 450 (dörd yüz əlli) manatı isə onun adına olan karta köçürtdürməsi ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 26 yanvar 2022-ci il tarixdə Suraxanı Rayon prokuroru, baş ədliyyə müşaviri X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) 23 oktyabr 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanan ərizədən görünür ki, o, sosial şəbəkə vasitəsilə mətbəx mebeli sifariş etmişdir. “İnstagram” və “whatsapp” vasitəsilə onunla danışan şəxs 03 oktyabr 2021-ci il tarixdə, onun evinə gələrək mebel üçün ölçü götürmüş, ilkin ödəniş olaraq nağd şəkildə 150 (yüz əlli) manat pulunu almış, daha sonra, 05 oktyabr 2021-ci il tarixdə, qalan ödənişi, yəni 450 (dörd yüz əlli) manat pulunu Şahid1 adlı şəxsin bank kartına göndərməyini demişdir. Həmin şəxsə, ümumilikdə, 600 (altı yüz) manat məbləğində pul vermişdir. 15 gün keçməsinə baxmayaraq hər gün dizaynın hazır olmamasını bəhanə gətirərək 20 gün onu aldatmışdır. Son dəfə 19 oktyabr 2021-ci il tarixdə danışmışlar və bundan sonra, Məhəmmədəlinin heç bir nömrəsinə zəng çatmamışdır. Həmin şəxsin tapılmasını və ona dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. (iş.v. 5) İş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsində olan yazışmaların çıxarışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Zərərçəkmiş şəxs evi üçün mətbəx mebeli düzəldəcəyini vəd etmiş, o, 4169 7385 6514 5376 saylı Şahid1 adına olan "xxxx" kartını zərərçəkmiş şəxsə göndərmiş, Zərərçəkmiş şəxs isə ümumi dəyəri 1500 (min büş yüz) manat təşkil edəcək mebel üçün 450 manat pulu göndərmiş, ümumi məbləğdən cəmi 600 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs ödəmişdir. (iş.v. 10-26) 06 noyabr 2021-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs, həqiqətən də, yaşadığı ünvan 2 ünvanında yerləşən həyət evində təqsirləndirilən şəxsin göndərdiyi "xxxx"a məxsus kart hesab nömrəsinə 450 (dörd yüz əlli) manat məbləğində pulu “Birbank” mobil tətbiqi vasitəsilə göndərmişdir. (iş.v. 45-50) 04 fevral 2022-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanıma haqqında” protokoldan görünür ki, ********** nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 56) "xxxx"a məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, 416973******6376 “Birkart Umico” kartı Şahid1 adınadır. Həmin kartdan 06 oktyabr 2021-ci il tarixdə, 450 manat məbləğində pul həqiqətən də, çıxarılmışdır. (iş.v. 121-127) 26 iyun 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan edilməsi barədə 11 fevral 2022-ci il tarixli qərar və barəsində 15 iyun 2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat pulu verdiyi və Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx" ASC-dən Şahid1 verilmiş “Birkart Umico” plastik karta 450 (dörd yüz əlli) manat pul köçürdüyü ünvanın ünvan 4 edildiyindən, hadisə yeri və cinayətin başa çatdığı yer həmin ünvan olaraq hesab edilmişdir. (iş.v. 128-131) 11 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham 13 iyun 2022-ci il tarixdə elan edilmiş, “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 iyun 2022-ci il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 1(010)-321/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etmək üçün məhkəmənin çağırışlarına gəlmədiyindən barəsində məcburi gətirmə qərarı qəbul edilmiş, alınmış cavaba əsasən 03 noyabr 2023-cü il tarixli qərarla barəsində həbs qətimkan tədbiri nəzərdə tutulmadan, axtarış elan edilmiş, həmin məhkəmənin 14 fevral 2023-cü il tarixli, 1(010)-57/2023 saylı qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmiş, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanan 01 mart 2024-cü il tarixli məktubla, onun 27 fevral 2024-cü il tarixdə tutularaq 29 fevral 2024-cü il tarixdən Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi bildirilmişdir. (iş.v. 79; 93, 106, 115-116) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şirvan şəhər polis şöbəsi tərəfindən 13 iyun 2023-cü il tarixdə, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən CM-in 73-1.1-ci maddəsi tətbiq edilməklə, xitam verilmişdir.(iş.v.91-92) Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinin tələblərinə əsasən CM-in 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinin dispozisiyasında qeyd olunmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2, 73.2, 73.3, 73-1.1 cə 73-1.2-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsindən Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bir dəfə azad edilmişdir. Qanunvericilik həmin cinayət əməli üzrə zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilməni ikinci dəfə nəzərdə tutmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətindən ikinci dəfə azad edilə bilməz, onun zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi və onlarla barışıq əldə etmə yalnız cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Filiz Pirəliyeva və xx.xx.2015-ci il təvəllüdlü Nərgiz Pirəliyeva olmaqla, iki azyaşlı uşağının olması, əməlindən peşman olması, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsi, onunla barışması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdyi notarial qaydada təsdiq edilmiş ərizəsi və əvvəllər məhkumluğunun olmaması, CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq cəza təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və 27 fevral 2024-cü il tarixdən hazırkı hökm elan olunduğu, yəni 15 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 18 (on səkkiz) gün müddət, cəmi 02 (iki) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq il 06 (altı) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə məhkəmə məsrəfinin, mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-11/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-11/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver