Məhkəmə qərarları › İş №1(010)-111/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-111/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-111/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ramana döngəsi, 6A nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 18Z nömrəli evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 4 nömrəli ünvanda yerləşən “Zəngəzur” ərzaq mağazasının anbarına açıq olan qapıdan qanusuz daxil olaraq həmin yerdən hər bloku 30 manat olmaqla cəmi 360 manat dəyərində olan 12 blok “Kent 4” əmtəə nişanlı və hər bloku 28 manat olmaqla cəmi 56 manat dəyərində olan 2 blok “Winston Blue” əmtəə nişanlı siqaretləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 416 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 4 nömrəli ünvanda yerləşən “Zəngəzur” ərzaq mağazasının anbarına açıq olan qapıdan qanunsuz daxil olaraq həmin yerdən hər bloku 19 manat olmaqla cəmi 38 manat dəyərində olan 02 blok “Pall Mall” əmtəə nişanlı, hər bloku 30 manat olmaqla cəmi 60 manat dəyərində olan 02 blok “Kent Menthol” əmtəə nişanlı, hər bloku 30 manat olmaqla cəmi 90 manat dəyərində olan 03 blok “Kent 1” əmtəə nişanlı, 30 manat dəyərində olan 01 blok “Kent 4” əmtəə nişanlı və 30 manat dəyərində olan 01 blok “Kent 6” əmtəə nişanlı, ümumilikdə 248 manat miqdarında olan siqaretləri gizli yolla talayaraq mağazadan çıxarkən Zərərçəkmiş şəxs tərəfindən saxlanıldığına görə öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində şirniyyat almaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 4-cü Mədən küçəsində yerləşən “Zəngəzur” mağazasına daxil olmuşdur. Mağazaya girdikdən sonra ətrafa baxdıqda satıcının başının qarışıq olduğunu, ona heç kimin fikir vermədiyini görüb mağazadan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, mağazanın giriş qapısı ilə üzbə-üz, anbar kimi istifadə olunan yerə daxil olub orada siqaretlər olduğunu görmüş, həmin yerdən götürdüyü sellofana 14 blok müxtəlif əmtəə nişanlı siqaretləri yığıb mağazanı tərk etmişdir. Oğurladığı həmin siqaretlərin hamısını Bakı şəhəri, Suraxanı rayonu ərazisində “Komsomol dairəsi” adlanan yerdə “OKA” əmtəə nişanlı avtomobilin içərisində fərdi şəkildə siqaret satan şəxsə 150 manata satmış, əldə etdiyi pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan səkkiz gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə pulu qurtardığı üçün “Zəngəzur” mağazasına girib yenə də oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, o, həmin gün saat 10:30 radələrində “Zəngəzur” mağazasına getmiş və həmin mağazanın anbar kimi istifadə olunan otağına girib oradan 09 blok müxtəlif əmtəə nişanlı siqaretləri sellofana yığıb mağazadan çıxmaq istəyərkən, adını sonradan bildiyi mağazanı işlədən Zərərçəkmiş şəxs onu tutub saxlamış və əlindəki sellofanın içərisində nə olduğunu soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs mağazadan siqaret oğurladığını etiraf etmiş, buna görə də sonuncu zəng edib hadisə barədə hüquq mühafizə orqanlarına məlumat vermişdir. Bir müddətdən sonra polis əməkdaşları gəlib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Poli Bölməsinə aparmışlar. Polis Bölməsində o, hazırki cinayət əməlindən başqa, xx xxxxxx 2019-cu il tarixdə də “Zəngəruz” mağazasından oğurluq etdiyini etiraf etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, təminən 3 aydır Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 4 saylı ünanda yerləşən “Zəngəzur” mağazasını icarəyə götürüb işlədir. Orada onunla birlikdə qardaşı oğlu Vüsal da işləyir. xx xxxxxx 2019-cu il tarixdə, səhər tezdən mağazanın təhlükəsizlik kamerasına nəzarət edərkən xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində naməlum şəxsin mağazaya daxil olduqdan sonra mağazanın giriş qapısı ilə üzbə-üz olan, anbar kimi istifadə etdikləri otağa özbaşına daxil olaraq oradan müxtəlif əmtəə nişanlı siqaret bloklarını sellofana yığıb mağazanı tərk etdiyini aşkar etmişdir. Kamera görüntülərinə baxmağa davam edərkən xx xxxxxx 2019-cu il tarixdə mağazanın anbarından oğurluq edən, adını sonradan bildiyi Təqsirləndirilən şəxs hazırda da mağazaya daxil olduğunu və yenə də mağazanın anbar otağına keçdiyini görmüşdür. Dərhal mağazanın anbarına tərəf getmiş və Təqsirləndirilən şəxs əlində sellofanla anbardan çıxdığını görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb əlindəki sellofanın içində nə olduğunu, mağazanın anbarında nə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs əlindəki sellofanın içərisində siqaretlər olduğunu, onları mağazanın anbarından götürdüyünü bildirmişdir. Dərhal Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə zəng edib hadisə barədə məlumat vermiş, Təqsirləndirilən şəxs isə polis əməkdaşları gələnədək mağazada qalmasını tələb etmişdir. Bir müddət sonra polis əməkdaşları gəlib Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə aparmışlar. Sonradan isə özü həmin polis bölməsinə gedib baş vermiş hadisə ilə bağlı yazılı qaydada müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, mağazadan xx xxxxxx 2019-cu ildə hər bloku 30 manat olmaqla cəmi 360 manat dəyərində olan 12 blok “Kent 4” əmtəə nişanlı və hər bloku 28 manat olmaqla cəmi 56 manat dəyərində olan 02 blok “Winston” əmtəə nişanlı, xx xxxxxx 2019-cu il tarixdə isə hər bloku 19 manat olmaqla cəmi 38 manat dəyərində olan 02 blok “Pall Mall” əmtəə nişanlı, hər bloku 30 manat olmaqla cəmi 60 manat dəyərində olan 02 blok “Kent Menthol” əmtəə nişanlı, hər bloku 30 manat olmaqla cəmi 90 manat dəyərində olan 03 blok “Kent 1” əmtəə nişanlı, 30 manat dəyərində olan 01 blok “Kent 4” əmtəə nişanlı və 30 manat dəyərində olan 01 blok “Kent 6 Kompakt” əmtəə nişanlı siqaretlər oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 664 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi zərəri tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid məhkəmədə Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan baxış keçirilməsi və götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanda yerləşən “Zəngəzur” marketdən oğurluğa cəhd edilməsi faktı müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs həmin mağazadan oğurlamaq istədiyi sellofanın içərisində olan 02 blok “Pall Mall” əmtəə nişanlı, 2 blok “Kent Menthol” əmtəə nişanlı, 3 blok “Kent 1” əmtəə nişanlı, 1 blok “Kent 4” əmtəə nişanlı və 1 blok “Kent 6” əmtəə nişanlı siqaretlər aşkar edilərək götürülmüşdür. İş materialarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 545 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim eidlmiş siqaretlərin 2019-cu ilin dekabr ayına olan orta bazar qiymətləri - 01 ədəd “Kent 4” əmtəə nişanlı filtirli siqaret - 03 manat, 01 ədəd “Winston Blue” əmtəə nişanlı filtirli siqaret 02 manat 80 qəpik, 01 ədəd “Pall Mall” əmtəə nişanlı filtirli siqaret – 01 manat 90 qəpik, 01 ədəd “Kent Menthol” əmtəə nişanlı filtirli siqaret - 03 manat, 01 ədəd “Kent 1” əmtəə nişanlı filtirli siqaret - 03 manat, 01 ədəd “Kent 6” əmtəə nişanlı filtirli siqaret - 03 manat məbləğində müəyyən edilir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Zərərçəkmiş şəxs təqdim etdiyi diskə Bakı şəhəri Suraxanı rayon X2 Şöbəsində, müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxı zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin mağazanın arxa qapısına döğru gedib ətrafa boylandıqdan sonra mağazanın anbarına daxil olub oradan müxətlif əmtəə nişanlı siqaret bloklarını sellofan torbaya yığdığı, sonra isə anbardan çıxıb içərisində siqaret blokları olan sellofanı mağazanın içərisində yerə qoyduğu, bu zaman bir nəfər şəxsin ona yaxınlaşıb sonuncunu mağazanın anbarına dəvət edib orada söhbət etdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, video görüntülərdə olan, yəni mağazanın anbarına girib oradan siqaret bloklarını oğurlamağa cəhd edən şəxsin özü olduğunu təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 4 nömrəli ünvanda yerləşən “Zəngəzur” ərzaq mağazasının anbarından 14 blok müxtəlif əmtəə nişanlı siqaretləri oğurladığını, xx xxxxxx 2019-cu il tarixdə isə həmin mağazanın anbarından 09 blok müxtəlif əmtəə nişanlı siqaretləri oğurlamaq istəyərkən mağazanı işlədən şəxs tərəfindən saxlanıldığını bildirərərk ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəyərək, onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan, habelə təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı rayon prokurorunun xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilməklə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən dərhal azad edilmiş və bundan sonra onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon icra və Probasiya Şöbəsinin xx xxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 4.000 manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə təyin edilmiş, lakin icra edilməmiş 4.000 manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, bu hökm üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməli, həmin cərimə cəzası hazırki iş üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə toplanarkən, müstəqil icra olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 blok “Pall Mall” əmtəə nişanlı, 02 blok “Kent Menthol” əmtəə nişanlı, 03 blok “Kent 1” əmtəə nişanlı, 01 blok “Kent 4” əmtəə nişanlı və 01 blok “Kent 6” əmtəə nişanlı siqaretlərin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə təyin edilmiş 4.000 (dörd min) manat cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, bu hökm üzrə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 4.000 (dörd min) manat miqdarında cərimə növündə və 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 4.000 (dörd min) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 blok “Pall Mall” əmtəə nişanlı, 02 blok “Kent Menthol” əmtəə nişanlı, 03 blok “Kent 1” əmtəə nişanlı, 01 blok “Kent 4” əmtəə nişanlı və 01 blok “Kent 6” əmtəə nişanlı siqaretlərin ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- **********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar