Məhkəmə qərarları › İş №1(010)-110/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-110/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-110/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci ildə saat 21 radələrində yaşadığı ünvan 3 ünvanında alkoqol sərxoşluğu vəziyyətində olduğu vaxt anası Zərərçəkmiş şəxs ona spirtli içki içməsinə görə irad bildirməsi səbəbindən taxta parçası ilə qəsdən sağ qol nahiyəsindən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarət yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Qeyd edir ki, 20 yanvar 2022-ci ildə saat 21 radələrində evə alkoqol sərxoşluğu vəziyyətində gəlmiş, anası bunu görüb ona irad bildirməyə başlamışdır. Həmin vaxt sərxoş olması səbəbindən «ağlı özündə olmadığına görə» əsəbiləşib, taxta parçası götürərək anasının sağ qol nahiyəsindən vurmuşdur. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs 28 fevral 2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına səhhətinin vəziyyəti ilə əlaqədar gəlməmiş, daha əvvəl, yəni məhkəmənin 23 fevral 2022ci il tarixli hazırlıq iclasında ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını, iş üzrə ibtidai araşdırma dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin iş üzrə ibtidai araşdırma dövründəki yazılı ifadəsi ilə yanaşı, toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 21 yanvar 2022-ci il tarixli 92 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs «aşkar edilmiş xəsarət – sağ saidin hematoması bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 1 (bir) gün əvvələ uyğun gəlməklə qərarda göstərilən şəraitdə və müddətdə, yəni 20.01.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir». Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar