Məhkəmə qərarları › İş №1(010)-110/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-110/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-110/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 18 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 iyun 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-508/2024 saylı, 04 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 14 aprel 2025-ci il tarixdə tutulmuş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmişdir. Belə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində yerləşən “Zığ Petrol” yanacaq doldurma məntəqəsinin sahibkarı fiziki şəxs Zərərçəkmiş şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən operator vəzifəsində işləyərkən, yanacaqdoldurma məntəqəsində yanacaq satışından qəbul edilmiş pul vəsaitlərini rəhbərliyin nümayəndəsinə təhvil verilənə qədər yoxlamalı və təhlükəsiz şəkildə saxlamalı və kassaya mədaxil etməli şəxs olduğu halda ona etibar edilmiş özgə əmlakını talama məqsədi ilə öz qulluq mövqeyindən qulluq mənafeyinə zidd istifadə edərək 16 iyun 2024-cü il tarixdə saat 17:40 radələrində saat 08-dən saat 16-dək olan vaxt ərzində yanacaq satışından əldə edilmiş və ona etibar olunmuş nağd şəkildə 2886,40 manat, nağdsız şəkildə 716 manat, ümumilikdə 3602,40 manat pul vəsaitinin nağd şəkildə olan hissəsini yəni, 2886,40 manatını götürüb şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə özgəyə, yəni Zərərçəkmiş şəxs məxsus əmlakı mənimsəməklə talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 179.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində kirayədə X2 ilə qeyri-rəsmi münasibətdə yaşamışdır. X5 adlı bir azyaşlı övladı vardır. O, Xətai rayonunda yerləşən 116 saylı tam orta məktəbdə 9 illik orta təhsil almışdır, bundan sonra məktəbdən çıxmışdır. 2013-2015ci illərdə Bərdə rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətdə olmuş, heç vaxt, heç bir ağır xəstəliklər keçirməmişdir. Əvvəllər ayrı-ayrı yerlərdə müxtəlif fəaliyyətlərlə məşğul olmuş, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Zığ Petrol” YDM-də operator vəzifəsində işləmişdir. 03 iyun 2024-cü il tarixdə işə başlamış və iki gecə, bir gündüz, bir gün istirahət olmaqla növbəlik əsasında işləyərək aylıq 450 manat əmək haqqı almışdır. Növbələr hər gün saat 09:00-dan 18:00-a qədər və 18:00-dan 09:00-a qədər davam edir. Hər səhər saat 07-08 radələrində YDM-ə gəlib təhvil təslim etdikdən sonra işə başlamışlar. Operatorlar iş vaxtı bitəndə öz iş saatlarında gün boyu satışlardan əldə edilmiş pul vəsaitlərini növbə rəisinə təhvil verir, növbə rəisi Şahid1 də həmin pulu kassaya yerləşdirirmiş. 16 iyun 2024-cü il tarixdə səhər saat 09:00da Zığ Petrol YDM-də işə başlamışdır. İşdə olduğu müddətdə həm nağd, həm də ki, nağdsız formada satış etmişdir. Həmin gün saat təxmini 17:40 radələrində yanacaq doldurma məntəqəsində nağd satışdan əldə edilmiş 2886,40 manat vəsait üzərində olmuşdur, həmin pula ehtiyacı olduğuna görə pulları götürüb heç kimə heç nə demədən paltarını dəyişib yanacaq doldurma məntəqəsindən çıxıb getmişdir. Məqsədi həmin pul vəsaitini talayaraq mənimsəmək olmuşdur. Səhəri gün məlum olmuşdur ki, barəsində Suraxanı RPİ-nin 33-cü polis bölməsinə şikayət olunmuşdur. 17 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nargilə” kafesinin yaxınlığında taksi avtomobilində olan zaman 33-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Mənimsədiyi pul vəsaitini ailəsinə və övladına sərf etmişdir. Əvvəlki ifadəsində qumar borcunu ödəməyinə dair qeyd etdikləri həqiqəti əks etdirmir. Ailəsi və övladı qeyri rəsmi olduğu üçün ailə üzvlərinin bilməməsi səbəbindən əvvəlki ifadədə mənimsədiyi pul vəsaitlərini qumar borcuna sərf etdiyini bildirmişdir. xx.xx.2024cü il tarixli “Zığ kassa təhvil təslimi barədə akt”ı öz imzası ilə təsdiq etdiyini və həmin aktla razılaşdığını bildirmişdir. 16 iyun 2024-cü il tarixdə saat 09:00-dan etibarən saat 17:40dək yanacaq satışdan əldə edilmiş 2886,40 manat nağd pul vəsaitini kassaya təhvil verməyərək mənimsəyərək öz şəxsi ehtiyaclarına sərf etmişdir. Qeyd edilən akt kassanın xx.xx.2024-cü il tarixə yoxlaması olmuşdur, həmin aktla razılaşdığı üçün akt ona təqdim olunduqda xx.xx.2024-cü il tarixdə öz imzası ilə həmin aktı təsdiqləmişdir. Himayəsində qeyri rəsmi yaşadığı Gözəl Kərimovadan 1 yaşı tamam olmamış oğlu olsa da, həmin uşağın atası olmasına dair heç bir rəsmi sənəd olmamışdır. Hazırda Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəməklə onunla barışıq əldə etdiyini və həmin şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən ünvan 3 ünvanında yerləşən “Zığ Petrol” YDM ona məxsusdur. Yanacaq doldurma məntəqəsi fiziki şəxs qismində ********** saylı VÖEN əsasında fəaliyyət göstərir. VÖEN onun adına qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixli əmək müqaviləsi əsasında “Zığ petrol” YDM-də operator vəzifəsində işə qəbul olmuşdur. Təqsirləndirilən şəxs iş yerindən tanımış və normal münasibətləri olmuşdur. YDM-də operatorlar növbəli iş rejimində xidmət göstərirlər. Növbələr hər gün saat 09:00-dan 18:00-a qədər və 18:00-dan 09:00-a qədər davam edir. Operatorlar iş vaxtı bitəndə öz iş saatlarında gün boyu satışlardan əldə edilmiş pul vəsaitlərini növbə rəisi Şahid1 təhvil verirlər. Şahid1 də həmin pulu kassaya yerləşdirir. xx.xx.2024-cü il tarixdə saat 18:00-dan növbəti gün saat 09:00-dək YDM-də növbədə operator Şahid4 olmuşdur. Şahid4 xx.xx.2024-cü il tarixdə saat 09:00-da növbəni Təqsirləndirilən şəxs təhvil vermişdir. Şahid4 növbəni Təqsirləndirilən şəxs təhvil verən zaman kassada 6295 manat pul vəsaiti olmuşdur. Zahir saat 09:00-dan saat 18:00-dək xidmət aparmalı idi. Qeyd olunan tarix üzrə operator Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 3602,40 manat (üç min altı yüz iki manat qırx qəpik) dəyərində satış olmuşdur ki, onun da 716,00 manatı (yeddi yüz on altı manat) post terminal vasitəsilə banka, 2886,40 manatı (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) nağd ödənilmişdir. Operatorun həmin gün ərzində nağd satışdan kassaya daxil olan məbləğ əlavə edilməklə gün sonu kassada 9181,40 manat (doqquz min yüz səksən bir manat qırx qəpik) olmalı idi. Həmin məbləğdən Təqsirləndirilən şəxs xidmətə başlayan zaman kassada olan 6295,00 manat (altı min iki yüz doxsan beş manat) fərqi çıxdıqda operatorun kassasında 2886,40 manat (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) vəsaitin əskik olduğu üzə çıxmışdır. Operator tərəfindən kassasında əskik çıxan məbləğin kassaya qaytarılmaması nəticəsində ümumilikdə 2886,40 manat (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) nağd pul vəsaitləri üzrə zərər vurulmuşdur. Zahirin həmin gün iş vaxtı saat 18:00-da bitməli idi. Hadisə günü xx.xx.2024-cü il tarixdə saat təxmini olaraq 17:40 radələrində paltarını dəyişmiş, gün boyu nağd satışdan əldə etdiyi 2886,40 manat pul vəsaitini də götürərək YDM-dən uzaqlaşmışdır. Hadisə baş verəndən sonra orada yaxınlıqda olan taksi sürücüsü yanacaqdoldurma məntəqəsinin boş olmasını görüb, növbə rəisi Şahid1 məlumat vermişdir. Nicad yanacaq doldurma məntəqəsinə gəlmiş, Zahirin gün boyu satışdan əldə etdiyi pul vəsaitlərini götürüb qaçdığını görüb, bu barədə ona məlumat vermişdir. Bundan sonra o, yanacaq doldurma məntəqəsinə gəlmiş və kassanın inventarizasiyası aparılarkən Təqsirləndirilən şəxs tərəfindən 2886,40 manat pul vəsaitinin mənimsənilməsi müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir, daha sonra Təqsirləndirilən şəxs də həmin aktla tanış olaraq öz imzası ilə aktı təsdiq etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxmini olaraq 2 ilə yaxın müddətdir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Zığ Petrol” YDM-də növbə rəisi vəzifəsində işləyir. Yanacaq doldurma məntəqəsi ********** saylı VÖEN əsasında fəaliyyət göstərir. VÖEN Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixli əmək müqaviləsi əsasında “Zığ petrol” YDM-də operator vəzifəsində işə qəbul olmuşdur. Təqsirləndirilən şəxs işə qəbul olunduqdan sonra vəzifə təlimatında nəzərdə tutulmuş vəzifə və öhdəlikləri ilə tanış edilmişdir. Təqsirləndirilən şəxs iş yerindən tanımış və normal münasibətləri olmuşdur. YDM-də operatorlar növbəli iş rejimində xidmət göstərirlər. Növbələr hər gün saat 09:00-dan 18:00-a qədər və 18:00-dan 09:00-a qədər davam edir. Operatorlar iş vaxtı bitdikdən sonra öz iş saatlarında gün boyu satışlardan əldə edilmiş pul vəsaitlərini ona təhvil verirlər. O öz növbəsində həmin pulu kassaya yerləşdirir. xx.xx.2024-cü il tarixdə saat 18:00-dan növbəti gün saat 09:00-dək YDM-də növbədə operator Şahid4 olmuşdur. Şahid4 xx.xx.2024-cü il tarixdə saat 09:00-da növbəni Təqsirləndirilən şəxs təhvil vermişdir. Şahid4 növbəni Təqsirləndirilən şəxs təhvil verən zaman kassada 6295 manat pul vəsaiti olmuşdur. Zahir saat 09:00-dan saat 18:00dək xidmət aparmalı idi. Qeyd olunan tarix üzrə operator Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 3602,40 manat (üç min altı yüz iki manat qırx qəpik) dəyərində satış olmuşdur ki, onun da 716,00 manatı (yeddi yüz on altı manat) post terminal vasitəsilə banka, 2886,40 manatı (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) nağd ödənilmişdir. Operatorun həmin gün ərzində nağd satışdan kassaya daxil olan məbləğ əlavə edilməklə gün sonu kassaya 9181,40 manat (doqquz min yüz səksən bir manat qırx qəpik) olmalı idi. Həmin məbləğdən Təqsirləndirilən şəxs xidmətə başlayan zaman kassada olan 6295,00 manat (altı min iki yüz doxsan beş) fərqi çıxdıqda operatorun kassasında 2886,40 manat (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) vəsaitin əskik olduğu üzə çıxmışdır. Operator tərəfindən kassasında əskik çıxan məbləğin kassaya qaytarılmaması nəticəsində ümumilikdə 2886,40 manat (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) nağd pul vəsaiti üzrə zərər vurulmuşdur. Zahirin həmin gün iş vaxtı saat 18:00-da bitməli idi. Hadisə günü xx.xx.2024-cü il tarixdə saat təxmini olaraq 17:40 radələrində Zahir paltarını dəyişib gün boyu nağd satışdan əldə etdiyi 2886,40 manat pul vəsaitini də götürüb YDM-dən uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində oğlu Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş “Zığ Petrol” yanacaq doldurma məntəqəsi vardır. Həmin yanacaq doldurma məntəqəsi 24 saat ərzində növbəlik əsasında fəaliyyət göstərir. Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsində operator kimi işləmişdir. Belə ki, 03 iyun 2024-cü il tarixdə Zahir ilə əmək müqaviləsi bağlanmışdır. Zahirin işi operator olmaqla yanaşı yanacaq doldurma məntəqəsinə gələn şəxslərdən ödənişləri qəbul edib əvəzində yanacaq doldurmaqdan ibarət olmuşdur. 16 iyun 2024-cü il tarixdə Zahir səhər saat 09:00-da işə başlamışdır, Zahir yanacaq doldurma məntəqəsində tək xidmət göstərmişdir. Həmin gün axşam saat 18 radələrində yanacaq doldurma məntəqəsində növbə rəisi Nicad Əhmədov onunla əlaqə saxlayaraq Zahirin işdə olmadığını və yanacaq doldurma məntəqəsini tərk edib getdiyi barədə məlumat vermişdir. O, dərhal yanacaq doldurma məntəqəsinə gəlmiş, oraya gəldikdən sonra hesablama aparan zaman ümumilikdə 2886,40 manat pulun əskik olmasını müəyyən etmişlər. Bundan sonra Zahirin mobil telefonu ilə əlaqə saxlamağa çalışsalar da, telefonları sönülü olduğundan əlaqə saxlaya bilməmişlər. Daha sonra Zahirin valideynləri ilə danışan zaman valideynləri Zahirdən imtina etdiklərini və sonuncu ilə maraqlanmadıqlarını bildirmişlər. O, Zahirdən şikayət etməməyi, sonuncunun pulu özü peşman olub geri gətirə biləcəyini düşünmüşdür. Lakin Zahir pulu gətirmədiyinə görə 17 iyun 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gedərək Zahirin 2886,40 manat pul vəsaitini talaması ilə bağlı şikayət ərizəsi yazmışdır. Zahir xx.xx.2024-cü il tarixdə saat 09:00-dan saat 18:00-dək xidmət aparmalı idi. Qeyd olunan tarix üzrə operator Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 3602,40 manat (üç min altı yüz iki manat qırx qəpik) dəyərində satış olmuş, onun da 716,00 manatı (yeddi yüz on altı) post terminal vasitəsilə banka, 2886,40 manatı (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) nağd ödənilmişdir. Zahirin həmin gün iş vaxtı saat 18:00-da bitməli idi. Zahir hadisə günü xx.xx.2024-cü il tarixdə saat təxmini olaraq 17:40 radələrində paltarını dəyişərək gün boyu nağd satışdan əldə etdiyi 2886,40 manat pul vəsaitini də götürüb YDM-dən uzaqlaşmışdır. Zahir həmin vaxtı YDM-də tək olmuşdur. Belə ki, o, pulları götürüb gedən zaman YDM-də heç kim olmamışdır, YDM-nə gələn sürücülər orada gözəyən zaman yaxınlıqda olan şəxsə YDM-də heç kimin olmadığını bildirmiş, həmin şəxs də Nicada məlumat vermişdir. Bundan sonra Nicad ona bu barədə xəbər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxmini olaraq 3 ilə yaxın müddətdir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən “Zığ Petrol” YDM-də operator vəzifəsində işləyir. Yanacaq doldurma məntəqəsinin VÖEN-i Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçmişdir. YDM-də vəzifəsi gün boyu məntəqəyə gələn avtomobillərə benzin satmaq və əldə edilmiş pul vəsaitlərini gün sonunda növbə rəisinə təhvil verməkdən ibarətdir. Təqsirləndirilən şəxs əmək müqaviləsi əsasında Zığ petrol YDM-də operator vəzifəsində işə qəbul olmuşdur. Təqsirləndirilən şəxs iş yerindən tanımış və normal münasibətləri olmuşdur. YDM-də operatorlar növbəli iş rejimində xidmət göstərirlər. Növbələr hər gün saat 09:00-dan 18:00-a qədər və 18:00-dan 09:00-a qədər davam edir. Operator kimi iş vaxtı bitən zaman öz iş saatlarında, yəni növbədə olduqları müddətdə gün boyu satılmış benzin müqabilində nağd satışdan əldə edilmiş pulları və POS terminal vasitəsi ilə satışdan əldə edilmiş qəbzləri növbə rəisi Şahid1 təhvil verməklə sonuncu həmin pul vəsaitlərini kassaya yerləşdirir. O, operator kimi xx.xx.2024-cü il tarixdə saat 18:00-dan növbəti gün saat 09:00-dək YDM-də növbədə olmuş, xx.xx.2024-cü il tarixdə saat 09:00-da növbəni Təqsirləndirilən şəxs təhvil vermişdir. Zahir saat 09:00-dan saat 18:00-dək xidmət aparmalı idi. Lakin o, sonradan Zahirin xx.xx.2024-cü il tarixdə saat təxmini olaraq 17:40 radələrində paltarını dəyişərək gün boyu nağd satışdan əldə etdiyi 2886,40 manat pul vəsaitini də götürüb YDM-dən uzaqlaşdığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Zığ Petrol” yanacaq doldurma məntəqəsinin həyətində avtomobil təmiri sexində maşın ustası işləyir. 16 iyun 2024-cü il tarixdə saat 18 radələrində işdə olduğu zaman bir neçə avtomobilin YDM-nə gələrək yanacaq dodurmaq istədiklərini, lakin heç kim olmadığına görə siqnal vediklərini görmüşdür. Yanacaq dolduran operator gəlmədiyinə görə o, ətrafa baxsa da, heç kimi görə bilməmişdir. Bundan sora YDM-nin ayaq yoluna gedərək oraya baxmış, lakin heç kim olmadığına görə YDM-də işləyən Nicad adlı şəxsə zəng edərək operatorun olmaması və avtomobillərin burada gözləməsi barədə məlumat vermişdir. Bir qədər sonra Nicad və YDM-nin sahibi Hümbət oraya gəlmişlər. Bundan sonra Nicadın deməsindən məlum olmuşdur ki, YDM-də operator işləyən Zahir adlı şəxs YDM-də alver etdiyi yanacağın pulunu götürüb oğurlayaraq özü ilə aparmışdır. Adını sonradan öyrəndiyi Zahir adlı şəxsi o, üzdən tanımışdır, adını bilməmişdir, sonuncunun YDM-dən çıxıb getməsini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdir (i.v. 1); baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 4 Petrol” yanacaq doldurma məntəqəsinə baxış keçirilmiş, “Zığ Petrol” yanacaq doldurma məntəqəsinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-12); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 19:30-da tutulmuşdur (i.v. 27); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 44-45); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 55-57); əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 66-67); xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin Direktoru - auditor Ruhin Əliyev tərəfindən verilmiş rəydən görünür ki, operator tərəfindən kassasında əskik çıxan məbləğin kassaya qaytarılmaması nəticəsində “Sifarişçiyə” ümumilikdə 2.886,40 manat (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) nağd pul vəsaitləri üzrə zərər vurulmuşdur (i.v. 80); əmək müqaviləsinin surətindən və əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs sahibkar olmaqla, Təqsirləndirilən şəxs yanacaqdoldurma məntəqəsinə operator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır (i.v. 81-89); xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs yanacaqdoldurma məntəqəsinə operator vəzifəsinə qəbul edilmişdir (i.v. 90); Zığ kassa təhvil təslimi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, kassada əskik olan məbləğ 2886,40 (iki min səkkiz yüz səksən altı manat qırx qəpik) manatdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə aktı imzası ilə təsdiq etmişdir (i.v. 91); Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs VÖEN-İ ********** olmaqla sahibkar kimi fəaliyyət göstərir (i.v. 93); əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsindən həmin Məcəllənin 179.2.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 95-96); zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 99-100); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, 9/6757 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqata təqdim olunan "xxxx" MMC-nin direktoru-auditor Ruhin Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Audit yoxlamasının nəticəsinə dair hesabat və Rəy” və xx.xx.2024-cü il tarixli “ZİĞ Kassa təhvil təslimi barədə akt”da qeyd olunanların düzgünlüyü istintaq tərəfindən nəzərə alındığı təqdirdə xx.xx.2024-cü il tarixdə “Zığ Petrol” yanacaq doldurma məntəqəsində 2.886,40 manat məbləğində çatışmazlığın yaranması müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir (i.v. 117-120); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 170.1, 177.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 123-124); xx.xx.2024-cü il tarixli xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (i.v. 126); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “kassa təhvil təslimi barədə” akt, audit rəyi, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və işdə olan digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 128-134); təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək yenidən ittihamın elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-in 179.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 135-136); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu tarixdən hesablanması, onun olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir, o, Zahirlə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur; "xxxx" ASC-nin Suraxanı filialının xx.xx.2025-ci il tarixli, 4571 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın 25%-i, yəni 722 (yeddi yüz iyirmi iki) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İşdə olan tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilmə halı olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 2886,40 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 721,60 manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 722 (yeddi yüz iyirmi iki) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə xitam verilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə məhkəmə xərci 100 (yüz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait; xx.xx.2025-ci il tarixdən sonra məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilməklə, bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi xx.xx.2025-ci il tarixədək 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat; xx.xx.2025-ci il tarixdən sonra 06 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat olmaqla, cəmi 102 (yüz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar